Prezident İlham Əliyev Oğuzda inşa edilən Heydər Əliyev Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olmuşdur

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 14-də Oğuzda inşa edilən Heydər Əliyev Mərkəzində tikinti işlərinin gedişi ilə tanış olmuşdur.

Dövlət başçısı Mərkəzin maketinə və layihəsini əks etdirən filmə baxdı. Məlumat verildi ki, Mərkəzin tikintisinə 2013-cü ilin mayında başlanmışdır. Orijinal layihə əsasında tikilən Mərkəzdə inşaat işləri sürətlə davam etdirilir. Üçmərtəbəli binanın ümumi sahəsi 7 min 500 kvadratmetrdir. Binanın zirzəmisində avtomobil dayanacağı, yeməkxana və texniki avadanlıq üçün otaqlar fəaliyyət göstərəcəkdir. Mərkəzdə ümummilli liderin möhtəşəm büstü ucaldılacaqdır. Yeni Mərkəzin yaradılması Oğuzda ulu öndərin zəngin irsinin təbliğində və  öyrənilməsində mühüm rol oynayacaqdır.

Dövlət başçısı mərkəzin tikintisini əks etdirən sxemlər və fotolarla tanış oldu. Tikinti işlərinin 2014-cü ilin sonunadək başa çatdırılması və Mərkəzdə 25-30 nəfərin daimi işlə təmin olunması nəzərdə tutulur.

Dövlət başçısına məlumat verildi ki, Oğuzda ulu öndərin adını daşıyan prospektdə inşa edilən Heydər Əliyev Mərkəzi şəhərin görünüşünü daha da zənginləşdirəcəkdir.

Prezident İlham Əliyev Mərkəzdə tikinti işlərinin gedişi ilə tanışlıqdan sonra müvafiq tapşırıq və tövsiyələrini verdi.

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 16 avqust.- S. 2.