İordaniyanın «Əl-Xeymə əl-Urduniyyə» agentliyinin elektron səhifəsində Azərbaycan haqqında geniş məqalə dərc edilmişdir

 

İordaniyanın "Əl-Xeymə əl Urduniyyə" agentliyinin elektron səhifəsində Azərbaycan haqqında geniş məqalə dərc edilmişdir.

Azərbaycanın İordaniya Haşimilər Krallığındakı səfirliyindən AzərTAc-a bildirmişlər ki, məqalədə ölkəmizin tarixi, coğrafi mövqeyi, respublikamızda islamın yaranma tarixi və hazırkı vəziyyəti, xalqımızın mədəniyyəti, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlar yer almışdır.

Yazıda Azərbaycanın tarixinə nəzər salan müəllif ölkəmizin qədim sivilizasiya mərkəzlərindən olduğunu vurğulamış, əsrlər boyu ərazisinin yadelli işğallara məruz qaldığını bildirmişdir. Azərbaycanın coğrafi mövqeyindən bəhs edən müəllif ölkəmizin yaxın gələcəkdə coğrafi baxımdan Avrasiyanın mühüm nöqtələrindən hesab ediləcəyini diqqətə çatdırmışdır.

Məqalədə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilmişdir. Vurğulanmışdır ki, ermənilərin hərbi təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20 faizi işğal olunmuş, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşmüşdür. Ermənilər tərəfindən müxtəlif illərdə azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparılmışdır.

Yazıda Azərbaycandakı siyasi quruluşdan danışan müəllif ölkəmizin prezidentli respublika olduğunudemokratik prinsiplər əsasında inkişaf etdiyini diqqətə çatdırmışdır. Bildirilmişdir ki, xalqımızın ümummilli lideri, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev çağdaş dünyanın tarixində ən uzaqgörən siyasətçilərdən biri kimi qalmışdır. Məhz ulu öndərin hakimiyyəti dövründə Azərbaycanda sabitliyin bərqərar edilməsi ilə yanaşı, bir sıra siyasiiqtisadi islahatlar uğurla həyata keçirilmişdir. Ümummilli liderin layiqli davamçısı Prezident İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində Azərbaycanda siyasi fəaliyyət üçün münbit şərait formalaşmışdır. Bu gün Azərbaycanda 30-dan çox siyasi partiyanın fəaliyyət göstərməsi bunun bariz nümunəsidir.

Müəllif həmçinin ölkəmizdə elm və təhsilin inkişafından, ədəbi-bədii mühitin zənginliyindən, ali təhsil səviyyəsinin yüksək olmasından, Azərbaycanın birinci xanımı, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun respublikamızda bu sahədə həyata keçirdiyi tədbirlərdən söhbət açmışdır.

 

Azərbaycan. - 2013.- 16 avqust.- S. 6.