Azərbaycan-ABŞ münasibətlərinin yüksələn xətt üzrə inkişafından məmnunluq ifadə olunmuşdur

 

Bakıda səfərdə olan ABŞ Konqresi üzvlərinin köməkçiləri avqustun 15-də Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvləri ilə görüşmüşlər.

AzərTAc xəbər verir ki, komitənin sədri Səməd Seyidov qonaqlara ölkəmizin keçdiyi yol haqqında məlumat vermişdir. Bildirmişdir ki, 22 il bundan əvvəl dövlət müstəqilliyini bərpa edən Azərbaycan özünün enerji ehtiyatlarından məqsədyönlü istifadə sayəsində hərtərəfli inkişaf yoluna qədəm qoymuşdur. Ölkəmiz bir sıra regional və beynəlxalq səviyyəli layihələrin təşəbbüskarı və iştirakçısıdır.

Qeyd edilmişdir ki, zəngin tarixə və mədəniyyətə malik dünyəvi dövlət olan Azərbaycan bu gün inkişafının yeni mərhələsini yaşayır və başqalarına nümunə ola biləcək tolerantlıq ənənələri ilə fərqlənir.

Azərbaycan torpaqlarının 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunduğunu qonaqların diqqətinə çatdıran Səməd Seyidov Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrindən, bir milyondan çox azərbaycanlının doğma torpağında qaçqına və məcburi köçkünə çevrilməsindən danışmışdır. Bildirmişdir ki, münaqişənin həll olunmaması regional sabitliyə təhlükədir və enerji mənbələrinin inkişafına, iqtisadidemokratik islahatların həyata keçirilməsinə maneçilik törədir.

Azərbaycan-ABŞ münasibətlərindən söhbət açan Milli Məclisin deputatları Sevinc Fətəliyeva, Asim Mollazadə və Sahibə Qafarova ölkələrimiz arasındakı əlaqələrin yüksələn xətt üzrə inkişafından məmnunluqlarını ifadə etmişlər.

 

Azərbaycan. - 2013.- 16 avqust.- S. 8.