Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 94-cü ildönümünə həsr olunmuş müsabiqəyə yekun vurulmuşdur

 

Avqustun 15-də Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 94-cü ildönümü münasibətilə elan edilmiş yaradıcılıq müsabiqəsinə yekun vurulmuşdur.

AzərTAc xəbər verir ki, bu münasibətlə keçirilən mərasimdə çıxış edən DSX rəisinin müavini general-mayor Məhəmməd Abbasquliyev ölkəmizdə yaradıcılıq üçün əlverişli mühitin mövcud olduğunu, mədəniyyət sahəsinə həmişə xüsusi diqqət ayrıldığını, sənət adamlarına qayğı ilə yanaşıldığını, onların əməyinin yüksək qiymətləndirildiyini demişdir.

Rəis müavini qeyd etmişdir ki, Dövlət Sərhəd Xidmətinin çoxsahəli fəaliyyətində hərbi-vətənpərvərlik tərbiyəsi, vətənə, onun sərhədlərinə məhəbbət hissinin gücləndirilməsi prioritet sahələrdəndir. Bu istiqamətdə həyata keçirilən tədbirlər sırasında müxtəlif yaradıcılıq müsabiqələrinin təşkili xüsusi yer tutur.

M.Abbasquliyev demişdir ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi milli sərhəd strategiyası Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən uğurla yerinə yetirilir. Dövlət sərhədlərimizin yüksək səviyyədə mühafizə olunması üçün çoxsaylı yeni sərhəd infrastrukturları yaradılır, Sərhəd Qoşunlarının müasir texnika və avadanlıqla təchizinə xüsusi diqqət yetirilir. Bunun nəticəsidir ki, DSX beynəlxalq terrorizmə, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə, qanunsuz miqrasiyaya, qaçaqmalçılığa qarşı mübarizə sahəsində səviyyəsini daim yüksəldir. Dövlət Sərhəd Xidmətinin çoxşaxəli fəaliyyətində ictimaiyyətlə əlaqələrin yüksək səviyyədə inkişaf etdirilməsi, hərbi-vətənpərvərlik tərbiyəsinin, vətən sərhədlərinə məhəbbət hissinin gücləndirilməsi əsas yer tutur. Azərbaycan Sərhəd Mühafizəsinin ildönümü ərəfəsində elan olunmuş müsabiqələr sərhədçi peşəsinə olan məhəbbət və marağı artırır, vətən sərhədlərinə böyük məhəbbət hissi aşılayır, sərhədçilərin fədakar xidmətlərinin tərənnüm edilməsində xüsusi əhəmiyyət daşıyır.     

Bildirilmişdir ki, bu il Azərbaycan Sərhəd Mühafizəsinin yaradılmasının 94-cü ildönümü münasibətilə bədii ədəbiyyat, təsviri sənət, televiziya verilişi, qəzet məqaləsi və inşa yazısı üzrə 5 nominasiyada müsabiqə elan edilmişdir. Müsabiqədə ölkəmizin peşəkar və həvəskar rəssamları, şairləri, yazıçıları, jurnalistləri, tələbələri, sərhədçi əsgərlər, sərhədçi zabit və gizirlər, onların ailə üzvləri və sərhədyanı rayonların ümumtəhsil məktəblərinin şagirdləri iştirak etmişlər. Bu il müsabiqəyə 700  nəfərdən çox yaradıcı insan qoşulmuşdur.

Təqdim olunmuş əsərlərin janrları da, müəlliflərin yaş, təhsil, sosial mənşə və peşəkarlıq səviyyəsi də müxtəlifdir. Builki müsabiqə əvvəlkilərdən daha uğurlu olmuşdur. Təqdim edilmiş əsərlərin ən yaxşıları münsiflər heyəti tərəfindən seçilmişmükafatlara layiq görülmüşdür.

Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qoca  qalibləri təbrik etmiş, onlara yaradıcılıq uğurları arzulamışdır.

Qeyd olunmuşdur ki, ölkəmizin çoxsaylı vətəndaşlarının öz yaradıcılıq duyğularını sərhədlərimizə, sərhəd mövzusuna yönəltməsi, sərhəd və sərhədçilər haqqında fikir ifadə etməyə çalışması yüksək qiymətə layiqdir.

Sonra qaliblərə mükafatlardiplomlar təqdim olunmuşdur.

Mükafat alanlar arasında AzərTAc-ın müxbiri də vardır.

 

Azərbaycan. - 2013.- 16 avqust.- S. 11.