Kənd təsərrüfatı naziri Şamaxıda vətəndaşları qəbul etmişdir

 

Kənd təsərrüfatı naziri İsmət Abasov avqustun 16-da Şamaxıdakı Heydər Əliyev Mərkəzində Şamaxı, Qəbələ, İsmayıllı, Ağsu, QobustanAbşeron rayonlarından olan vətəndaşları qəbul etmişdir.

AzərTAc xəbər verir ki, qəbulda, habelə nazirliyin idarə və təşkilatlarının, tabeliyində olan qurumların rəhbərləri iştirak etmişlər.

Qəbul zamanı hər bir müraciət diqqətlə araşdırılmışdır. Müraciətlərin əksəriyyəti yerindəcə həll edilmiş, bəzilərinin isə qanunvericiliyə uyğun olaraq qısa müddətdə həlli üçün müvafiq struktur rəhbərlərinə tapşırıqlar verilmişdir.

Qəbulda kənd təsərrüfatının ayrı-ayrı sahələrində çalışan fermerlər əsasən İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan verilən kredit şərtlərinin sadələşdirilməsi, texnikanın alınmasına kömək göstərilməsi, istehsal edilən üzüm məhsulunun satışına dəstək verilməsi, heyvandarlığın, o cümlədən qoyunçuluğun və arıçılığın inkişafına, cins mal-qaranın lizinq yolu ilə alınması üçün güzəştli kreditlərin verilməsi ilə bağlı müraciət etmişlər. Həmçinin yunun satılmasına şərait yaradılması, süni mayalanma yolu ilə alınmış hər baş balaya görə dövlət tərəfindən subsidiyaların ayrılması, damazlıq heyvanların satışı üçün yarmarkaların təşkili və bu sahəyə dövlət dəstəyi, elit toxumun alınması, toxum təminatına kömək göstərilməsi, üzümçülüyün inkişafı ilə əlaqədar olaraq şərab emalı zavodunun tikintisi, üzümün tədarük və satışına dövlət dəstəyi, plantasiyaların becərilməsi, dərmanlanması, yeni bağların salınması üçün plantaj şum çıxara bilən traktorların verilməsi, mineral gübrələrlə təminatın yaxşılaşdırılması, meyvə-tərəvəz qəbulu məntəqəsinin, meyvə qurutmaemal sexinin yaradılması və s. barədə müraciətlər diqqətlə dinlənilmişdir.

Bütün bu müraciətlər nəticə etibarilə kənd təsərrüfatının inkişafında fermerlərin çox maraqlı olduqlarını göstərmişdir. Qəbul  zamanı fermerlər onlara göstərilən dövlət dəstəyindən, xüsusilə Prezident İlham Əliyevin sahibkarlığın inkişafına diqqət və qayğısından razılıq hissi ilə söhbət açaraq bunun üçün dövlətimizin başçısına minnətdarlıqlarını bildirmişlər.

Nazir İsmət Abasov həmin gün Şamaxıda bir neçə fermer təsərrüfatında olmuşdur. "Az qranata" MMC-nin yeni salınmış 370 hektar üzüm bağlarında müasir becərmə texnologiyaları ilə tanış olan nazir Prezident İlham Əliyevin 2011-ci il 15 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş "2012-2020-ci illərdə Azərbaycan Respublikasında üzümçülüyün inkişafına dair Dövlət Proqramı" ilə əlaqədar görülmüş işlərdən və qarşıda duran vəzifələrdən danışmış, üzümçülüyün fermerlər üçün gəlirli sahə olduğunu vurğulamışdır.

Nazir, həmçinin heyvandarlıqla məşğul olan fermer İlqar Cəfərovun təsərrüfatında olmuş,  lizinq yolu ilə alınmış 9 baş cins mal-qaranın, götürülmüş 42 baş buzovun saxlanılma şəraiti ilə tanış olmuş, heyvandarlıqda damazlıq işlərinin gücləndirilməsinin zəruriliyini diqqətə çatdırmışdır.

 

Azərbaycan. - 2013.- 17 avqust.- S. 6.