Modernləşmə prosesini sürətləndirəcək sistem islahatları

 

Yeni dünya gerçəklikləri xalqın iradəsi əsasında dövlət idarəçiliyi missiyasını üzərinə götürmüş liderlər qarşısında mühüm şərtlər müəyyənləşdirir. Bu şərtlərin düzgün dəyərləndirilməsi, ölkənin davamlı və sabit inkişafına xidmət edən uğurlu strategiyanın həyata keçirilməsi hər bir siyasi liderdən yüksək peşəkarlıq, uzaqgörənlik, ən əsası, xalqına, vətəninə dərin mənəvi bağlılıq tələb edir. Müstəqil Azərbaycanın milli inkişaf modelinin banisi, ulu öndər Heydər Əliyev təkamülə əsaslanan demokratik tərəqqi yolunun alternativsizliyini real əməli nəticələrlə sübuta yetirməklə bərabər, müəllifi olduğu dövlətçilik irsinin davamlılığını təmin edəcək qüdrətli siyasi varis də yetişdirmişdir.

 

 

Əsl siyasətin uğurları

 

Azərbaycan Prezidenti İlham Əliyev ötən 10 ildə ümummilli liderin əsasını qoyduğu çoxşaxəli islahatları uğurla davam etdirərək yeni siyasi situasiyanın tələblərinə uyğun zənginləşdirmiş, hər bir vətəndaşın mənafeyinə xidmət edən iqtisadi siyasət həyata keçirmişdir. Bu müddətdə Heydər Əliyev siyasi kursuna inam daha da möhkəmlənmiş, yürüdülən strategiyanın alternativsizliyi birmənalı etiraf olunmuşdur.

Prezident İlham Əliyevin "Azərbaycanı qüdrətli dövlətə çevirmək üçün ən başlıcası ölkədə Heydər Əliyevin siyasəti davam etdirilməlidir. Bu gün yüksək kürsüdən çıxış edərkən mən Azərbaycan xalqına söz verirəm ki, bu siyasətə sadiq qalacağam, heç vaxt bu yoldan dönməyəcəyəm" - deməklə Azərbaycanın inkişafının bu siyasətlə bağlılığını bir daha ifadə etmişdir. Ötən 10 il ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyəvidir.

Ötən dövrün reallıqları deməyə əsas verir ki, cənab İlham Əliyev hər bir mərhələdə hökumətin qarşısında hansı əsas problemlərin, prioritet vəzifələrin durduğunu aydın təsəvvür edir və onların həlli üçün konkret planlara, proqramlara, mobil, peşəkar, yüksək iş qabiliyyətli komandaya malikdir. "Əsl siyasət konkret, real iş görməkdən ibarətdir" - tezisini irəli sürmüş Azərbaycan Prezidenti bu siyasəti hər bir ölkə vətəndaşının həyatında gerçəkliyə çevirmək üçün ciddi siyasi iradə, qətiyyət və əzmkarlıq nümayiş etdirmişdir. Praqmatizm, səmimilik, siyasi iradə və qətiyyətlilik, məqsədyönlülük, mütərəqqi islahatlara meyillilik, öz siyasətini reallaşdırarkən hər bir fərdin, qrupun, ümumilikdə, toplumun maraqlarını nəzərə almaq qabiliyyəti kimi mühüm keyfiyyətlər Prezident İlham Əliyevin fenomen siyasi lider obrazını şərtləndirən mühüm elementlər sırasında xüsusi vurğulana bilər.

Monolit, işlək, çevik komandaya malik dövlət başçısı keyfiyyətcə yeni mərhələdə qarşıda duran əsas vəzifələri düzgün müəyyənləşdirərək, ilk növbədə, milli iqtisadiyyatda kəmiyyət dəyişikliklərinin keyfiyyət müstəvisinə keçirilməsini təmin etmişdir. Respublikamız 2009-cu ildə MDB məkanında ilk dövlət olaraq iqtisadi sahədə keçid dövrünü başa vurmuşdur. Azərbaycanın investisiya və sosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli tərəqqi prosesində yeni keyfiyyət göstəricilərinin əldə olunması, qeyri-neft sektorunun inkişafı yolu ilə regionların tarazlı və davamlı inkişafının sürətləndirilməsi, əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi, yeni iş yerlərinin açılması üçün milli sahibkarlığın hərtərəfli dəstəklənməsi kimi vacib məsələləri özündə ehtiva etmişdir. Yeni neft strategiyasının uğurla davam etdirilməsi, Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn sərmayələrin qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, "qara qızıl"dan əldə olunan gəlirlərin respublikada güclü insan kapitalının formalaşdırılması məqsədinə yönəldilməsi iqtisadi siyasətin əsas prioritetləri kimi diqqət çəkir. Bunun nəticəsidir ki, ötən 10 ildə müstəqil Azərbaycan iqtisadi cəhətdən möhkəmlənmiş, qüdrətlənmiş, sosial-iqtisadi yüksəliş, ilk növbədə, insanların gündəlik həyatında özünü daha qabarıq büruzə vermişdir.

Şübhəsiz, planlı iqtisadiyyatın fəsadlarını aradan qaldıran yeni bazar münasibətlərinin formalaşdırılması kifayət qədər ağrılı və çətin prosesdir. Yeni iqtisadi sistem heç də mütərəqqi ruhlu qanunların qəbulu hesabına formalaşmır, bunun əsas şərtlərindən biri də azad rəqabət mühitinin yaranmasını təmin edən dərin institusional dəyişikliklər və mülkiyyət münasibətlərinin tamamilə yeni xarakter almasıdır. Bu şəraitdə formalaşan yeni iqtisadi sistemdə sosial-iqtisadi statusundan asılı olmayaraq hər bir insanın əmək və innovasiya potensialından səmərəli istifadəyə imkan verən sosial müdafiənin yüksək təminatı da xüsusi çəkiyə malik olur.

Azərbaycanda keçid dövrünün başa çatmasını xarakterizə edən əsas cəhətlər bazar iqtisadiyyatı üçün müvafiq qanunvericilik bazasının yaradılmasında, sahibkarlıq institutunun formalaşmasında, mülkiyyətin çoxnövlülüyünün təmin olunmasında, özəlləşdirmə prosesinin başa çatdırılmasında, bazar və maliyyə institutlarının formalaşdırılmasında, daxili və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasında, qiymətlərin bazar tərəfindən müəyyənləşdirilməsində, ümumilikdə, dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsində, institusional islahatların həyata keçirilməsində və bu qəbildən olan digər məsələlərdə özünü göstərir.

 

İnkişafın dəyişməz formulu

 

Ümumilikdə, 2003-2013-cü illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar möhtərəm Prezident İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu deməyə ciddi əsaslar verir. Bu mərhələnin statistikası keçilən yolun möhtəşəmliyini, Azərbaycanı müasir dövlətə çevrilməsinə xidmət edən siyasətin səmərəliliyini bir daha təsdiqləyir: 2003-2012-ci illərdə ümumi daxili məhsulun orta illik artımı 13 faiz artmış, qeyri-neft sektorunda bu göstərici 10,6 faiz təşkil etmişdir. ÜDM 3 dəfə, onun adambaşına düşən həcmi 2,7 dəfə, qeyri-neft sektoru 2,3 dəfə artmışdır. Əsas kapitala yönəldilən investisiyaların həcmi 7,3 dəfə artmışdır. Bu dövrdə ölkənin iqtisadiyyatı 3 dəfədən çox artmış, onun inkişafına 132 milyard dollar məbləğində sərmayə qoyulmuşdur. Dövlət büdcəsi 19 dəfə, strateji valyuta ehtiyatları 29 dəfə, iqtisadiyyatın kreditləşməsi 24,5 dəfə artmışdır. Əhalinin gəlirləri, orta aylıq əməkhaqları və pensiyaların orta məbləği müvafiq olaraq 6,9,  6,3 və 6,4 dəfə yüksəlmişdir. Bu müddətdə yoxsulluq səviyyəsi 44,7 faizdən 5,6 faizə, işsizliyin səviyyəsi 28 faizdən 5,2 faizə enmişdir. Əldə olunmuş dinamik iqtisadi artımın nəticəsidir ki, Azərbaycanın "yuxarı orta gəlirli" ölkələr sırasında mövqeyi daha da möhkəmlənmişdir.

2003-2013-ci illlərdə Azərbaycanın iqtisadi inkişafının əsas hədəfi rəqabət qabiliyyətliliyinin yüksəldilməsini və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyası yolu ilə uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarət olmuşdur. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı fərmanlarda, təsdiq etdiyi dövlət proqramlarında bu hədəflərin reallaşdırılması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr müəyyənləşdirilmişdir. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması; qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının formalaşdırılması); hər bir regionun potensialından tam və səmərəli istifadə olunması, onların inkişafının tarazlaşdırılması; çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması; sahibkarlığın inkişaf etdirilməsi; sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması; yoxsulluğun azaldılması və s. mühüm vəzifələri aid etmək olar.

Prezident İlham Əliyev hələ 2003-cü ildə verdiyi bütün vədləri inamla həyata keçirmiş, ölkədə 1 milyondan çox iş yeri açılmış, çadır düşərgələri ləğv olunmuş, sosial problemlərin böyük qismi həllini tapmış, işsizliyin, yoxsulluğun aradan qaldırılması istiqamətində mühüm uğurlar əldə olunmuşdur. Son 10 ilin ən mühüm göstəricilərindən biri də Azərbaycanın dünyada ən az borcu olan ölkələr sırasında qərarlaşmasıdır. Beynəlxalq maliyyə qurumlarının hesabatları göstərir ki, nəinki inkişaf etməkdə olan, hətta inkişaf etmiş bir çox dövlətlərin də xarici borcu idarəolunmaz həddə çatmışdır. Azərbaycanın strateji valyuta ehtiyatları 2013-cü ilin birinci yarısında daha da artaraq 48 milyard ABŞ dollarına çatmışdır. Ölkə üzrə xarici dövlət borcunun ÜDM-ə nisbətinin aşağı səviyyədə saxlanılması və 6 ayın nəticələrinə görə ölkəmizin məcmu valyuta ehtiyatları məbləğindən 9 dəfəyədək az olması mili iqtisadi inkişaf modelinin səmərəliliyini bir daha təsdiqləyir. Mərkəzi Bank hesab edir ki, strateji valyuta ehtiyatları respublikanın 3 illik əmtəə və xidmət idxalının maliyyələşməsinə kifayət edir. Respublikanın ÜDM-in təxminən 70 faizi həcmində strateji valyuta ehtiyatlarına malik olması respublikada makroiqtisadi vəziyyətin sabitliyini şərtləndirən əsas amillərdən sayılır.

Müqayisə üçün qeyd etmək lazımdır ki, Ermənistan Respublikasının xarici borclarının məbləği 2013-cü il üçün müəyyənləşdirilmiş dövlət büdcəsini xeyli üstələmişdir. Kənar donor yardımları olmasa, cari büdcə vəsaiti bu ölkənin əhalisinin minimal ehtiyaclarının ödənilməsinə kifayət etməyəcəkdir. İlk dəfə olaraq Ermənistanın büdcəsində investisiya layihələrinin reallaşdırılması nəzərdə tutulmamışdır. Yaranmış böhran vəziyyətinin, kütləvi narazılığın artaraq sosial partlayış həddinə çatdırılmasının əsas səbəbləri rəsmi Yerevanın yürütdüyü işğalçılıq siyasəti, qonşu dövlətlərə əsassız ərazi iddiaları üzündən regional və qlobal layihələrdən kənarda qalması, iqtisadi tərəfdaş kimi nüfuzunu itirməsi, xarici investisiyaların qoyuluşu üçün əlverişsiz ölkəyə çevrilməsidir. Dövlətimizin başçısı yaranmış situasiyanı belə dəyərləndirmişdir: "Bu gün Azərbaycan iqtisadiyyatı güclü iqtisadiyyatdır və bizim gözəl gələcəyimiz vardır. Ermənistanın iqtisadiyyatı tənəzzülə uğrayır, bu ölkənin gələcəyi böyük sual altındadır. Çünki onların işğalçı siyasəti özlərini bu vəziyyətə qoyubdur. Nə qədər ki bu münaqişə davam edəcəkdir, onların vəziyyəti daha da ağırlaşacaqdır. Biz isə öz növbəmizdə bütün imkanlardan istifadə edib gələcəkdə də Ermənistanı sıxışdırmalıyıq".

Azərbaycan Dünya İqtisadi Forumunun dərc etdiyi "Qlobal rəqabətədavamlılıq hesabatında" dünyanın 144 ölkəsi arasında 46-cı yeri tutmaqla, MDB-də ən rəqabətədavamlı iqtisadiyyata malik olduğunu sübut etmişdir. Hesabata görə, respublikamız ötən il dövlət borclarının həcminin azlığına görə dünya dövlətləri sırasında 12-ci yeri tutmuşdur.

Ümumilikdə, 20 il əvvəl Azərbaycan ilə eyni səviyyədə qərarlaşan postsovet ölkələri indi iqtisadi inkişaf səviyyəsinə görə respublikamızla rəqabətə davam gətirə bilmirlər. Azərbaycanın iqtisadi inkişaf dinamikası əvvəlcə resurslara əsaslanırdısa, hazırda iqtisadi şaxələndirmənin nəticəsi olaraq qeyri-neft sektoru üstün artım tempinə malikdir. Bəzən ölkəmiz dünya iqtisadiyyatında yeni təmayülləri hətta Avropa ölkələrini qabaqlamaqla mənimsəyir. Məsələn, Azərbaycan resursla zəngin olan ölkələr sırasında enerji səmərəliliyi sahəsində ən yüksək nailiyyət qazanmış və Şərqi Avropada "yaşıl iqtisadiyyat"ın tədqiqini aparan ilk ölkə olmuşdur.

 

Sistem islahatları umumi rifaha xidmət edir

 

Azərbaycanda insan yönümlü islahatların davamlı və ardıcıl səciyyə daşıdığını, dövlətin sosialyönümlü siyasətinin investisiya sferasında da özünü qabarıq göstərdiyini Prezident İlham Əliyev bir müddət əvvəl Kürdəmir rayonuna səfəri zamanı bir daha bəyan etmişdir. Dövlət başçısı bir daha vurğulamışdır ki, ölkəmiz bazar iqtisadiyyatı prinsipləri əsasında inkişaf etməsinə baxmayaraq, dövlət səviyyəsində sosial problemlərin həllinə xüsusi diqqət yetirilir: "Biz indi müxtəlif yerlərdə baş verən hadisələri izləyərkən görürük ki, sosial məsələlərə fikir verilmədiyi halda böyük problemlər yaşanır. Çünki bazar iqtisadiyyatı, əlbəttə ki, hər bir ölkənin iqtisadi inkişafı üçün əsas şərtdir. Ancaq bəzi hallarda islahatlar çətinliklərə də gətirib çıxarır. Bu çətinliklərin qarşısını almaq və islahatları daha da inamla aparmaq üçün güclü sosial siyasət olmalıdır. Bu sosial siyasət müxtəlif formalarda özünü göstərir - tikilən məktəblər, xəstəxanalar, yollar, sosial obyektlər, maaşların, pensiyaların qaldırılması, infrastruktur layihələrinin icra edilməsi, yəni, insanı narahat edən bütün problemlər aradan qaldırılmalıdır.

Son illər ərzində bu istiqamətdə nailiyyətlər hesab edirəm ki, kifayət qədərdir. Gələcək illərdə biz bu işləri davam etdirəcəyik. Çünki hələ görüləsi işlər çoxdur. Biz həm iqtisadi sahədə, sosial məsələlərin həllində bundan sonra da islahatlar aparacağıq. İslahatlara böyük ehtiyac vardır. Çünki burada söhbət təkcə investisiyalardan getmir, investisiya qoyuluşu Azərbaycanda yüksək səviyyədə həll olunur, eyni zamanda, sistem xarakterli islahatlar aparılmalıdır".

İqtisadi sahədə keçid dövrünü başa vuran Azərbaycanda sistem islahatının aparılması, ilk növbədə, cəmiyyətin inkişafında ümumi harmoniya və tarazlığın qorunması zərurəti kimi dəyərləndirilməlidir. Başqa sözlə, sosial-iqtisadi, siyasi və digər sahələrdə həyata keçirilən islahatlar bir-birini tamamlamalı, modernləşmə prosesinin sürətlənməsinə təkan verməli, son nəticədə Azərbaycan qarşıda mili ideya kimi müəyyənləşdirdiyi daha bir hədəfə çataraq 2020-ci ilədək inkişaf etmiş ölkələr sırasına daxil olmalıdır. Ölkə başçısı həmçinin 2018-ci ilədək Azərbaycanda sosial-iqtisadi sahədə bütün problemlərin öz həllini tapacağını bildirmişdir. Söhbət, ilk növbədə, Azərbaycanda özünü göstərən bəzi sosial-iqtisadi problemlərin həllindən, həyat keyfiyyətinin yüksəldilməsindən, sosial məsələlərin həllində inkişaf etmiş ölkələrin təcrübəsinin tətbiqindən gedir.

Sosial yönümlü siyasət son 10 ildə Azərbaycanın milli inkişaf yolunu səciyyələndirən mühüm istiqamətlərdən birinə çevrilmişdir. Dövlət başçısı insan və şəxsiyyət amilini ucaltmaqla, hər bir vətəndaşın maraqlarının dövlət üçün üstün olduğunu nümayiş etdirmişdir. Cənab İlham Əliyevin hər iki  prezidentlik dövrünün ən böyük uğurlarından biri də Azərbaycan kəndinə şəhər simasının gətirilməsi olmuş, cənubdan şimala, şərqdən qərbə çoxsaylı yaşayış məntəqələrində yeni sosial-mədəni obyektlər - ən müasir tələblərə cavab verən yeni məktəblər, səhiyyə ocaqları, körpülər, yollar tikilmişdir. Hazırda Azərbaycanın bütün rayonlarında su və kanalizasiya sistemi yenidən qurulur, qazlaşdırma işi başa çatdırılır. Bütün bunlar regionlarda mənəvi ab-havanın yaxşılaşmasına səbəb olmaqla, Azərbaycan insanının dövlətə, onun rəhbərinə etimadını, sevgi və rəğbətini daha da artırır.

Məlumdur ki, iqtisadi cəhətdən inkişaf etməmiş hansısa dövlətdə demokratikləşməyə və vətəndaş cəmiyyəti quruculuğuna yönələn cəhdlər uğursuzluqla nəticələnir, çünki tətbiqinə cəhd göstərilən mütərəqqi yeniliklər vətəndaşların real yaşayış səviyyəsi, həyat tərzi ilə uzlaşmır. Bu mənada, yüksək sosial-iqtisadi inkişafla yanaş demokratikləşmə prosesinin sürətləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğu prosesinin başa çatdırılması, hüquqi dövlətin, sözün həqiqi mənasında, bərqərar olması müasir Azərbaycan milli ideyasının tərkib hissələri kimi nəzərdən keçirilir. Dövlət hakimiyyətinin möhkəmliyi isə bir çox cəhətdən iqtidarın cəmiyyətin müxtəlif təbəqələrinin mənafelərini müdafiə etmək, ictimai qüvvələrin tarazlığını qoruyub saxlamaq və cəmiyyətə xas olan mülki, demokratik, özünüidarə meyillərinin mütərəqqi inkişafını təmin etmək qabiliyyəti ilə müəyyən olunur. Bu mənada, ölkədə demokratik təsisatların rolunun yüksəldilməsi, insan hüquqlarının müdafiəsi sisteminin təkmilləşdirilməsi istiqamətində atılan addımlar nəinki respublikamızda, həmçinin beynəlxalq arenada yüksək qiymətləndirilir. Hüquqi-siyasi sahədə aparılan islahatlar Azərbaycanın Avropa hüquq məkanında fəaliyyət göstərən beynəlxalq standartlara tam uyğunluğunu təsdiqləyir.

Təcrübə göstərir ki, liberalizm, demokratiya və bazar münasibətləri prinsipləri məcmu halda çıxış edir. Baza postulatını hər bir insanın doğulandan yaşamaq, azadlıq və mülkiyyətə malik olmaq kimi ayrılmaz hüquqlarının olduğunu özündə ehtiva edən liberalizm ideyasında göstərilən triada arasında əslində, qırılmaz əlaqə mövcuddur. Çünki özəl mülkiyyət fərdi azadlığın əsasını təşkil edir və bu da öz növbəsində, ayrıca götürülmüş fərdin özünütəsdiq, ifadənin zəruri şərti kimi çıxış edir. Həqiqətən də iqtisadiyyat sferasında sərbəst bazar prinsiplərində ifadə olunan bu postulatla siyasi demokratiya arasında qarşılıqlı əlaqə mövcuddur. Məhz demokratik dövlət bazar münasibətlərinin və azad rəqabətin mövcudluğunun və səmərəli fəaliyyətinin təminatı kimi çıxış edir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev "Müasir Azərbaycan mili ideyanın təcəssümü kimi" əsərində haqlı olaraq yazır: "Azərbaycan cəmiyyətinin demokratikləşməsi sonsuz prosesdir və milli xüsusiyyətlər gözlənilməklə, müstəqil dövlət quruculuğu və milli identikliyin qorunub saxlanması şərti ilə həyata keçirilir. Prezident İlham Əliyevin anlamında demokratiya milli inkişaf və şüurun ayrılmaz atributudur. Lakin o, cəmiyyətin siyasi və iqtisadi inkişaf səviyyəsi ilə ahəngdar olmalıdır".

 

Maraq və mənafeyini etibarlı müdafiə edən ölkə

 

Dövlət başçısı İlham Əliyevin siyasi mühitin liberallaşdırılması, demokratik proseslərin dərinləşdirilməsi istiqamətində mütərəqqi islahatları uğurla gerçəkləşdirməsi Azərbaycanı maraq və mənafeyini qətiyyətlə müdafiə edən dövlətə çevirmişdir. Sivil dünyanın qəbul etdiyi meyarlara cavab verən balanslı xarici siyasət yeridən respublikamız özünün Cənubi Qafqaz regionundakı əhəmiyyətli ərazi, geostrateji və geoiqtisadi üstünlüklərindən maksimum faydalı şəkildə yararlanmış, diplomatik fəaliyyət sahəsində hər bir mərhələ üçün qarşıda duran hədəfləri düzgün müəyyənləşdirmişdir.

 

Prezident İlham Əliyev ötən illərdə dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdirmək, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində sistemli fəaliyyət göstərir. "Azərbaycanın coğrafi mövqeyi özü onun xarici siyasətini müəyyən edir" - deyən dövlət başçısı respublikamızın necə həssas və mürəkkəb geosiyasi məkanda yerləşməsinin fərqindədir və özünün xarici siyasət doktrinasında bölgənin özəlliklərini nəzərə alır. Rəsmi Bakı daim Cənubi Qafqaz regionunun müxtəlif güc mərkəzləri arasında "bölüşdürülməsi" cəhdlərini yolverilməz saymış, bölgə dövlətlərinin ərazisində xarici qoşun və hərbi bazaların yerləşdirilməsinin, bir sözlə, Qafqazın militaristləşdirilməsinin əleyhinə çıxış etmişdir. Dövlətlərin suveren bərabərliyi prinsipinə əsaslanan respublikamız beynəlxalq əlaqələr sisteminə cəlb olunan bütün ölkələrə münasibətdə - onların ərazi böyüklüyü, hərbi gücü və iqtisadi potensialından asılı olmayaraq - müstəqil xarici siyasət həyata keçirir.

Ərazisinə, iqtisadi və hərbi qüdrətinə rəğmən, bütün dövlətlərlə bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlıq munasibətləri qurmuş ölkə rəhbərliyi Şərqlə Qərbin iqtisadi tərəfdaşlığını, mədəni dialoqunu möhkəmləndirən səmərəli təşəbbüslərlə çıxış etmiş, regionda sabitlik, sülhə və təhlükəsizliyə layiqli töhfəsini vermişdir. Bu baxımdan respublikamızın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını da xüsusi vurğulamaq lazımdır. Hələ 2012-ci ildə Azərbaycanla Türkiyə arasında imzalanmış tarixi razılaşma ilə 2025-ci ilədək Azərbaycandan nəql olunan qazın əsas hissəsinin qardaş ölkənin ərazisi ilə Avropa ölkələrinə ixracı nəzərdə tutulmuşdur. 2012-ci il iyun ayının 26-da İstanbulda Azərbaycan və Türkiyə hökumətləri arasında Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi ilə bağlı imzalanmış iki saziş bu baxımdan xüsusi əhəmiyyətə malikdir.

Bir neçə ay öncə TAP kəmərinin seçilməsi ilə bağlı tarixi qərarın qəbulu isə Azərbaycanın Avropa Birliyi ölkələri ilə münasibətlərində keyfiyyətcə yeni mərhələ açmışdır. Bunu İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın avqustun 11-də Bakıya rəsmi səfəri də təsdiqləmişdir. Səfər zamanı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın enerji sahəsində əməkdaşlığa dair birgə bəyannaməsi qəbul olunmuşdur. Bəyannamədə "Şahdəniz"in ikinci fazası çərçivəsində çıxarılacaq Azərbaycan qazının Trans-Adriatik və Trans-Anadolu təbii qaz boru kəmərləri ilə Avropaya çatdırılmasına dair "Şahdəniz" konsorsiumunun qəbul etdiyi qərarın önəmi qeyd olunmuşdur. Həmçinin, sənəddə Azərbaycanın İtaliyanın əsas neft təchizatçılarından biri olduğu vurğulanaraq ölkəmizin, həmçinin qaz sektorunda da İtaliya üçün önəmli tərəfdaşlardan biri olacağına əminlik ifadə edilmişdir.

İtaliya Respublikası Nazirlər Şurasının Prezidenti Enriko Lettanın səfəri ümumən Avropa ölkələrinin Azərbaycanın tarixi seçiminə pozitiv münasibətini əks etdirir. Cənab Enriko Lettanın bildirdiyi kimi, enerji sahəsindəki əməkdaşlıq ölkələr arasında siyasi münasibətləri də möhkəmləndirir: "Burada olmaq fürsəti və Sizinlə, hökumətinizlə ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə dair müzakirələr aparmaq bizim üçün çox əhəmiyyətlidir. Bu gözəl fürsət TAP boru kəmərinə dair qərarın verilməsindən sonra yarandı. Bu qərar İtaliya və Avropanın böyük bir hissəsi üçün çox vacibdir. Fürsətdən istifadə edərək bu qərarın qəbul olunması sayəsində bu gün bizim ikitərəfli münasibətlərimizin və təkcə enerji sahəsi ilə məhdudlaşmayan əməkdaşlığımızın gücləndirilməsinin necə vacib olduğunu qeyd etmək istərdim. Lakin biz enerji sahəsində əməkdaşlıqdan yararlanaraq əlaqələrimizi iqtisadi və siyasi sahələrdə də gücləndirir, daha da yüksək səviyyəyə qaldırırıq".

Ümumən səfərin yekunları deməyə əsas verir ki, qloballaşan dünyanın əsas güc və siyasət mərkəzlərindən biri kimi kifayət qədər geniş arealda iqtisadi, siyasi və sosial birlik modelinə çevrilmiş Avropa Birliyi əlverişli coğrafi mövqeyinə, zəngin təbii resurslarına və demokratik inkişaf səviyyəsinə görə Cənubi Qafqazın lokomotiv dövləti sayılan Azərbaycanla əməkdaşlığın daha da dərinləşməsinə, respublikamızın avrostrukturlara daha dinamik inteqrasiyasına xüsusi maraq göstərir. Əvvəllər Azərbaycanla sadəcə, üç Qafqaz respublikasından biri kimi əlaqələr quran Avropa Birliyi son illər respublikamızla ikitərəfli əməkdaşlığın gücləndirilməsi niyyətini açıq ortaya qoymuşdur. Bu maraq həm də ölkəmizdə sosial-iqtisadi inkişafın yüksək dinamikası, habelə demokratik islahatların sürətlə aparılması ilə şərtlənir.

 

Avropa Birliyi ölkələri ilə yanaşı, dünyanın əsas fövqəlgüc dövlətlərindən sayılan Rusiya da Azərbaycandakı mövcud siyasi kursun regionda sabitlik və inkişaf, habelə ikitərəfli münasibətlərin gələcəyi baxımından müstəsna əhəmiyyətini dərk edir. Bunu Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana son səfərinin yekunlarına nəzərən əminliklə söyləmək olar. Qonşu ölkənin prezidentinin Azərbaycana səfəri tarixən bir-birinə bağlı olmuş iki dövlət arasında münasibətlərin bütün sahələrdə inkişaf etdiyini, qarşılıqlı etimad mühitinin daha da möhkəmləndiyini göstərir. Şübhəsiz, Rusiya və Azərbaycan arasında hərtərəfli əməkdaşlığın dərinləşdirilməsini zəruri edən başlıca amillərdən biri də məhz ölkələr arasında tarixən formalaşmış iqtisadi və mədəni əlaqələrdir. Məhz cənab İlham Əliyevin son 10 illik prezidentliyi dövründə Rusiya-Azərbaycan münasibətləri tamamilə yeni müstəviyə qədəm qoymuş, psixoloji-siyasi gərginlik tamamilə azalmış, iqtisadi-siyasi, humanitar və hərbi-texniki sahələrdə əməkdaşlıq üçün real imkanlar açılmışdır. Azərbaycanla Rusiya arasında 100-dən çox müqavilə imzalanmışdır və bunların 70-i dövlətlərarası və hökumətlərarası sənədlərdir. Son səfər zamanı imzalanmış ikitərəfli sazişlər də münasibətlərin müxtəlif aspektlərini özündə ehtiva edir.

Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının intensiv fəaliyyətinin nəticəsi olaraq ölkələrimiz arasında iqtisadi münasibətlər yüksək dinamizmlə inkişaf edir. Müxtəlif iqtisadi layihələr həyata keçirilir, idxal-ixrac əməliyyatlarının səviyyəsinə görə Rusiya Azərbaycanın əsas tərəfdarı olaraq qalır. Hazırda Azərbaycanın İtaliyadan sonra ən böyük ticarət tərəfdaşı məhz Rusiyadır. Ölkədə 500-dək Rusiya şirkəti fəaliyyət göstərir. Bu şirkətlər Azərbaycanın neft-qaz layihələrində, bir neçə beynəlxalq konsorsiumda paya malikdir. Rusiya Federasiyasının ayrı-ayrı vilayətləri, quberniyaları, muxtar respublikaları da ölkəmizlə iqtisadi əlaqələri gücləndirməkdə maraqlı görünürlər. Son bir neçə ildə Rusiya regionları ilə Azərbaycan arasında 40-a yaxın əməkdaşlıq sazişi imzalanmışdır.

Ümumilikdə, Rusiyanın dövlət başçısının Azərbaycana səfər etməsi deməyə əsas verir ki, bu ölkənin rəhbərliyi respublikamızın Cənubi Qafqazdakı strateji yerini və rolunu düzgün qiymətləndirir. Keçmiş SSRİ-nin süqutundan sonra Rusiya ilə Azərbaycan arasında münasibətlər heç zaman indiki kimi yüksək səviyyədə olmamışdır. Cənab İlham Əliyevin son 10 ildə Rusiyaya dəfələrlə səfər etməsi təsdiqləyir ki, rəsmi Kremlin Azərbaycanla bərabərhüquqlu və qarşılıqlı faydalı əməkdaşlığa olan marağı kifayət qədər səmimidir. V.Putinin son səfəri Rusiya siyasi rəhbərliyinin Azərbaycanın siyasi rəhbərliyinə münasibəti ilə bağlı səslənən bəzi qərəzli iddiaları puça çıxarmışdır.

Ümumilikdə, Prezident İlham Əliyevin son 10 ildəki fəaliyyəti ölkənin təkcə sosial, iqtisadi, intellektual-mənəvi yüksəlişinə təkan verməmiş, eyni zamanda, dünya arenasında layiqli yerini tutmasını, regionun aparıcı dövlətinə çevrilməsini təmin etmişdir. Məhz bu baxımdan mövcud hakimiyyətin uğurları həm daxildə, həm də ölkə hüdudlarından kənarda obyektiv şəkildə dəyərləndirilir.

 

Əlican BABAYEV,

 

Azərbaycan Dövlət İqtisad Universitetinin "İqtisadi nəzəriyyə-1" kafedrasının müdiri, iqtisad elmləri doktoru, professor, Azərbaycandan Kənarda Təhsil Almış Mütəxəssislər Təşkilatının Ali Məclisinin sədri

 

Azərbaycan. - 2013.- 18 avqust.- S. 9.