YENİ QƏLƏBƏLƏRƏ DOĞRU

 

Xalqımız, millətimiz genetik xüsusiyyətlərinə görə fiziki cəhətdən sağlam insanlardan ibarət olan xalqdır, millətdir. Fiziki sağlamlıq və fiziki güc, mənəvi sağlamlıqla bərabər Azərbaycan xalqına, millətinə xas olan xüsusiyyətdir.

 

Heydər ƏLİYEV

 

Bu gün Azərbaycan inamla ən uca zirvələrin fəthinə doğru gedirbütün sahələrdə olduğu kimi, idmanda da böyük nailiyyətlərə imza atır. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə respublikada başlanan milli olimpiya hərəkatının siyasisosial əhəmiyyəti xüsusi qeyd olunmalıdır.

Hazırda ölkənin hər tərəfində müasir və beynəlxalq standartlara cavab verən olimpiya idman kompleksləri, idman sağlamlıq mərkəzləri tikilərək peşəkar idmançıların, habelə həvəskarların istifadəsinə verilir. Çünki həm fiziki, həm də mənəvi cəhətdən sağlam nəslin yetişdirilməsi dövlətimizin gənclər və idman siyasətinin başlıca prinsipidirbu işdə idmanın kompleks təşkilinin çox böyük rolu var. Məşhur bir ifadədə deyildiyi kimi: "Sağlam bədəndə sağlam ruh olar".

Son illər paytaxt Bakı ilə yanaşı, regionlarda da inşa olunan nəhəng idman mərkəzləri Azərbaycanın idman potensialının nümayişi, eləcə də gənclərin bu sahəyə meylinin artmasının göstəricisidir. Ölkəmizdə bu cür idman obyektlərinin tikilib istifadəyə verilməsinin bir məqsədi var - gənc nəslin sağlam böyüməsi və yetişməsi. Həmçinin Azərbaycanın yüksək səviyyəli beynəlxalq yarışların, mötəbər turnirlərin keçirildiyi idman ölkəsi kimi nüfuzunun genişlənməsi.

Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla həyata keçirilən "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı"nda da gənclərin sağlamlığının qorunması prioritet məsələ olaraq öz əksini tapıb. Gənclər arasında sağlam həyat tərzinin kütləvi bədən tərbiyəsi və idman vasitəsilə geniş təbliğ edilməsi, bu sahədə maarifləndirmə işinin genişləndirilməsi kimi görülən işlər Dövlət Proqramının başlıca müddəalarındandır. Dövlət başçısı tərəfindən hətta 2012-ci ilin "İdman ili" elan edilməsində, yeni idman-sağlamlıq mərkəzlərin istifadəyə verilməsində və s. əsas məqsəd gənclərin sağlamlığının qorunması, buna xidmət edən təşviqedici və təbliğat xarakterli tədbirlərin keçirilməsidir. Çünki sağlam gənclik həm də sağlam gələcək deməkdir.

Azərbaycanda idmanın müxtəlif növləri üzrə, o cümlədən futbol, bədii gimnastika, tennis, boks, güləş, həmçinin əlbəyaxa döyüş üsullarından karate-do, dzü-do, taekvando s. federasiyalarının yaradılması, respublikada idmanın maddi-texniki bazasının daha da möhkəmləndirilməsi istiqamətində görülən işlər idmanda bu gün qazanılan gələcək uğurların stimulu rəhnidir.

Respublikamızın müxtəlif dövlət qurumlarında, güc strukturlarında, o cümlədən Milli Təhlükəsizlik Nazirliyində də əməkdaşların döyüş hazırlıqlarının yüksək səviyyədə saxlanılmasına, fiziki sağlamlıqlarının qorunmasına və möhkəmləndirilməsinə, idmanla mütəmadi məşğul olmalarına xüsusi önəm verilir. Bu məqsədlə Milli Təhlükəsizlik Nazirliyində ən müasir imkanlara malik İdman və Sağlamlıq Mərkəzi yaradılmışdır. İdman və Sağlamlıq Mərkəzində mütəmadi olaraq müxtəlif idman növləri üzrə yarışlar və turnirlər keçirilir. Mərkəzdə idmanın əksər kütləvi növləri, o cümlədən əlbəyaxa döyüş, güləş, futbol, voleybol, həndbol, basketbol, tennis üzrə yay və qış meydançaları, 25 metrlik üzgüçülük hovuzu, gimnastika, trenajor zalları, məşqçi və təlimatçı, həkim, soyunub-geyinmə  otaqları və duşxanalar vardır. Ən qabaqcıl standartlara cavab verən texniki ləvazimat və avadanlıqlarla təmin edilən mərkəzdə MTN-in Heydər Əliyev adına Akademiyasının kursant və dinləyicilərinin, eləcə də nazirliyin əməkdaşlarının idmanla məşğul olmaları, fiziki sağlamlıqlarını möhkəmləndirmələri üçün hər cür şərait yaradılmışdır. Belə sosial təyinatlı obyektlərin istifadəyə verilməsi Azərbaycanın güclənməsinə xidmət edəcək səriştəli və sağlam gənc kadrların yetişdirilməsi məqsədi daşıyır.

Bu gün Azərbaycan idmançıları ilə yanaşı, MTN İdman və Sağlamlıq Mərkəzinin "Titan" idman klubunun üzvləri də respublika və beynəlxalq səviyyəli yarışlarda iştirak edirlər. Onların əldə etdikləri uğurlu nəticələr, dövlət himnimizin sədaları altında Azərbaycan bayrağının qaldırılması hər birimizə qürur, fəxarət hissi bəxş edir. Son illər milli təhlükəsizlik orqanlarında aparılan təşkilati-struktur islahatlar, maddi-texniki və təlim-tədris bazasının möhkəmləndirilməsi, şəxsi heyətin sosial müdafiəsinin gücləndirilməsi və şəraitinin yaxşılaşdırılması ilə yanaşı, əməkdaşların peşəkarlığının, döyüş və fiziki hazırlığının artırılmasına xüsusi diqqət yetirilir. Ölkə rəhbərinin gündəlik diqqət və qayğısı, milli təhlükəsizlik naziri Eldar Mahmudovun təşkilatçılığı, nəzarət və tələbkarlığı həm əməliyyat-xidməti fəaliyyətdə, həm də əməkdaşların idman göstəricilərində öz müsbət əksini tapır, uğurlarla müşayiət olunur. Müxtəlif, o cümlədən beynəlxalq idman yarışlarında Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının qələbələri artıq ənənəyə çevrilir, ildən-ilə çoxalır.

Azərbaycanın idman nüfuzunun yüksəlməsinə xidmət edən milli təhlükəsizlik orqanları əməklaşlarının qazandıqları qələbələrin oxucularımız üçün maraqlı olduğunu nəzərə alaraq, onlardan bəzilərinin qeyd edilməsi yerinə düşərdi:

İlk dəfə beynəlxalq yarışlarda qüvvələrini sınayan, bu ilin iyun ayında Türkiyənin İstanbul şəhərində keçirilən Kyukşin kaykan karate üzrə 9-cu beynəlxalq turnirdə MTN-in "Titan" idman klubunun üzvləri - C.Əhmədov qızıl, M.Həsənzadə isə gümüş medal qazanmışlar.

2013-cü il iyunun 9-dan 16-dək İspaniyanın Barselona şəhərində "W.A.S.C.O" - Ümumdünya döyüş növləri təşkilatının keçirdiyi Dünya Çempionatında kunq-fu üzrə yarışda A.Axundov iştirak edərək 2-ci yerə layiq görülmüşdür.

Elə həmin ayın 24-dən 29-dək Ukraynanın İliçevsk şəhərində universal-döyüş üzrə Avropa Çempionatında M.Fərzəliyev, S.Salmanov və T.Məsimov iştirak etmişlər. M.Fərzəliyev Avropa çempionu adını qazanmışdır. T.Məsimov 2-ci, S.Salmanov isə 3-cü yeri tutmuşlar.

Böyük Britaniya Krallığı Şimali İrlandiyanın Belfast şəhərində cari ilin avqust ayının 1-dən 11-dək güc strukturları arasında IV Dünya Oyunlarında T.Quliyev, M.Hacımuradov, A.Əmirli, P.AğayevS.Salmanov iştirak etmişlər. M.Hacımuradov və S.Salmanov qızıl, A.Əmirli və P.Ağayev gümüş, T.Quliyev isə bürünc medallar qazanmışlar.

A.Menyayev və E.Həbibov isə avqustun 1-dən 13-dək İtaliyanın Torino şəhərində veteran idmançılar arasında I Dünya Oyunlarında iştirak etmişlər. E.Həbibov cüdo növündə gümüş, A.Menyayev şüvüllə tullanmada bürünc medal qazanmışlar.

Qeyd olunmalıdır ki, Azərbaycanın idman nüfuzunun qorunmasına və möhkəmləndirilməsi işinə layiqli töhfələrin verilməsi məqsədilə "Titan" idman klubunun üzvlərinın nüfuzlu beynəlxalq yarışlarda iştiraklarının təmin edilməsi daim Milli Təhlükəsizlik Nazirliyi rəhbərliyinin diqqət mərkəzində olmuş bütün lazımi təşkilati məsələlər yüksək səviyyədə həyata keçirilmişdir.

Məhz bunun bariz nəticəsidir ki, beynəlxalq yarışlarda iştiraka buraxılmış Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları - "Titan" idman klubunun üzvlərinın hamısı həmin turnirlərdən Azərbaycana medallarla qayıtmışlar. Təkcə 2011-ci ildən 2013-cü ilin hazırki dövrünədək olan müddət ərzində MTN "Titan" idman klubunun üzvləri 14 qızıl, 13 gümüş və 13 bürünc medal qazanmışlar. Onlardan V.İskəndərov "Əməkdar məşqçi", M.Fərzəliyev "İdman ustası" fəxri adlarına, T.Quliyev isə "İdman ustalığına namizəd" dərəcəsinə layiq görülmüşlər.

Milli təhülkəsizlik naziri, general-leytenant Eldar Mahmudov beynəlxalq yarışlarda və turnirlərdə qələbələr qazanmış MTN-in "Titan" idman klubunun üzvləri ilə görüşmüş, onları nail olduqları yüksək mükafatlar münasibətilə təbrik etmişdir. Nazir idmançılarımızın əldə etdikləri uğurların, ümumilikdə Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin inkişafı və tərəqqisi naminə inamla və məqsədyönlü surətdə həyata keçirdiyi strategiyanın tərkib hissəsi olan idman və gənclər siyasətinin parlaq nümunəsi olduğunu qeyd etmişdir. Milli təhlükəsizlik naziri Eldar Mahmudov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə bundan sonra da idmançılarımıza diqqət və qayğı göstəriləcəyinə əminliyini bildirmiş, onlara bütün turnirlərdə və yarışlarda yeni-yeni qələbələr qazanmağı, ölkəmizin idman imicini uca tutmağı və Azərbaycanın bayrağını daim yüksəklərdə saxlamağı arzulamışdır.

Sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilmişdır. 2013-cü ildə DünyaAvropa çempionatlarında, habelə güc strukturları arasında dünya oyunlarında yüksək yerlərə layiq görüldüklərinə, Azərbaycanın idman uğurlarına verdikləri töhfələrə, həmçinin şəxsi heyətin idman hazırlığındakı səylərinə görə bir qrup əməkdaşın və məşqçilərin təltif edilmələri barədə Milli Təhlükəsizlik Nazirliyinin əmri elan olunmuşdur. Nazir Eldar Mahmudov MTN-in "Titan" idman klubunun üzvlərinə fəxri fərmanları təqdim etmişdir. Xatirə şəkli cəkdirilmişdir.

Birincilik kürsüsünə layiq görülmüş idmancılarımız Azərbaycanın dövlət himninin səsləndirilməsi və dövlət bayrağının qaldırılması anlarının hər bir azərbaycansevərin qəlbində dərin izlər buraxmasından ürəkdolusu danışmışlar:

Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasının əməkdaşı, "Titan" idman klubunun üzvü M.Hacımuradov 1998-ci ildən Şərq əlbəyaxa döyüş növü ciu-ciutsu ilə məşğul olur. Beşqat respublika çempionudur. 2006-cı ildə Bakıda MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanlarının əməkdaşları arasında əlbəyaxa döyüş növü üzrə keçirilən yarışlarında qüsursuz, ədalətli hakimliyinə və təşkilatçılığına görə Rusiya Federal Təhlükəsizlik Xidmətinin xüsusi diplomu ilə təltif olunub. M.Hacımuradov Bolqarıstanın paytaxtı Sofiya şəhərində ciu-ciutsuxüsusi özünümüdafiə üzrə beynəlxalq turnirdə birinci yerə çıxaraq qızıl medala layiq görülüb. Xidmətdə və idmanda əldə etdiyi müsbət nəticələrə görə Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əmri ilə mükafatlandırılıb və "Hərbi xidmətdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

M.Hacımuradov deyir ki, idmançılarımızın müxtəlif beynəlxalq turnirlərdə əldə etdiyi uğurlar məhz idmanın inkişafına dövlətimiz, şəxsən Ali Baş Komandan İlham Əliyev tərəfindən göstərilən diqqət və qayğının bariz nəticəsidir: "Ölkəmizdə idman-sağlamlıq infrastrukturunun yenidən qurulması, yeni idman obyektlərinin, Olimpiya İdman komplekslərinin inşa edilməsi bu sahənin inkişafı ilə bağlı möhkəm təməl yaradıb. Bundan başqa, idmançıların daim qayğı ilə əhatə olunması, onların problemlərinin həll edilməsi, yüksək səviyyəli təlim-məşq toplanışlarının keçirilməsi idmançılarımızın beynəlxalq yarışlarda yüksək nəticələr əldə etməsini təmin edir".

MTN-in "Titan" idman klubunun daha bir üzvü S.Salmanov gənc idmançı olmasına baxmayaraq, artıq bir çox uğurlara imza atıb. O, 2012-ci ildə Avstriyanın Vyana şəhərində ciu-ciutsu üzrə Dünya Çempionatında bürünc medala sahib çıxmışdır. Əldə etdiyi nailiyyətlərlə kifayətlənməyən, özünün fiziki hazırlığını daha da möhkəmləndirməyə çalışan S.Salmanov əzmlə gündəlik məşqlərini davam etdirir. O, gələcək yarışlarda da qələbələr qazanacağına, milli təhlükəsizlik orqanlarının və Azərbaycanın adını yüksəkliklərə ucaldacağına əmindir.

A.Axundov idmanda əldə etdiyi uğurlarla ölkəmizdən uzaqlarda da şöhrət qazanıb. O, 2011-ci ilin iyulunda digər Şərq əlbəyaxa döyüş növü olan uşu-sanda üzrə respublika çempionatında bürünc medalın sahibi olub. Həmin ilin oktyabr ayında isə Ukraynanın Yalta şəhərində qarışıq döyüş növləri üzrə Dünya Çempionatında 65 kq çəki üzrə yarışlarda dünya çempionu adını qazanıb. A.Axundov Azərbaycanın idman şərəfinin qorunması üçün bundan sonra səylərini əsirgəməyəcəyini bildirir: "Cənab Prezident İlham Əliyev idmanın inkişafını daim diqqətdə saxlayır, idmançılara dəstəyini idman obyektlərinin açılışında və beynəlxalq yarışlarda iştirakı, xeyir-duası ilə ifadə edir. Bu amil həm idmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğuru şərtləndirir, həm də idmanın təbliğini, gənclər və yeniyetmələrin marağını artıraraq, onun kütləviliyini təmin etməklə yanaşı, biz idmançıları yeni-yeni qələbələrə həvəsləndirir".

Vətənə medallarla qayıtmış bütün idmançılarımız əldə etdikləri qələbələrdən iftixarla söz açdılar. "Qələbə sevincini sözlə ifadə etmək çox çətindir. Demək olar ki, həyatımızın ən möhtəşəm anını yaşadıq. Himnimiz çalınanda, bayrağımız yüksəklərdə dalğalananda sevincdən göz yaşlarımızı saxlaya bilmədik. Həmin an xoşbəxtlik deyilən anlamın bizim üçünolduğunu bütün varlığımızla hiss etdik. Dövlətimizi, xalqımızı dünyada layiqincə tanıtmaq üçün bundan sonra da əlimizdən gələni əsirgəməyəcəyik", - dedilər.

Biz də inanırıq ki, bu gün hər sahədə uğurlara doğru cəsarətlə və qətiyyətlə addımlayan Azərbaycanın bütün idmançıları, o cümlədən milli təhlükəsizlik orqanlarının əməkdaşları - idmançıları bundan sonra da yüksək nəticələr əldə edəcək, dövlətimizin şöhrətini dünyanın hər tərəfinə yaymağa nail olacaqlar.

 

 

MTN-nin İctimai Əlaqələr Mərkəzi

 

Azərbaycan. - 2013.- 21 avqust.- S. 3.