Sözlə əməlin vəhdəti dövlət siyasətində uğurların əsas təminatçısıdır

 

Sözlə əməlin vəhdəti şəxsiyyətin bütövlüyünü təsdiq edən əsas şərtdir. Söz sahibinin fəaliyyəti xalqın diqqət mərkəzində olanda, hər addımı ictimaiyyət tərəfindən maraqla izlənəndə sözügedən fikrin məna yükü dəfələrlə artır. 2011-ci il 6 may ağcabədililər üçün şərəfli və unudulmaz tarixdir. Respublika Prezidenti İlham Əliyev həmin gün Ağcabədidə səfərdə olmuş, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşmüş və səfər proqramı çərçivəsində yeni xəstəxana kompleksinin təməlqoyma mərasimində iştirak etmişdir. Bütün ölkə əhalisi kimi, ağcabədililərin də nümunəvi səhiyyə xidməti ilə təmin olunmasının zəruriliyini vurğulayan dövlət başçısı tezliklə burada Avropa standartlarına cavab verəcək səviyyədə xəstəxana kompleksinin yaradılacağını əminliklə qeyd etmişdi...

Aradan o qədər də böyük zaman keçməyib. İki il əvvəl dövlət başçısının təməlqoyma mərasimində iştirak etdiyi inşaat meydançasında indi gündən-günə gözəlləşən Ağcabədinin hüsnünə yaraşıq verən möhtəşəm xəstəxana kompleksi ucaldılıb. Bu günlər tikintidə son tamamlama işləri aparılır. Bu məkanda böyük qələbəlikdir. İnşaatçılarla yanaşı, rayonun səhiyyə işçiləri də həvəslə çalışırlar. Yeni yerlərini səliqəyə salır, qapı-pəncərələrin tozunu alır, mebelləri yerbəyer edirlər.

Kompleksi tikən "Fərid inşaat" firmasının direktoru Sübhan Həsənov düşüncələrini bizimlə paylaşır:

- Belə möhtəşəm  xəstəxana kompleksini inşa etmək bizim üçün   məsuliyyətli olduğu qədər də şərəflidir. Yəqin ki, cənab Prezident təməlini qoyduğu kompleksin açılışında da iştirak edəcəkdir. Bax, bu məntiq tikintiyə başladığımız ilk gündən indiyədək gördüyümüz bütün işlərin gözəgörünməz keyfiyyət nəzarətçisi olub. İnşa etmək, tikib-qurmaq bizim peşəmizdir. Demək istədiyim isə başqa şeydir. İnkişaf etmiş Avropa ölkələrindəki səhiyyə müəssisələri ilə müqayisədə geri qalmayan, bəlkə də bir çox parametrlərinə görə üstün olan belə möhtəşəm xəstəxana kompleksinin ölkənin əyalətində araya, ərsəyə gəlməsi doğma Azərbaycanın necə böyük sürətlə inkişaf etməsinin parlaq göstəricisidir. Təbii ki, bu inkişafın, bu yüksəlişin əsas təminatçısı dövlət başçısı İlham Əliyevdir. Rayonun ziyalıları, ağsaqqalları dəfələrlə bura gəlib, tikintinin gedişi ilə maraqlanıblar. Sadə adamların dilindən göstərdiyi bu misilsiz qayğı və diqqətə görə dövlət başçısının ünvanına səslənən minnətdarlıq dolu çox dualar eşitmişik.

Həmsöhbətim təvazökarlıq edib rəhbərlik etdiyi kollektivin könülaçan, üzəgülən işindən danışmasa da, hər şey göz qabağındadır. Burada hər zövqlə, yüksək keyfiyyətlə görülmüşdür. Xəstəxana kompleksi 4 hektara yaxın ərazini əhatə edir. Tikintinin smeta dəyəri 27,4 milyon manatdır. Sifarişçisi respublika Səhiyyə Nazirliyidir. Tikintinin ən qızğın günlərində burada çalışanların sayı 500 nəfərə qədər artırdı. Təbii ki, işçi qüvvəsinin 80-85 faizi ağcabədililərdən ibarət olmuşdur.

205 çarpayılıq bu xəstəxana kompleksi istifadəyə veriləndən sonra ağcabədililər sağlamlıqlarının qayğısına qalmaq üçün böyük məsafə qət edib Bakıya üz tutmayacaqlar. Ağcabədi Mərkəzi Rayon Xəstəxanasının baş həkimi   Novruz Abbasov deyir ki, yeni kompleksdə yaradılan şərait son dərəcə idealdır. Hazırda xəstəxanada yeni avadanlıqlar quraşdırılıb. Müayinə və müalicə aparatları Almaniya, İtaliya, Yaponiya və Türkiyə firmalarının istehsalıdır. Xəstəxanada 7 ədəd dializ aparatı quraşdırılır. Bu, hər gün 45 xəstənin müalicə olunması  deməkdir. Burada yaradılmış osmos sistemli dializ aparatlarının sayını 15-ə çatdırmağa imkan verir.

Yeni xəstəxana kompleksinin müasir müayinə və müalicə aparatları ilə təchiz edilməsi özlüyündə yeni qayğılar da yaradır. Baş həkim Novruz Abbasov deyir ki, Səhiyyə Nazirliyi bununla bağlı tədbirlər görür. Nazirliyin göndərişi ilə rayonun bir həkimi hazırda Türkiyədə təcrübə keçir. Rayonun daha səkkiz nəfər həkiminin  sənədləri qardaş Türkiyəyə göndərilmək üçün hazırlanır. Üç nəfər həkim isə qonşu Bərdədə müayinə və müalicə mərkəzində dializ aparatlarını idarə etməyi öyrənir. Ümumiyyətlə, yeni avadanlıqlarla işləməyi mənimsəmək üçün həkimlərin hazırlıq kurslarına göndərilməsi mərhələ-mərhələ davam etdiriləcəkdir.

Regionların dinamik sosial-iqtisadi inkişafı prosesində Ağcabədi öncüllük mövqeyini inamla qoruyub saxlamaqdadır. Bu mövqeyi təmin edən əsas şərt dövlətin, respublika Prezidenti İlham Əliyevin bu cəbhə bölgəsinə davamlı və yetərli qayğısıdır. Bu qayğının məntiqi nəticəsidir ki, Ağcabədi son illər, sözün həqiqi mənasında, əsl intibah dövrünü yaşayır. Uğurlu illər bir-birini əvəzlədikcə bu tarixi diyarın siması sürətlə dəyişir, müasir görkəm alır, gözəlləşir. Son on ildə əsrə bərabər inkişaf yolu keçən Ağcabədi rayonu sakinlərinin həyat tərzi, dolanışıq səviyyəsi də müqayisəedilməz dərəcədə yaxşılaşmışdır. Uğurla həyata keçirilən sosial layihələr, yerli şəraitə uyğun olaraq yaradıcılıqla qurulan infrastruktur mühiti adamları doğma yurda daha möhkəm tellərlə bağlayır, məişət qayğılarını yüngülləşdirmək, sosial problemlərdən xilas olmaq üçün şəhərə yönələn axının qarşısını əhəmiyyətli dərəcədə alır. Artıq neçə ildir ki, bölgəyə təbii qaz verilir, elektrik enerjisi ilə təminatdakı fasilələr tamamilə aradan qaldırılmışdır. İçməli və suvarma suyu ilə bağlı problemlər uğurla həll olunur. Bölgədə müasir tələblərə cavab verən yol infrastrukturu yaradılır. Sahibkarlığın inkişafı yolunda yandırılan yaşıl işıq, onlara göstərilən qayğı və diqqət adamlarına qol-qanad verir, yeni istehsalemal müəssisələrinin yaradılması ilə nəticələnir, minlərlə rayon sakini üçün  daimi və sərfəli yerləri açılır.

Dövlət qayğısından güc alan ağcabədililər genişmiqyaslı quruculuq işlərini bu gün də əzmlə davam etdirirlər. Rayon mərkəzi böyük tikinti meydançasına bənzəyir. Son tamamlama işləri görülən "Gənclər mərkəzi", Yeni Azərbaycan Partiyası Ağcabədi rayon təşkilatı üçün inzibati bina, yeni çörək zavodu, uşaq bağçası, xəstəxana kompleksi və digər yaraşıqlı binalar məhz bu il ünvan tapacaqdır.

 

 

Lazım QULİYEV

 

Azərbaycan. - 2013.- 20 avqust.- S. 5.