Tezliklə hər evdə, məhəllədə təmiz su olacaq

 

Əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılması, sağlamlığının qorunması üçün dövlət tərəfindən ardıcıllıqla tədbirlər həyata keçirilir. Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində görülən işlər göz qabağındadır. 10-15 il bundan əvvəl əhali, xüsusilə regionlarda yaşayan insanlar elektrik enerjisi sarıdan ciddi çətinliklər çəkirdilər. Ən yaxşı halda gün ərzində rayon mərkəzlərinə, qəsəbə və kəndlərə 4-5 saat işıq verilirdi. O da zəif. Gərginliyin aşağı olması üzündən məişət cihazları sıradan çıxırdı.

Həyata keçirilən tədbirlər nəticəsində indi respublikamızın ən ucqar yaşayış məntəqələrində belə, elektrik enerjisi problemi yoxdur. Artıq şəhərlərimiz, qəsəbə və kəndlərimiz öz simasını dəyişib, tanınmaz olub. İkinci Dövlət Proqramında nəzərdə tutulan məsələlər uğurla həyata keçirilir. Tikinti-quruculuq, abadlıq işləri ilə yanaşı, mühüm əhəmiyyət kəsb edən təbii qaz, yol, su-kanalizasiya çəkilişi kimi infrastruktur layihələri icra olunur.

Həmin məsələlər Hacıqabul rayonunda da həllini tapır. Son illər burada mühüm işlər görülüb. Onu deyək ki, uzun illər Şirvan şəhərinin tərkibində olan və 1990-cı ildə yaradılan Hacıqabulun görkəmi xüsusən son dövr tanınmaz dərəcədə dəyişib. Tikilən yaşayış evləri, salınan parklar, xiyabanlar, çəkilən küçələr, əkilən ağaclar, güllər-çiçəklər ğöz oxşayır. Yaradılan müəssisələr rayonun iqtisadi potensialını artırmaqla bərabər, yerli əhalinin məşğulluğunun yüksəldilməsinə xeyli təsir göstərib. Müasir tələblərə cavab verən təhsil, səhiyyə, mədəniyyət ocaqları, o cümlədən uşaq bağçaları inşa edilib. Yeni texnologiya əsasında təbii qazın çəkilişi kənd rayonları sırasında ilk dəfə olaraq burada başa çatdırılıb. Rayonun ən ucqar kəndlərindən olan Udulu Rəncbər, Qubalı-Baloğlan kəndlərinə, Pirhüseyn xanəgahına asfalt yol çəkilib.

Hazırda Hacıqabul şəhərində digər işlərlə yanaşı, əhali üçün mühüm əhəmiyyət kəsb edən su-kanalizasiya layihəsi həyata keçirilir. Artıq Hacıqabul şəhərində işlərin 50 faizdən çoxu icra olunmuşdur. Cari ilin aprel ayında birinci mərhələnin istifadəyə verilməsində ölkə başçısı iştirak etmişrayon ictimaiyyətinin nümayəndələri qarşısında çıxış edərək demişdir: "Hacıqabul rayonunun içməli su ilə təmin edilməsi üçün praktik tədbirlər görülmüşdür. Keçən il biz Hacıqabul-Şirvan-Muğan su kəmərinin təməlini qoyduq. Bu kəmərin fəaliyyəti nəticəsində artıq Hacıqabula içməli su gəlir. Ondan sonrakı dövrdə yeni şəbəkələr qurulacaqdır. Artıq bu işlərə başlanılmışdır və biz hər bir evə içməli suyun verilməsinə nail olacağıq. Bu, doğrudan da, böyük layihədir, deyə bilərəm ki, tarixi layihədir. Bu, onu göstərir ki, siyasi iradə olduğu zaman hər bir görülə bilər".

Mütəxəssislərin dediyinə görə, Hacıqabul şəhərinin orta sutkalıq su sərfi 248 min litrdir. Layihəyə əsasən, uzunluğu 170 kilometr olacaq Şirvan-Muğan su kəmərindən istifadə edəcək əhalinin sayı isə 470 min nəfərdir. Kəmər 121 kəndi,  o cümlədən Sabirabadın 13 kəndini əhatə edəcək. Sabirabad-Saatlı qrup su kəmərinin uzunluğu isə 40 kilometrdir.

"Hacıqabul şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihəsi" əhali artımının 2035-ci ilə qədər inkişaf perspektivi nəzərə alınmaqla 30,4 min nəfər üçün hesablanmışdır və dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilir.

Onu da deyək ki, Hacıqabul şəhərinin mərkəzləşdirilmiş su sistemi 1970-ci ildə yaradılmışdı. Su xətləri korroziyaya uğradığından yararsız hala düşmüşdü. Bu isə tez-tez qəzaların baş verməsi, küçələrin asfalt örtüyünün korlanması ilə nəticələnirdi. Köhnə su şəbəkəsinin uzunluğu cəmi 25,5 kilometr təşkil etmiş, kanalizasiya şəbəkəsi isə ümumiyyətlə, olmamışdır. Yeni layihəyə əsasən, şəhərin su təchizatının özüaxımlı rejimdə fəaliyyət göstərməsi üçün 2,4 kilometr uzunluğunda magistral kanal çəkilmişdir. Relyef baxımından yüksək sahədə 5 min kubmetr tutumu olan anbar inşa edilir. Bunun ardınca uzunluğu 115 kilometr olan müxtəlif diametrli paylayıcı su şəbəkəsi və ümumi uzunluğu 105 kilometr olan kanalizasiya şəbəkəsi yaradılacaq. 2014-cü ildə layihənin icrası başa çatdıqdan sonra Hacıqabul şəhərinin əhalisi fasiləsiz və keyfiyyətli içməli su ilə təmin olunacaq. Layihəyə uyğun olaraq, Hacıqabul şəhərinin yaxınlığında, relyef baxımından çökək ərazidə kanalizasiya nasos stansiyasının tikintisi planlaşdırılıb. Çirkli suları toplanaraq Şirvan-Kürdəmir avtomobil yolunun kənarında tikiləcək sutəmizləyici qurğuya ötürüləcək və təmizləndikdən sonra yaxınlıqdan keçən Baş Şirvan kollektoruna axıdılacaq.

Talış-Bakı su kəməri xəttinin Şirvan-Muğan istiqamətinə yönəldilməsi nəticəsində Şirvan şəhərinin, Salyan, Neftçala və Biləsuvar rayonlarının əhalisi də təmiz içməli su ilə təmin ediləcək. Bu istiqamətdə həmin rayonlarda da intensiv işlər görülür.

 

 

Seyran CAVADOV

 

Azərbaycan. - 2013.- 20 avqust.- S. 5.