Davamlı uğurlara təminat yaradan iqtisadi inkişaf modeli

 

Biz müstəqil dövlət qurmuşuq. Ulu öndər canı hesabına müstəqil dövlət qurmuşdur. Biz müstəqilliyi qoruyuruq, saxlayırıq. Müstəqillik bizim üçün ən böyük sərvətdir, ən böyük dəyərdir. Müstəqillik, sadəcə olaraq, dövlət atributlarına malik olmaq deyildir. Müstəqillik müstəqil siyasət aparmaq, öz maraqlarını müdafiə etmək, öz milli maraqlarını hər şeydən üstün tutmaqdır. Bu gün Azərbaycan həm iqtisadi, həm də siyasi cəhətdən, sözün əsl mənasında, müstəqil dövlətdir. Biz bu müstəqilliyi möhkəmləndirməliyik.

 

İlham ƏLİYEV

 

Hər bir ölkənin inkişaf proseslərinin davamlılığını təmin edən başlıca amillərdən biri də qarşıda duran strateji hədəflərin düzgün müəyyənləşdirilməsidir. Məhz bu cür məqsədyönlü, uzaq perspektivlərə hesablanmış strategiya iqtisadi sahədə qazanılan uğurların ardıcıllığını təmin edərək ölkə əhəmiyyətli qlobal layihələrin reallaşdırılmasına imkan verir. Bu gerçəkliyə nəzərən əminliklə demək olar ki, müstəqil Azərbaycanın son illərdə ictimai həyatın bütün sahələrində əldə etdiyi möhtəşəm nailiyyətlər  konkret məqsədlərə yönəlmiş çevik və praqmatik iqtisadi siyasətin nəticəsidir.

Ölkə rəhbərliyi hər bir konkret mərhələdə respublika qarşısında hansı əsas problemlərin, vəzifələrin dayandığını yaxşı bilir və onların həlli üçün mükəmməl konsepsiyaların hazırlanaraq icra  olunmasını təmin edir. Hərtərəfli müasirləşməyə zəmin yaradan bu strategiya son illərdə həm də milli inkişaf modelinin formalaşmasını təmin edən başlıca amilə çevrilmiş, iqtisadi, siyasi və hüquqi islahatların paralelliyi prinsipinin gözlənilməsi səmərəli nəticələrə yol açmışdır.

2003-cü ildən ölkəyə inamla rəhbərlik edərək onu davamlı tərəqqi və yüksəliş yoluna çıxarmış Prezident İlham Əliyev fəaliyyətini ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş möhkəm zəmin üzərində qurmuşdur. Cənab İlham Əliyev müasir düşüncəli siyasi lider kimi modernləşməyə xidmət edən islahatları uğurla həyata keçirmişdir. Dövlət başçısı keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini, tam müstəqil siyasət yürütməsini, inkişaf etmiş ölkələr səviyyəsinə yüksəlməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir.

Milli ideya hər bir cəmiyyətin inkişafının ümumi məqsədi və strategiyasıdır: onu praktik gerçəkləşdirməyə imkan verən mütərəqqi ideologiyası olmayan dövlətin daimi inkişaf və uğurlarından söhbət belə gedə bilməz. Milli ideya dövlətlərin sosial-iqtisadi və intellektual resurslarını konkret siyasi məqsədlər naminə səfərbərliyə alır, milli ideologiya isə bu prosesdə, bir növ, vasitəçilik edir. Heydər Əliyev siyasi kursunun ən layiqli davamçısı olan cənab İlham Əliyevin ötən illərdəki çoxşaxəli fəaliyyətinin qayəsində məhz milli ideyaların gerçəkləşdirilməsi dayanır. Dövlət başçısı ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını inamla davam etdirməklə yanaşı, yeni dövrün tələblərinə uyğun zənginləşdirmiş, sosial-iqtisadi islahatlarla demokratikləşmə proseslərinin paralel şəkildə aparılmasına, birinin digərini tamamlamasına çalışmışdır. Prezident İlham Əliyevin prezidentliyi dövründə məhz bu postulat əsas götürülmüş, iqtisadiyyat həyata keçirilən çoxşaxəli islahatların əsas ağırlıq mərkəzini, nüvəsini təşkil etmişdir. Başqa sözlə, praqmatik liderlik keyfiyyətlərinə malik möhtərəm İlham Əliyev keyfiyyətcə yeni mərhələdə Azərbaycanın müasir dövlətə çevrilməsini və tam müstəqil siyasət yürütməsini milli ideyanın başlıca hədəfi kimi müəyyənləşdirmişdir. İqtisadi məsələlərə xüsusi diqqətin ayrılması da əsaslı yanaşma olaraq dövlət müstəqilliyinin iqtisadi bazisini möhkəmlətmək, cəmiyyətin davamlı inkişafı üçün zəmin hazırlamaq məqsədindən irəli gəlmişdir.

Hər bir ölkənin davamlı inkişaf və tərəqqisi yüksək idarəçilik keyfiyyətlərinə malik rəhbərlə, eyni zamanda qarşıda duran vəzifələrin məsuliyyətini dərk edən və səylə çalışan hökumətin səmərəli fəaliyyəti sayəsində mümkün olur. Dəqiq sosial-iqtisadi strategiya əsasında qarşıda duran hədəfləri düzgün müəyyənləşdirən liderlər həm də ümumilikdə cəmiyyəti inkişafa yönəltmək məqsədlərini gerçəkləşdirməyə nail olurlar. Bu mənada, dövlət başçısı İlham Əliyevin 10 illik prezidentliyinin ən uğurlu göstəricisi Azərbaycanın iqtisadi sahədə keçid dövrünü uğurla başa vurmasıdır. Azərbaycan bu prosesdə hansısa dövlətin təcrübəsini heç də olduğu kimi tətbiq etməmiş, milli xüsusiyyətləri, siyasi və iqtisadi özəllikləri, sosial-demoqrafik amilləri nəzərə almışdır.

Şübhəsiz, planlı  iqtisadiyyatın fəsadlarını aradan qaldıran yeni bazar münasibətlərinin formalaşdırılması kifayət qədər ağrılı və çətin prosesdir. Yeni iqtisadi sistem heç də mütərəqqi ruhlu qanunların qəbulu hesabına formalaşmır, bunun əsas şərtlərindən biri də azad rəqabət mühitinin formalaşmasını təmin edən dərin institusional dəyişikliklər və mülkiyyət münasibətlərinin tamamilə yeni xarakter almasıdır. Bu şəraitdə formalaşan yeni iqtisadi sistemdə sosial-iqtisadi statusundan asılı olmayaraq hər bir insanın əmək və innovasiya potensialından səmərəli istifadəyə imkan verən sosial müdafiənin yüksək təminatı da xüsusi çəkiyə malik olur.

Azərbaycanda keçid dövrünün başa çatmasını xarakterizə edən əsas cəhətlər bazar iqtisadiyyatı üçün müvafiq qanunvericilik bazasının yaradılmasında, sahibkarlıq institutunun formalaşmasında, mülkiyyətin çoxnövlülüyünün təmin olunmasında, özəlləşdirmə prosesinin başa çatdırılmasında, bazar və maliyyə institutlarının formalaşdırılmasında, daxili və xarici iqtisadi fəaliyyətin liberallaşdırılmasında, qiymətlərin bazar tərəfindən müəyyənləşdirilməsində, ümumilikdə dövlətin iqtisadiyyata müdaxiləsinin minimuma endirilməsində, institusional islahatların həyata keçirilməsində və bu qəbildən olan digər məsələlərdə özünü göstərir.

Ümumilikdə 2003-2013-cü illərdə qəbul etdiyi fundamental qərarlar, imzaladığı sərəncamlar möhtərəm Prezident İlham Əliyevin daim xalqın mənafeyindən çıxış etdiyini, habelə verdiyi vədlərin sırf əməli fəaliyyətə, praqmatizmə söykəndiyini, reallığa adekvat olduğunu deməyə ciddi əsaslar verir. Bu mərhələnin statistikası keçilən yolun möhtəşəmliyini, Azərbaycanın müasir dövlətə çevrilməsinə xidmət edən siyasətin səmərəliliyini bir daha təsdiqləyir: 2003-2012-ci illərdə ümumi daxili məhsulun orta illik artımı 13 faiz, qeyri-neft sektorunda 10,6 faiz təşkil etmişdir. ÜDM 3 dəfə, onun adambaşına düşən həcmi 2,7 dəfə, qeyri-neft sektoru 2,3 dəfə artmışdır.

Dövlət büdcəsi 19 dəfə, strateji valyuta ehtiyatları 29 dəfə, iqtisadiyyatın kreditləşməsi 24,5 dəfə artmışdır. Əhalinin gəlirləri, orta aylıq əməkhaqları və pensiyaların orta məbləği müvafiq olaraq 6,9, 6,3 və 6,4 dəfə yüksəlmişdir. Bu müddətdə bir milyondan artıq yeni iş yeri açılmış, yoxsulluq səviyyəsi 44,7 faizdən 5,6 faizə, işsizliyin səviyyəsi 28 faizdən 5,2 faizə enmişdir. Əldə olunmuş dinamik iqtisadi artımın nəticəsidir ki, Azərbaycanın "yuxarı orta gəlirli" ölkələr sırasında mövqeyi daha da möhkəmlənmişdir.

Son illərin ən mühüm göstəricilərindən biri də Azərbaycanın dünyada ən az borcu olan ölkələr sırasında qərarlaşmasıdır. Müqayisə üçün bildirək ki, beynəlxalq maliyyə qurumlarının hesabatları göstərir ki, nəinki inkişaf etməkdə olan, hətta inkişaf etmiş bir çox dövlətlərin də xarici borcu idarəolunmaz həddə çatmışdır. İlin əvvəlində nüfuzlu "Bloomberg" agentliyində dərc olunan materialda qeyd olunurdu ki, Gürcüstanın xarici dövlət borcunun ümumi daxili məhsula nisbəti 77,7, Ermənistanda 60, İspaniyada 68,5, Yunanıstanda 160, İtaliyada 120, ABŞ-da 100 faiz həddindədir. Azərbaycanın strateji valyuta ehtiyatları isə 2013-cü ilin birinci yarısında da artaraq 48 milyard ABŞ dollarına çatmışdır. Ölkə üzrə xarici dövlət borcunun ÜDM-ə nisbətinin aşağı səviyyədə saxlanılması və 6 ayın nəticələrinə görə ölkəmizin məcmu valyuta ehtiyatları məbləğindən 9 dəfəyədək az olması mili iqtisadi inkişaf modelinin səmərəliliyini bir daha təsdiqləyir. Mərkəzi Bank hesab edir ki, strateji valyuta ehtiyatları respublikanın 3 illik əmtəə və xidmət idxalının maliyyələşməsinə kifayət edir. Respublikanın ÜDM-in təxminən 80 faizi həcmində strateji valyuta ehtiyatlarına malik olması ölkədə makroiqtisadi vəziyyətin sabitliyini şərtləndirən əsas amillərdən sayılır.

Azərbaycanın strateji valyuta ehtiyatlarının böyük bir qisminin hələ 1999-cu ildə yaradılmış Dövlət Neft Fondunda saxlanılaraq idarə olunması da ölkədə makroiqtisadi tarazlığı qorumaq məqsədinə xidmət edir. Fond neft sazişlərinin həyata keçirilməsi ilə bağlı əldə edilən gəlirlərin toplanması və səmərəli idarə edilməsi mexanizmidir. Belə bir qurumun yaradılması dövlətin neft-qaz ehtiyatlarının işlənməsindən əldə edilən gəlirlərin istifadəsində israfçılığa səbəb ola biləcək halların qarşısının alınması, eləcə də şəffaflığın tam təmin edilməsi istəyi ilə əlaqədardır. 2013-cü il iyulun 1-nə fondun aktivləri 2013-cü ilin əvvəlinə (34129,4 milyon ABŞ dolları) nisbətən 1,6 faiz artaraq 34678,4 milyon ABŞ dollarına bərabər olmuşdur. Dövlət Neft Fonduna toplanan vəsaitlərin müəyyən hissəsi ölkə üçün müstəsna əhəmiyyət kəsb edən sosial-iqtisadi layihələrin gerçəkləşdirilməsində istifadə olunur. Fond müntəzəm olaraq ictimaiyyət qarşısında hesabatla çıxış edir, onun fəaliyyəti yerli və xarici auditorlar tərəfindən yoxlanılır.

Ölkənin strateji valyuta ehtiyatlarının müəyyən bir qismi isə bütövlükdə bank sektorunda dövlət tənzimlənməsini həyata keçirən Azərbaycan Mərkəzi Bankı tərəfindən idarə olunur. Bankın sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi 2013-cü ilin birinci yarısında  1025,6 milyon ABŞ dolları (8,8 faiz) artaraq 12720,4 milyon ABŞ dolları təşkil etmişdir. AMB-nin valyuta ehtiyatlarının dinamik artımı bank sektorunda sabitliyin təmini baxımından da mühüm əhəmiyyətə malikdir.

Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi yekunlarına və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş iclası bir daha göstərmişdir ki, hökumətin iqtisadi siyasətində regional inkişaf tədbirlərinin prioritetə çevrilməsi əsaslı yanaşma olaraq tərəqqi prosesində davamlılığı təmin etmək məqsədindən irəli gəlir.

Hesabat dövründə tarazlı və davamlı regional inkişafa, qeyri-neft sektorunun yüksəlişinə, infrastrukturun müasirləşdirilməsinə, sahibkarlıq mühitinin liberallaşdırılmasına, yoxsulluğun səviyyəsinin aşağı salınmasına, güclü insan kapitalının formalaşdırılmasına xidmət edən tədbirlər hökumətin diqqət mərkəzində olmuşdur.

Hesabat dövrünün sosial-iqtisadi göstəricilərindən söz açan Prezident İlham Əliyev ümumi daxili məhsulun 5 faiz, iqtisadiyyatın qeyri-neft sektorunda isə 10,9 faiz artımını diqqətə çatdırmaqla, bunu son illərin ən yaxşı göstəricisi kimi dəyərləndirmişdir: "Qeyri-neft sektorunun artması, əlbəttə ki, bizi çox sevindirir, eyni zamanda, ölkə iqtisadiyyatında gedən dinamik inkişafın təzahürüdür. Ölkə iqtisadiyyatı çoxşaxəli şəkildə inkişaf edir və hesab edirəm ki, növbəti illərdə bu inkişaf özünü daha da qabarıq şəkildə göstərəcəkdir. Çünki bu gün icra edilən və icrasını gözləyən layihələr növbəti illərdə güclü qeyri-neft sektorumuzun yaranmasına gətirib çıxaracaqdır. Əlbəttə ki, 11 faiz səviyyəsində artan qeyri-neft iqtisadiyyatımız bütün işlərə çox gözəl təkan verir. Əlbəttə ki, iqtisadiyyatımızın əsas sahəsi neft sektorudur. Ancaq son müddət ərzində ümumi daxili məhsulun əsas hissəsi qeyri-neft sektorunda formalaşır ki, bu da aparılan islahatların məntiqi nəticəsidir".

Xatırlatmaq zəruridir ki, 2008-2010-cu illərdə əksər dünya ölkələrini iflic duruma salan qlobal maliyyə-iqtisadi böhranın Azərbaycana təsirlərinin qabarıq hiss olunmaması, eyni zamanda iqtisadi inkişaf prosesində pozitiv meyillərin qorunub saxlanılması "İnkişafın Azərbaycan modeli"nin dayanıqlığını bir daha təsdiqləyir. Qlobal maliyyə-iqtisadi böhranın respublikamıza mənfi təsirlərinin qabarıq hiss olunmaması, eyni zamanda iqtisadi inkişaf prosesində pozitiv meyillərin qorunub saxlanılması ilk növbədə Prezident İlham Əliyevin müəyyənləşdirdiyi düzgün antiböhran siyasətinin nəticəsidir. Dövlət başçısı hələ Nazirlər Kabinetinin 2008-ci ilin yekunlarına həsr olunmuş iclasında bildirmişdi ki, Azərbaycan mənfi təsirlərdən qorunmaq üçün fəal antiböhran tədbirləri həyata keçirməli, maliyyə intizamı gücləndirilməli, lüzumsuz xərclərə yol verilməməli, uzaq gələcəyə hesablanmış layihələrin icrası təxirə salınmalı, bazarın sabitləşməsi üçün bir sıra səmərəli tədbirlər həyata keçirilməli, habelə sahibkarlığın inkişafına diqqət yüksəldilməlidir.

Ümumilikdə 2008-2010-cu illərdə maliyyə-bank sektorunun dəstəklənməsi  də daxil olmaqla, ciddi maliyyə monitorinqinin həyata keçirilməsi, kreditlərə və faiz dərəcələrinə, habelə inflyasiyaya nəzarətin gücləndirilməsi, real iqtisadiyyata daimi sərmayə yatırımlarının təmin edilməsi, sosial öhdəliklərin vaxtlı-vaxtında yerinə yetirilməsi, sənaye müəssisələrinin fəaliyyət istiqamətinin daxili bazara yönəldilməsi, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi qlobal böhrana qarşı effektiv tədbirlər sisteminin yalnız müəyyən qismidir. Bu müddətdə həmçinin fiksal və monetar siyasətin səmərəliliyi hökumət qarşısında duran vəzifələri həyata keçirməyə, iqtisadiyyatın inkişafı üçün zəruri maliyyə əsaslarının formalaşdırılmasına əlverişli imkanlar yaratmışdır. Ötən illərin antiböhran paketinə potensial gəlirlərin vergiyə cəlb olunması, xərclərin daha şəffaf idarəsi, büdcədən maliyyələşən müəssisə və təşkilatlar üzrə maliyyə əməliyyatlarının beynəlxalq standartlara cavab verən mühasibat uçotu qaydalarına uyğunlaşdırılması, kommunal, istehlak, enerji, yanacaq, qaz, su sərfiyyatının qənaətlə aparılması, kommunal sektorda fəaliyyət göstərən təşkilatlar tərəfindən alınan materialların dəyərinin vaxtında və tam ödənilməsi kimi vacib məsələlər də xüsusi qeyd olunmalıdır.

 

Böhran dövründə hökumətin əsas məqsədi mənfi xarici təsirlərin neytrallaşdırılması yolu ilə - mövcud inkişaf xəttinin davam etdirilməsi əsasında böhrana girməmək olmuşdur. Bir tərəfdən uğurla gerçəkləşdirilən antiböhran tədbirləri, digər tərəfdənsə əvvəlki illərdən yaradılmış möhkəm maliyyə-iqtisadi potensial hesabına ölkə iqtisadiyyatının dayanıqlığı qorunub saxlanılmış, onun mənfi xarici təsirlərə müqavimət qabiliyyəti sınaqdan uğurla çıxmışdır.

Beynəlxalq Valyuta Fondunun məlumatına əsasən, 2009-cu ildə dünya iqtisadiyyatı 1,1 faiz, habelə beynəlxalq ticarət dövriyyəsi 11 faizdən çox azalmışdır. Böhranın dalğası Azərbaycanın yerləşdiyi bölgədəki ölkələri də sarsıdaraq onlarda iqtisadi vəziyyətin pisləşməsinə, ümumi daxili məhsulun həcminin azalmasına gətirib çıxarmışdır. MDB-nin üzvü olan əksər dövlətlərdə bu azalma 6 faizdən çox, Ermənistan kimi perspektivsiz ölkədə isə hətta 20 faiz olmuşdur. Dollarla müqayisədə Qazaxıstanda milli valyuta olan tenge 25, Rusiya rublu 55, Ukrayna qrivnası 75, Belarus rublu 30,9, Estoniya kronu 24, Gürcüstan larisi 18, Ermənistan dramı 35 faiz ucuzlaşmışdır. Ümumiyyətlə, böhranın təsirləri altında milli valyutaların devalvasiyaya uğraması prosesi 2009-cu ilin ilk rübündən özünü qabarıq şəkildə büruzə verməyə başlamış, bir çox dövlətlərin valyutalarının məzənnəsini sabit saxlamaq cəhdləri iflasa uğramışdır. Qonşu dövlətlərdəki neqativ proseslərin psixoloji təsirinə rəğmən, qlobal iqtisadi böhranın təsirini minimum həddə endirən Azərbaycanın milli valyutası - manatı cəmi 5,5 faiz ucuzlaşaraq 2009-cu ildə postsovet məkanında ən dayanıqlı valyuta olmuşdur.

2008-2010-cu illərdə əsas səylər ölkədə maliyyə sabitliyinin qorunmasına yönəlmiş, iqtisadiyyatı geri salan, əhalinin sosial vəziyyətini pisləşdirən devalvasiya, defolt və inflyasiya kimi destruktiv iqtisadi meyillərə yol verilməmişdir. Bütün dünyada böhranın əsasən banklardan başladığı, nəticədə işgüzar maddi fəallığın azalması, istehlak, biznes kreditləşməsində ciddi problemlərin yaranması, istehlak tələbinin enməsi və digər amillər nəzərə alınmaqla, iqtisadiyyatın lokomotivi sayılan bu sektora dəstək gücləndirilmişdir.

2009-cu ilin əvvəllərindən maliyyə böhranının ilk simptomlarını nəzərə alan Mərkəzi Bank respublika banklarının xarici borclanmasının idarəedilən təhlükəsiz səviyyədə saxlanılması üzrə konkret addımlar atmış və səmərəli nəticələr əldə etmişdir. Manatın sabitliyini qorumaq üçün valyuta bazarında tələb və təklif vaxtında tarazlaşdırılmış, nəticədə manatın məzənnəsinin kəskin ucuzlaşmasının qarşısı alınmışdır. Həyata keçirilən preventiv tədbirlər nəticəsində respublika bankları likvidlik problemi ilə bağlı istehlak və biznes kreditlərinin verilməsi prosesini dayandırmamış, perspektivli biznes layihələri maliyyələşdirilmişdir. Respublika banklarının səhmlərinin dünya birjalarında dövriyyədə olmaması, dünyanın müflisləşən iri maliyyə qurumlarının səhmlərinə Azərbaycan banklarının portfel investisiyalarının yerləşdirilməməsi bu sektorun böhrandan ziyan çəkməsinin qarşısını almışdır.

Kredit üzrə uçot dərəcələrinin aşağı salınması pul-kredit siyasətinin yumşaldılmasına istiqamətlənmiş addım olaraq maliyyə böhranının respublikanın bank sektoruna ciddi təsir göstərməsinin qarşısını almışdır. Mərkəzi Bank kommersiya bankları üçün maliyyə vəsaitlərinin ucuzlaşdırılması, habelə ehtiyatların azaldılması siyasətini irəli sürərək likvidlik probleminin aradan qaldırılmasına nail olmuşdur. 2008-ci ilin oktyabrından Mərkəzi Bankın uçot dərəcəsini 15 faizdən 2 faizə, məcburi ehtiyat normalarını isə 12 faizdən 0,5 faizə endirməsi nəticəsində bank sektoruna 1,8 milyard manat həcmində likvidlik dəstəyi vermişdir. Real sektora dəstək olaraq 2009-cu ildən bank və sığorta təşkilatlarının mənfəətlərinin kapitala yönəldilən hissəsi də vergidən azad edilmişdir.

Azərbaycanın qlobal iqtisadi-maliyyə böhranının təsirindən minimum itki ilə çıxan ölkələrdən olması həm də dövlət başçısı

İlham Əliyevin müstəqil iqtisadi siyasət yeritməsi ilə şərtlənir. Respublikamızın maliyyə təhlükəsizliyinin təmini baxımından beynəlxalq fond birjalarında, qiymətli kağızlar bazarında fəal iştiraka haqlı olaraq ehtiyatlı yanaşması maliyyə böhranının respublikamıza təsirini zəiflədən əsas amillərdən olmuşdur. Azərbaycanın qlobal böhrana qarşı əzmkar müqaviməti həm də onunla şərtlənmişdir ki, respublikamız bir sıra cəhətlərinə görə başqalarına nəinki bənzəmir, həm də müəyyən üstünlükləri ilə seçilir. Bu modelin üstün tərəflərindən biri də sərbəst inkişaf etmək iqtidarında olmasıdır. Respublikada daxili investisiyalar xarici sərmayə qoyuluşlarını üstələyir, qlobal layihələr dövlət büdcəsi hesabına reallaşdırılır. Zəngin təbii sərvətlərə malik olması Azərbaycan iqtisadiyyatının sərbəst inkişaf etmək imkanlarını təmin edir. Bu cəhətdən respublikamız hətta Avropa İttifaqı və Asiyanın yeni sənaye dövlətlərinə, habelə dünyanın bir sıra başqa inkişaf etmiş ölkələrinə nisbətən daha dayanıqlı iqtisadi sistemə malikdir. Məsələ ondadır ki, hazırda dünyanın bir sıra nüfuzlu ölkələrinin iqtisadiyyatı möhkəm təməli olmayan dayaqlar üzərində qurulmuşdur. Həmin ölkələrin istehsal sahələri əsasən başqa yerlərdən gətirilən enerji-xammal əsasında inkişaf edir. Ölkələr arasında münasibətlərin hər hansı bir səbəbdən pozulması isə onların iqtisadiyyatını iflic vəziyyətinə salır. Qlobal iqtisadi böhranın əksər dünya ölkələrini çətin vəziyyətə salması da, əslində, bu bağlılığın nəticəsi idi. Azərbaycanda istehsal edilən məhsullar əsasən daxili istehlak tələbini ödəməyə xidmət edir. Bu da kəskin dünya maliyyə böhranı fəsadlarının mənfi nəticələrinin Azərbaycan iqtisadiyyatına təsirini minimuma endirir.

İnkişafın yeni mərhələsinin əsas hədəfi milli iqtisadiyyatın rəqabətqabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olmaqla, uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Azərbaycan Prezidenti İlham Əliyevin ötən illərdə imzaladığı fərmanlarda, təsdiq etdiyi regional inkişaf  proqramlarında bu hədəflərin reallaşdırılması üçün yerinə yetirilməsi zəruri olan vəzifələr dəqiqliklə müəyyənləşdirilmişdir. Bunlara ölkənin malik olduğu iqtisadi potensialın gücləndirilməsi və bu potensialın kompleks şəkildə səmərəli reallaşdırılması; qeyri-neft sektorunun inkişaf etdirilməsi (neftdən asılı olmayan güclü Azərbaycan iqtisadiyyatının formalaşdırılması); hər bir regionun malik olduğu potensialdan tam və səmərəli istifadə olunması, onların inkişafının tarazlaşdırılması; çoxlu sayda yeni iş yerlərinin açılmasına şərait yaradılması; sahibkarlığın inkişaf etdirilməsi; sosial xidmətlərin həcminin, keyfiyyətinin və ünvanlılığının əhəmiyyətli dərəcədə artırılması; yoxsulluğun azaldılması və s. mühüm vəzifələri aid etmək olar.

Dövlət başçısı İlham Əliyevin hələ Nazirlər Kabinetinin 2011-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında bəyan etdiyi kimi, məqsəd 2020-ci ilədək Azərbaycanda ümumi daxili məhsulun ən azı 2 dəfəyədək artımına nail olmaq, respublikanı inkişaf etmiş ölkələr sırasında görməkdir. Möhtərəm Prezident bu məqsədlərin uğurla gerçəkləşdirilməsi üçün son illərdə kompleks tədbirlər həyata keçirir. Cənab İlham Əliyevin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiqlənmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında göstərildiyi kimi, hazırda Azərbaycanın yeni inkişaf mərhələsinin əsas hədəfi innovasiyayönümlü iqtisadiyyatın formalaşdırılması, sosial sahədə önləyici inkişaf trendinin təmini, əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması, habelə elmin, mədəniyyətin inkişafında, ictimai həyatın bütün istiqamətlərində yeni nailiyyətlərin əldə olunmasıdır. 2020-ci ilədək olan dövrü əhatə edən konsepsiyanın hazırlanması prosesində Azərbaycanın müvafiq dövlət orqanları, elmi təşkilatları və yüksəkixtisaslı mütəxəssislər iştirak etmişlər.

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası inkişafın yeni paradiqmalarının müəyyənləşdirilməsi ilə yanaşı, gələcək barədə reallığa maksimum adekvat proqnozların irəli sürülməsi ilə təqdirəlayiqdir. Ümumilikdə konsepsiya iki əsas istiqamətdə - siyasi və iqtisadi sahədə 2020-ci ilədək həyata keçiriləcək tədbirlərin bəri başdan dolğun şəkildə müəyyənləşdirilməsi məqsədindən irəli gəlmişdir. Konsepsiyanın iqtisadi istiqamətlərində ilk növbədə qeyri-neft sektorunun genişləndirilməsi hesabına davamlı iqtisadi inkişafa nail olunması; iqtisadiyyatın inkişaf istiqamətlərinin şaxələndirilməsinin genişlənməsi; ölkənin ümumi daxili məhsulunun tərkibində, dövlət büdcəsinin formalaşmasında təbii ehtiyatlar amilinin azaldılması və qeyri-neft amilinin üstünlüyünün təmin edilməsi; iqtisadiyyatda innovasiyaların tətbiqinin təmini üçün güclü motivasiya mexanizmlərinin yaradılması və inkişaf etdirilməsi; mövcud resurslardan və coğrafi mövqedən istifadə olunmaqla Azərbaycanın bütün bölgələrinin sosial-iqtisadi inkişafının müasir tələblər səviyyəsində təmini; iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi, milli məhsulların dünya bazarlarında layiqli yer almasına nail olunması tədbirləri nəzərdə tutulur.

2020-ci ilədək adambaşına düşən ÜDM-in 13.000 dollara çatdırılması, başqa sözlə, iki dəfəyədək artımı, həmin artımın da əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin edilməsi nəzərdə tutulur. Bu məqsədin reallaşdırılması, habelə regional inkişaf tədbirlərinin davamı olaraq 2014-2018-ci illəri əhatə edən yeni dövlət proqramı hazırlanır. Sənəddə əsasən kənd təsərrüfatının, o cümlədən qeyri-neft-qaz sektorunun inkişafının stimullaşdırılması ilə bağlı çoxsaylı tədbirlər nəzərdə tutulur. Bundan başqa, ümumi daxili məhsulun 2 dəfəyədək artımına nail olmaq məqsədilə turizmin və informasiya-kommunikasiya texnologiyalarının, o cümlədən sənayenin innovasiyayönümlü sahələrinin inkişafının diqqət mərkəzində olacağı gözlənilir.

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında qeyd olunduğu kimi, qarşıdakı illərdə başlıca hədəflərdən biri də məhz yeni informasiyalı cəmiyyətin qurulması üçün informasiya-kommunikasiya texnologiyalarının (İKT) tətbiqinin genişləndirilməsi olmalıdır. Konsepsiyada qarşıdakı 10 ildə İKT və rabitə xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi, informasiya-kommunikasiya texnologiyalarının inkişaf etdirilməsi istiqamətində etibarlı təhlükəsizlik sisteminin yaradılması, milli standartların formalaşdırılması, ölkə üzrə tam rəqəmsal yayımın tətbiq olunması və analoq yayımın dayandırılması, eləcə də "e-dövlət" xidmətlərinin 100 faiz tətbiqi nəzərdə tutulur.

BMT-nin bir müddət əvvəl açıqladığı "E-idarəçilik 2012" adlı hesabatında dövlət xidmətlərinin göstərilməsində İKT-dən istifadə üzrə dövlət orqanlarının hazırlığı və mövcud imkanları qiymətləndirilmişdir. Respublikamız MDB-də Rusiya və Ukraynadan sonra "e-idarəçilik" imkanlarına görə ən yaxşı mövqeyə malik ölkə kimi dəyərləndirilmişdir. Dünya İqtisadi Forumunun "The Global Information Technology Report 2013" hesabatında (Qlobal İnformasiya Texnologiyaları hesabatı 2013) Azərbaycan "Şəbəkələşmə hazırlığı indeksi"nə görə əvvəlki mövqeyindən 5 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 56-cı yerə yüksəlmişdir. Hesabata əsasən, Azərbaycan internet istifadəçilərinin sayı göstəricisinə görə MDB və orta Asiya ölkələri arasında liderdir və eləcə də 144 ölkə arasında "İKT-yə dəstəkdə hökumətin uğurları" indeksi üzrə 8-ci, "Hökumətin gələcək baxışlarında İKT-nin əhəmiyyətliliyi" indeksi üzrə 9-cu, internetin əlçatanlığı göstəricisinə görə isə 20-ci yerdə qərarlaşmışdır. Forumun "The Global Competitiveness Report 2012-2013" (Qlobal Rəqabətlilik hesabatı 2012-2013) hesabatında "Qlobal rəqabətqabiliyyətlilik indeksi" üzrə Azərbaycan əvvəlki mövqeyindən 9 pillə irəliləyərək dünyanın 144 ölkəsi arasında 46-cı yeri tutmuş və MDB məkanında öz liderliyini qoruyub saxlaya bilmişdir. Həmçinin Beynəlxalq Telekommunikasiya İttifaqının "Measuring the Information Society - 2012" (İnformasiya Cəmiyyətinin Ölçülməsi-2012)  hesabatında "İKT inkişaf indeksi" üzrə Azərbaycan 155 ölkə arasında 68-ci yeri tutmuş və 2008-ci illə müqayisədə öz mövqeyini 15 pillə möhkəmləndirmişdir. Hesabatda Azərbaycan 10 "Ən dinamik inkişaf edən ölkələr" qrupunda yer almışdır.

Ölkəmizdə son 10 il ərzində cənab İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu iqtisadi siyasət və qeyri-neft sektorunun hərtərəfli inkişafına yönəlik qəbul edilmiş dövlət proqramları, həyata keçirilən islahat tədbirləri, yaxından dövlət dəstəyi və qayğısı qeyri-neft sektorunun aparıcı sahəsi olan İKT sektorunun da iqtisadiyyatın inkişafına öz töhfəsini verməsini təmin etmişdir. Belə ki, bu illər ərzində sektorun həcmi təqribən 6 dəfədən çox artaraq, təxminən 2.0 milyard dolları ötmüş,orta illik artım tempi 20-25% təşkil etmiş, orta aylıq əməkhaqqı  5 dəfə artmış, sektora təqribən 3,0 milyard dollar investisiya yatırılmışdır. Ölkəmiz bu illərdə MDB regionunda bir çox sahələrdə birinciliklərə imza atmışdır. MDB regionunda ilk dəfə olaraq 2008-ci ildə bütün ölkə ərazisi tam telefonlaşdırılmış, 2010-cu ildə ölkədə telefon şəbəkəsi tam elektronlaşdırılmış, ölkə ərazisində vahid nömrələmə sisteminin və yeni zona kodlarının  tətbiqinə başlanılmış və Cənubi Qafqaz və Orta Asiya regionunda ilk dəfə olaraq 2004-cü ildə Azərbaycanda rəqəmli televiziya yayımının sınağı uğurla keçirilmişdir. Hazırda ölkə əhalisinin 96%-nin yaşadığı ərazilərdə rəqəmli televiziyanın yayım imkanlığı yaradılmışdır. 2010-cu ildən ölkə əhalisinin 100% mobil rabitə ilə əhatə olunması ilə Azərbaycan MDB-də ilk, dünyada isə ilk 20 ölkə arasında olmağa nail olmuşdur. 2010-cu ildə uğurla başa çatmış "Maliyyə xidmətlərinin inkişafı" layihəsi nəticəsində ölkədə ilk dəfə olaraq poçt müəssisəsi tərəfindən bank-maliyyə xidməti göstərilməyə başlanmışdır.

Ölkənin sabit telefon şəbəkəsinin tutumu 1,7 dəfə, əsas telefon aparatlarının sayı 1,5 dəfə, mobil abunəçilərin sayı 9,6 dəfə, internet istifadəçilərinin sayı 14 dəfə artmışdır. Hazırda ölkədə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110, internet istifadəçilərinin sayı isə 70 ədəd təşkil edir ki, bu da dünya orta göstəricisindən müvafiq olaraq 15% və 1,8 dəfə yüksəkdir. İnternet istifadəçilərinin sayına görə Azərbaycan MDB regionunda liderdir. 2009-cu ildən etibarən mobil şəbəkədə 3G, 2012-ci ildən isə ən son texnologiya olan 4G şəbəkədə tətbiq edilir. Azərbaycan 4G texnologiyasını tətbiq edən Avropanın 9-cu, dünyanın isə 37-ci ölkəsi olmuşdur.

Azərbaycanın birinci telekommunikasiya peyki 2013-cü ildə uğurla orbitə çıxarılmış və ölkəmiz öz adını dünya kosmik ailəsinə şərəflə yazdırmışdır.

Son 5 ildə ölkədə elektron xidmətlərin tətbiqi geniş vüsət almış, e-hökumət və e-imza infrastrukturu yaradılmışdır. Hazırda dövlət qurumlarının əksəriyyəti "e-hökumət" portalına qoşulmuş və portal vasitəsilə 230-dək elektron xidmətin göstərilməsi təmin edilmişdir. 2008-ci ildə Azərbaycanda ilk onlayn ödəmə sistemi - "GoldenPay" yaradılaraq istifadəyə verilmiş və bu, ölkədə "elektron ticarətin təşkili istiqamətində mühüm addım olmuşdur. 2012-ci ildən fəaliyyətə başlayan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və "ASAN xidmət" mərkəzlərinin yaradılması elektron xidmətlərdən daha geniş istifadə olunması üçün əhəmiyyətli addım  olmuşdur.

Konsepsiyada həmçinin vurğulanır ki, Azərbaycanın regionda artan nüfuzu və nəhəng layihələrin təşəbbüskarı kimi liderliyini davam etdirməsi yeni nəqliyyat, infrastruktur, enerji, telekommunikasiya layihələrinin reallaşmasına zəmin yaratmaqdadır. Respublikamızın son illər informasiya texnologiyaları sayəsində yüksək inkişaf mərhələsinə qədəm qoyması regionda transinformasiya dəhlizlərinin reallaşmasında maraqlı olduğunu təsdiqləyir. Azərbaycan hazırda region ölkələrinin və beynəlxalq təşkilatların diqqətini cəlb edən nəhəng layihənin - fiberoptik informasiya dəhlizinin müəllifi kimi diqqəti cəlb etməkdədir. "Trans-Avrasiya Super İnformasiya Magistralı" (TASİM) layihəsi Xəzər dənizinin dibi ilə geniş zolaqla rabitə şəbəkəsinin yaradılmasını nəzərdə tutur. Layihə Qərblə Şərq arasında superinformasiya magistralının yaradılmasını nəzərdə tutur. Kabel magistralı İran və Fars körfəzi regionunu Şərq marşrutu vasitəsilə Hindistan və Uzaq Şərq, Qərb marşrutu vasitəsilə Avropa ilə birləşdirəcəkdir. Azərbaycanın koordinatoru olduğu layihə çərçivəsində Avropa və Asiya regionunun bir çox dövlətləri İKT-nin imkanlarından birgə faydalanacaqdır. TASİM layihəsinə 2009-cu və 2012-ci illərdə iki dəfə BMT-nin Baş Assambleyasının və Məclisinin xüsusi qərarı ilə siyasi dəstək verilmiş və layihə üzrə xüsusi alyansın yaradaılması istiqamətində işlər aparılır. BMT Baş Assambleyası tərəfindən qəbul edilən  qətnamə   ilə dəstəklənən  TASİM  layihəsinin regional koordinasiya və icra mexanizmi kimi "EurACA" adı altında qurum fəaliyyət göstərəcək. BMT tərəfindən 2010-cu ilin aprel ayında qəbul edilən A/Res/64/186 qətnaməyə əsasən Azərbaycan  Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi  Beynəlxalq  Telekommunikasiya İttifaqının sıx dəstəyi ilə TASİM layihəsinin həyata keçirilməsi üçün İcraçı Qrup yaradıb və onu maliyyələşdirməyə başlayıb. İcraçı Qrup beynəlxalq  məsləhətçilərdən ibarət olan komanda ilə birlikdə TASİM üçün ilk biznes konsepsiyası yaradıb və layihəyə maraq göstərən regional ölkələr və operatorlar ilə konsorsium yaranması üzrə danışıqlar aparıb. 2010-cu ilin sonundan bugünədək  keçirilən danışıqlarda Azərbaycan, Cin, Avropa Birliyi, Qazaxıstan,  Rusiya və Türkiyə kimi ölkələri təmsil edən əsas regional telekommunikasiya operatorları danışıqlarda iştirak edib.      

Azərbaycan, Gürcüstan və Qazaxıstanın dəstəklədiyi transmilli magistrala Türkiyənin də marağı böyükdür. Türkiyə Trans-Avropa-Asiya magistralının informasiya resurslarının perspektivlərini yüksək dəyərləndirir və layihənin başa çatdırılması üçün konsorsium yaradılmasını təklif edir. Digər bir qlobal layihə Avropa-Yaxın Şərq informasiya magistralı layihəsidir (EPEG).

EPEG layihəsi Almaniyadan Omana qədər  çox böyüktutumlu rabitə kanallarının Asiya ölkələrinə çatdırılmasının təmin edilməsini nəzərdə tutur. Bu marşrut Avropadan Asiyaya olan dənizaltı rabitə kanallarından ən qısasıdır.  Azərbaycan bu layihədə tranzit ölkə kimi həm əsas, həm də ehtiyat marşrut olaraq seçilmişdir. Azərbaycanı bu konsorsiumda "Delta Telekom" şirkəti təmsil edir. Layihə üzrə Azərbaycanda əsas və ehtiyat qovşaqlarının quraşdırılması tamamlanmış, test işləri uğurla başa çatdırılmış və konsorsium tərəfindən qəbul olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 5 noyabr 2012-ci il tarixli fərmanı ilə yaradılmış Yüksək Texnologiyalar Parkı isə informasiya və kommunikasiya texnologiyaları, telekommunikasiya və kosmos, enerji səmərəliliyi sahələrində tədqiqatların aparılması, yeni və yüksək texnologiyaların hazırlanması baxımından mühüm əhəmiyyətə malikdir. 2012-ci ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu yaradılmışdır ki, bunda da əsas məqsəd ölkədə İKT sahəsində sahibkarlığın inkişafı və maliyyə dəstəyi ilə təmin edilməsi, yerli və xarici investisiyaların cəlb edilməsi, yeni texnologiyaların yerli iqtisadiyyata inteqrasiyası, elmi-tədqiqat işlərinin və eyni zamanda innovasiyaların tətbiqinin genişləndirilməsi üzrə layihələri dəstəkləməkdən ibarətdir.

Sənayeləşmə siyasətinin davamı olaraq hökumət cari ildən əlverişli vergi güzəştlərinin tətbiqinə başlamış, işə cəlb olunan şirkətləri 7 il müddətinə əsas vergilərdən azad etmişdir.

2013-cü ilin may ayında Bakıda dünyanın nüfuzlu şirkətlərinin, elm xadimlərinin, ekspertlərinin iştirakı ilə təşkil olunmuş "Azərbaycanın gələcəyi üçün növbəti böyük addımlar: Azərbaycanın neftsonrası iqtisadiyyatı" mövzusunda Bakı Gələcək Forumu respublikamızın rabitə və informasiya sahəsində ciddi potensiala malik olduğunu bir daha təsdiqləmişdir. "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında nəzərdə tutulmuş tədbirlər çərçivəsində keçirilmiş forumda İKT-nin dünyada müasir inkişaf tendensiyaları, davamlı tərəqqi prosesindəki rolu və digər aktual məsələlər ətrafında səmərəli müzakirələr aparılmışdır.

Forumun yekunları bir daha göstərir ki, XXI əsrdə informasiya və kommunikasiya texnologiyalarının inkişafı Azərbaycanın sosial-iqtisadi inkişafında ən prioritet sahələrdən biridir. Prezident İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, ölkəmizin Cənubi Qafqaz bölgəsində bu sahədə liderlik etməsi kifayət qədər real zəminə əsaslanır. Azərbaycan neftdən əldə olunan gəlirləri qeyri-neft sektoruna, o cümlədən nanotexnologiyaların, informasiya-kommunikasiya infrastrukturunun inkişafına yönəltməyi qarşıda ciddi hədəflərdən biri kimi müəyyənləşdirmişdir.

İKT-nin inkişafı təkcə sosial-iqtisadi tərəqqinin sürətləndirilməsinə töhfələr vermir, eyni zamanda demokratikləşmə, insan hüquqlarının qorunması, vətəndaşların sosial müdafiəsi, sürətlə qloballaşan dünyaya inteqrasiya kimi digər mühüm sferaları əhatə edir. Zəngin enerji resurslarına, bir neçə onilliyə kifayət edəcək karbohidrogen yataqlarına malik olmasına rəğmən, Azərbaycanın ən yeni tarixi informasiya-kommunikasiya texnologiyalarının inkişaf göstəriciləri ilə əlamətdardır. Qeyd edilən sahə üzrə artım dinamikası aydın göstərir ki, ölkəmizin yaxın bir neçə il ərzində informasiya-kommunikasiya texnologiyalarının tətbiqindən əldə etdiyi gəlirlərin miqyası neftdən qazanılan mənfəətə bərabər olacaqdır.

Respublikamız neft ehtiyatlarına görə dünyada 19-cu, istehsalına görə isə 29-cu ölkə olsa da, hazırda həyata keçirilən siyasətin məqsədi neft-qaz istehsalı ilə paralel qeyri-neft sektorunun sonrakı inkişafının təməlini yaratmaqdır. Qarşıdakı illərdə əsas hədəf qeyri-neft sektorunu iki dəfə, İKT sektorunu dördqat böyütməkdir. Hökumət hesab edir ki, 2020-ci ilədək ümumi daxili məhsulun artımını təmin edəcək ən prioritet sahə məhz informasiya-kommunikasiya texnologiyaları sektoru olacaqdır. Hazırda Azərbaycanın İKT-dən illik gəliri təxminən 2 milyard manat təşkil edir və 2020-ci ildə bu məbləğin 8 milyard manata qaldırılması planlaşdırılır. Əsas məqsəd neftlə paralel qeyri-neft sektorunun inkişafının təməlini qoymaq,  ölkə iqtisadiyyatını irəliyə aparmaqdır. Bununla yanaşı, yaxın 8-10 ildə nanotexnologiyaların inkişafı da respublikamız üçün mühüm məqsədlərdən biri olaraq qalacaqdır.

Hazırda bu məqsədlərin reallaşdırılması baxımından əsas vəzifə Azərbaycanda yeni dövrün tələblərinə cavab verən müasir informasiya infrastrukturunun, habelə informasiya və kommunikasiya məhsulları sektorunun yaradılmasıdır. Ölkə başçısının 2012-ci il 15 mart tarixli "Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun yaradılması haqqında" sərəncamı informasiya-kommunikasiya texnologiyaları sektorunda fəaliyyətin stimullaşdırılmasına, bu sahədə innovasiyaların tətbiqinin, habelə tətbiqi elmi-tədqiqat işlərinin genişləndirilməsinə xidmət edir. İnformasiya texnologiyaları sahəsində istehsalyönümlü fəaliyyətin dəstəklənməsi, bu sahəyə yerli və xarici investisiyaların cəlb olunması üzrə işlərə təkan verilməsi məqsədilə yaradılmış fond İKT sahəsində azad rəqabət mühitinin gücləndirilməsi, əmək resurslarının, habelə texnoloji parkların və insan resurslarının inkişafı istiqamətindəki layihələri maliyyələşdirir.

Dövlət başçısı İlham Əliyevin 29 dekabr 2012-ci il tarixli fərmanı ilə təsdiqlənmiş "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası respublikanın yaxın gələcək üçün inkişaf perspektivlərinin, habelə qarşıya qoyulmuş bu və digər məqsədlərin mükəmməl icra mexanizmlərinin dərin elmi əsaslarla müəyyənləşdirilməsi baxımından strateji əhəmiyyətə malikdir. İnanırıq ki, konsepsiyada nəzərdə tutulmuş məqsədləri uğurla gerçəkləşdirən Azərbaycan 2020-ci ilədək inkişaf etmiş ölkələr sırasında öz layiqli yerini tutacaqdır.

 

Vidadi ZEYNALOV,

 

iqtisad elmləri üzrə fəlsəfə doktoru, dosent

 

Azərbaycan. - 2013.- 22 avqust.- S. 1, 4.