Baş nazirin müavini Əli Həsənov Gəncədə məcburi köçkünlər üçün salınan qəsəbədə inşaat işlərinin gedişi ilə tanış olmuşdur

 

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli sərəncamı ilə təsdiq olunmuş "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"na edilmiş əlavələrin icrası ilə əlaqədar məcburi köçkünlərin mənzil-məişət problemlərinin həll edilməsi məqsədilə Gəncə şəhəri ərazisində ayrılmış 25 hektar sahədə salınan qəsəbədə artıq tamamlanma işləri görülür.

Qəsəbədə hər biri beşmərtəbəli olmaqla 25 ədəd yaşayış binası inşa edilmişdir. Bu binalarda 150 ədəd bir, 650 ədəd iki, 550 ədəd üç və 150 ədəd  dördotaqlı mənzillər vardır. Bundan əlavə, qəsəbədə 1200 şagird yerlik məktəb, 280 yerlik uşaq bağçası, musiqi məktəbi, 500 yerlik mədəniyyət sarayı, həkim məntəqəsi, ATS və inzibati binalar, eləcə də yanğın deposu inşa edilmişdir.

Hazırda qəsəbənin su, kanalizasiya, həmçinin qaz və işıq xətlərinin çəkilişləri sürətlə davam etdirilir. Qəsəbədaxili yolların bir qisminə asfalt salınmış və işıqlandırma sistemi yaradılmışdır.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov avqustun 21-də qəsəbəyə gəlmiş, burada yekunlaşmaq üzrə olan inşaat işlərinin vəziyyəti ilə yaxından tanış olmuşdur. Qəsəbədə ən müasir üslubda inşa edilmiş mədəniyyət sarayına və məktəb binasına baxış keçirən Baş nazirin müavini yaşayış evlərini də gəzmiş və tikinti işlərini aparan şirkətlərə bəzi tapşırıq və tövsiyələrini vermişdir.

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qəsəbədə inşaat işlərinin gedişi ilə tanış olduqdan sonra tikinti şirkətləri rəhbərlərinin iştirakı ilə geniş müşavirə keçirmişdir.

Müşavirədə tikinti şirkətləri rəhbərlərinin məlumatları dinlənilmiş, qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir.

 Müşavirəyə yekun vuran Əli Həsənov bəzi şirkətlərə iradlarını bildirmişonlara mövcud nöqsanların qısa müddətdə aradan qaldırılması, qəsəbədə tikinti işlərinin avqustun sonunadək başa çatdırılması məqsədilə ciddi tapşırıqlar vermişdir.

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 22 avqust.- S. 2.