Bakının fasiləsiz elektrik enerjisi ilə təmin olunması üçün tədbirlər görülür

 

Elektrik enerjisinin tələbatçılara daha keyfiyyətli və dayanıqlı şəkildə çatdırılması, itkilərin qarşısının alınması enerji sistemi üçün çox vacib məsələlərdəndir. Bu baxımdan ötürücü şəbəkənin yeniləşməsi, yeni yarımstansiya və yüksək gərginlikli xətlərin inşası, mövcud olanların yenidən qurulması mühüm əhəmiyyət kəsb edir.

"Azərenerji" ASC-nin mətbuat xidmətindən bildirmişlər ki, bu ilin əvvəlindən 35-500 kilovoltluq (kV) elektrik verilişi xətləri təmir olunmuşdur. Bundan əlavə, 220 kV-lik "Zabrat" yarımstansiyası, 220 kV-lik ikidövrəli "Şimal elektrik şəbəkəsi (ES)-Hövsan" və 220 kV-lik "Şimal ES-Zabrat-Sənaye Qovşağı yarımstansiyası (YS)-Sumqayıt ES" hava xətlərinin tikintisi layihəsi üzrə işlər başa çatdırılmışdır. "Şimal" Elektrik Stansiyasında gücü 409 meqavat olan 2-ci buxar-qaz qurğusu tikilib istismara verilənə kimi göstərilən hava xətləri "Sənaye Qovşağı" YS - Sumqayıt ES - "Zabrat" YS - "Hövsan" YS sxemi üzrə işdə olacaq.

Bakının dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunmasında müstəsna rol oynayacaq bu layihə üzrə tikilmiş ikidövrəli 220 kV-lik hava xətlərinin ümumi uzunluğu 95 kilometrdən artıqdır. Bu əhəmiyyətinə görə son vaxtlar həyata keçirilən ən mühüm infrastruktur layihələrdən hesab olunur.

 

Azərbaycan. - 2013.- 22 avqust.- S. 8.