Azərbaycanın BMT-dəki nümayəndəliyi E.Məmmədyarovun BMT-nin baş katibinə müraciətini Baş Məclisə və Təhlükəsizlik Şurasına təqdim etmişdir

 

Azərbaycan Respublikasının BMT-dəki nümayəndəliyi Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş  Dağlıq Qarabağ regionunda və ətraf rayonlarda Ermənistan hakimiyyət orqanlarının qanunsuz fəaliyyəti ilə bağlı Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun müraciətini BMT-nin baş katibinə çatdırmışdır.

Baş Məclisin gündəliyin 34, 39, 67, 69 və 83-cü maddələrinə   müvafiq olaraq Baş Məclisdə və Təhlükəsizlik Şurasında yayılacaq məktubda Azərbaycan xarici siyasət idarəsinin başçısı Yerevanın atəşkəs rejimindən sui-istifadə etməsi, Azərbaycanın işğal edilmiş ərazilərində demoqrafik, mədəni və fiziki xarakterli dəyişikliklər aparılması barədə beynəlxalq ictimaiyyətə  məlumat vermişdir.

Ermənistanın hakimiyyət orqanları beynəlxalq hüququn, 1949-cu il Cenevrə Konvensiyasının,  BMT Təhlükəsizlik Şurasının  müvafiq qətnamələrinin normalarını pozaraq, Baş Məclisin  rəyinə məhəl qoymayaraq,  yeni yaşayış məntəqələri inşa etməyə, aeroportu bərpa etməyə, yollar çəkməyə, yaşayış məntəqələrinin adlarını dəyişdirməyə davam edir. Müraciətdə deyilir ki, kütləvi informasiya  vasitələrinin məlumatına görə, Ermənistanın hakimiyyət orqanları  işğal edilmiş Qubadlı rayonu ərazisində 150 mənzillik  yeni bina inşa etməyi, Kəlbəcərdən Ermənistanın Vardenis rayonuna  yol çəkməyi  planlaşdırırlar. Bundan əlavə, Ermənistan Suriyadan olan erməni qaçqınları Azərbaycanın  işğal edilmiş  rayonlarında qanunsuz şəkildə məskunlaşdırmaq siyasətini davam etdirir. Dəqiq məlumatlara görə, 24 erməni ailəsi  Laçına, 7-si Zəngilana, 27-si Kəlbəcərə köçürülmüşdür. Tezliklə Azərbaycanın işğal edilmiş ərazilərinə daha 18 ailə köçürüləcəkdir.  E.Məmmədyarov vurğulamışdır ki,  Ermənistan  bu qanunsuz fəaliyyəti ilə Azərbaycanın torpaqlarının işğalına görə özünə bəraət qazandırmaq üçün  Suriyadakı  faciəli müharibədən istifadə edir. Bu,  Ermənistanın həmin əraziləri zəbt etməyə  yönəldilmiş  pozucu  mövqeyini bir daha təsdiq edir.

Vaxtilə ATƏT-in Minsk qrupunun rəhbərlik etdiyi iki missiya Azərbaycanın təşəbbüsü ilə Azərbaycanın işğal edilmiş ərazilərinə getmiş və beynəlxalq humanitar hüququn norma və prinsiplərinin pozulması ilə bağlı bir sıra halları qeydə almışdır. Azərbaycanın xarici siyasət idarəsinin başçısı  vurğulamışdır ki, yuxarıda deyilənlərə baxmayaraq,  dünya birliyinin mövqeyi, o cümlədən  ATƏT-in Minsk qrupu həmsədrlərinin Ermənistanı təkidlə qanunsuz fəaliyyəti dayandırmağa çağırmaları Ermənistanın hakimiyyət orqanlarını pozucu fəaliyyətə son qoymağa məcbur edə bilməmişdir.

Ermənistan beynəlxalq birliyin rəyinə məhəl qoymamağa davam edir, beynəlxalq hüquq normalarını pozur, bununla da Azərbaycanın səbir kasasını daşdırır. Siyasi danışıqlar aparmaq cəhdləri  nəticə vermədiyi üçün status-kvo vəziyyətinin davam etməsi ağlasığmaz nəticələrə gətirib çıxara bilər və buna görə bütün məsuliyyət Ermənistanın üzərinə düşəcəkdir. Sonda E.Məmmədyarov həmin qurumlara müraciət edərək, onları Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistanın qanunsuz fəaliyyətini dayandıra biləcək təxirəsalınmaz  addımlar atmağa çağırmışdır.

 

Yusif BABANLI,

 

AzərTAc

 

Vaşinqton

 

Azərbaycan. - 2013.- 23 avqust.- S. 3.