Azərbaycan Yaponiya ilə əlaqələrə böyük önəm verir

 

Avqustun 22-də Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov Yaponiyanın müdafiə nazirinin parlamentar müavini Masahisa Sato, birinci katib Ginga Kobayaşi, Müdafiə Nazirliyinin əməkdaşları, Dəniz Müdafiə Qüvvələrinin kapitan-leytenantı Kenci Okumura, Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe, Hərbi attaşe Hiroki İşidadan ibarət nümayəndə heyəti ilə görüşmüşdür.

SAM-ın mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə iki ölkə arasında mövcud olan sıx dostluq münasibətlərindən danışan Fərhad Məmmədov Azərbaycanın Yaponiya ilə əlaqələrə böyük önəm verdiyini xüsusilə vurğulamışdır.

Görüşdə iki dövlət arasındakı ikitərəfli münasibətlərin formalaşması və inkişaf mərhələləri, ölkələrin yerləşdiyi müvafiq regionlarda siyasi-iqtisadi vəziyyəti, eləcə də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun həlli yolları mövzuları müzakirə olunmuşdur.

Qonaqlar gələcəkdə Yaponiya  və Azərbaycan arasındakı əlaqələrin daha da möhkəmlənməsi üçün öz dəstəklərini əsirgəməyəcəklərini qeyd etmişlər.

Tədbirdə rəsmi şəxslər, Xarici İşlər Nazirliyinin və SAM-ın əməkdaşları və s. qonaqlar da iştirak etmişlər.

 

Azərbaycan. - 2013.- 23 avqust.- S. 3.