Xəzər Araşdırmaları İnstitutu: «Moskva və Bakı arasında münasibətlərin gələcəyi»

 

Britaniyanın Xəzər Araşdırmaları İnstitutu Aleksandr Ceksonun "Moskva və Bakı arasında münasibətlərin gələcəyi" adlı məqaləsini dərc etmişdir. Müəllif Rusiya Prezidenti Vladimir Putinin yaxın vaxtlarda Azərbaycana səfərini və Rusiya-Azərbaycan münasibətlərinin inkişaf səviyyəsini təhlil edərək göstərir ki, bu, Rusiya Federasiyası başçısının son yeddi ildə Bakıya ilk gəlişidir və bu səfər ikitərəfli münasibətlərin inkişafına müsbət təsir göstərmişdir. A.Cekson yazır: "Yəqin ki görüşün ab-havası və nəticələri daha əhəmiyyətli olmuşdur. Bunlar isə Rusiyanın Azərbaycanı keçmiş satelliti deyil, bərabərhüquqlu tərəfdaşı  kimi tanıması faktını sübut edir".

V.Putun Bakıya nazirlər komandası ilə gəlmişdi. Danışıqlara enerji təchizatı, təhlükəsizlik və Dağlıq Qarabağ münaqişəsinin həlli sahələrində əməkdaşlıq məsələləri daxil edilmişdir. Enerji sahəsində müqavilənin təfərrüatları açıqlanmasa da, KİV-lər təsdiq edirlər ki, "Rosneft"  iri "Abşeron" qaz yatağının işlənməsi üzrə müqavilədə paya sahib olacaqdır. Bununla bərabər, müəllifin fikrincə, "Rosneft" və ARDNŞ arasında razılaşmanın təfərrüatlarının açıqlanmaması belə güman etməyə əsas verir ki, "ARDNŞ  sərt danışıqlar aparır" və bu da Rusiyanın Ermənistan və Qırğızıstanla olan münasibətlərindən tamamilə fərqlənir. Belə ki, həmin ölkələrlə münasibətdə Moskva öz şərtlərini diktə etməyi bacarır. 

Məqalədə daha sonra Dağlıq Qarabağ münaqişəsi ilə bağlı problem və Transxəzər qaz kəməri məsələsi müzakirə olunmuşdur. Düzdür, Moskva Ermənistan və Azərbaycan arasında "münaqişənin siyasi yolla həllini" açıqdan-açığa üstün tutur və Transxəzər qaz kəməri layihəsinin reallaşdırılmasına etiraz edir, lakin V.Putin administrasiyası Azərbaycana silah satışını davam etdirir.

Müəllif bildirir ki, gələcəkdə ikitərəfli münasibətlər daha praqmatik olacaqdır. Çünki Rusiya artıq Azərbaycana "imperiyanın subyekti kimi yox, bərabərhüquqlu tərəfdaşı kimi" baxır.

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 23 avqust.- S. 8.