Əli Həsənov: Azərbaycan xalqının qarşıdakı prezident seçkilərində ən layiqli namizədinə səs verəcəyinə əminəm

 

Azərbaycan xalqının qarşıdakı  prezident seçkilərində ən layiqli namizədinə səs verəcəyinə əminəm.

AzərTAc xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini, Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov avqustun 23-də jurnalistlərə açıqlamasında demişdir.

 Əli Həsənov qeyd etmişdir ki, Azərbaycan dövlətinin əldə etdiyi nailiyyətlər dünyanın bütün ölkələrində müsbət qiymətləndirilir. YAP sədrinin müavini  demişdir: "Azərbaycan dünya ölkələrinin maraq mərkəzinə çevrilmişdir. Təəssüf ki, dünya ölkələrinin marağını özünə cəlb edən məqamlardan biri də Azərbaycan müxalifətinin rüsvayçılığıdır. Biz çox təəssüf edirik ki, güclü iqtidar qarşısında rüsvayçı və çox zəif müxalifət vardır. Biz güclü iqtidar qarşısında dayanıqlı müxalifət olmasını istərdik".

Əli Həsənov vurğulamışdır ki,  dünya birliyi arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə münasibətdə  ədalətsizlik hökm sürür. Çox təəssüflər olsun ki, beynəlxalq təşkilatların qərarlarını icra etməyənlərə himayədarlıq edilir, onların hərəkətləri əməldə dəstəklənir.

 

Azərbaycan. - 2013.- 24 avqust.- S. 2.