Yaponiya ilə Azərbaycan arasında hərbi sahədə əməkdaşlığın qurulması məsələləri müzakirə olunmuşdur

 

Avqustun 23-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Yaponiya müdafiə nazirinin müavini Masahisa Satonun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, son illər Yaponiya ilə Azərbaycan arasında mədəni və iqtisadi əlaqələrin sürətlə inkişaf etdiyini qeyd edən nazir S.Əbiyev hərbi sahədə də ikitərəfli əməkdaşlığın qurulmasının münasibətlərin dərinləşməsinə böyük töhfələr verəcəyini bildirmişdir.

Yaponiya Müdafiə Nazirliyi nümayəndə heyətinin Azərbaycana ilk səfərinin mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran nazir S.Əbiyev regionda baş verən hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəbləri barədə yaponiyalı qonaqları məlumatlandırmışdır. S.Əbiyev bildirmişdir ki, Ermənistanın təcavüzkar siyasəti bu gündavam edir. ATƏT-in Minsk qrupu çərçivəsində problemin həllinə üstünlük göstərilməsinə baxmayaraq, təəssüf ki, hələ də konkret nəticə yoxdur. Digər narahatlıq doğuran amillərdən biriBMT-nin məlum dörd qətnaməsinin indiyədək icra olunmaması ilə bağlıdır.

Nazir demişdir ki, əgər Amerika Birləşmiş Ştatları Konqresinin 907-ci düzəlişinin aradan qaldırılmamasının əlavə təsirləri də nəzərə alınsa, o zaman bölgədə hansı gərginliklərin hökm sürdüyünü görərik. Müdafiə naziri Səfər Əbiyev qonaqların diqqətinə çatdırmışdır ki, vəziyyət bu cür davam edərsə, Azərbaycan öz ordusunun imkanlarından istifadə etmək məcburiyyəti qarşısında qalacaqdır.

Azərbaycan-Yaponiya əməkdaşlığının vacibliyini vurğulayan nümayəndə heyətinin rəhbəri Masahisa Sato ölkəmizin Silahlı Qüvvələrinin sülhyaratma missiyalarda iştirakının böyük əhəmiyyət daşıdığını bildirmişdir. Görüşdə ikitərəfli hərbi əməkdaşlıq sazişi layihəsinin üzərində işləmək barədə razılıq əldə olunmuşdur.

Görüşdə Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə və Yaponiyanın Azərbaycandakı səfiri Şusuke Vatanabe iştirak etmişlər.

 

Azərbaycan. - 2013.- 24 avqust.- S. 3.