Moldova Ombudsmanı Aureliya Qriqoriu Azərbaycandan aldığı əməkdaşlıq təklifini qəbul etmişdir

 

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin sədri İlham İsmayılov Moldova Ombudsmanı Aureliya Qriqoriuya məktub göndərmişdir. İ.İsmayılov məktubunda Xocalı soyqırımı və Dağlıq Qarabağ problemi ilə bağlı tutduğu ədalətli mövqeyinə görə ombudsmana təşəkkürünü bildirmiş, ona əməkdaşlıq təklif etmişdir.

Mərkəzdən AzərTAc-a verilən məlumata görə, xanım Aureliya Qriqoriudan cavab məktubu alınmışdır. Ombudsman təklifi qəbul etdiyini və təşkilatla əməkdaşlığa hazır olduğunu bildirmişdir.

Məktubda deyilir: "Sizin məktubunuz və Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin fəaliyyəti ilə böyük maraqla tanış oldum. Sizin Xocalı soyqırımının tanınmasında göstərdiyiniz səylərinizi tamamilə bölüşürəm. Mən Yerevanda öz çıxışımda bu faktı gələcəkdə insan hüquqlarının pozulmasına yol verilməməsi nöqteyi-nəzərindən qeyd etmişəm".

Moldovalı ombudsman Avropada fəaliyyət göstərən bir çox təşkilatların Dağlıq Qarabağda baş vermiş hadisələrdən xəbərsiz olması, məlumatı olanların isə mövzudan yayınmağa çalışması fikrinə şərik çıxaraq yazır: "Şəxsən mənə söylədilər ki, bu məsələni qaldırmağa ixtiyarım yoxdur. Lakin mən hesab edirəm ki, yalnız Xocalı hadisələrinin tam dəhşətini dərk edərək bəşəriyyət insan hüquqlarının qorunmasına və demokratik dəyərlərə nail olunmasına doğru addım atmış olur".

Xanım Aureliya Qriqoriu məktubunun sonunda Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi ilə böyük məmnuniyyətlə əməkdaşlıq etməyə hazır olduğunu bildirir.

 

Azərbaycan. - 2013.- 24 avqust.- S. 6.