«ASAN Səyyar xidmət» Lənkəranda

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, "ASAN xidmət" mərkəzlərinin təsis edilmədiyi regionlardakı əhaliyə xidmətlərin çatdırılması və mərkəzlərə gəlmədən vətəndaşların xidmətlərdən yararlanmalarının təmin edilməsi üçün zəruri müasir texnoloji avadanlıqla təchiz edilmiş irihəcmli xüsusi avtobuslar səyyar formada regionlarda əhaliyə xidmətlər göstərməklə davam edir.

Artıq Quba şəhərində Quba, QusarXaçmaz, Şirvan şəhərində Şirvan və Hacıqabul, Sabirabad rayonunda  Sabirabad və Saatlı, Şamaxı şəhərində  Şamaxı, QobustanAğsu, Salyan rayonunda SalyanNeftçala, İsmayıllı rayonunda İsmayıllı, Astara rayonunda Astara, Qəbələ rayonunda Qəbələ, Kürdəmir rayonunda Kürdəmir, Ağcabədi rayonunda Ağcabədi və Ağdam rayonlarının sakinlərinə "ASAN Səyyar xidmət" göstərilmişdir.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən AzərTAc-a bildirmişlər ki, avqustun 22-dən Lənkəran və Lerik rayonlarının ümumi sayı 300000-dən çox olan sakini "ASAN Səyyar xidmət"dən Lənkəran  rayonunda  yararlanmağa başlamışdır.

Sentyabrın 5-dək davam edəcək səyyar xidmətlər Azərbaycan Respublikasının Ədliyyə və Daxili İşlər nazirlikləri, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim olunur.

Bu xidmətlərə notariat fəaliyyəti, şəxsiyyət vəsiqələrinin, ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi, sürücülük vəsiqələrinin dəyişdirilməsi, torpaq kadastrı məlumatları barədə arayışların verilməsi, əmək pensiyalarının təyin edilməsi, yaşayış evləri (mənzilləri) üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışların (ilkin qeydiyyat istisna olmaqla) verilməsi, daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi daxildir.

"ASAN Səyyar xidmət"in həyata keçirilməsinin əsas məqsədləri dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeniinnovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.

 

Azərbaycan. - 2013.- 24 avqust.- S. 6.