Qroznıda Qafqaz Xalqları Ali Dini Şurasının növbəti iclası və MDB Müsəlmanları Məşvərət Şurasının səyyar toplantısı keçirilmişdir

 

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasının Çeçenistan Respublikasının paytaxtı Qroznı şəhərində səfərdədir.

QMİ-nin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, səfər Çeçenistanın mərhum prezidenti Əhməd Kadırovun anadan olmasının növbəti ildönümü münasibətilə keçirilən tədbirlər çərçivəsində reallaşdırılır.

Avqustun 22-də Qroznı şəhərində Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam A.Paşazadənin sədrliyi ilə Qafqaz Xalqları Ali Dini Şurasının (QXADŞ) növbəti iclası və MDB Müsəlmanları Məşvərət Şurasının səyyar toplantısı keçirilmişdir.

Toplantıda məruzə ilə çıxış edən Şeyxülislam Allahşükür Paşazadə Əhməd Kadırovun çeçen xalqının tarixində, ümumən Qafqazın mənəvi həyatında mühüm rol oynaması ilə bağlı fikirlərini bölüşmüşdür. Bildirmişdir ki, mən hər dəfə Rusiya Federasiyasının Çeçenistan Respublikasına böyük ruh yüksəkliyi ilə gəlirəm. Lakin avqustun 23-ü xüsusi tarixdir. Həmin gün mən buraya unudulmaz, əziz qardaşım Əhməd Əbdülhəmid oğlu Kadırovun vəfatının növbəti ildönümünü qeyd etməyə gəlirəm.

O, şəhid kimi dünyasını dəyişmiş, çeçen xalqının rifahı naminə işıqlı ideyalar uğrunda canından keçmiş, qısa ömrünü Allaha xoş gələn bir missiyaya - öz xalqını tərəqqi yoluna çıxarmağa  həsr etmişdir.

A.Paşazadə daha sonra demişdir ki, Qafqazın görkəmli oğlu Hacı Əhməd Kadırovun adı daim Çeçenistan Respublikasının dirçəlişi rəmzi olacaqdır.

İordaniyadan yenicə səfərdən qayıtdığını bildirən Şeyxülislam A.Paşazadə Al-əl-Beyt Fikir Müəssisələri Kral Akademiyasının XVI Əmman Konfransı, həmin tədbirdə etdiyi məruzə, habelə konfransın qətnaməsi barədə Qafqaz Xalqlarının Ali Dini Şurasının üzvlərini məlumatlandırmışdır.

Toplantıda MDB Müsəlmanları Məşvərət Şurasının 2013-cü il aprelin 16-da  Bakıda keçirilmiş II iclası və "MDB müsəlmanları sülhstabil inkişaf tərəfdarıdırlar" mövzusunda beynəlxalq konfransın materiallarının əks olunduğu kitabı təqdim edən Şeyxülislam Allahşükür Paşazadə Şuranın gələcək planları barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Məsləhət Şurasının daimi fəaliyyətdə olan işçi qrupu MDB ölkələrinin və digər dövlətlərin müsəlmanları ilə qarşılıqlı münasibətlərin və əməkdaşlığın inkişaf perspektivlərini öyrənir. Qurum Məsləhət Şurasının növbəti konfransları arasındakı müddətdə birlik ölkələrində və xarici dövlətlərdə müxtəlif görüşlər, elmi simpoziumlar keçirilməsini planlaşdırır. Diqqətə çatdırılmışdır ki, Şuranın ünvanına üzvlüklə bağlı bəzi ölkələrin müsəlman icmalarından daxil olmuş təkliflər nəzərdən keçirilir.

Sonra Şeyxülislam Allahşükür Paşazadə Misirdə, Suriyada və bəzi başqa müsəlman ölkələrində təşviş doğuran hadisələrlə əlaqədar dünya ictimaiyyətinə müraciət qəbul olunmasını təklif etmişdir.

Toplantıda Şeyxülislam A.Paşazadənin təklifi ilə yekdilliklə dünya ictimaiyyətinə müraciət qəbul edilmişdir.

Səfər davam edir.

 

Azərbaycan. - 2013.- 24 avqust.- S. 6.