Tarixi Azərbaycan torpaqları azad ediləcəkdir

 

Füzulinin işğalından 20 il keçir

 

Bunu dövlət başçısının göstərdiyi qətiyyətli mövqe, gündən-günə hərtərəfli formalaşan qüdrətli Azərbaycan Ordusu xalqımızın mübariz ruhu deyir

 

Ulu Azərbaycan torpağı minilliklər boyu müxtəlif məşəqqətlərin şahidi olub. Dünyanın ən qədim tarixə malik diyarlarından biri də Azərbaycanın Füzuli rayonudur ki, ərazisində olan Azıx mağarası (təəssüf ki, 20 ildir  onun ermənilər tərəfindən məhv edilib-edilmədiyi barədə dəqiq məlumata malik deyilik) ilk insan məskəni kimi bəşəri sivilizasiyanı heyran qoymaqdadır. Ötən əsrin əvvəlində olduğu kimi, sonunda da Qarabağ torpaqlarında minilliklərin yaşıdı və şahidi abidələrimiz şovinizm siyasətinin qurbanına çevrildi. İlk vaxtlar "mədəni" şəkildə (keçmiş SSRİ-nin beynəlmiləlçilik bayrağı altında) həyata keçirilən bu çirkin siyasət, nəhayət, ötən əsrin 80-ci illərindən sonra açıq-aşkar, təcavüzkar formada özünü göstərdi. Məqsəd  yalnız Azərbaycan ərazilərini işğal etmək deyildi. Burada etnik təmizləmə siyasəti aparmaqla yanaşı, əcdadlarımızın bu  torpaqlardakı  yadigarları - tariximizin alt qatlarına məxsus maddi-mədəniyyət abidələrimizi məhv etmək, əsrlərin izlərini silmək, saxtalaşdırmaq, daha doğrusu, "özününküləşdirmək" idi. "Böyük Ermənistan" dövləti qurmaq üçün aparılan çirkin siyasət Azərbaycanın, sözün əsl mənasında, dilbər guşəsi olan Qarabağın nəinki dağlıq hissəsində, onun digər ərazilərində də həyata keçirildi.

Beləliklə, işğala məruz qalan qədim yaşayış məskənlərimizdən biri də ərazilərinin xeyli hissəsi 20 ildir Ermənistanın silahlı birləşmələrinin nəzarəti altında qalan, dünyanın etnoqraflarını bu gün də heyrətdə qoyan Azıx mağarasının yerləşdiyi Füzuli rayonudur.

Qarabağ dağ silsiləsinin cənub ətəklərindən Araz çayına qədər maili düzənlik sahələri, Cəbrayıl, Xocavənd, Ağcabədi, Beyləqan rayonları ilə əhatə olunanqonşu İran İslam Respublikası ilə həmsərhəd Füzulinin tarixi çox qədimdir. İnzibati ərazi kimi əsası 1827-ci ildə qoyulmuş rayonun ilk adı Qarabulaq olub. 1930-cu ildə sovet hakimiyyəti bir sıra digər yaşayış məntəqələrimizin adını dəyişdirdiyi kimi, Qarabulağa da "əl gəzdirib": adı dəişdirilərək Qaryagin qoyulub. Bu qondarma adı rayon 1959-cu ilə qədər daşımağa məcbur oldu. Böyük söz ustadı, Azərbaycan ədəbi nəslinin banilərindən biri Məhəmməd Füzulinin anadan olmasının 400 illiyi şərəfinə rayonun adının dəyişdirilməsi yalnız füzulisevərlərin deyil, xalqımızın ürəyincə oldu. Axı qərib ellərdə məzarı qalan böyük ustadın daha çox haqqı çatırdı ki, Qarabağ ellərindən biri onun adını daşısın. Rayonun ərazisində müxtəlif dövrlərdə Qaraköpəktəpədə, Qarabulaq kurqanlarında, Günəştəpədə, Quruçay sahillərində və digər yerlərdə aparılan tədqiqatlar bir daha təsdiqlədi ki, Azərbaycan torpaqları ulu, qədim tarixini öz qoynunda, sinəsində, alt qatlarında qoruyub saxlayır və dərin köklərə malikdir.

Qarabağ ellərinin başı üzərini  "qara buludlar" alanda Füzuli rayonunun da taleyi sual altında idi. Qarabağın zümrüd tacı Şuşa əldən getmiş, Laçın "humanitar koridor" adı altında zəbt olunmuş, Kəlbəcər beş il mühasirədə boğularaq köməksizliyindən düşmən əlinə keçmiş, Ağdamın isə daşı daş üstə qalmamışdı. Belə bir hərbi-siyasi vəziyyətdə azğınlaşmış, havadarlarına güvənən ermənilər irəliləyərək Qarabağın aran yerlərini də zəbt etməyə çalışırdılar.

Sürətlə irəliləyən azğın düşmənin məkrli siyasəti dünyanın sivil xalqlarını çaşdırdığından müstəqilliyini bərpa edən dövlətimizin yenidən imperiya boyunduruğu altına keçmə təhlükəsi yaranmışdı. O ağır və məşəqqətli günlərdə  ulu öndər Heydər Əliyevin yeganə xilaskar kimi görünməsi və xalqımızın onun siyasi hakimiyyətə yenidən qayıtmasını təkidlə tələb etməsi və ümummilli liderin Azərbaycan oğullarını vətənimizin müdafiəsinə çağırışı vəziyyəti dəyişdi. Düşmənin sürətlə irəliləməsinin qarşısı alındı. Üstəlik, erməni quldur dəstələri zəbt etdikləri ərazilərimizdən geri çəkilməyə məcbur  edildi ki, bu da məhz müqəddəs Füzuli torpaqlarında baş verdi. Bu, həm də Ali Baş Komandanın ön cəbhədə əsgərlərlə birlikdə düşmən qarşısına çıxması nəticəsində orduda yaranan vətənpərvərlik hisslərinin   bərpası və ilk qələbəsi idi.

 

Füzulinin işğal olunmuş digər rayonlardan fərqi həm də ondadır ki, onun bəzi yaşayış məntəqələri düşməndən azad edilmişdir. Rayonun işğaldan azad olunmuş ərazilərində salınan 13 qəsəbə və 20 kənd Füzuli əhalisinin doğma torpaqla ünsiyyət yerinə çevrilib. Həmin qəsəbələrdən 12-si işğaldan azad edilən ərazidə yeni salınıb və burada 51 min nəfər məcburi köçkün ailəsi yerləşib.

1988-ci ildən başlayan erməni təcavüzünə qarşı barışmaz mübarizə aparan Füzuli əhalisi doğma torpaq uğrunda böyük itki verib. Müharibənin bu ərazidə əsas ağırlığını rayonun Yağlıvənd, Qacar, Divanallar, Yuxarı və Aşağı Veysəlli, Qaradağlı, Üçbulaq, Arış, Qoçəhmədli, Cuvarlı, Güzdək, Gorazıllı, Cəmilli, Dilağarda, Govşad, Xələfşə, Mollavəli kəndlərinin əhalisi çəkib. 1.100 nəfərdən çox şəhid, yüzlərlə itki vermiş Füzuli rayonunun 1.500-ə yaxın əlil və şikəst övladı indi də Qarabağın qaytarılması uğrunda hər an döyüşlərə atılmağa hazırdır və onlar Ali Baş Komandanın əmrini gözləyirlər. Axı düşməndən çox böyük zərbə alıblar.  20 il öncə itkin düşmüş, girov götürülmüş 113 füzulilidən bu günsoraq yoxdur. Füzuliyə erməni təcavüzü nəticəsində minlərlə uşaq zərər çəkib ki, onlardan da 155-i yetim qalıb.

Acınacaqlısı odur ki, Füzuli rayonunun da düşmən əlinə keçməsində daxildəki ermənipərəst, xəyanət yolu tutan, ancaq  itirdikləri vəzifənin geri qaytarılmasını düşünən və bunun uğrunda ermənilərlə hər an sövdələşməyə hazır satqınların da rolu az olmayıb.

Təəssüf ki, digər işğal altına düşən ərazilərimizdəki kimi, Füzulidə də ilk hədəfə alınan tarixi yadigarlarımız oldu. Belə maddi-mədəniyyət və tarixi abidələrimizdən biridünya etnoqraflarının daim marağını çəkən Azıx mağarasıdır. Buradakı tapıntı üzərində aparılan tədqiqatlar təsdiqləmişdir ki, o, ən azı, 350-400 min illik bir dövrü əhatə edir.

Füzulidə Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra tarixi-mədəni abidələr də var idi. Babı türbəsi (1273-cü il), Aşağı Veysəllidə qülləvari Mirəli türbəsi (XV əsr), Əhmədalılar və ya Arğalı türbəsi (XIII əsrin sonu), Qarğabazar kəndindəki Hacıqiyasəddin məscidi (1862-ci il), Karvansara (1864-cü il), Füzuli şəhərindəki Hacı Ələkbər məscidi (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulmuş at, qoç fiqurları tariximizin dərin qatlarından soraq verən, milli mədəniyyətimizin inkişafını və ulu etnikə malik olduğumuzu təsdiqləyən tutarlı faktlar idi. Təəssüf ki, erməni vandalizminin qurbanlarına çevrilmiş tarixin bu daş salnaməsinin sonrakı taleyi bizə məlum deyil. Digər işğal olunmuş rayonlarımızın ərazisindəki kimi, burada da daşnak tör-töküntüləri tarixi-memarlıq abidələrinə divan tutmuş, müqəddəs ziyarətgahları yerlə yeksan etmişlər. Bu isə torpağımızın hər daşının, qayasının külünün göyə sovrulması, yurd-yuvaların viran qoyulması, bir sözlə, ermənilərin vandalizm siyasətinin təsdiqidir.

Rayonun işğal altında qalıb talan olunan təkcə yuxarıda adları sadalanan tarixi-mədəni, memarlıq abidələri deyil. Ona görə də rayonun inzibati ərazisinə daxil olan yaşayış məntəqələrində işğala məruz qalan sosial, mədəni-məişət, həmçinin kənd təsərrüfatı obyektlərinə də nəzər salmaqla düşmənin bu yerlərə vurduğu maddi və mənəvi zərbəni hesablamış olarıq. Rayonun ərazisi 1.386 kv.km, əhalisi 105 min nəfərdir. Rayonda bir şəhər, bir şəhər tipli qəsəbə, 75 kənd və digər yaşayış məntəqələri var idi. Bu yerlərdən axan Köndələnçay, Qozluçay, Çərəkan Xan Arazın hövzəsinin çayları - qollarıdır.

İşğala qədər, yəni 23 avqust 1993-cü il tarixədək rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri-zöhrəvi xəstəliklər dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və digər obyektlər var idi.

Ulu öndər Heydər Əliyevin bir çağırışı ilə Füzulinin indi bizdə olan ərazisi o  ağır günlərdə işğaldan azad edildisə, demək, təcavüzün və separatizmin qurbanlarına çevrilmiş digər ərazilərimizi də geri qaytarmağa qadirik! Bunu  xalqımızla birlikdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev də deyir! Bunu həmçinin Azərbaycanın dövlət başçısının göstərdiyi qətiyyətli mövqe, gündən-günə güclənib formalaşan Azərbaycan Ordusu və xalqımızın mübariz ruhu deyir!

 

 

Məhəmməd NƏRİMANOĞLU

 

Azərbaycan. - 2013.- 24 avqust.- S. 7.