Onilliklərə bərabər on il

 

İllər də insanlar kimidir. Dünyaya gəlir, ömür sürür, vaxt-vədə yetişəndə dünyadan "köç" edirlər. Hər insan öz ömrünün körpəlik, yeniyetməlik, gənclik və ahıllıq çağlarını yaşadığı kimi, illər də yaz, yay, payız və qış fəsillərini başa vurub tarixə çevrilirlər. Şeirlə desək:

 

İllər də insan tək gəlir dünyaya,

İllər də insan tək qocalıb gedir.

İllər var, dünyaya doğur Günəş tək,

İl də var dünyadan bac alıb gedir.

 

Lakin təbiət hadisələrini nəzərə almasaq, günləri, ayları, illəri mənalı, unudulmaz edən insan zəkası, insan əməlləridir. Elə buna görə də insan övladı yaranmışların ən alisi, əşrəfi sayılır. Bəşəriyyətin, öz ölkəsinin xoşbəxtliyi, firavanlığı üçün çalışanlar isə Allah dərgahının ən yüksəkliyində dayanırlar. Bunları düşündükcə ölkəmizin tarixində mühüm rol oynayan son on il gözümüz qarşısından gəlib keçir.

Düzdür, Azərbaycanın minilliklərə bərabər qədim tarixi vardır. Əsrlərin, eraların o tayından boylanır tarixi abidələrimiz. Ötüb keçən həmin dövr ərzində digər xalqlar, ölkələr kimi doğma Vətənimiz də kərpic-kərpic qurulub. Ancaq Azərbaycanın ən uğurlu inkişafı keçən əsrin 70-ci illərindən başlamışdır. O vaxta kimi Azərbaycan keçmiş SSRİ məkanında geridə qalmış respublikalardan biri idi. Ümummilli lider Heydər Əliyev rəhbərliyə gəldikdən sonra bütün sahələrdə əsaslı dönüş yarandı. Ali məktəblərə tələbə qəbulunda obyektivlik bərqərar oldu, az müddətdən sonra ən bilikli, istedadlı gənclər sovetlər birliyinin ən nüfuzlu ali təhsil ocaqlarında oxumaq hüququ qazandılar. Xalq təsərrüfatının sənaye, kənd təsərrüfatı bölmələrində qısa zaman ərzində nailiyyətlər əldə edildi. Yeni-yeni zavodlar, fabriklər işə düşdü. İndi fəaliyyət göstərən həmin müəssisələr o illərin yadigarlarıdır. Kənd təsərrüfatının bütün sahələrində - pambıqçılıqda, üzümçülükdə, heyvandarlıqda rekord göstəricilər əldə olundu. İnsanların yaşayış tərzi, gün-güzəranı da aybaay, ilbəil yaxşılaşmağa başladı. Ədəbiyyat, mədəniyyət, elm sahələrində əldə edilən böyük uğurlar xalqımızın mənəvi cəhətdən zənginliyini bir daha əyani olaraq sübuta yetirdi. Neçə-neçə əmək adamlarımız, şairlərimiz, yazıçılarımız, bəstəkarlarımız, rəssamlarımız, incəsənət ustalarımız o dövrün ən yüksək mükafatı olan Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldülər, orden-medallarla təltif olundular. Bir sözlə, Azərbaycan geriliyin, ətalətin daşını ataraq ən qabaqcıl respublikalar sırasına çıxdı.

Bütün bunlar isə xalqımızın böyük oğlu Heydər Əliyevin yorulmaq bilmədən apardığı işin, məqsədyönlü siyasətin nəticəsi idi. Zəhmətsevərliyi, prinsipiallığı, dönməzliyi, Azərbaycanın şərəf və ləyaqətini uca tutması ulu öndərə xalqın böyük məhəbbət və ehtiramını qazandırmışdı. Elə buna görə 1990-cı ildə respublikamız çətin vəziyyətə düşəndə, "ölüm və ya olum" dilemması qarşısında qalanda xalqımız çətin sınaqlardan cəsarətlə çıxmış mərd və müdrik rəhbərinin hakimiyyətə qayıtmasını təkidlə tələb etdi. Heydər  Əliyev  hakimiyyətə qayıtdı və idrakının, təcrübəsinin, polad iradəsinin gücü ilə  baş alıb gedən anarxiyanı, özbaşınalığı, xaosu, hərc-mərcliyi qısa bir zamanda aradan qaldırdı. Uğurlu xarici və daxili siyasət nəticəsində atəşkəs əldə edildi, dağılmış, bərbad hala salınmış iqtisadiyyatın bərpası üçün ardıcıllıqla  tədbirlər  həyata keçirildi. Ölkənin müstəqilliyinin  inkişafına əngəl törədən bütün qüvvələr neytrallaşdırıldı. Yaradılan sabitliyi görən xarici investorlar Azərbaycana üz tutdular. 1994-cü ilin payızında imzalanan "Əsrin müqaviləsi"  ölkəmizin tarixində mühüm hadisə oldu. Digər islahatlar nəticəsində torpaqlar kəndlilərə qaytarıldı, bazar iqtisadiyyatına keçid sürət götürdü. Ulu öndər müstəqil Azərbaycanın xoşbəxt gələcəyinə inanaraq deyirdi ki, bizim başladığımız işlərin nəticələrini gələcək nəsillər görəcəklər.

Bu, belə də oldu. O vaxtdan keçən on il ərzində ölkəmizin həyatında misli görünməmiş hadisələr baş vermişdir. Öncə qeyd edək ki, xarici siyasət sahəsində böyük nəaliyyətlər əldə olunmuşdur. İndi beynəlxalq aləmdə Azərbaycanın dostları və tərəfdaşları durmadan artır. Daxildəki məsələlərin həllinə gəldikdə isə bütün işlər göz qabağındadır. Neftdən gələn ilk gəlirlər quruculuğun, sosial həyatın ən mühüm sahələrinə yönəldildi. 11 fevral 2004-cü ildə "Regionların sosial-iqtisadi inkişafı" ilk Dövlət Proqramı qəbul edildi. Bununla da, bölgələrin həyatında inkişafa, tərəqqiyə start verildi. Hər yerdə canlanma, yüksək əhval-ruhiyyə yarandı. İlk olaraq ən ciddi məsələ olan elektrik enerjisi probleminin həllinə diqqət yetirildi. Şəhər və rayon mərkəzlərində elektrik stansiyaları tikilib istifadəyə verildi. Bundan sonra ən ucqar dağ rayonlarına gedən, lakin uzun müddət baxımsızlıq üzündən bərbad hala düşmüş avtomobil yolları əsaslı şəkildə yenidən quruldu. Həyata keçirilən bu infrastruktur layihələri hər bir rayonda digər məsələlərin həllinə kömək etdi. Yeni istehsal sahələri yaradıldı, əhalinin məşğulluq  səviyyəsi yüksəlməyə başladı. Ölkənin inkişafında, millətin gələcəyində prioritet məsələ olan təhsilə böyük önəm verildi. Dünya standartlarına cavab verən yeni məktəb binaları tikildi, köhnələri əsaslı təmir edildi, maddi-texniki bazaları möhkəmləndirildi. Nəticədə təhsilin səviyyəsi yüksəldi. İndi Azərbaycan gəncləri həm də dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alırlar. Əhalinin sağlamlığının təmin edilməsi üçün isə yeni klinikalar, müalicə diaqnostika mərkəzləri tikildi, xəstəxanalar, həkim ambulatoriyaları, tibb məntəqələri təmir edildi. Mədəniyyət və incəsənət sahəsində qazanılan uğurlar da hər bir azərbaycanlının qəlbində iftixar hissi doğurur. İndi Azərbaycan mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. Artıq bir neçə ildir ki, Qəbələdə müsiqi festivalı keçirilir. Mütəmadi olaraq təşkil edilən muğam festivalları isə milli-mənəvi dəyərlərimizə verilən ən yüksək qiymətdir.

Gənclər siyasəti nəticəsində aparılan məqsədyönlü tədbirlər də öz səmərəsini verir. Gənclər cəmiyyətimizin aparıcı qüvvəsi olaraq əsl vətənpərvərlik nümunəsi göstərirlər. İdmançılarımızın qazandığı qələbələr buna parlaq nümunədir. Onlar idmanın müxtəlif növləri üzrə keçirilən beynəlxalq turnirlərdə parlaq qələbələr əldə edərək üçrəngli bayrağımızı dalğalandırır, himnimizi səsləndirirlər. Regionda bir-birinin ardınca istifadəyə verilən Olimpiya idman kompleksləri gələcək uğurlar üçün möhkəm təməldir. Bunlara görədir ki, indi Azərbaycan beynəlxalq aləmdə idman ölkəsi kimi də tanınır.

Regionların inkişafına gəldikdə isə görülən işləri hərtərəfli əhatə etməkdə, əks etdirməkdə qələm özü belə, aciz qalır. Nədən başlayasan, harada bitirəsən? Hər yer təzələnir, yeni görkəm alır, tikinti-quruculuq, abadlıq işlərində rayonlar sözün yaxşı mənasında, rəqabət aparırlar. Bir-birindən yaraşıqlı yaşayış evləri, ictimai binalar tikilir, parklar, xiyabanlar salınır, küçələr, səkilər çəkilir. Salınan yaşıllıqlar quruculuq işlərinə yeni rəng qatır, ən müasir işıqlandırma sistemləri gecələri çıraqban edir. İndi ayrı-ayrı regionlarda beynəlxalq aeroportlar var. Bu inkişafın nəticəsidir ki, bir sıra tədbirlər artıq regionlarımızda keçirilir.

Turizmin inkişafı üçün tədbirlər görülür. Çəkilən geniş yollar, salınan meşəliklər hər kəsdə rahatlıq yaradır, məmnunluq hissi doğurur. Regionların sosial-iqtisadi inkişafı ikinci Dövlət Proqramına əsasən, indi ölkəmizin hər yerində mühüm layihələr həyata keçirilir. Kənd yolları abadlaşdırılır, yaşayış məntəqələrinə təbii qaz çəkilir, içməli su və kanalizasiya məsələləri həll edilir.

Şəhərlər şəhəri olan Bakımız bu gün başqa donda, başqa büsatdadır. Dünyanın müxtəlif qitələrindən, ölkələrindən gələn qonaqlar ona vurulmaya, heyran olmaya bilmirlər.

Görülən işlər isə güclü iqtisadiyyatın real nəticəsidir. Dünyanın bir çox ölkələrində iqtisadi böhran, işsizlik baş alıb getdiyi zamanda Azərbaycanda sənayenin artım tempi aşağı düşmür. İndi Cənubi Qafqazda heç bir siyasi, iqtisadi məsələ ölkəmizin iştirakı olmadan həll olunmur.

Bəli, dediklərimiz son on ilin qısa və tam olmayan xronikasıdır. Yaşadığımız, yola saldığımız bu on il onilliklərə bərabərdir. Bunlar isə bir Azərbaycan vətəndaşı kimi hər birimizi sonsuz dərəcədə sevindirir.

 

Bəli, bəli, hər tərəfdə

            bir yüksəliş,

            bir tərəqqi.

Bu gün artıq böyük-böyük

 

      ölkələrin sırasında

      kosmosda da öz yerimiz,

            peykimiz var.

İllər ilə görülən iş,

            salınan bağ

indi artıq yetirir bar.

Dünəninə, bu gününə

            nəzər salıb

oğlun, qızın fərəhlənir,

            dost sevinir.

Hər birinin sinəsində

            çırpınaraq

pöhrələnən neçə-neçə

            arzu, istək

            dilək dinir.

Qaranlığa işıq saçan

xoş, mehriban gözlər gülür.

Ağ bənizli, qara xallı

            üzlər gülür.

Sevincindən dilə gələn

milyon-milyon ürəklər də

            belə deyir:

- Yüksəlişin mübarəkdir,

                  Azərbaycan!

 

 

Seyran CAVADOV

 

Azərbaycan. - 2013.- 27 avqust.- S. 5.