Heydər Əliyev Fondunun dəstəyi ilə uşaqlar üçün xeyriyyə aksiyası keçirilmişdir

 

Avqustun 26-da Heydər Əliyev Fondunun dəstəyi ilə Bakının əyləncə mərkəzlərindən birində  uşaq evləri və internat məktəblərinin sakinləri üçün xeyriyyə aksiyası keçirilmişdir. AzərTAc xəbər verir ki, tədbirdə paytaxtımızın üç uşaq müəssisəsindən 150 uşaq iştirak etmişdir.

Tədbirdə  iştirak edən uşaqların sevinclərinin həddi-hüdudu yox idi. Meydançada sürüşənlərin, oyuncaq atlar üzərində, yelləncəklərdə əylənənlərin, maşın sürənlərin, su hövzəsindəki oyuncaqları idarə edənlərin, cəngəlliyə düşənlərin, hədiyyə udmaq istəyənlərin və bu kimi digər əyləncələrlə məşğul olanların səsləri bir-birinə qarışmışdı. Hamı şən, coşqun əhval-ruhiyyədə idi. Hər kəsin üzündən sevinc yağırdı.

Xətai rayonundakı  3 nömrəli uşaq evindən gəlmiş Leyla Qədirova doyunca oynadığını, hər şeyin çox yaxşı, maraqlı olduğunu bildirmişdir. Bir neçə əyləncəyə qatıldığını deyən Leyla qorxulu tuneli xüsusilə vurğulamış, orada həyəcan anlarını yaşasa da, tuneldən uğurla keçdiyini demişdir. Bu bacarıqlı qız maşını da cəsarətlə sürmüşdür. Leyla Qədirova Heydər Əliyev Fondu tərəfindən belə tədbirlərin mütəmadi keçirildiyini demiş və göstərilən böyük diqqət və qayğıya görə minnətdarlığını bildirmişdir.

Uşaqlar deyir, gülür, əylənir, oyun məkanlarını tez-tez dəyişirdilər. "Uddum, mən hədiyyə qazandım!" deyən 2 nömrəli uşaq evindən Nadir Qurbanov isə "Stinky feet"də hədəfə düşmüşdü. Onun sevinci yerə-göyə sığmırdı.

Tramplindən sürüşən uşaqlar isə məkana çatanda ağız dolusu "hər şey yaxşıdır" deyə sevinclərini ətrafdakılarla bölüşürdülər.

Bolluca əylənən uşaqlar vaxtın necə keçdiyini hiss etmədiklərini bildirirdilər.

Mərasimin sonunda uşaqlar nahar etmişonlara Heydər Əliyev Fondunun hədiyyələri təqdim olunmuşdur.

 

Azərbaycan. - 2013.- 27 avqust.- S. 5.