Ürəyi ovcunda olan adam

 

Onun da ürəyi ağrıdı. Adama elə gəlir ki, bu yaşda, özü də fəal idmanda olan bir insanın ürəyi qətiyyən ağrımaz! Niyə ağrıyırdı, nə üçün ağrıyırdı - heç həkimlər də bilmədi. Eləcə bir gün ağrıdı, bir gün yatdı, sonra durdu və əvvəlki həyatına, fəaliyyətinə davam etdi. O, bütün bunları - ağrımağı, xəstələnməyi heç xoşlamır. Ona görə narahat olub vəziyyətini soruşanlara həmişə zarafatla belə deyir: "Qorxmayın, pis adama heçolmaz!"

 

"Pis adam"ın həyat yolu, yaxud öz adı üçün dalaşan

 

Özünü göstərmək, adını təsdiq etmək, hər cür çətinliyi adlamaqqalib gəlmək onun məqsədi və həyat kredosudur. Hələ uşaq vaxtlarından içində çağlayıb daşan bir enerji, bir güc vardı. Bütün çətinliklərə, ağrı-acılara baxmayaraq, onu hələ də qoruyub saxlaya bilib.

Söhbət Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, hamının yaxşı tanıdığı Elçin Cəfərovdan gedir. O, 1959-cu ildə Ağdam rayonunda doğulub. 2002-2010-cu illərdə yunan-Roma güləşi üzrə yığma komandanın baş məşqçisi işləyib. İşlədiyi müddətdə yetirmələrinin simasında beş dəfə Avropa çempionu (2005-2007-2008-2010), bir dəfə Avropa çempionatının gümüş mükafatçısı (2010), üç dəfə Avropa çempionatının bürünc mükafatçısı (2006-2009), ikiqat dünya çempionu (2007-2009), iki dünya çempionatının gümüş mükafatçısı (2002-2006), iki dünya çempionatının bürünc mükafatçısı (2009), Azərbaycan Yay Olimpiya Oyunları tarixində ilk dəfə olaraq yunan-Roma güləşi üzrə Olimpiya çempionu (2004, Afina), Yay Olimpiya oyunlarının iki gümüş mükafatçısı (2008, Pekin) kimi nailiyyətlər əldə edib. 2004-2006-2007-ci illərdə Azərbaycan Respublikasında "İlin ən yaxşı məşqçisi" seçilib. əməkdar məşqçidir.

Özü fərqli olduğu kimi, idmana gəlişi də hamıdan fərqlidir: "Dördüncü sinifdən hazırda Bakıxanov qəsəbəsində yerləşən Olimpiya İdman liseyinin 4-cü sinfinə gəlmişəm. Valideynlərim buna qarşı idi. Çünki böyük qardaşlarım orta məktəbdə əlaçı idilər, amma mənim oxumaqla heç aram yox idi. Yadımdadır, uşaqlardan biri adımı lövhəyə yazmışdı. Onunla dava etdim. Elə bildim mənə sataşır. Küsüb tanımadığım bir yerdə məktəbin hasarlarından kənara çıxdım. Axşamacan gəzib-dolandım, hirsim soyuyanda geri qayıtdım. Əvvəlcə burada futbolla məşğul oldum. Bir gün gördüm özüm yaşda uşaqlar güləşlə məşğuldurlar. Sonrakı məşqçim İsmayıl Çöpçüyevin tövsiyəsi ilə güləşə başladım. Altı aydan sonra məktəb birinciliyinin qalibi oldum. Sonra Bakı və respublika birinciliyi oldu. Həyatımı bütünlüklə yunan-Roma güləşinə bağladım. Daha sonra "Dinamo" cəmiyyətinə gəldim. Hamının yaxşı tanıdığı Fikrət Tahirov məşqçim oldu. "Dinamo"da SSRİ çempionları Ülvi QuliyevFüzuli Musayevlə tanış olduq".

 

25 yaşın ağrısı

 

Həmsöhbətim Elçin Cəfərov keçdiyi yola nəzər salaraq deyir ki, SSRİ dönəmində dünya, Avropa, Olimpiya oyunlarına çıxmaq çox çətin məsələ idi. Buna baxmayaraq, o zaman Azərbaycan çempionu, ümumittifaq turnirlərinin və dəfələrlə SSRİ birinciliyinin mükafatçısı oldum. Sonra çox böyük zədə aldım və iki dəfə əməliyyat olundum. Altı ay idmanla məşğul ola bilmədim. Hər gecə yuxuda özümü idmanın ən yüksək nöqtəsində görürdüm. Səbirsizliklə həkimlərin cavabını gözləyirdim. Altı aydan sonra yenidən həkimə getdim və ən acı, gözlənilməz qərarı onlardan eşitdim:  dedilər ki, sənə güləşmək olmaz! Beləliklə, 25 yaşında böyük idmanı zədə üzündən tərk etməli oldum. Hər şey öndə idi, çox cavan yaşında SSRİ idman ustası adını da qazanmışdım. Amma nə etmək olardı? Taleyə boyun əyib "Dinamo" cəmiyyətində məşqçi işləməyə başladım. Eyni zamanda, ali məktəbi başa vurdum. Daha sonra orada baş məşqçi və Olimpiya ehtiyatı qüvvələri məktəbinin müdiri oldum.

Dostları çoxdur - Rauf Əliyev, Ceyhun Məmmədov, Akif İsmayılov və başqaları. Onun haqqında hamı ağızdolusu danışır. Uzun illərin mübarizəsi, çətinliyi, sınaqları bu dostluğa, münasibətə xüsusi bir rəng verir. Keçmiş millət vəkili, idmançı, hazırda Oğuz RİH-in başçısı Eyvaz Qurbanov keçilən yola nəzər salır:

- Peşəkar idmana əsasən kasıb, imkansız ailələrin uşaqları, balaları gəlir. Hamımız bu yolu keçmişik, əziyyət çəkmişik, uduzmuşuq, qələbə çalmışıq, bir növ, özümüzü həyatda təsdiq etmişik. Bu çətinliklər bizə əlavə stimul verib. Elçin Cəfərovun həyat yolu dediklərimə ən yaxşı nümunədir. O, nadir məşqçilərdəndir ki, bu qədər tanınmış idmançı yetişdirib. Beynəlxalq yarışlarda ekranlardan onun yaşantıları, həyəcanları hər kəsə təsir edir. Bir faktı da qeyd etməyə dəyər: Elçin Cəfərov adi məşqçilikdən ölkədə idman naziri vəzifəsinə qədər yüksələn bir insandır. Burada da onun yüksək intellekti, təşkilatçılığı və əzmkarlığı rol oynayıb.

 

"Bəziləri dildə, bəziləri isə qolda güclü olur"

 

Onun idman fəlsəfəsi elə özünün həyat fəlsəfəsidir. İdmana, idmançılara öz xarakterini, dünyagörüşünü verməyə çalışır. Deyir ki, idmançı təkcə qolunun gücünə, əzələsinə güvənməli deyil! Onun zehni işləməli, dünyagörüşü olmalı və çoxlu kitab oxumalıdır: "Uşaq vaxtı çox davakar olmuşam. Amma hər zaman haqqın tərəfində durmuşam. Ümumiyyətlə, kiminsə kiməsə güc göstərməsini nə onda qəbul edə bilmişəm, nə də indi".

O  düşünür ki, idmançı rejimə, nizam-intizama tabe olmursa, çox yüksək nəticələrə nail ola bilməz. Bunun üçün dəmir nizam-intizam olmalıdır. Əgər idmançı maksimum 10 il ərzində qarşısına qoyduğu məqsədə, yəni dünya, AvropaOlimpiya çempionluğuna çata bilmirsə, deməli, o, idmanla məşğul olmayıb. Elə-belə gün keçirib: "Bu səbəbdən yunan-Roma güləşi üzrə baş məşqçi təyin olunandan sonra bir neçə idmançı və məşqçiylə vidalaşmalı oldum. Amma nəticədə Fərid Mansurov, Rövşən Bayramov, Vitali Rəhimov kimi idmançılar yetirə bildik".

Dostu, Milli Məclisin deputatı Ülvi Quliyev o günləri belə xatırlayır:

- Mən tez-tez onun məşqlərinə baxmağa gələrdim. Məşqdən əvvəl Elçin idmançılara üz tutub deyərdi: "Cəhənnəmə xoş gəlmisiniz". Həqiqətən, qeyri-adi bir məşq prosesi gedirdi və nəticə hasil olurdu. Yadımdadır, Fərid Mansurov Olimpiya oyunlarından sonra ciddi zədə almışdı. Amma Elçin Cəfərovun səyləri nəticəsində o, yeni bir qələbəyə imza atdı: ilk dəfə yunan-Roma güləşi üzrə dünya çempionu adını qazandı".

Olimpiya çempionu Fərid Mansurov müəlliminin zəhmətini, əziyyətini unutmağın qeyri-mümkünlüyünü söyləyir:

- Elçin müəllim zalda məşqçi, məşqdən sonra ən yaxın dostdur, yoldaşdır. Hansı çətinliyimiz olsa, onun həlli üçün bacardığını da edər, bacarmadığını da!

Bir faktı deyim: 2004-cü ildə Afinada Olimpiya oyunları vaxtı səhər yuxudan duranda gördüm ki, həyəcandan və gərginlikdən Elçin müəllimin üzündəki damar partlayıb, qan axır..."

Elçin Cəfərov deyir ki, güləşdə 400-dən artıq fənd var. Bu fəndlərin hamısını bilməlisən -  həm hücumunu, həm müdafiəsini. Elə uşaqlar var ki, özünü ailəsində, sinfində güclü sayır. Gəlir, düşür milliyə və onda görür ki, ancaq öz kəndində, yaxud çevrəsində birincidir. Sonra isə respublika var, ondan sonra Avropa, dünyaOlimpiya yarışları. Başa düşür ki, səhv yoldadır. Amma elələri də olur ki, Avropadünya birinciliyinin qalibi adını qazana bilir. Halbuki bir vaxtlar barələrində deyirdilər ki, o avaranın, bivecin biridir. O qədər beləsini düz yola gətirmişik ki...

Elçin Cəfərov üçün "yaxşı idmançı və yaxşı məşqçi" problemi həmişə mövcuddur: "10 ilə yaxın yığma komandaya məşqçilik etdim. Sağlamlığımdan tutmuş, uşaqlarımın böyüməsinə kimi hər şeyi idmana qurban vermişəm. Tələbələrimdən neçəsi Avropadünya çempionları olub. Yetirmələrim iki Olimpiya oyunlarında iştirak edib. Onlar Azərbaycana bir qızıl, iki gümüş  medal gətiriblər. Ona görə də mən həm idmançı, həm də məşqçi kimi idmanda olan nəticələrimdən çox razıyam. İkincisi, mənə etimad göstərib bu işə cəlb edənlərə -  Prezident İlham Əliyevə, o vaxt bu işə gəlməyimə xeyir-dua verən Əbülfəs Qarayevə, bu günə qədər idmanın başında duranlara, Güləş Federasiyasının prezidenti Fazil Məmmədova təşəkkür edirəm.

 

Elçin Cəfərov dünyanın bir çox ölkəsində olub. Beynəlxalq yarışların əksəriyyətində iştirak edib. Deyir ki, bütün dövlətlər Azərbaycanı artıq idman ölkəsi kimi qəbul edib. Təsadüfi deyil ki, 2020-ci ilin Olimpiya oyunlarına əsas ev sahibliyi etməyə namizəd dövlətlərdən biri də Azərbaycandır: "Demək istəyirəm ki, dünya bizə rəqibdir. Bu yarışlarda iştirak etmədən Azərbaycana qarşı münasibətin necə olduğunu bilməyəcəksiniz. Həm qorxurlar, çəkinirlər, həm də istəmədən hörmət edirlər. Bunların hamısını keçə-keçə özümüzü sübut edirik ki, bəli, biz də varıq!".

 

"Fala baxmaqla, kart açmaqla Olimpiya oyunlarına hazırlaşmırlar"

 

Bu da onun gəldiyi qənaətlərdən biridir. Qələbə üçün ciddi hazırlaşmaq lazımdır! Diqqətin ancaq nəticəyə yönəlməlidir. Konkret olaraq düşdüyün rəqibin işini həll etməlisən. Ona görə səninlə düşəndə sənin, o birisi ilə düşəndə o birisinin məsələsini "həll etməlisən". Ondan sonra təbii ki, sən qalibsən. Birbu Olimpiya oyunları elədir ki, orada əvvəlcədən idmançıdan nəsə gözləyə bilməzsən. Ani bir vəziyyətdir! Gözünü açıb-yumursan və görürsən ki, o, uduzub gəlib oturub sənin yanında. Gözləmədiyin idmançı elə bir sensasiya edir ki, heyrətə gəlirsən! Bütün idman növündə belədir. Görürsən 10 dəfə dünya çempionu olub, amma adi bir idmançıya uduzur. Ona görə də Olimpiya oyunları nəticəsi gözlənilməz, sürprizli oyunlar adlanır.

O, bir həqiqəti də vurğulayır ki, ikiqat, üçqat Olimpiya çempionu olmağı hansı idmançı arzulamaz ki? Ancaq arzulamaqla bitmir: "Gedirlər və çox vaxt uduzurlar. Bunun da bir sıra səbəbləri var. Çəki salma, xəstələnmə prosesi, yaxud yarışa iki gün qalmış zəhərlənmə. DünyaAvropa çempionatları elədir ki, bir-iki gün qalmış idmançını digəri ilə dəyişmək olar. Amma Olimpiya oyunları belə deyil. Elə idman növləri var ki, hər idmançının özünün adına gəlir. O idmançı da gedib orada öz adını doğrultmalıdır. Belə çıxır ki, idmançı qalib gələndə özü səbəbkardır, məğlub olanda hamı günahkardır. Ona görə də idmanda yazılmamış qanunlar varbu, həmişə olacaq".

 

Bir az da güləşin tarixindən

 

Bu tarix həm də Elçin Cəfərovun öz tarixidir. SSRİ Güləş Federasiyasının tərkibində ilk dəfə 1959-cu ildə Azərbaycan Güləş Federasiyası təsis olunsa da, ölkəmizdə milli güləşin tarixi qədimlərə gedib çıxır. Hələ eramızdan 2500 il əvvəl Misirdə güləş ilə məşğul olurdular. Qədim yunanlar da idmanın bu növünü sevirdilər. O vaxtlar adətən qumla örtülü meydançada güləşirdilər. İdmançıların çılpaq bədənlərinə qum yapışır və onların bədənləri nisbətən az sürüşkən olurdu; bu zaman idmançılar bir-birindən möhkəm yapışa bilirdilər. Azərbaycanda da bu idman növü geniş yayılıb. Peşəkar güləşçilər Sali Süleymanov, Rəşid Yusifov və başqalarının adı çoxlarına məlumdur. 1937-ci ildən milli güləş üzrə rayon, şəhər və respublika yarışları keçirilir. Azərbaycan güləşçilərindən İ.Dadaşov, M.Babayev, R.Məmmədbəyov, A.İbrahimov, A.Niftullayev, R.Hacıyev, T.Paşayev, M.Allahverdiyev , X.İsayev, K.Məcidov və başqaları dünya, Avropa çempionatları və ya Olimpiya oyunlarının, SSRİ birinciliklərinin qalibləri, yaxud mükafatçıları olublar. Azərbaycan idmanının tarixindəki bu şərəfli adı güləşçilərimiz qoruyub saxlaya biliblər. İndinin özündə də yarışlarda Azərbaycan komandasının qazandığı medalların çoxu güləş idman növünün payına düşür. 

Elçin Cəfərov deyir ki, yunan-Roma güləşi ən qədim idman növüdür. İlk dəfə olaraq 1896-cı ildə Olimpiya oyunlarının proqramına daxil olub. Həmin vaxt Olimpiya oyunlarında yeddi növ üzrə mübarizə aparıblar. Səkkizinci güləş olub ki, kim qalib gəlirdisə, o, Olimpiya çempionu olurmuş. Yunan-Roma güləşi bir az çətindir. Burada qurşaqdan yuxarı güləşirsən və onların da hər birinin müdafiəsi var. Gərək bunların hamısını bilib ustalıqla həyata keçirəsən. Bu da bir elmdir! İdmançı idmanda bütün fəndləri, nəticələri göstərir və qalib olur. O, cavanlığını, sağlamlığını və biliyini verir idmana. O da idmanın alimidir. Bir çox idmançılarımız Ukrayna, Belarus, Rusiya kimi ölkələrdə çıxış edirlər. Kamandar Məcidov, Vüqar Orucov Belarusa, qılıncoynadan İlqar Məmmədov isə Moskvaya getdilər. Bizim məşqçilərimiz Türkiyə, İran, ərəb ölkələri və Avropada işləyiblər. Bu gün məşqçilərə tələbat böyükdür. Hətta bir neçə məşqçimiz Braziliyaya dəvət alıb. Şəxsən mənə gəldikdə, dəvətlər olub,  2008-ci il Olimpiya oyunlarından sonra Londona dəvət ediblər. Amma başqa yerlərdə yaşamağım çətin məsələdir. Bu daha çox səhhətimlə bağlıdır".

 

Kiçik qardaşların savaş meydanı - Qarabağ

 

Hamı kimi, onun da taleyinin bir Qarabağ dərdi var! Bu, həm itirilmiş torpaqlardır, həm yerindən-yurdundan didərgin düşən minlərlə insandır, həm də şəhid qardaşıdır. Tanıdığımız insanların çoxunun kiçik qardaşı bu savaşda həlak olub! Hər bir evin ən istəklisi, ən seviləni və ən çox təəssüb çəkən uşaqları... İstər ailənin, istərsə torpağın od-ocağını da qoruyan onlardır, Elçin Cəfərovun kiçik qardaşı Firəddin kimi. Elçin Cəfərov kədərli düşüncələrini bizimlə bölüşür:

- Torpaqsızlıq böyük dərddir. Ümidini itirmək ondan da ağırdır. Hələ başa çatmayan bu davada yaxınlarımla bərabər kiçik qardaşımı da itirdim. Dedi, döyüşmək lazımdır! Anladım ki, kənara çəkilmək mümkün deyil, kimsə döyüşməlidir! Qardaşım döyüşdü və şəhid oldu! Həm kədərlidir, həm qürurverici. Nahaq qan yerdə qalmır. O yerlərə mütləq qayıdacağıq! Bunu kiçik qardaşların ruhu istəyir...

Birson olaraq Elçin Cəfərov deyir ki, idmançı kimi əldə edə bilmədiklərini məşqçi kimi qazanıb:

- Hesab edirəm ki, hər bir yetirməmin qələbəsi mənimdir. Belə bir fikir var: deyirlər, idmançı udanda özü, uduzanda məşqçisi uduzur! Mən bununla qətiyyən razı deyiləm! Həm qələbəni, həm məğlubiyyəti bölməyi bacarmalıyıq!

P.S. Bu günlərdə Elçin Cəfərova  iki böyük sevinc qismət olub. Orta məktəbi bitirən iki övladı - Aytac və Elşən qəbul imtahanlarını uğurla verərək tələbə adını qazanıblar. Bu münasibətlə redaksiyamızın kollektivi adından onu təbrik edirik. Bu xoşbəxtlik yəqin ona canındakı və ürəyindəki bütün ağrıları unutdura biləcək!

 

 

Bəxtiyar QARACA

 

Azərbaycan. - 2013.- 27 avqust.- S. 7.