İndi dünya Azərbaycanı həm də qaz ixrac edən ölkə kimi tanıyır

 

Dünyanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu ildən-ilə artır. İqtisadiyyatının aparıcı sahəsi neft-qaz sənayesi olan ölkəmiz müstəqillik qazandıqdan sonra karbohidrogenlərin hasilatında mühüm irəliləyişlərə nail olub. Qazanılan müvəffəqiyyətlər ulu öndər Heydər Əliyevin uzaqgörən iqtisadi siyasətinin və bu siyasətin uğurla davam etdirilməsinin  nəticəsidir. Müəllifi ümummilli lider Heydər Əliyev olan yeni neft strategiyası öz bəhrələrini verir, onun uğurlu davamı bu sahədə yeni zirvələrin fəth olunmasına, yeni qələbələrə imza atılmasına imkan yaradır.

Dövlət Statistika Komitəsinin məlumatına görə, təkcə 2003-2012-ci illərdə kondensat da daxil edilməklə, 347,4 milyon ton xam neft və 162,5 milyard kubmetr təbii qaz hasil edilib. 10,3 milyon ton avtomobil benzini, 20,5 milyon ton dizel yanacağı, 6,1 milyon ton ağ neft istehsal olunub. Neft hasilatı 2,8, təbii qaz hasilatı isə 5,2 dəfə artıb.

Əsrlərdən bəri neft diyarı kimi tanınan Azərbaycan son illərdə özünü dünyaya həm də qaz ixrac edən ölkə kimi təqdim edə bilib. Bu da ölkədə yeni qaz yataqlarının kəşf edilməsi, hasilatın çoxalması və mavi yanacağın digər ölkələrə də satışı nəticəsində mümkün olub.

Məlumdur ki, dünyanın karbohidrogenlərlə zəngin olan regionlarında bir çox köhnə qaz yataqlarının gücü artıq tükənməkdədir. Yeniləri isə heç də tez-tez kəşf edilmir. Digər tərəfdən, əhali ildən-ilə çoxalır və dünyada qaza olan tələbat da buna paralel olaraq artır. Belə bir şəraitdə son illərdə Azərbaycanda qaz hasilatının artması və üstəlik, yeni-yeni yataqların kəşf olunması böyük əhəmiyyət kəsb edir.

Azərbaycanda qaz həm ARDNŞ-nin istismar etdiyi, həm də xarici şirkətlərlə birgə işlənən yataqlardan əldə olunur. "Günəşli", "Bahar" və digər köhnə yataqlardan çıxarılan mavi yanacaq, "Azəri", "Çıraq", "Dərinsulu Günəşli"nin səmt qazı və artıq 7 ildir "Şahdəniz"dən əldə olunan hasilat sayəsində ölkəmizin özünün enerji baxımından da müstəqilliyini təmin etməsində mühüm rol oynayıb.

İxrac olunan qaz barədə söhbət gedəndə, ilk növbədə, "Şahdəniz" yada düşür. Bu, hazırda dünyanın dəniz akvatoriyalarında işlənən ən iri qaz-kondensat yataqlarından biridir. Əməliyyatçısı olan BP-nin "portfel"ində isə ən böyük layihədir.

"Şahdəniz"in sübut olunmuş ehtiyatları 1,2 trilyon kubmetr qaz və 240 milyon tondan çox kondensat həcmində qiymətləndirilir. BP-in məlumatına görə, 2006-cı ilin sonlarından, yəni "Şahdəniz"də hasilata başlanandan indiyədək yataqdan bazarlara təxminən 42,7 milyard kubmetr qaz və 11,3 milyon ton kondensat ixrac edilib. Bu ilin birinci yarısında "Şahdəniz"in hasilatını 4,8 milyard kubmetr qaz və 1,26 milyon ton kondensat təşkil edib.

İndi Azərbaycan qazın ixracı üçün də mükəmməl infrastruktura malikdir. Ölkəmizin istər öz ərazisinə, istərsə də xaricə qaz nəql etmək üçün geniş kəmərlər şəbəkəsi var və onlar getdikcə şaxələnməkdədir.

"Şahdəniz" qazına gəldikdə isə, o, Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına nəql olunur. Əlbəttə, söhbət yatağın işlənməsinin birinci mərhələsindən gedir. Bu mərhələ çərçivəsində çıxarılan yanacaq Xəzərdən  sualtı borularla Səngəçal terminalına gətirilir. Orada isə ilkin emaldan keçirilərək Cənubi Qafqaz Boru Kəmərinə (CQBK) vurulur.

CQBK Azərbaycanda 443 kilometr və Gürcüstanda 248 kilometr ərazidən keçərək "Şahdəniz" qazını Türkiyə sərhədinədək aparır. Türkiyə ərazisində bu kəmərə daha 280 kilometrlik bir xətt birləşir və Azərbaycan qazını Ərzuruma çatdırır. Odur ki, bütövlükdə bu kəmər Bakı-Tbilisi-Ərzurum adlanır.

İkinci mərhələnin qazının isə 2018-ci ildə alınacağı gözlənilir. Həmin mərhələdə yataqdan ildə 16 milyard kubmetr qaz alınacaq. Bu, birinci  mərhələnin illik hasilatından az qala iki dəfə çoxdur. Odur ki, dənizdə və quruda yeni infrastruktur yaradılacaq. Xəzərdə iki yeni platforma tikiləcək, sualtı borular çəkiləcək, Səngəçal terminalında genişləndirmə işləri görüləcək. Cənubi Qafqaz Boru Kəməri artan həcmləri qəbul etmək üçün genişləndiriləcək. Üstəlik, "Şahdəniz-2" qazını Avropadakı istehlakçılara da çatdırmaq üçün əlavə xətlər gərəkdir.

Qazın nəqli üçün zəruri olan bu məsələlər indi öz uğurlu həllini tapmaqdadır. Başqa sözlə, "Cənub qaz dəhlizi"nin marşrutu müəyyən olunub və buna müvafiq də işlər aparılır. Əlbəttə, ilk növbədə, CQBK-nın gücü artırılacaq.

CQBK Bakı-Tbilisi-Ərzurum xəttinin əsas hissəsini təşkil edir. O, Azərbaycanın 13 bölgəsindən - Abşeron, Qaradağ, Hacıqabul, Ağsu, Kürdəmir, Ucar, Ağdaş, Yevlax, Goranboy, Samux, Tovuz, Şəmkir və Ağstafadan keçir. Yeni həcmləri qəbul etmək üçün Hacıqabul rayonunun Muğan qəsəbəsi yaxınlığından başlayaraq kəmərə paralel olaraq yeni bir xətt tikiləcək.

Gürcüstan sərhədinədək uzanan yeni kəmərin uzunluğu 387 kilometr olacaq. Onun başlanğıcında bir ərsinləmə, marşrutu boyu isə 5 siyirtmə stansiyasının tikintisi planlaşdırılıb.

CQBK-nın Gürcüstan hissəsində isə ölkənin Türkiyə ilə sərhədində qısa  kəmər, bir ərsinləmə, iki kompressor, bir təzyiqazaltma və bir təzyiqölçmə stansiyaları inşa ediləcək. Beləliklə, genişləndirilmiş CQBK "Cənub qaz dəhlizi"nin güclü bir qoluna çevriləcək.

"Şahdəniz-2"dən əldə olunan qazın ildə 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri Avropa ölkələrinə satılacaq. Azərbaycan qazını Avropaya aparan yollar da məhz Türkiyədən keçəcək. Azərbaycanla Avropa arasında körpü yaratmaq rolu TANAP-ın  - Trans Anadolu Qaz Boru Kəmərinin üzərinə düşür. Keçən ilin iyun ayında Azərbaycan və Türkiyə bu məsələyə dair hökumətlərarası müqavilə imzalayıblar.

TANAP-ı bütün dünya yüksək dəyərləndirir. İndi hamıya bəllidir ki, bu layihənin də təşəbbüskarı Azərbaycandır. Ən böyük maliyyə yükünü və bütün texniki riskləri də biz öz üzərimizə götürmüşük. TANAP-ı haqlı olaraq BTC-dən sonra regionda ən böyük layihə adlandırırlar.

Təsadüfi deyil ki, TANAP layihəsində iştirak paylarının 80 faizi ARDNŞ-yə, qalan 20 faizi isə Türkiyənin BOTAŞ və TPAO şirkətlərinə məxsusdur. Kəmərin tikintisinin 2018-ci ilin əvvəllərində başa çatacağı nəzərdə tutulur.

"Şahdəniz" qaz-kondensat yatağının işlənməsində və istismarında tərəfdaşlıq edən şirkətlərdən 3-ü TANAP-a qoşulmaq niyyətindədir. Bunlar "Şahdəniz" layihəsinin əməliyyatçısı BP, tərəfdaşlardan "Statoyl" və "Total" şirkətləridir. BP və "Statoyl" hər biri layihədə 12, "Total" isə 5 faiz payla iştirak etməyi nəzərdə tutublar. Bu fikrin reallaşması üçün danışıqlar aparılır.

TANAP-ın uzunluğu təxminən 2000 kilometr olacaq.  Kəmər Gürcüstan-Türkiyə sərhədindən başlayaraq Ərdəhan, Qars, Ərzurum, Gümüşhanə, Ərzincan və neçə-neçə digər bölgədən keçəcək. 56 düymlük bu boru xəttinin Avropaya çıxış nöqtələri Yunanıstan və Bolqarıstan sərhədləri olacaq. Türkiyənin özünün daxilində isə kəmər Əskişəhər və Trakya bölgələrinə çıxacaq. TANAP böyük qazötürmə qabiliyyətinə malik olacaq. 

Azərbaycan bütün dünyada özünün etibarlı tərəfdaş olduğunu və bu tərəfdaşlığın getdikcə möhkəmləndiyini bir daha sübut edir. Konkret olaraq sözügedən TANAP Türkiyənin və Azərbaycanın enerji sahəsində bundan əvvəl Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kəmərləri ilə vüsət alan, "Petkim"lə davam etdirilən əməkdaşlıq və tərəfdaşlığını daha da möhkəmləndirəcək. TANAP həyata keçiriləndən sonra dünyanın yeni enerji qaynağına çevriləcək.

TANAP həm də Azərbaycanla Avropa ölkələri arasında bir körpü olacaq. Yəni Avropaya istiqamətlənən yanacağı TAP-a (Trans Adriatik Qaz Boru Kəməri) məhz TANAP ötürəcək.

Qazın Avropaya nəqli üçün TAP intensiv qiymətləndirmə nəticəsində bir neçə kəmərin sırasından seçilib. Bu kəmər başlanğıcını Türkiyə-Yunanıstan sərhədindən götürəcək və Albaniyanın ərazisindən, Adriatik dənizindən keçərək İtaliyaya çatacaq. İtaliyada və Yunanıstanda kəmər həmin yerlərdə mövcud olan qaz infrastrukturu ilə birləşəcək.

Hazırda "Şahdəniz" konsorsiumu qaz satışı üzrə İtaliya və Yunanıstanda bir sıra şirkətlərlə şərtlərini razılaşdırıb. Bundan əlavə, Bolqarıstanda satışı həyata keçirmək üçün danışıqlar aparılır.

Gələcəkdə TAP-dan ayrılan "qollar" Azərbaycanın qaz ixracını daha da şaxələndirəcək. Qaz ixracının diversifikasiyası üçün yaratdığı imkanlar Azərbaycanın bu sahədə də şöhrətini bir daha artıracaq.

Xəzərdə zəngin ehtiyatlara malik olan qaz yataqlarımız çoxdur. "Ümid" bunu təsdiqlədi. Əslində, geoloqlar "Şahdəniz"in Xəzərin ölkəmizə məxsus sektorunda tək olmadığı fikrini çoxdan, özü də inamla söyləmişdilər. Əvvəlcə bunu "Ümid"in kəşfi sübut etdi. ARDNŞ-nin öz daxili ehtiyatları hesabına burada aparılan kəşfiyyat işləri böyük müvəffəqiyyətlə nəticələndi. Dənizin 58 metr dərinliyində quraşdırılmış stasionar özüldən qazılan birinci quyudan güclü qaz axını alındı. Bu, Xəzərdə yeni, zəngin bir qaz-kondensat yatağının olduğunu xəbər verdi.

ARDNŞ-nin heç bir xarici şirkətin iştirakı olmadan bu yatağı təklikdə kəşf etməsi və işləməsi son illərdə Azərbaycanın sözügedən sahədə də necə gücləndiyini şərhsiz sübut edən faktdır. İlkin hesablamalara görə, "Ümid"in çıxarıla bilən ehtiyatları 200 milyard kubmetr qaz, 40 milyon ton kondensat həcmində qiymətləndirilir. Hazırda "Ümid" ümidləri doğruldaraq qaz və kondensat verir.

"Ümid"in kəşfindən sonra daha bir yataq haqqında xoş müjdə gəldi.

"Abşeron"u ARDNŞ, Fransanın "Total" və GdT şirkətləri birgə işləyirlər. Bu struktur Cənubi Xəzər neftli-qazlı hövzəsinin Abşeron arxipelaqında, Bakıdan 85-100 kilometr şərqdə yerləşir. Azərbaycan geofizikləri "Abşeron"u hələ 1960-cı ildə aşkar etmişdilər. 1993-cü ildə struktur axtarış qazmasına hazırlanmışdı. 1997-ci ildə blokun "Şevron" və "Total" şirkətləri ilə birgə işlənməsinə dair saziş imzalanmışdı. 2000-ci ildə burada bir quyu qazılsa da, texniki səbəblərdən ləğv edilmiş və 2005-ci ildə sazişə xitam verilmişdi.

Lakin əldə olunan geoloji-kəşfiyyat məlumatlarının təkrar qiymətləndirilməsi "Abşeron"u yenidən gündəmə gətirdi. 2009-cu ilin fevral ayında ARDNŞ-lə "Total" arasında yeni bir saziş imzalandı. 2011-ci ilin yanvarında layihə dərinliyi 7200 metr olan quyunun qazılmasına başlandı. Sentyabrda 6558 metr dərinlikdə Fasilə lay dəstəsi açıldı. Quyuda aparılmış geofiziki tədqiqat işlərinin nəticəsi müsbət qiymətləndirilir. Mütəxəssislərin ilkin hesablamalarına görə, "Abşeron" yatağında 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində karbohidrogen ehtiyatlarının olduğu ehtimal edilir.

2010-cu ilin oktyabrında ARDNŞ və BP Azərbaycan şirkəti arasında "Şəfəq-Asiman" perspektiv strukturunun birgə geoloji-kəşfiyyatı və işlənməsi haqqında Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalanıb. 2012-ci ildə "Gilavar" seysmik gəmisi ilə həmin strukturda üçölçülü seysmik tədqiqat proqramının başa çatdırılması da son illərin nailiyyətlərindəndir. Çünki bu, müqavilə ərazisində indiyədək aparılmış ilk üçölçülü seysmik tədqiqatdır.  Hazırda əldə edilmiş məlumatların təhlili aparılır.

Xəzərin Azərbaycan sektorunda "Naxçıvan", "Babək" və digər perspektiv strukturlar da mövcuddur. Gələcəkdə bu layihələrdən əldə olunacaq fayda sayəsində Azərbaycanın dünyanın enerji təhlükəsizliyinin təminatında rolu daha da artacaq.

Ölkədə qaz hasilatının durmadan yüksəldiyi, mühüm ehtiyat həcmlərinin toplanılması üçün münbit şəraitin yarandığı bir dövrdə yeraltı qaz anbarları da mühüm əhəmiyyət daşıyır. Hazırda Qaradağ və Qalmazda yeraltı qazsaxlama anbarları fəaliyyət göstərir. Əhalinin və iqtisadiyyatın təbii qaza olan tələbatının davamlı təminatında, ölkənin ixrac potensialının genişləndirilməsində mühüm rolu olan anbarların tutumunun genişləndirilməsi qarşıya prioritet vəzifə kimi qoyulmuşdu. Bu vəzifə də uğurla yerinə yetirilib.

Respublikanın daxili qaz təchizatı sisteminin yenilənməsi ARDNŞ üçün xüsusi aktuallıq kəsb edir. "Azəriqaz" İstehsalat Birliyi şirkətin tərkibinə daxil edildikdən sonra ölkədə qazlaşdırmanın yeni mərhələsi başlanıb. Bu məqsədlə aparılan tikinti-quraşdırma və təmir-bərpa işləri respublikanın bütün ərazisini əhatə edir. Qaz təsərrüfatının, paylayıcı sistemin dünya standartlarına uyğunlaşdırılması, sahənin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində görülmüş təxirəsalınmaz tədbirlər artıq öz bəhrəsini verməkdədir. Ötən müddət ərzində onlarca yaşayış məntəqəsi qazlaşdırılıb, minlərlə abonentə mavi yanacaq verilib. Müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib, qazpaylayıcı stansiyalar quraşdırılıb, qaztənzimləyici məntəqələrdə və qaz kəmərlərində əsaslı təmir işləri aparılıb.

ARDNŞ-nin "Azəriqaz" İstehsalat Birliyi ilə Almaniyanın "E.ON Ruhrgas AG" şirkəti arasında Bakı şəhərində və Abşeron yarımadasında  qaz təchizatı sisteminin müasirləşdirilməsi üçün texniki-iqtisadi əsaslandırmanın hazırlanması haqqında xidmət müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, "E.ON Ruhrgas" şirkəti tərəfindən qaz itkisinin qarşısının alınması, habelə əhalinin artımı və sənayenin davamlı inkişafı nəticəsində gələcəkdə daha da yüksələcək tələbatı ödəmək məqsədilə Bakı şəhəri və Abşeron yarımadasında mövcud qaz təchizatı şəbəkəsinin genişləndirilməsi, müasirləşdirilməsi və yenidən qurulmasını həyata keçirmək istiqamətində aparılan layihələndirmə işləri uğurla davam etdirilir. Avropanın ən böyük enerji şirkətlərindən biri ilə belə bir əməkdaşlığın qurulması, şübhəsiz ki, Bakı şəhəri və ümumilikdə Abşeron yarımadasının qaz nəqli infrastrukturunun inkişafına mühüm töhfə verəcək.

Ümumiyyətlə, son illərdə ölkədə həyata keçirilən qazlaşdırılma layihələri təqdirəlayiqdir. Bu ilin investisiya proqramında da həmin məqsədlər üçün xeyli vəsait nəzərdə tutulub. İlin sonunadək ölkənin ümumi qazlaşdırma səviyyəsi 90 faizə çata bilər. İşlər bu məqsədə yönəldilib. Hərçənd ki, ölkənin bir hissəsini dağlıq ərazilər təşkil edir, oraya qaz xətlərinin çəkilişi texniki cəhətdən çətindir  çoxlu xərc tələb edir. Bununla belə, əhalinin qazla təminatı prioritet vəzifə kimi qarşıda durur. Yeni qaz boruları çəkilir, ölçü mexanizmləri, sayğaclaşma tamamilə yeni səviyyədə aparılır. Hazırda bölgələrdə gedən işlər qarşıya qoyulan vəzifələrin yerinə yetiriləcəyini deməyə əsas verir.

Təsadüfi deyil ki, son illərdə ARDNŞ-nin əsas fəaliyyət istiqamətlərindən birini Qaz Proqramının həyata keçirilməsi təşkil edib. Proqram  çərçivəsində şirkətin müstəqil işlədiyi qaz-kondensat yataqlarında quyuların yerləşmə şəbəkəsi təkmilləşdirilib, yeni quyular qazılaraq istismara verilib, mövcud kommunikasiyalar yenidən qurulub, boru xətləri çəkilib, əlavə neft-mədən obyektləri tikilib. Yeni tələblərə cavab verən mükəmməl texniki sistemin yaradılması nəticəsində gündəlik texnoloji sərf və itkilər minimuma endirilib, qazma və istismar qurğuları modernləşdirilib, səmərəli texnika-texnologiyalar  tətbiq edilib. Müasir idarəetmə və nəzarət sistemləri ilə təmin olunmuş yığım-nəql şəbəkəsi yaradılıb, yeni kompressor stansiyaları tikilib, mövcud stansiyalar genişləndirilib və yenidən qurulub. Odur ki, bu gün Azərbaycanın ən ucqar, heç sovet dövründə də qaz almayan kəndlərində mavi alov şölələnir.

 

 

 

Flora SADIQLI

 

Azərbaycan. - 2013.- 28 avqust.- S. 1.