Binəqədidə «Sağlam gənclik-10 il» mövzusunda tədbir keçirilmişdir

 

Avqustun 27-də Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasında "Sağlam gənclik-10 il" mövzusunda tədbir keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının inzibati binasının qarşısında ucaldılmış abidəsini ziyarət edərək, xatirəsinə ehtiramlarını bildirmişlər.

Binəqədi rayon fəal gənclərinin və "İrəli" İctimai Birliyinin üzvlərinin iştirakı ilə keçirilən tədbirdə qeyd olunmuşdur ki, bu gün Azərbaycan gəncliyi vətənpərvərliyi, dövlətə və xalqa hədsiz sədaqəti, öz fəallığı, müasirliyi ilə seçilir. Ümummilli məsələlərin həllində gənclər ön sırada Azərbaycanın maraqlarını müdafiə edir, var qüvvələri ilə ölkəmizin çiçəklənməsinə, tərəqqisinə öz dəyərli töhfələrini verirlər. Dövlət gənclər siyasətinin başlıca məqsədləri isə gənclərin hərtərəfli inkişafını təmin etmək, onların sosial problemlərinin həlli və cəmiyyətdə layiqli yer tutması üçün əlverişli şərait yaratmaqdır.

Vurğulanmışdır ki, bu gün dövlət tərəfindən gənclərin sağlam həyat sürməsi, onların elm, təhsil, idman və digər sahələrdə fəaliyyət göstərmələri üçün böyük imkanlar yaradılmışdır. Azərbaycan gənclərinin cəmiyyətdə rolunu, onların ölkəmizin inkişafında iştiraklarını və məsuliyyətlərini daha da artırmaq kimi məsələlərin təməli ulu öndər Heydər Əliyev tərəfindən böyük uzaqgörənliklə qoyulmuşdur. Bu gün bu məsələlərin daha böyük müstəvidə inkişafı həyata keçirilən dövlət gənclər siyasətində özünü göstərməkdədir.

"Sağlam gənclik-10 il" mövzusunda tədbir "Sağlam həyatın dəyərləri" mövzusunda panel iclasla davam etmişdir. Diskussiya formatında davam edən iclasda gənclərin sualları cavablandırılmışdır.

Tədbir Binəqədi Rayon İcra Hakimiyyəti, rayon gənclər və idman idarəsi, YAP Binəqədi rayon təşkilatı, "İrəli" İctimai Birliyi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmişdir.

 

Azərbaycan. - 2013.- 28 avqust.- S. 3.