«Şəfəq»in fəxri

 

Məzahir Məmmədov Quba şəhərində doğulub, uşaqlıqdan jurnalist olmaq arzusuna düşüb. Əsgərlikdən sonra elə rayon mərkəzindəki mətbəədə çalışıb. Addım-addım arzusuna sarı gedib. Tale onu "Şəfəq" qəzeti redaksiyasına gətirib və 17 il mətbəədə çalışıb. BDU-nun  jurnalistika fakültəsini bitirdikdən sonra isə müxbir kimi artıq 23 ildir ki, "Şəfəq" qəzetində fəaliyyətini davam etdirir, necə deyərlər, bu qəzetlə nəfəs alır.

O, həm də AzərTAc-ın şimal bölgəsi üzrə müxbiri işləmişdir. İnformasiya qıtlığı dövrünün yazarlarından olan Məzahir həmin illərin çətinliklərinə baxmayaraq, öz işinin öhdəsindən layiqincə gəlib. O, rayonumuzda həyatın nəbzini tutmağı bacaran istedadlı jurnalist, biliklərə can atan, mütaliəni sevən ziyalı kimi tanınır.

Qubada müxtəlif millətlərin nümayəndələri yaşayır, rayonumuz, sözün əsl mənasında, ölkəmizdə tolerantlığı ilə seçilən bölgələrdən biridir.  Azərbaycançılıq ideyalarının, respublikamızda yaşayan xalqlar arasında dostluq əlaqələrinin təbliği də Məzahir müəllimin yaradıcılığında geniş yer ayırdığı mövzulardandır. M.Məmmədovun yazıları həmçinin "Azərbaycan", "Xalq qəzeti", "Respublika", "Zaman" və başqa qəzetlərdə dərc olunur.

2000-ci ildə ən fəal mətbuat işçisi hesab edildiyinə görə o, rayon icra hakimiyyətinin fəxri fərmanı ilə təltif edilmiş, Azərbaycan Jurnalistlər Birliyinin diplomuna layiq görülmüşdür. 2011-ci ildə "Şəfəq" qəzetinin 90 illik yubileyi münasibətilə keçirilən tədbirdə Azərbaycan Mətbuat Şurasının, Azərbaycan Jurnalistlər Birliyinin, Beynəlxalq "Gülüstan" Ədəbiyyatçılar İttifaqının "Dostluq"-"Drujba" diplomuna, rayon icra hakimiyyətinin diplomlarına və fəxri fərmanlara layiq görülmüşdür.

40 ildən artıq "Şəfəq" qəzetində fəaliyyət göstərən M.Məmmədov rayonumuzun tanınmış və nüfuzlu jurnalistlərindəndir. Ömrünün ixtiyar çağında o, yenə də tükənməyən gənclik həvəsi ilə çalışır, qələmini cilalayır, sözünün təsirli və kəsərli olmasına çalışır.

 

Qəhrəman QASIMOV,

 

Quba rayonu

 

Azərbaycan. - 2013.- 25 avqust.- S. 6.