Həmvətənimiz professor Arif Quliyev Ukraynanın yüksək dövlət mükafatına layiq görülmüşdür

 

AzərTAc xəbər verir ki, Ukraynanın Müstəqillik Günü ilə əlaqədar olaraq Ukrayna Prezidentinin 448/2013 nömrəli fərmanı ilə ölkədə dövlət quruculuğu, sosial-iqtisadi, elmi-texniki, mədəniyyət və təhsil sahələrinin inkişafına böyük töhfəsinə, sanballı əmək nailiyyətlərinə və yüksək peşəkarlıqlarına görə elm və təhsil sistemi işçilərinin bir qrupuna "Ukraynanın əməkdar təhsil işçisi" fəxri adı verilmişdir.

Mükafatlandırılanlar arasında həmvətənimiz, Ukrayna Milli Aviasiya Universitetinin (MAU) Beynəlxalq Münasibətlər İnstitutunun beynəlxalq hüquq kafedrasının professoru, "Xalq Diplomatiyası İnstitutu" ictimai təşkilatı idarə heyətinin başçısı, "Azərbaycançılıq İnstitutu" beynəlxalq ictimai təşkilatının və "Ukrayna Azərbaycanlılarının Elmi Şurası" ictimai təşkilatının həmtəsisçisi, Ukrayna Azərbaycanlıları Konqresi (UAK) sədrinin müavini Arif Cəmil oğlu Quliyev də vardır

Qeyd etmək lazımdır ki, hüquq elmləri doktoru Arif Quliyevin Azərbaycanın dövlət, habelə diplomatiya xidməti, o cümlədən Ukraynanın elm və tədris sahəsində çox böyük təcrübəsi vardır. O, terrorizmə qarşı mübarizənin beynəlxalq hüquqi tənzimi mexanizmlərinin və prezidentlik təsisatının kompleks tədqiqi, terrorizmə qarşı mübarizədə prezidentlik təsisatının fəallaşdırılması modellərinin milli xüsusiyyətlərinin və səciyyəvi cəhətlərinin araşdırılması, milli qanunvericilikdə beynəlxalq antiterror normalarının həyata keçirilməsi sahəsində fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi mövzusunda bir sıra elmi əsərlərin müəllifidir.

Layiqli mükafat alması münasibətilə həmvətənimizi təbrik edir, onunla qürur duyur və gələcək işlərində ona uğurlar arzulayırıq.

 

Azərbaycan. - 2013.- 25 avqust.- S. 7.