BP Azərbaycan şirkətində işləyənlərin böyük əksəriyyəti artıq yerli kadrlardır

 

Onlar vaxtilə burada çalışan xarici mütəxəssisləri əvəz edirlər

 

 

Hazırda ölkəmizin BP Azərbaycan şirkətində çalışan vətəndaşlarının sayı 2655 nəfərdir. Şirkətin ixtisaslı daimi işçilərinin 84 faizini yerli mütəxəssislər təşkil edir. Onların bir çoxu rəhbər vəzifələrdədir. Təkcə bu ilin əvvəlindən işə 50 nəfər Azərbaycan vətəndaşı qəbul edilib.

19 il əvvəl "Əsrin müqaviləsi" təzəcə imzalanandabundan sonrakı ilk dövrlərdə xarici şirkətlərlə birgə işlənən neft-qaz layihələrində çalışanların əksəriyyəti əcnəbilər idi. Ən böyük layihələrin  əməliyyatçısı olan BP isə bildirirdi ki, illər keçdikcə xariciləri yerli mütəxəssislər əvəz edəcək. Müəllifi ümummilli lider Heydər Əliyev olan yeni neft strategiyasının müvəffəqiyyətlə davam etdirilməsinin, Azərbaycanın xarici şirkətlərlə etibarlı tərəfdaşlıq əlaqələri qurmasının uğurlu nəticələrindən biri də məhz budur: indi neft-qazixrac layihələrinin həyata keçirilməsində çalışanların əksəriyyəti Azərbaycan vətəndaşıdır.  

"Azəri-Çıraq-Günəşli", Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəməri, "Şahdəniz", Cənubi Qafqaz Boru Kəməri kimi iri layihələrin operatoru olan BP şirkəti daha çox Azərbaycan vətəndaşını işə qəbul etməyi, başqa sözlə, güclü milli işçi qüvvəsi formalaşdırmağı özünün əsas prioritetlərindən biri sayır.  Şirkət buna əməkdaşlarının icra göstəriciləri və karyera inkişafını fəal şəkildə idarə etməklə, eləcə də işə yeni istedadları cəlb etməklə nail olur.

Təkcə 2012-ci ildə Azərbaycanda BP-nin daimi yerli işçilərinin ümumi sayı 234 nəfər, yaxud 11 faizdən çox artıb. Bu da şirkətin ixtisaslı milli işçi qüvvəsi yetişdirmək öhdəliyinə sədaqətini bir daha nümayiş etdirir.

İl ərzində yüksək vəzifəli yerli vətəndaşların sayı 13 faiz artaraq 168-ə çatdı. Onların arasındakı qadın əməkdaşların əksəriyyəti maliyyə və insan resursları şöbəsində, kişi menecerlər isə əsasən əməliyyatlar, mühəndis-texniki, maliyyə, həmçinin sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi sahələrində işləyir. Keçən il 22 azərbaycanlı əməkdaş digər ölkələrə ezam olunaraq orada yüksək vəzifələrdə çalışıb.

"BP Azərbaycanda. Davamlı inkişaf haqqınqda hesabat - 2012"də bildirilir ki, şirkət ixtisaslı işçi heyətinə olan gələcək tələbatını qismən keçən il   başladığı innovativ neft-qaz ixtisaslı məzunların təkmilləşdirilməsi proqramı vasitəsilə ödəməyi planlaşdırır.

"İnsanlar ən dəyərli sərvətimizdir,- deyirlər BP-də. - Əməliyyatlarımızın davamlı irəliləməsi üçün hər gün arxalandığımız onların istedadı və vəzifə borcu hissləridir. Hər bir üçün insanları düzgün seçməyə çalışır, onlara yaxşı təlim keçir və hörmətlə yanaşırıq. Bundan əlavə, bütün prosesi düzgün  apardığımıza, hər bir işi səmərəli və şəffaf gördüyümüzə əmin olmaq üçün öz işəgötürmə proseslərimizi və prosedurlarımızı davamlı olaraq nəzərdən keçiririk".

Şirkət məzunların və yay təcrübəsi keçən tələbələrin  işə götürülməsi proqramını da davam etdirir. Keçən il həm texniki, həm də qeyri-texniki sahələr üzrə geniş çeşiddə işlərə 3357 namizəd maraq göstərib. Buraya əməliyyatlar, sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi, mühəndis-texniki, geoloji-geofiziki işlər, quyular, maliyyə, tədarük və təchizatın idarə edilməsi, eləcə də informasiya texnologiyaları üzrə vəzifələr daxil idi. Yekun müsahibə mərhələsinə 351 nəfər çıxdı. Sonda 57 yay təcrübəçisi və 104 məzun işə götürüldü. Məzunlardan 50-sinə BP-də daimi təklif edildi, qalan 55 nəfər isə "Neft-qaz ixtisaslı məzunların təkmilləşdirilməsi proqramı" adlanan təlim proqramına cəlb olundu.

Bununla yanaşı, keçən il texniklərin işə qəbulu üçün iki kampaniya keçirildi. Nəticədə 120 texnikə təklif olundu. Müxtəlif ixtisaslar üzrə işə götürülmüş texniklər Xəzər Texniki Təlim Mərkəzində 18 aylıq intensiv təlim proqramı keçməlidirlər. Təlimdən sonra isə onlar dənizdəki və qurudakı yerlərinə göndəriləcək.

Bu il isə BP öz mühəndisləri üçün yeni ixtisasartırma proqramına başlayıb. Bu proqramın məqsədi mühəndislərin BP-dəki karyeralarının ilk illərində peşəkar təcrübəyə əsaslanan inkişafını dəstəkləməkdir. Belə proqramlar şirkətdə quyular, geoloji əməliyyatlar və sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin mühafizəsi mütəxəssisləri üçün artıq xeyli müddətdir həyata keçirilir. Onların sayəsində uğurlu nəticələr əldə olunub. Bu il ərzində BP həmçinin mühəndislərə öz illik mükafatlarını təqdim edərək bir qrup yerli mütəxəssisin nailiyyətlərini dəyərləndirib. Bu mükafatları alan yerli mütəxəssislərin sayı əvvəlki illərlə müqayisədə xeyli artıb. 

Bundan əlavə, BP-nin əməliyyatçılıq etdiyi layihələrdə aparılan tikinti quraşdırma işlərinə yerli podratçı, subpodratçı və təchizatçılar cəlb olunur. Məsələn, bu ilin sonunda neft verəcəyi gözlənilən "Qərbi Çıraq" platformasının Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda inşa edilmiş dayaq blokunun tikintisinə 2000 nəfər işçi cəlb olunmuşdu. Bu işçi qüvvəsinin təxminən 96 faizi Azərbaycan vətəndaşı idi. Bibiheybətdəki "AMEK-Tekfen-Asfen" tikinti-quraşdırma sahəsində isə platformanın üst modullarının inşa edilməsinə üç il ərzində 4000 nəfər cəlb olunub ki, bunların da 90 faizi ölkəmizin öz vətəndaşlarıdır.

Bütün bunlar göstərir ki, Azərbaycanda yerli işçi qüvvəsindən və ehtiyatlardan istifadəni maksimuma çatdırmaq BP-nin başlıca prioritetlərindən olaraq qalır.

 

 

Flora SADIQLI

 

Azərbaycan. - 2013.- 28 avqust.- S. 7.