Bizim Forum, bizim Seçim, bizim Azərbaycan

 

45 ölkədə təhsil alan 600 gənc bu məramla sabah ASAIF-in XI Bakı Forumuna toplaşacaq

 

Bu gün dünyanın bir çox ölkələrinin ali məktəblərinin bakalavr, magistratura, aspirantura və doktorantura pillələrində 5 mindən artıq azərbaycanlı gənc təhsil alır. Bu tələbələr sırasında dövlət dəstəyi ilə oxyanlar üstünlük təşkil edir. Azərbaycan gənclərinin dünyanın ən aparıcı tədris müəssisələrində təhsil alması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 19 oktyabr 2006-cı il tarixdə "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almasına dair Dövlət Proqramı haqqında" və 16 aprel 2007-ci il tarixində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrədə təhsili üzrə Dövlət Proqramının təsdiq edilməsi barədə" imzaladığı sərəncamlar əsasında azərbaycanlı tələbələr bu gün ABŞ, Böyük Britaniya, Fransa, Almaniya, Yeni Zellandiya, Avstriya, Yaponiya, Avstraliya, Cənubi Koreya, İsveç, Niderland və digər ölkələrdə təhsillərini davam etdirirlər.

 

Birləşdirici missiya

 

Hazırda xaricdə təhsil alan və eyni zamanda xarici ölkələrin universitetlərinin məzunu olmuş gənclərimiz arasında böyük bir şəbəkə mövcuddur. Bu şəbəkəni yaradan və azərbaycanlı tələbələri bir araya gətirən Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu - ASAIF (Azerbaijani Students and Alumni International Forum) uzun bir tarixi inkişaf dövrünə malikdir. Belə ki, bu təşkilat 2001-ci ildən başlayaraq Azərbaycanda xaricdə təhsil alan gəncləri bir araya toplamaq məqsədilə illik yay forumları keçirməyə başlamışdır. Bu missiya ilə fəaliyyətə başlamış ASAIF hazırda dünyanın 50-dən çox ölkəsində nümayəndələr vasitəsilə təmsil olunan və dəyərli insan kapitalın təşkil edən azərbaycanlı gəncləri öz çətiri altında birləşdirmə məqsədi daşıyan ictimai təşkilatdır. Xaricdə təhsil alan və məzun olmuş gəncləri ortaq azərbaycançılıq dəyərləri ətrafında birləşdirmək məramı daşıyan təşkilatın fəaliyyətini rəsmiləşdirmək məqsədilə 2010-cu ilin 15 sentyabr tarixində təsis toplantısı təşkil edilmişdir. 24 sentyabr 2010-cu ildə təşkilat "Xaricdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu" İctimai Birliyi kimi dövlət qeydiyyatına alınmışdır.

Azərbaycanın beynəlxalq arenada layiqincə təmsili, ölkə reallıqlarının dünya ictimaiyyətinə çatdırılması və bu işdə potensiallı azərbaycanlı gənclərin imkanlarından istifadə edilməsi məqsədilə təşkilat uğurlu diaspor və lobbiçilik fəaliyyəti, şəbəkələşmə, beynəlxalq səviyyədə tədbirlərin və xüsusilə də forumların təşkili və bu yolla artan insan kapitalının lazımi istiqamətlərə yönəldilməsini özünün prioritet istiqamətləri kimi müəyyənləşdirmişdir. İndiyə qədər dünyanın bir çox iri şəhərlərində mühüm tədbirlər keçirmiş təşkilat beynəlxalq məkanda fəaliyyətini və əməkdaşlıq istiqamətlərini davamlı olaraq genişləndirir.

 

Lobbiçilik və diaspor fəaliyyəti ASAIF-in ən vacib prioritetidir

 

Uzunmüddətli təcrübə mübadiləsi və ortaq dəyərlər nəticəsində bir araya gəlmiş dövlətin tərəqqi prioritetlərini öz inkişafları kimi qəbul edən, Azərbaycanın xaricdə təmsil olunması və nüfuzunun daha da yüksəldilməsi sahəsində yorulmadan əmək sərf edən azərbaycanlı gənclər ASAİF-in tərkib hissəsini təşkil etməkdədirlər. Ceyhun Osmanlı, Nemət Nağdəliyev, Orxan Əkbərov və digərlərinin təsisçisi olduğu qurumun sədri Böyük Britaniyada təhsil alan Ramin Həkimovdur.

Foruma hazırlıq, sənədlərin, müraciətlərin qəbulu və digər proseslərlə bağlı məlumat almaq üçün ASAIF-in ofisinə yollandıq. Hər kəs ona verilən tapşırıqla məşğul idi. Forumla bağlı təyin olunmuş koordinatorlar qeydiyyat məsələsi, digər üzvlər qonaqların qəbulu və iştirakçıların çıxışları ilə bağlı lazım olan bütün məsələləri birlikdə müzakirəyə çıxarıb həll edirdilər.

ASAIF-in sədri Ramin Həkimov söhbətində bildirdi ki, təşkilat dünyanın bir çox nüfuzlu ali məktəblərində təhsil alan və məzun olmuş gəncləri milli-mənəvi dəyərlərimiz ətrafında birləşdirərək Azərbaycanın xaricdə təbliğinin səmərəli təşkilini təmin edir, şəbəkələşmə prosesini və diaspor fəaliyyətini gücləndirir. Qurumun məqsədi Azərbaycanın informasiya mübadiləsində və müharibəsində layiqli yer tutması üçün, potensiallı azərbaycanlı gənclərin daim şəbəkə daxilində qalmaları məqsədilə münbit platformanı qurmaq, dünyanın dörd bir yanında Azərbaycanın tanıdılması üçün keçirilən tədbirləri, diaspor və lobbiçilik fəaliyyətini hər zaman dəstəkləməkdir.

Lobbiçilik və diaspor fəaliyyətləri ASAIF-in ən vacib fəaliyyət istiqamətlərindən sayılır. Lobbiçilik fəaliyyəti zamanı əsas hədəf Azərbaycanın tarixi, mədəniyyəti, inkişafı, Dağlıq Qarabağ və eyni zamanda ölkəmizi əlaqələndirən mövzular ətrafında dünya ictimaiyyətini məlumatlandırmaqdır. ASAIF də, öz növbəsində, sadalananların əsasında yaranan ehtiyacları və reallıqları nəzərə alaraq lobbiçilik fəaliyyətləri üçün yeni yanaşma tərzləri və strategiyalar hazırlamaqdadır.

 

XI ənənəvi yay forumunun formatı fərqli olacaq

 

Xaricdə təhsil alan gəncləri bir araya toplamaq məqsədilə illik yay forumları keçirən ASAİF öz ənənəsinə sadiq qalaraq 30 avqust-1 sentyabr tarixlərində növbəti - XI ənənəvi yay forumunu gerçəkləşdirəcək. Bu forumda əsas məqsəd gənclərin karyera qurması, işlə təmin edilməsində yaranan problemlərin həlli çərçivəsində müzakirələrdən ibarət olacaq.

Hazırlıq prosesi və görülən işlərlə bağlı məlumat verən  Ramin Həkimov  bildirdi ki, XI ənənəvi yay forumunun formatı digər forumlardan fərqlənir. Onun sözlərinə görə, "Fairmont Baku" hotelində baş tutacaq tədbirdə iştirak üçün 45 ölkədən 1380 sənəd qəbulu olub. Toplantı isə 600 nəfərdən artıq gəncin iştirakı ilə baş tutacaq. Əsas yeniliklərdən biri də bu il "2007-2015-ci illərdə Azərbaycan Gənclərinin Xaricdə Təhsili üzrə Dövlət Proqramı" ilə qəbul olub xaricdə təhsil alacaq gənclərin seçim prosesindən azad şəkildə birbaşa foruma dəvətli olmasıdır. Forumun keçirilməsində əsas məqsəd tələbə və məzunlar arasında şəbəkələşmə prosesini gücləndirmək, xaricdə məzun olmuş gənclərin məzun olacaq insanlarla təcrübə mübadiləsi aparmasıdır. Həmçinin əldə edilən uğurlar barəsində gənclərin məlumatlandırılması, xüsusilə təhsil sahəsində aparılan yeni strategiya ilə gənclərin dolğun informasiya ilə təmin olunması, diaspor və lobbiçilik fəaliyyətində yeni istiqamətlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı reallıqların xarici ölkələrdə təbliğ olunması və ələlxüsus gəncləri dinləməkdir.

Forumun qonaqları Azərbaycan Respublikası Prezidenti Administrasiyasının, Milli Məclisin, Xarici İşlər, Təhsil, Mədəniyyət, Gənclər və İdman nazirliklərinin, Dövlət Neft Fondunun, Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və digər dövlət qurumlarının nümayəndələri olacaq.

 

Gənclər üçün yeni imkanlar

 

Forumun daha yaddaqalan keçirilməsi üçün gənclər maraqlı layihələr hazırlayıblar. Belə layihələrin hazırlanmasında xidməti olan və ASAİF-in tərəfdaşı Ukrayna Azərbaycanlı Gənclər Birliyinin sədri Anar Tahirovla da söhbətləşdik. A.Tahirov bildirdi ki, hər bir ASAIF nümayəndəsinin düşüncəsində dünyanın ən qabaqcıl bilikləri və təhsili ilə yanaşı, Azərbaycanın təmsili, Vətənin inkişafı və çiçəklənməsi vardır. ASAIF-çilər Azərbaycanı sevən və onun gələcəyini öz əlləri ilə inşa etməyə hazır olan gənc peşəkar mütəxəssislərdir. Formalaşmağa başladıqları vaxtdan bugünədək ASAIF daha uğurlu təqdimat və fəaliyyət üçün istər Azərbaycanda, istərsə də Avropa paytaxtlarında təşkil edilmiş müxtəlif şəbəkələşmə tədbirlərində əsas təşkilatçı olmuşdur. Bu gün ASAIF sıralarında gənc həkimlər, politoloqlar, iqtisadçılar, psixoloqlar, hüquqşünaslar, genetiklər, mühəndislər, riyaziyyatçılar, bioloqlar, jurnalistlər və bir çox digər ixtisaslara malik peşəkar gənclər var.

A.Tahirov onu da qeyd etdi ki, tədbirin daha çox karyera yönümlü forum olması gənclərimizə işlə təmin edilməsində dəstək olmaq, problemləri ilə yaxından maraqlanmaq və onların operativ həll olunması üçün müvafiq şərait yaratmaq, eyni zamanda dövlət rəsmiləri ilə gəncləri bir araya gətirərək dialoqu təmin etmək məqsədi daşıyır. ASAIF-in bu forumunun nəticəsi olaraq hər bir gənc lobbiçilik və diaspor fəaliyyətlərini uğurla davam etdirərək, ölkəmizi narahat edən mövzular ətrafında dünya ictimaiyyətini məlumatlandıraraq, müstəqil Azərbaycanın müasir imicinin formalaşdırılması işinə öz töhfələrini verəcək.

ASAİF-in sədri Ramin Həkimov forumdan gözləntilərə aydınlıq gətirdi. Onun sözlərinə görə, gözləntilər çoxdur və onlar müxtəlifdir. Xüsusilə təhsil sahəsində aparılacaq müzakirələr və gənclərə bu sahədə özlərini ifadə etmək üçün şansın verilməsi çox önəmlidir. Bu il xaricdə təhsil almağa yollanacaq gənclər üçün bu, böyük bir təcrübədir, lazımlı bir məktəbdir. Həm onların psixoloji hazırlığı, həm mənəvi cəhətdən bu forumda zənginləşmək və onlara dövlətin dəstəyini hiss etdirmək, məzunlarla tanışlıqların qurulması və diaspor-lobbiçilik fəaliyyətində olan uğurların gənc tələbələrlə bölüşməsi onlar üçün böyük stimul olacaq və Azərbaycanın xaricdə təmsilinə önəmli təsir edəcəkdir.

R.Həkimovun fikrincə, bu forumda, demək olar ki, söz gənclərindir. Ona görə də forum zamanı gənclərin aktiv və təşəbbüskar olmaları və bu forumdan öz karyeraları naminə faydalanmaları üçün müxtəlif layihələr də həyata keçiriləcək. Çünki bu forumun əsas şüarı "Bizim Forum, Bizim Seçim, Bizim Azərbaycan"dır. Ona görə də gənclər tədbirə  qatılmaqla, forumu seçməklə və gələcək naminə çalışmaqla öz gələcəklərini quracaqlar.

 

 

ASAİF-in seçimi dəyişməzdir - İlham ƏLİYEV!

 

Bu gün Azərbaycan MDB məkanında gənclər siyasətinin miqyasına və effektliyinə görə ön sırada qərarlaşıb. Respublikanın hər bir gəncinin istənilən sahədə özünü təsdiq etməsi və potensialını reallaşdırması üçün kifayət qədər əlverişli şərait yaradılıb. Bu vəziyyətdən düzgün istiqamətdə bəhrələnən gənclərimiz isə hazırda respublikanın ictimai-siyasi həyatında əhəmiyyətli rol oynayırlar. Malik olduqları potensialı reallaşdırmaqla ölkəmizin inkişafına öz töhfələrini verirlər.

Apardığımız söhbətlərdən, sosial şəbəkələrdə keçirdiyimiz sorğulardan da bəlli olur ki, bu gün Azərbaycan gəncləri Prezident İlham Əliyevin siyasətini birmənalı şəkildə dəstəkləyir. Ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan gəncliyi ictimai həyatın bütün bölmələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humantiar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar. Prezident İlham Əiyev tərəfindən ölkədə həyata keçirilən gənclər siyasəti gənclərin bütün təbəqələrinin hərtərəfli inkişafını, ölkənin ictimai-siyasi həyatında onların yaxından iştirakını təmin etməkdədir. Yeni mərhələdə dövlət başçısı tərəfindən gerçəkləşdirilən siyasət ən müxtəlif sahələri əhatə etməklə geniş spektrlidir. Belə ki, bu siyasət gənclərin tərbiyəsi, sağlamlığı, təhsili, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili, həmçinin gənclərin cəmiyyət həyatının bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir. Gənclərlə düzgün iş strategiyasının müəyyənləşdirilməsi və bu strategiyadan irəli gələn vəzifələrin dəqiqliklə yerinə yetirilməsi nəticəsində bu gün Azərbaycan gənci idman, elm, mədəniyyət, incəsənət və s. sahələrdə böyük nailiyyətlər əldə edir, dövlətçilik ənənələrini daim uca tutur, çoxşaxəli dövlət islahatlarının həyata keçirilməsində yaxından iştirak edir. Məhz buna görə də ASAİF-in seçimi dəyişməz olaraq qalır - İlham ƏLİYEV!

Hələ bu ilin mart ayında ASAİF-in İtaliyanın paytaxtı Roma şəhərində keçirdiyi forumda qəbul olunan bəyanatda bildirilmişdir: "Son 10 ildə bütün sahələrdə qazanılan uğurların davamlılığı və qorunması, Azərbaycanın daha güclü dövlətə çevrilməsi naminə ASAİF olaraq dövlət başçısının ətrafında sıx birləşdiyimizi və qarşıdakı prezident seçkilərində İlham Əliyevin namizədliyini dəstəklədiyimizi bəyan edirik".

May ayında isə ASAİF-in təşkilatçılığı ilə Ukraynanın Odessa şəhərində keçirilən Ukrayna Azərbaycanlı Gənclər Birliyinin III Ümumukrayna Forumunda qəbul olunan bəyanatında da ölkəmizdə keçiriləcək prezident seçkilərində ölkə başçısının namizədliyi irəli sürülmüş və forum iştirakçıları tərəfindən birmənalı şəkildə dəstəklənmişdir. Bəyanatda qeyd olunmuşdur ki, minlərlə azərbaycanlı gənc Prezident İlham Əliyevin uzaqgörən və məqsədyönlü siyasəti nəticəsində Azərbaycanın inkişaf edərək beynəlxalq arenada böyük nüfuz sahibinə çevrilməsindən qürur duyur.

Beləliklə, sabah xaricdə təhsil alan 600 Azərbaycan gənci ASAİF-in təşkilatçılığı ilə "Bizim Forum, Bizim Seçim, Bizim Azərbaycan" şüarı altında birləşərək çox mühüm müzakirələr aparıb, ölkəmizin uğurlu, işıqlı gələcəyi naminə vacib qərarlar qəbul edəcəklər.

 

 

Rəşad BAXŞƏLİYEV

 

Azərbaycan. - 2013.- 29 avqust.- S. 6.