Nərgizlərin gözü yolda qalanda...

 

Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Dağlıq Qarabağın ərazisində yerləşən bütün yaşayış məntəqələrinin toponimləri Azərbaycan mənşəlidir. Nəinki Dağlıq Qarabağ, indiki Ermənistanın toponimlərinin mütləq əksəriyyəti Azərbaycan mənşəlidir. Yəni xalqımız əsrlər boyu bu torpaqda yaşamış, yaratmış və bundan sonra da bu torpaqda yaşamalıdır.

 

İlham ƏLİYEV

 

Danışanda ən çox dağlardan söhbət açırıq, bir də təpələrdən. Doğulandan qəlbimizdə, içimizdə bir ucalıq, yüksəklik arzusu var - yəqin, buna görədir. Bəs nədir dağ, nədir təpə? Lüğətin dili qısa və aydındır: "Zirvəsi, ətəyi, yamacı aydın nəzərə çarpan, nisbi hündürlüyü 200 metrdən artıq olan müsbət relyef formasına dağ deyilir. Əgər bu tip relyefin nisbi hündürlüyü 200 metrdən azdırsa, ona təpə deyilir. Təpə nisbətən hamar zirvəyə və az meyilli yamaca malik olur. Yer səthində dağlara adətən tək halda rast gəlinmir. Dağlar adətən zəncir şəklində uzanır ki, belə dağlara sıra dağlar deyilir".

Bizdə isə dağlarla yanaşı sanki gizli bir xətlə əlaqələri olan, tariximizin müəyyən dövrlərini özündə əks etdirən təpələr silsiləsinin də olması artıq sirr deyil.

Dünyanın ən uzun dağ sistemi Cənubi Amerikanın qərbindəki And dağlarıdır. Onun uzunluğu 9 min km-dir. Bizim Qarabağın dağları, təpələri də onlardan geri qalmaz. Həm də bizim dağlar, təpələr yaddaş kitablarımızdır. Budəfəki söhbətimiz Qarabağın müxtəlif ərazilərində rastlaşdığımız, amma illər, əsrlər boyu hansı gizlinləri, sirləri özündə qoruyub saxladığı məlum olmayan təpələr, xüsusilə mükəmməllik və zənginlik, eləcə də bugünkü reallıq baxımından əvəzsiz əhəmiyyəti olan Nərgiztəpə barədədir.

 

Yeri qazıb yalanı çıxaranlar

 

Azərbaycanın Qarabağ bölgəsi xalqımızın əsrlər boyu yaratdığı maddi- mədəniyyət abidələrinin zənginliyi ilə seçilir. Bu abidələr hələ qədim dövrlərdən başlayaraq əcnəbi səyyah və tədqiqatçıların diqqətini cəlb etməkdədir. Müxtəlif illərdə Qarabağa gələn çoxsaylı ekspedisiyalar Azıx və Tağlar mağara düşərgələrində (Xocavənd rayonu),  Qaraköpəktəpə (Füzuli rayonu), Üzərliktəpə (Ağdam rayonu) yaşayış məskənlərində, Şərifan şəhər yerində (Zəngilan rayonu), Xocalı kurqanlarında və digər abidələrdə fundamental tədqiqatlar aparıb, bu mövzuda dissertasiyalar müdafiə edilb, monoqrafiyalar dərc olunub. Yerli mütəxəssislərlə yanaşı, uzun illər Qarabağ abidələrini öyrənən rus alimlərindən akademik İ.İ.Meşşaninov, A.İ.İessen, V.P.Lyubin, alman tədqiqatçılarından E.Resler, Y.İ.Qummel, hətta erməni tarixçilərindən K.X.KuşnarevaO.A.Danielyan belə dönə-dönə onları Azərbaycan xalqının maddi irsi kimi dəyərləndiriblər.

Ancaq nədənsə son dövrlər tarixi həqiqətlərə, mənəvi dəyərlərə münasibət kəskin şəkildə dəyişib. Xüsusilə müharibə şəraitində olduğumuz Ermənistan qoşunları sussa da (yaxud susmağa məcbur edilsə də), üzdəniraq erməni alimləri, tədqiqatçıları, arxeoloqları susmaq bilmir. İşğal altındakı ərazilərimizdə "axtarış"lar aparır, tapdıqlarını "erməni izləri" kimi dünya ictimaiyyətinə sırımağa, min illik yaşı olan abidələrimizi, vaxtilə gürcü mütəfəkkiri İlya Çavçavadzenin söylədiyi kimi, mənimsəməyə çalışırlar. Son dövrlər ermənilərin Ağdam ərazisində apardıqları qazıntı işləri nəinki azərbaycanlı alimləri, hətta xarici mütəxəssisləri belə hiddətləndirib. Dünya şöhrətli polyak alimi Voyçex Pastuşkanın ermənilərin Ağdamda apardığı arxeoloji qazıntıları "siyasi qazıntılar" adlandırması bu saxtakarların üzünü açan sərrast elmi qiymətdir.

Azərbaycan alimləri işğal altındakı ərazilərdə ermənilərin apardığı "arxeoloji qazıntılarla" əlaqədar bildiriblər ki, uydurma "böyük Ermənistan"ın paytaxtı Tiqranakert şəhərinin qalıqlarının Azərbaycanın işğal olunmuş Ağdam rayonu ərazisində aşkar olunması barədə hay-küy qaldırmalarının heç bir elmi əsası yoxdur. Azərbaycan tarixçiləri qətiyyətlə və birmənalı şəkildə bəyan edirlər ki, Azərbaycanın arxeoloji abidələrlə zəngin olan və kifayət qədər yaxşı öyrənilmiş Qarabağ bölgəsinin nə dağlıq, nə də düzən hissələrində indiyə qədər heç bir erməni yaşayış məskəni, nekropolu, qalası və s. aşkar edilməyib! Azərbaycan arxeoloqlarının on illər boyunca apardıqları arxeoloji qazıntılar nəticəsində Qarabağ ərazisində paleolit dövrünə aid Azıx, Tağlar, Zar mağara düşərgələri, eneolit dövrünə aid Çalağantəpə, Leylatəpə və başqa abidələr, ilk tunc dövrünə aid Xankəndi, Üçoğlan, Göytəpə, Qarahacılı abidələri, orta tuncson tunc dövrlərinə aid Üzərliktəpə, Xocalı, Dovşanlı, Axmaxı, Sırxavənd, Sarıçoban, Qarabulaq abidələri, habelə antikilk orta əsrlər dövrlərinə aid Govurqala və digər çoxsaylı abidələr aşkar edilib. Dünya elmi ictimaiyyəti, o cümlədən vaxtilə erməni alimlərinin özləri də bütün tarixi abidələrin Azərbaycanın qədim sakinlərinə məxsus olduğunu birmənalı şəkildə qəbul ediblər.

 Bundan başqa, Azərbaycan arxeoloqları tərəfindən Ağdamın Şıxbabalı və Papravənd kəndləri ərazisində eramızdan əvvəl XII-lX əsrlərə aid, ətrafına qala divarları çəkilmiş möhtəşəm yaşayış məskənləri tədqiq olunub. Bu abidələr Azərbaycanda, xüsusilə onun Qarabağ bölgəsində ilkin şəhər mədəniyyətinin formalaşdığını sübut edir və Azərbaycan xalqının tarixi keçmişinə məxsusdur. Bundan başqa, Qarabağ bölgəsində bir neçə nəsil arxeoloqlarımızın səyi ilə Quruçay mədəniyyəti (paleolit dövrü), Leylatəpə mədəniyyəti (eneolit dövrü), Kür-Araz mədəniyyəti (ilk tunc dövrü), Üzərlik mədəniyyəti (orta tunc dövrü), Xocalı-Gədəbəy mədəniyyəti (son tuncilk dəmir dövrü), habelə antikorta əsrlərə aid yüzlərlə tarixi abidə tədqiq olunaraq dünya elmi ictimaiyyətinə çatdırılıb. Bütün bu abidələrin məhz Azərbaycan xalqının tarixi keçmişinə məxsus olması dünya arxeologiyasına çoxdan məlumdur və həmin abidələrdən heç birinin erməni tarixinə heç bir aidiyyəti yoxdur! Tarixçilərdən Yaqub Mahmudov və Maisə Rəhimova bildirirlər ki, mövcud yazılı mənbələrdə düzən və ya Dağlıq Qarabağ torpaqlarının Tiqranın yaratdığı qısaömürlü dövlətin tərkibində olması barədə məlumat yoxdur: "Tiqranakert şəhərinin yerləşdiyi tarixi ərazi elmə məlumdur. Yəni həmin ərazinin ümumiyyətlə Cənubi Qafqaza, o cümlədən də indiki Ermənistan ərazisinə heç bir aidiyyəti yoxdur. Ən başlıcası isə budur ki, tikintisi başa çatdırılmayan şəhərdə ermənilərin izi-tozu belə olmayıb. Başqa sözlə, Azərbaycandan çox-çox uzaqlarda salınmasına cəhd göstərilən Tiqranakert şəhərinin özü də erməni şəhəri deyildir. Tiqranakert əhalisinin müxtəlif yerlərdən zorla bu əraziyə köçürülən xalqlardan ibarət olmasını Plutarx da təsdiqləyir".

 

Tariximizə sahib çıxmasaq...

 

Qarabağ işğal olunandan sonra ermənilər bu təcavüzə haqq qazandırmaq üçün müxtəlif vasitələrə əl atırlar. Bu bölgənin min illər yaşı olan tarixi abidələri ya dağıdılır və izləri silinir, ya da erməniləşdirilir. Ermənilərin indiyədək Qarabağda azərbaycanlılara və alban tarixinə aid olan minlərlə abidəni erməniləşdirmələri artıq adi hala çevrilib. Həmçinin Qarabağda "qədim erməni yaşayış məskənləri tapmaq" üçün qurama arxeoloji qazıntılar aparılır. Ermənilərin iddialarının nə dərəcədə əsaslı olduğunu Azərbaycan Milli Elmlər Akademiyasının ArxeologiyaEtnoqrafiya İnstitutunun şöbə müdiri, tarix elmləri namizədi Təvəkkül Əliyevlə aydınlaşdırmağa çalışdıq. Qeyd edək ki, T.Əliyev 1989-cu ilə qədər Gəncə-Qazax arxeoloji ekspedisiyasının tərkibində fəaliyyət göstərib. Qarabağ arxeoloji ekspedisiyasının üçüncü dəstəsinə rəhbərlik edib. Cəbrayılda, Zəngilanda arxeoloji qazıntılar aparıb.

Təvəkkül müəllim ermənilərin Qarabağı işğal etdikdən sonra burada qazıntı işlərinə başlamasına toxunarkən bir faktı xüsusi vurğuladı ki,  2005-ci ildən başlayaraq Ermənistanın ArxeologiyaEtnoqrafiya İnstitutu Dağlıq Qarabağa ekspedisiya göndərir. "Dağlıq Qarabağda ermənilərin apardığı "axtarışlara" Hamlet Petrosyan adlı bir nəfər başçılıq edir. Yay aylarında cəmi 10-15 gün Qarabağda olan Petrosyan "sensasion" kəşflər haqqında dünyaya car çəkir. Halbuki onun etdiyi "kəşflərin" bir qismi əvvəldən azərbaycanlı alimlərə bəlli idi, - deyə Təvəkkül Əliyev sözünə davam edir. - Qarabağda alman arxeoloqlar Resler, Qummel, rus arxeoloqlar İvanovski, Meşşaninov, İessen, azərbaycanlı arxeoloqlar Cəfərzadə, İdeal Nərimanov, Göyüşov, Cəfərov kimi tədqiqatçılarla yanaşı, XX əsrin 20-30-cu illərində Ter-Avetisyan, 40-cı illərində Taşçyan, 50-60-cı illərində Kuşnareva, 70-80-ci illərində Danielyan Dağlıq Qarabağda ardıcıl arxeoloji qazıntı işləri aparıb, ekspedisiya və dəstə rəhbərləri olublar. Bu, ermənilərin iddialarının əsassız olduğuna sübutdur. Dağlıq Qarabağın vilayət mərkəzi olan Xankəndidə fəaliyyət göstərən mədəniyyət şöbəsinin müdiribütün əməkdaşları erməni əsilli vətəndaşlar idi. Onlar özləri vilayətin ərazisindəki tarixi-memarlıq abidələri haqqında məlumat toplayır və qeydiyyata alınması üçün Azərbaycanın Mədəniyyət Nazirliyinə göndərirdilər. Bunu Azərbaycan SSR Nazirlər Sovetinin qərarları ilə

(2 aprel 1968-ci il tarixli 140 saylı qərar) təsdiq edilən və dövlət tərəfindən mühafizə olunan mədəniyyət abidələrinin siyahılarından da görmək olar".

Artıq xeyli vaxtdır mədəniyyət və turizm nazirinin müvafiq tapşırığına əsasən ölkədə mövcud olan tarix və mədəniyyət abidələrinin pasportlaşdırılması işinə başlanılıb. Bu məqsədlə "Azərbərpa" Elmi-Tədqiqat Layihə İnstitutu tərəfindən beynəlxalq standartlara cavab verən yeni pasport nümunələri hazırlanıb. İlkin mərhələdə 234 tarix və mədəniyyət abidəsinin pasportlaşdırılması nəzərdə tutulub. Ölkədə mövcud olan tarix və mədəniyyət abidələrinin ilk dəfə kütləvi şəkildə pasportlaşdırılması işi 1970-1980-ci illərdə aparılıb. O vaxt 1.000-dən artıq abidənin sənədləşdirilməsi həyata keçirilib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş dövlət siyahısında dünya, ölkə və yerli əhəmiyyət dərəcələrinə görə qruplaşdırılan 6.308 tarix və mədəniyyət abidəsi yer alır. Bundan əlavə, təxminən 2.000-ə yaxın yeni aşkar olunmuş abidə vardır ki, hazırda onların siyahılarının dəqiqləşdirilməsi aparılır.

Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin Abidələrin mühafizəsi sektorunun müdiri Arif Əliyev deyir ki, ümumiyyətlə, abidələrin qeydiyyata alınması prosesi dörd dəfə olub - 1968, 1981, 1988 və 2001-ci illərdə. Qeyd etməyə dəyər ki, 1968-ci ildə qeydiyyata alınan abidələrin sayı 959 idi. Həmin vaxt DQMV-dəki  memarlıq və arxeoloji abidələrin sayı 64 idi.

Sonrakı illərdə rəqəmlər dəyişildi, xeyli yeni abidə qeydə alındı. Hazırda işğal altında olan 12 rayonda 862 abidə qeydiyyatdadır. Onlardan 698-i işğal altındadır - Şuşada 210, Cəbrayılda 43, Xocalıda 28, Ağdamın 145 abidəsindən 82-si, Xocavəndin Nərgiztəpə ərazisini çıxmaqla 71 abidəsindən 70-i və s. Ermənilər vaxtilə alimlərimizin tədqiq edib aşkarladıqları abidələri belə öz adlarına çıxmaqdan çəkinmirlər. Bir müddət əvvəl erməni "tədqiqatçıları" Azıx mağarasını da yeni aşkar olunmuş bir abidə kimi təqdim etməyə çalışdılar. Amma Azıxda ilk qazıntılar 1960-cı ildə görkəmli Azərbaycan alimi Məmmədəli Hüseynovun rəhbərlik etdiyi ekspedisiya tərəfindən aparılıb və bu, 25 ilə qədər davam edib. 2008-ci ilin iyununda Azıxdan Qafqazın ilk sakinlərindən olan azıxantropa məxsus çənə qalığının tapılmasının 40 ili tamam oldu. Alimlərimizin Azıxda apardıqları qazıntıların nəticələri artıq dünya elmində əsaslı yer tutub. Azıx tapıntıları 1981-1982-ci illərdə Parisin "İnsan" muzeyində təşkil olunmuş "Avropanın ilk sakinləri" adlı sərgidə nümayiş etdirilib. Beynəlxalq "İNTAS - 2000" adlı proqram çərçivəsində Avropa ölkələrindən olan 32 paleolitşünas alim Azıx düşərgəsindən tapılan mədəniyyət qalıqlarını tədqiq etdikdən sonra Azərbaycan alimlərinin əldə etdikləri nəticələrlə razılaşdıqlarını bildiriblər.

Arif Əliyev deyir ki, erməni mənbələrində ayrı-ayrı vaxtlarda yer alan məlumatlara, peyk çəkilişlərinə, ATƏT-in işğal olunmuş ərazilərdəki vəziyyəti araşdıran missiyasının hesabatına, habelə digər mənbələrdən toplanan məlumatlara görə, bu ərazilərdə indiyədək yüzlərlə tarixi abidə tamamilə dağıdılıb. Digər abidələr isə erməni abidələri adı altında pasportlaşdırılır.  İşğal altındakı Azərbaycan ərazilərində tarix-mədəniyyət abidələrinin kütləvi məhvi və saxtalaşdırılması hərbi konfliktlər zamanı mədəni dəyərlərin qorunması haqqında 1954-cü ildə qəbul edilmiş Haaqa Konvensiyasına ziddir. Bu konvensiya hərbi münaqişələr zamanı hər bir dövlətin öz ərazisində və rəqib tərəfin ərazisində yerləşən mədəni dəyərlərin qorunması, arxitektura, incəsənət, tarixi abidələr, arxeoloji qazıntılar kimi daşınan və daşınmaz mədəni dəyərlərin müdafiə edilməsini iştirakçı dövlətərin qarşısında vəzifə kimi qoyur. Həmçinin işğal ərazilərində tarix-mədəniyyət abidələrinin dağıdılması və saxtalaşdırılması UNESCO-nun "Ümumdünya mədəni və təbii irsin qorunması haqqında" konvensiyasının pozulmasıdır. Azərbaycanın tələbi əsasında ATƏT iki dəfə işğal altındakı ərazilərdəki vəziyyəti öyrənmək üçün missiya təşkil edib, bu zaman tarixi abidələrin vəziyyəti də qismən araşdırılıb. Bununla belə, Ermənistan UNESCO-nun işğal altındakı ərazilərdə tarixi abidələrin vəziyyətini öyrənmək üçün bitərəf missiya göndərməsini əngəlləyib. Azərbaycanın Mədəniyyət Nazirliyi bir il əvvəl işğal altındakı ərazilərdə tarix-mədəniyyət abidələrinin dağıdılmasına dair hesabat hazırlayaraq UNESCO-ya təqdim edib.

 

Bir faktı da qeyd etməliyik: Mədəniyyət və Turizm Nazirliyinin məlumatına əsasən, işğala qədər Azərbaycan tərəfi hazırda işğal altında olan ərazilərdə 8 dünya, 166 ölkə və 588 yerli əhəmiyyətli abidə qeydə almışdı. Münaqişə başladıqdan sonra Dağlıq Qarabağona bitişik rayonlarda mövcud olan minlərlə tarixi abidə rəsmi qeydiyyatdan kənarda qalıb. Nəticədə ermənilər bu abidələri öz adlarına rəsmiləşdirmək üçün fürsət əldə ediblər. İki-üç ildir ki, Ermənistanın və erməni diasporunun, xarici ölkələrdən cəlb edilmiş erməni tarixçilərinin köməyi ilə işğalçılar Dağlıq Qarabağ və ətraf rayonlarda qalan tarix-mədəniyyət abidələrinin pasportlaşdırılmasını həyata keçirməkdədir. Dağlıq Qarabağdakı qondarma separatçı rejimin  2011-ci ildə erməni KİV-lərinə verdiyi açıqlamaya görə, işğal altındakı ərazilərdə 4 minə qədər tarixi abidə qeydiyyata alınıb. Bu açıqlamaya əsasən, təkcə 2011-ci ildə 289 tarixi abidə sənədləşdirilib. Erməni qaynaqlarında yer alan məlumatlara görə, son illərdə Qarabağda alban dövrünə aid 100-ə yaxın ibadətgaha erməni kilsəsi statusu verilib. Təkcə 2006-cı ildə ermənilər tərəfindən Şuşa şəhəri ətrafında 500-dən çox abidə "erməni abidəsi" kimi qeydiyyata alınıb.

Azərbaycan Milli Elmlər Akademiyasının ArxeologiyaEtnoqrafiya İnstitutunun topladığı faktlara əsasən, işğal olunmuş ərazilərdə qalanislam dövrünə aid tarixi abidələr xüsusi amansızlıqla dağıdılır. Çünki bu abidələrin üzərində müsəlman epiqrafikası ilə yazılar olduğundan onları erməniləşdirmək və qeyri-Azərbaycan abidələri kimi təqdim etmək mümkün deyil. Bura qəbirüstü abidələr, türbələr və məscidlər daxildir. İnstitutun araşdırmalarına görə, 1994-cü ildə atəşkəsin əldə edilməsindən sonrakı 18 il ərzində işğal altındakı ərazilərdə dağıdılan tarix-mədəniyyət abidələrinin sayı hərbi münaqişə zamanı dağıdılmış abidələrin sayından çoxdur.

 

(ardı var)

 

Bəxtiyar QARACA

 

Azərbaycan. - 2013.- 29 avqust.- S. 7.