İstanbulda Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin Əlaqələndirmə Şurasının toplantısı keçirilmişdir

 

İstanbulda Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin Əlaqələndirmə Şurasının toplantısı keçirilmişdir. Mətbuat Şurasından AzərTAc-a bildirmişlər ki, tədbirdə Azərbaycan, Türkiyə, Qırğız Respublikası, Şimali Kipr, Bolqarıstan, Yunanıstan, Ukrayna, Moldova, Rusiya Federasiyasının Tatarıstan və  Başqırdıstan respublikalarından, Makedoniyaİraqdan ümumilikdə 30-dək nümayəndə iştirak etmişdir.

Başlıca mövzusu Türkdilli Dövlətlərin və Toplumların III Media Forumuna hazırlıq olan toplantıya ölkəmizdən Mətbuat Şurasının sədri Əflatun Amaşov və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli qatılmışlar.

Türkdilli Dövlətlərin və Toplumların I və II forumları müvafiq olaraq 2010-cu ilin dekabrında Ankarada, 2011-ci ilin oktyabrında isə Bakıda təşkil edilmişdi. Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə paytaxtımızda keçirilmiş II Forumun iştirakçıları növbəti toplantının Qırğızıstanda təşkilini qərara almışdılar.

Əlaqələndirmə şurasının İstanbuldakı toplantısında müvafiq istiqamətdə müzakirələr aparılmışdır. III Forumun cari ilin noyabrın 7-dən 9-dək Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilməsi dəqiqləşdirilmişdir.

Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin Nizamnaməsinə görə,  birliyə daxil olan ölkələr və toplumlar növbəlilik əsasında quruma sədrliyi həyata keçirirlər. Hazırda sədrlik Azərbaycana məxsus olduğundan Mətbuat Şurasının sədri Ə.Amaşov Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin Əlaqələndirmə Şurasının sədri kimi hesabat məruzəsi ilə çıxış etmişdir. Bildirmişdir ki, qarşılıqlı media əməkdaşlığı hər bir türk toplumunun qloballaşan dünyaya inteqrasiyasını sürətləndirir, adət-ənənə, dil, din birliyinə, məişət yaxınlığına əsaslanan ortaq maraqları da formalaşdırır. Türkdilli xalqların bir-birləri barədə daha çox informasiyaya malik olmaları həmin maraqlara bilməyərəkdən zərər gətirilməsinin qarşısını alır.

 Bu kimi vəzifələrin icrası istiqamətində Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin daha səmərəli şəkildə əməkdaşlıq etməsinin vacibliyini vurğulayan Ə.Amaşov ötən müddətdə qurumun internet portalının yaradılmasını qarşıya qoyulan vəzifələrin icrası istiqamətində mühüm addım kimi dəyərləndirmişdir. Şura sədri Bişkek forumunun daha səmərəli əməkdaşlıq formalarının seçilməsi baxımından məhsuldar keçəcəyinə inandığını bildirmişdir.

Tədbirdə çıxış edən Türkdilli Ölkələrin və Toplumların Media Birliyinin baş katibi və Türkiyə Respublikası Nazirlər Kabinetinin Mətbuat-Yayım və İnformasiya Baş İdarəsinin müdiri Murat Karakaya ötən forumdan bəri görülmüş işlərdən söz açmış, perspektiv vəzifələrin icrası imkanlarını sadalamışdır.

Qarşılıqlı fikir mübadiləsi şəraitində aparılan müzakirələrdə türkdilli ölkə və toplumların media qurumlarının bir-birinə sıx inteqrasiyasının zəruriliyi müxtəlif faktlarla əsaslandırılmışdır.

Sonda III Bişkek Forumunun gündəliyi təsdiqlənmişdir.

 

Azərbaycan. - 2013.- 29 avqust.- S. 7.