Baş Prokurorluğun əməkdaşı BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının müddəalarının icrası ilə bağlı beynəlxalq tədbirlərdə fəal iştirak etmişdir

 

Baş Prokurorluğun əməkdaşı Elnur Musayev BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının müddəalarının icrası ilə bağlı beynəlxalq tədbirlərdə fəal iştirak etmişdir.

Baş Prokurorluğun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Azərbaycan Respublikasında BMT-nin Korrupsiya əleyhinə Konvensiyasının bir sıra müddəalarının icrası ilə bağlı birinci mərhələ dəyərləndirilməsi uğurla həyata keçirilmişdir. BMT-nin Narkotiklər və Cinayətkarlıqla Mübarizə İdarəsinin dəstəyi ilə BosniyaHerseqovina, eyni zamanda, Qvatemalanın ekspertləri Azərbaycan Respublikasında korrupsiyanın kriminallaşdırılması və beynəlxalq hüquqi əməkdaşlıq məsələləri sahəsində qiymətləndirmə apararaq, konvensiyanın həmin hissəsinin implementasiyası üçün görülən işləri qənaətbəxş hesab etmişlər. Azərbaycan üzrə hesabatın icmalı BMT-yə üzv dövlətlər arasında yayılaraq ölkəmizin müsbət təcrübəsi dünya ictimaiyyətinin diqqətinə çatdırılmışdır.

Azərbaycan və Peru Konvensiyanın İmplementasiya üzrə Nəzarət Qrupunun sessiyasında qəbul edilmiş qərarla Meksika Birləşmiş Ştatları üzrə dəyərləndirici dövlət seçilmişdir.

Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin böyük prokuroru Elnur Musayev beynəlxalq ekspertlər qrupu tərkibində Mexiko şəhərində dəyərləndirmə iclasında iştirak etmişdir.

Beynəlxalq ekspert heyəti Meksikanın bir sıra ali qurumlarının, o cümlədən parlament, Ali Məhkəmə, Baş Prokurorluq, Ədliyyə Nazirliyi, Dövlət İşləri üzrə Nazirlik, Maliyyə Kəşfiyyatı Qurumu, Maliyyə Nazirliyinin nümayəndələri ilə görüşmüşdür.

Azərbaycanın Meksikadakı səfiri İlqar Muxtarov açılış sessiyasında iştirak edərək ölkələrimiz arasında münasibətlərin daha da inkişaf etdirilməsinə dəstəyini ifadə etmişdir.

Tədbirdə Meksika hökumətinin özünüdəyərləndirmə toplusuna hazırladığı cavablar Azərbaycan mütəxəssisi - Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin böyük prokuroru Elnur Musayev tərəfindən öyrənilərək qiymətləndirilmiş, cavabdeh ölkəyə ekspert rəylərinin layihələri təqdim olunmuşdur. İş bölgüsünə əsasən korrupsiyanın kriminallaşdırılması, hüquq-mühafizə qurumları, əmlak üzərinə həbs qoyulması və müsadirə, cinayət təqibindən immunitet, hüquqi şəxslərin korrupsiya cinayətlərinə görə məsuliyyəti, sübutetmə və s. məsələlər üzrə Meksika qanunvericiliyinin və təcrübəsinin beynəlxalq tələblərə cavab verməsinin qiymətləndirilməsini həyata keçirən azərbaycanlı mütəxəssis sözügedən prosesdə aparıcı rol oynamışdır.

Səfər çərçivəsində beynəlxalq ekspertlər korrupsiyaya qarşı mübarizə və BMT Konvensiyasının implementasiyası ilə əlaqədar səmərəli fikir mübadiləsi aparmışdır.

 

Azərbaycan. - 2013.- 29 avqust.- S. 8.