ELEKTRON HÖKUMƏT: çevik və səmərəli idarəçiliyin uğurlu formulu

 

Qloballaşma prosesinin geniş vüsət aldığı müasir dövrdə zamanın tələblərinə cavab verən inkişafı şərtləndirən əsas cəhətlərdən biriinformasiya-kommunikasiya texnologiyalarının idarəetmə strukturlarında tətbiqi səviyyəsidir. Elmtutumlu sahələrin inkişafı, informasiya-kommunikasiya texnologiyalarının (İKT) istifadə dairəsinin genişləndirilməsi hər bir ölkənin sosial-iqtisadi tərəqqisinə böyük töhfələr verməklə yanaşı, onun, eləcə də bütövlükdə cəmiyyətin intellektualelmi potensialının əsas göstəriciləri sırasında yer alır.

İKT-nin inkişafı sosial-iqtisadi tərəqqinin sürətlənməsinə əvəzsiz töhfələr verməklə yekunlaşmayaraq şəffaflıq, hesabatlılıq, demokratikləşmə, insan hüquqlarının qorunması, vətəndaşların sosial müdafiəsi, sürətlə qloballaşan dünyaya inteqrasiya, müasir iqtisadiyyatın əsasını təşkil edən texnoloji yeniliklərin tətbiqi kimi mühüm sferaları da əhatə edir. Təhsildən səhiyyəyə, idarəetmədən biznesə, iqtisadiyyatdan ən müasir infrastruktura kimi geniş spektri əhatə edən İKT-nin ən yeni nailiyyətlərinin ölkəmizdə tətbiqi və inkişaf etdirilməsi dövlət siyasətinin əsas istiqamətləri sırasındadır.

 Zəngin enerji resurslarına, bir neçə onillik boyu bəs edəcək böyük karbohidrogen yataqlarına malik olmasına rəğmən, Azərbaycanın ən yeni tarixi informasiya-kommunikasiya texnologiyalarının inkişaf göstəriciləri ilə əlamətdardır. Qeyd edilən sahə üzrə inkişaf dinamikası aydın göstərir ki, yaxın bir neçə il ərzində informasiya-kommunikasiya texnologiyalarının tətbiqindən ölkəmizin əldə etdiyi gəlirlərin miqyası neftdən qazanılan mənfəətə bərabər olacaq, daha sonra ilk əsas gəlirli sferaya çevriləcəkdir. Bu da öz növbəsində, Azərbaycanda İKT sektorunun inkişaf dərəcəsinin kifayət qədər yüksək templərlə müşayiət olunduğunu aydın şəkildə nümayiş etdirir, ölkəmizdə sözügedən istiqamətdə konkret hədəflərə hesablanmış məqsədyönlü siyasət həyata keçirildiyini sübuta yetirir.

Müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdə ulu öndər Heydər Əliyevin İKT sektorunun inkişafına xüsusi diqqət yetirməsi yuxarıda qeyd edilənlər fonunda tamamilə təbii hesab oluna bilər. Bu istiqamətdə atılan ilk vacib addımlardan biri 1993-cü ilin avqustunda Azərbaycanla Amerika qitəsi arasında birbaşa rabitənin yaradılmasına imkan verən peyk-rabitə sisteminin açılışı olmuşdur. Bu, artıq Azərbaycan rabitə sisteminin dünyaya açılmasında yeni mərhələnin başlanması demək idi. Lakin ilk dövrlərdə görülən işlər bununla məhdudlaşmayaraq daha geniş xarakter almağa başladı. Telekommunikasiya sahəsinə xarici investorların cəlb edilməsi sayəsində 1994-cü ildə "Bakcell", bundan iki il sonra "Azercell" birgə müəssisələri yaradılmış, bununla mobil rabitənin ölkəmizdə inkişaf dövrü başlanmışdır. 1995-ci il dekabrın 9-da Bakı şəhərində Azərbaycanda ilk beynəlxalq telefon stansiyasının, yenidən qurulmuş Şəhərlərarası Telefon Stansiyasının açılışı, ilk elektron ATS-lər qurulması, "AzEvroTel" və "Ultel" birgə müəssisələrinin lokal telekommunikasiya şəbəkəsi üzrə xidmət göstərməyə başlaması İKT sferasının inkişafına qayğının məntiqi nəticəsi kimi çıxış etmişdir. Kompyuterlərdən, kommunikasiya texnologiyalarından istifadənin genişlənməsi də 1993-cü ildən sonrakı dövrə təsadüf edir.

İnformasiya texnologiyaları sahəsinin ölkənin inkişaf prioritetlərinə daxil edildiyini göstərən daha bir önəmli addım Heydər Əliyevin 2003-cü il fevralın 17-də müvafiq sərəncamı ilə təsdiq etdiyi "Azərbaycan Respublikasının inkişafı naminə informasiya-kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)" olmuşdur. Bu strategiya təsdiqləndiyi dövrdən etibarən növbəti 10 il ərzində informasiya-kommunikasiya texnologiyaları sahəsində görüləcək işlərin ümumi xəttini, habelə elektron idarəçiliyin prinsiplərini müəyyənləşdirmişdir. Digər tərəfdən bu istiqamətdə atılan addımlar ölkədə informasiya-kommunikasiya texnologiyalarının dövlət orqanlarında istifadəsinin səmərəliliyinin artırılmasının, əhalinin bu orqanlarla əlaqələrində ünsiyyətinin asanlaşdırılmasının və bürokratik əngəllərin aradan qaldırılmasının, ölkədə yaradılan müxtəlif təyinatlı informasiya sistemlərinin qarşılıqlı uzlaşmasının əsasını qoymuşdur.

Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev  ötən 10 ildə ölkə iqtisadiyyatının davamlı və dayanıqlı inkişafı, ictimai-siyasi sabitliyin daha da möhkəmləndirilməsi, yeni yerlərinin yaradılması, məşğulluq səviyyəsinin daha da yüksəldilməsi, Avratlantik məkana inteqrasiyanın sürətlənməsi fonunda yeni, zamanın tələblərinə cavab verən islahatlara start vermişdir. Bu istiqamətdə həyata keçirilən siyasətin əsas hədəflərindən biri sürətlə inkişaf edən yüksək texnologiyaların ölkəmizdə tətbiqi sahəsinin daha da genişləndirilməsi, hökumət idarəçiliyinin tətbiqidir. Prezident

İlham Əliyevin ilk beynəlxalq səfərinin 2003-cü ilin dekabrında Cenevrədə keçirilən İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində iştirakla bağlı olması dövlət başçısı səviyyəsində İKT-nin inkişafına göstərilən yüksək diqqətin real təzahürü kimi çıxış edirdi.

İnformasiya Cəmiyyəti üzrə Dünya Sammitində  geniş və dərin məzmunlu nitq söyləyən Prezident İlham Əliyev bildirmişdir ki, son on il müddətində kommunikasiya texnologiyaları gündəlik həyatımızın tərkib hissəsinə çevrilmişdir. İndi ictimai həyatı internetsiz, e-mail-siz (elektron poçtsuz) və qlobal rabitənin imkanları olmadan təsəvvür etmək mümkün deyildir. Bu işdə ölkəmizə BMT-nin İnkişaf Proqramının yaxından yardım etdiyini bildirən dövlət başçısı respublikamızda "İ-Azərbaycan", "Elektron Azərbaycan" proqramlarının inkişaf etdirildiyini vurğulamışdır. Sammitdə "Qara qızılı insan kapitalına çevirək" tezisini səsləndirməklə dövlət başçısı ölkə iqtisadiyyatında yeni inkişaf mərhələsinin əsasının qoyulduğunu, informasiya cəmiyyətinin qurulması istiqamətində dövlət səviyyəsində məqsədyönlü işlərə başlandığını nümayiş etdirmişdir.

2004-cü ildə qəbul edilmiş "Elektron imzaelektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu ölkədə elektron sənəd dövriyyəsinin yaradılmasına və elektron imza tətbiq edilən yeni proseslərin, o cümlədən yeni iqtisadi fəaliyyət sahələrinin inkişafına şərait yaratmışdır. 2004-cü ilin fevralında Rabitə Nazirliyinin bazasında Azərbaycan Respublikasının Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin yaradılması və bu sahədə kifayət qədər təcrübəli alim, akademik Əli Abbasovun nazir təyin edilməsi ilə bu sahənin elmi əsaslarla inkişafına fundamental zəmin yaradılmışdır.

Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 avqust tarixli fərmanı ilə "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının müasir tələblərə uyğun olaraq inkişafını təmin etmək məqsədilə Dövlət Proqramı"nın hazırlanması barədə əksini tapmış tapşırıq ölkə rəhbərliyinin müasir texnologiyaların ardıcıl inkişaf etdirilməsində növbəti addımı olmuşdur.

"Azərbaycan Respublikasının inkişafı naminə informasiyakommunikasiya texnologiyaları üzrə Milli Strategiya"nın (2003-2012-ci illər) icrasının davamlılığını təmin etmək məqsədilə dövlət başçısı tərəfindən müxtəlif illəri əhatə edən "Elektron Azərbaycan" proqramları təsdiq olunmuşdur. "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər üçün Dövlət Proqramı" (Elektron Azərbaycan)" "e-hökumət"in yaradılmasına doğru ilk mühüm addım idi.

Proqram çərçivəsində əksər dövlət orqanlarının internet saytları yaradılmış və gov.az domenində yerləşdirilmişdir. Dövlət orqanları arasında etibarlı və təhlükəsiz informasiya mübadiləsini təmin etmək məqsədilə vahid konfidensial multiservis şəbəkəsinin yaradılmasına və dövlət orqanlarının bu şəbəkəyə qoşulmasına başlanılmışdır. Rəsmi strukturlar tərəfindən informasiya xidməti ilə yanaşı, ilkin elektron xidmətlərin də göstərilməsinə başlanılmışdır.

Ümumiyyətlə, 2005-2008-ci illər üçün "Elektron Azərbaycan" Dövlət Proqramında nəzərdə tutulan tədbirlər informasiya cəmiyyətinə keçidi təmin etmək üçün ilkin mərhələdə görüləcək işləri əhatə etmişdir. Proqram üzrə görülmüş işlər sayəsində respublikanın rabitə və informasiya texnologiyaları bazarında azad rəqabət mühitinin yaradılması, sahəyə investisiyaların cəlb edilməsi və özəl sektorun inkişaf etdirilməsi üzrə mühüm addımlar atılmışdır. Sahənin normativ-hüquqi bazası inkişaf etdirilmiş, telekommunikasiya infrastrukturu müasirləşdirilmiş, ən yeni texnologiyaların tətbiqi genişləndirilmiş, əhaliyə, müəssisə və təşkilatlara göstərilən rabitə xidmətlərinin kəmiyyəti və keyfiyyəti yüksəldilmişdir.

Azərbaycan Respublikası Prezidentinin 11 avqust 2010-cu il tarixli sərəncamı ilə "e-hökumət"ə keçid istiqamətində növbəti mühüm sənəd təsdiq edilmişdir. "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı" ("Elektron Azərbaycan") "e-hökumət"ə keçid prosesini daha da sürətləndirmişdir. Proqramda birmənalı vurğulanır ki, respublikada telekommunikasiyapoçt infrastrukturunun yeni texnologiyalar əsasında modernləşdirilməsinin tam başa çatdırılması, keyfiyyətli və qənaətbəxş telekommunikasiya xidmətlərinin təqdim olunması, peyk rabitəsi texnologiyalarından istifadə, "e-hökumət" həllərinin tətbiqinin genişləndirilməsi və bütövlükdə cəmiyyətdə İKT-dən istifadənin səviyyəsinin artırılması mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, informasiya cəmiyyətinin tələblərindən irəli gələn dövlət informasiya sistemlərinin inkişafına, informasiya təhlükəsizliyinin təmin edilməsinə, "e-imza" və "e-sənəd" dövriyyəsinin tətbiqinə, elektron və poçt-maliyyə xidmətlərinin təşkilinə, yerli istehsalın və onun ixrac potensialının gücləndirilməsinə, ayrı-ayrı sahələr üzrə İKT-nin tətbiqinin genişləndirilməsinə, internetdən istifadə səviyyəsinin artırılmasına və İKT üzrə kadr hazırlığına diqqət yetirilməsi vacibdir.

"Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı"nın məqsədi Milli Strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi, respublikanın informasiya cəmiyyətinə keçidinin təmin edilməsi, İKT-nin inkişafını və geniş tətbiqini təmin etmək yolu ilə informasiya və biliklərə əsaslanan, rəqabətə davamlı iqtisadiyyatın qurulması və inkişaf etdirilməsi üçün zəminin formalaşdırılması, dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılması və qərarların qəbulu prosesində vətəndaşların və sosial institutların iştirakı imkanlarının genişləndirilməsidir.

Dövlət Proqramında qoyulmuş məqsədlərə çatmaq üçün aşağıdakı məsələlərin həlli nəzərdə tutulur: respublikada müasir informasiyakommunikasiya infrastrukturunun inkişaf etdirilməsi, fizikihüquqi şəxslərin dövlət orqanlarının fəaliyyəti haqqında məlumatlara, həmçinin dövlət, ictimai və sahə informasiya resurslarına çıxışının genişləndirilməsi, informasiyakommunikasiya xidmətlərinin genişləndirilməsi və onların keyfiyyətinin artırılması; dövlət idarəçiliyinin bütün səviyyələrində İKT həllərinin tətbiqi, dövlət informasiya sistemləri və resurslarının formalaşdırılması və inkişaf etdirilməsi; vahid texnoloji standartlar əsasında dövlət informasiya resursları və sistemlərinin inteqrasiyasının təmin edilməsi, dövlət orqanları arasında etibarlı və təhlükəsiz informasiya mübadiləsinin həyata keçirilməsi üçün vahid konfidensial multiservis şəbəkəsinin inkişaf etdirilməsi, təşkilati-texniki, texnoloji tədbirlərin həyata keçirilməsi və müvafiq mühitin formalaşdırılması; dövlət orqanlarının göstərdiyi xidmətlərin operativliyinin və keyfiyyətinin, habelə dövlət idarəetmə mexanizmlərinin səmərəliliyinin artırılması üçün "e-hökumət" həllərinin geniş tətbiqi, "bir pəncərə" prinsipi əsasında elektron xidmətlərin təşkili; müasir inkişaf tələblərinə uyğun olaraq, sahə üzrə normativ hüquqi bazanın təkmilləşdirilməsi; sahə üzrə standartlaşdırma və sertifikatlaşdırmanın beynəlxalq təcrübəyə uyğun həyata keçirilməsi; e-ticarət, e-səhiyyə kimi mütərəqqi fəaliyyət formalarının inkişaf etdirilməsi; "rəqəmsal geriliyin" azaldılması üçün tədbirlərin həyata keçirilməsi; informasiya cəmiyyətinin qurulması istiqamətində vahid elmi-texnikiinnovasiya siyasətinin həyata keçirilməsi; informasiya cəmiyyətinin qurulması üzrə görülən işlərə ictimai nəzarətin təmin edilməsi və s.

Dövlət Proqramı milli telekommunikasiyapoçt infrastrukturunun və xidmətlərinin inkişafı, dövlət və yerli özünüidarəetmə orqanlarında İKT-nin tətbiqi və elektron xidmətlərin inkişaf etdirilməsi, informasiya cəmiyyətinə keçid üçün şəraitin yaradılması, rəqabət qabiliyyətli və ixracyönümlü İKT potensialının gücləndirilməsi kimi  dörd əsas istiqamət üzrə həyata keçirilir.

Bütün bunlar "elektron hökumət" sahəsində qazanılan nailiyyətlərin miqyasını davamlı şəkildə genişləndirən amillər kimi çıxış edir. Beynəlxalq praktikada qəbul edilmiş normalara əsasən, "elektron hökumət" - hər hansı bir ölkənin dövlət strukturlarının hamısı haqqında məlumatların hər bir vətəndaş üçün açıq olan yerləşdirilməsi deməkdir. Yəni hər bir vətəndaş istənilən dövlət qurumuna elektron formada müraciət etmənin qaydalarını mənimsəyir və bundan istifadə edir. Bununla da müxtəlif səviyyəli dövlət strukturları informasiyanın və xidmətlərin istehlakçılara bilavasitə çatdırılması üçün müasir informasiyakommunikasiya texnologiyalarından istifadə edirlər. Elektron hökumətin xidmətlərinin istehlakçıları vətəndaşlar, özəl sektor və dövlət strukturlarıdır. "Elektron hökumət"in qurulması ölkədə hakimiyyət strukturlarının şəffaf fəaliyyət göstərməsinə xidmət edir və dünyanın inkişaf etmiş ölkələrinin əksəriyyətində "elektron hökumət" fəaliyyət göstərir.

 "Elektron hökumət" - müasir informasiya texnologiyalarından istifadə etməklə, dövlət qurumları tərəfindən Azərbaycan Respublikasının ərazisində yaşayan bütün vətəndaşlara, hüquqifiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır. Yaradılan yeni imkanların əsas məqsədi xidmətlərin göstərilməsi üçün dövlət qulluqçuları və vətəndaşlar arasında olan "məsafəni" maksimum azaltmaq, bu münasibətləri sadələşdirmək, şəffaflaşdırmaqdır. Dövlət orqanları tərəfindən elektron xidmətlərin geniş tətbiqi, onların sayının və keyfiyyətinin artırılması, vətəndaşların xidmətlərdən məmunluğunun yüksəldilməsi bu məqsədə çatmağın vasitələridir.

"Elektron hökumət" dövlət idarəçiliyində müasir texnologiyaların tətbiqini genişləndirməklə həyata keçirilən fəaliyyətin səviyyəsinin yüksəldilməsi və onlardan istifadə imkanlarının sadələşdirilməsinə; dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının işinin səmərəliliyinin artırılması və təqdim olunan elektron xidmətlərin keyfiyyətinin yüksəldilməsinə; istifadəçilərə dövlət qurumları tərəfindən təqdim olunan elektron xidmətlərin optimallaşdırılması və yerinə yetirilmə prosedurlarının sadələşdirilməsinə; elektron xidmətlər vasitəsilə istifadəçilərə təqdim olunan məlumatların həqiqiliyinin, tamlığının, etibarlılığının və sərbəst əldə olunmasının təmin edilməsinə; istifadəçinin sorğusuna əsasən məlumatların axtarılmasına və əldə edilməsinə sərf olunan vaxtın maksimum azaldılmasına; istifadəçinin yerləşdiyi coğrafi məkandan asılı olmayaraq, ölkənin bütün ərazisində təqdim olunan elektron xidmətlərdən istifadəyə imkan yaradır.

Ölkədə "elektron hökumət"in formalaşdırılması beynəlxalq təcrübəyə əsaslanır və Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramının (Elektron Azərbaycan)" təsdiq edilməsi haqqında sərəncamı, "Dövlət orqanlarının elektron xidmətlər göstərməsinin təşkili sahəsində bəzi tədbirlər haqqında" 23 may 2011-ci il tarixli fərmanı və digər normativ hüquqi aktlarla fəaliyyət üçün hüquqi baza yaradılmışdır.

Fərmanda vurğulanır ki, Azərbaycanın davamlı və dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi, dövlət idarəçiliyinin müasir prinsiplər əsasında həyata keçirilməsi məqsədi ilə informasiyakommunikasiya texnologiyalarından istifadə olunması dövlət siyasətinin prioritetlərindən birinə çevrilmiş və bu sahədə mühüm tədbirlər görülmüşdür. "Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010-2012-ci illər üçün Dövlət Proqramı (Elektron Azərbaycan)", eləcə də informasiyakommunikasiya texnologiyalarının inkişafı ilə bağlı qəbul edilən digər normativ hüquqi aktlar əsasında dövlət orqanlarının əhaliyə beynəlxalq standartlara uyğun elektron xidmətlər göstərməsi sahəsində hüquqi baza formalaşmışdır. Modernçevik idarəetmənin təmin edilməsi, dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması və korrupsiyaya şərait yaradan halların aradan qaldırılması üçün əhaliyə elektron xidmətlərin göstərilməsi zəruridir.

Fərmanda elektron xidmətlərin təşkili və elektron imzanın tətbiqi prosesinin sürətləndirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə iki ay müddətində mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi qaydalarını və xidmət növlərini müəyyən etmək tapşırılmışdır.

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu sahədə görülən işlərin əlaqələndiricisi olaraq "Elektron hökumət"in formalaşması üzrə digər dövlət orqanları ilə sıx fəaliyyət göstərmiş və müvafiq infrastrukturun yaradılması üzrə fəaliyyət həyata keçirmişdir. Elektron imzaların istifadəsi üçün Milli Sertifikasiya Xidmətləri Mərkəzi yaradılmış, dövlət qurumlarının informasiya sistemləri arasında informasiya mübadiləsini təmin edən infrastruktur qurulmuşdur. Habelə beynəlxalq təcrübəyə əsasən vətəndaşların dövlət orqanları ilə təmaslarının daha münasib şəkildə təşkili üçün "bir pəncərə" prinsipi əsasında təşkil olunan və dövlət orqanlarının göstərdiyi elektron xidmətlərin cəmləşdirildiyi "Elektron hökumət" portalı (www.e-gov.az) tətbiq edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 5 sentyabr 2012-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"ndan irəli gələn vəzifələrin icrası üçün dövlət orqanları ilə vətəndaşlar arasında münasibətlərin səmərəliliyinin artırılması, korrupsiya və süründürməçiliyin qarşısının alınması məqsədilə elektron xidmətlərin tətbiqi böyük aktuallıq kəsb edir. Elektron xidmətlər korrupsiyanın, məmur özbaşınalığının, süründürməçilik hallarının qarşısını alır, şəffaflığa, hesabatlılığa təminat yaradır, operativliyi, səmərəliliyi təmin edir.

Ekspertlər "Elektron hökumət"in əsas fəaliyyət prinsiplərinə aşağıdakıları aid edirlər:

- Azərbaycan Respublikasının mövcud qanunvericiliyin tələblərinə riayət edilməsi;

- İnformasiyalaşdırma sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dövlət və milli maraqların qorunması;

- İstifadəçilərə təqdim olunan məlumatların tamlığının, həqiqiliyinin, aktuallığının, təhlükəsizliyinin, mühafizəsinin sadə və operativ şəkildə əldə edilməsi imkanlarının təmin olunması;

- Dövlət qurumları arasında səlahiyyət və məsuliyyət bölgüsü.

 "Elektron hökumət" virtual məkanın, müasir texnologiyaların imkanlarından, dövlət orqanlarında informasiyalaşdırmanın yüksək səviyyəsindən istifadə edərək ölkə vətəndaşlarına göstərilən xidmətlərin keyfiyyətcə yeni formada təqdim olunmasına xidmət edir. Azərbaycanda göstərdiyi elektron xidmətlərə ən çox müraciət edilən dövlət qurumu Rabitə və İnformasiya Texnologiyaları Nazirliyidir. Hazırda nazirlik tərəfindən 24 elektron xidmət göstərilir və bu xidmətlərə təkcə 2013-cü ilin iyul ayı ərzində 54 min 207 dəfə müraciət edilmişdir. Xidmətlərinə göstərilən marağa görə Dövlət Sosial Müdafiə Fondu (7 xidmət) 12 177 müraciətlə ikinci yeri tutur. Üçüncü yerdə isə 10 elektron xidmət göstərən  Vergilər Nazirliyi 1564 müraciətlə qərarlaşmışdır.

1407 müraciətlə Ədliyyə Nazirliyi, 1323 müraciətlə Daxili İşlər Nazirliyi, 739 müraciətlə  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, 579 müraciətlə Təhsil Nazirliyi, 445 müraciətlə Səhiyyə Nazirliyi, 351 müraciətlə "Azərsu" ASC və 317 müraciətlə Dövlət Gömrük Komitəsi ilk onluğa  daxildir.

Elektron xidmətlərinə ən az müraciət edilən dövlət qurumları isə Dövlət Sərhəd Xidməti, Müəllif Hüquqları Agentliyi, Gənclər və İdman Nazirliyi, Standartlaşdırma, MetrologiyaPatent üzrə Dövlət Komitəsi, Müdafiə Sənayesi Nazirliyi, Milli Arxiv İdarəsidir.

 Nazirlər Kabinetinin "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında 24 noyabr 2011-ci il tarixli Qərarına əsasən, müxtəlif dövlət orqanlarının elektron xidmətlərinin vahid reyestri yaradılmışdır. Dövlət orqanlarının elektron xidmətlər reyestrində təqdim etdikləri "e-xidmətlər" haqqında yenilikləri və məlumatları www.e-gov.az saytından əldə etmək olar.

Kompyuter texnologiyalarının inkişaf etməkdə olduğu dünyada informasiya təhlükəsizliyi məsələsi getdikcə daha vacib məsələ kimi ortaya çıxmışdır. Məlumat mübadiləsi zamanı ötürülən informasiyanın təhlükəsizliyinin qorunması çox mühüm məsələdir. Dövlət orqanları ilə müxtəlif əməliyyatlar həyata keçirərkən vətəndaşların şəxsi məlumatlarının üçüncü tərəfin ələ keçirməməsi üçün təhlükəsiz şəbəkələr getdikcə daha çox yayılır. Bundan başqa, elektron əməliyyatların həyata keçirilməsi zamanı vətəndaşın kimliyinin ayırd edilə bilməsi də təhlükəsizlik qədər vacib məsələdir. Bütün qeyd olunanlar isə elektron imzanın zəruriliyini ortaya çıxarmışdır.

"Elektron imza" ideyası XX əsrin 70-80-ci illərində meydana gəlmişdir. Əsas mahiyyəti informasiyanı hazırlayan şəxsin həqiqiliyinin üçüncü şəxs tərəfindən müəyyənləşdirilməsinə imkan yaratmaqdır. Hazırda elektron imzanı tətbiq edən ölkələr digərlərinə nisbətən daha inkişaf etmiş hesab olunur və həmçinin belə ölkələrdə inkişaf  da dinamik baş verir. Bu gün elektron hökumətin əsas atributlarından sayılan elektron imza Azərbaycanda da uğurla tətbiq edilir. "Elektron imzaelektron sənəd haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edildikdən sonra "elektron imza"nın reallaşdırılması mərkəzi icra orqanı kimi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə tapşırılmışdır. Bu fərmandan irəli gələrək hazırda fəaliyyət göstərən Sertifikat Xidmətləri Mərkəzinin əsas vəzifəsi Ali SXM kimi digər SXM-lərə nəzarət funksiyasını həyata keçirmək, onların Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun fəaliyyət göstərdiyini, düzgün proqram təminatından istifadə etməsini və s. yoxlamaqdan ibarətdir.

2011-ci ilin sentyabr ayından rəsmi olaraq fəaliyyətə başlayan mərkəz əhalinin müxtəlif təbəqələrinə, yəni adi vətəndaşlara, sahibkarlıq fəaliyyəti ilə məşğul olan hüquqifiziki şəxslərə, həmçinin dövlət qulluqçularına xidmət göstərir. "Elektron imza" xidmətlərini operativ şəkildə təmin etmək məqsədilə Bakı şəhərinin əsas mərkəzi poçt şöbələri və filiallarında, həmçinin ölkənin regionlarındakı poçt şöbələrində Qeydiyyat Mərkəzləri təşkil olunmuşdur.

Vətəndaşlara operativ şəkildə elektron imza xidmətlərini təşkil etmək, həmçinin onları maraqlandıran sualları cavablandırmaq məqsədilə mərkəzin mütəxəssisləri tərəfindən www.e-imza.az saytı hazırlanmışdır. Sayt vasitəsilə vətəndaşlar mərkəzin fəaliyyəti ilə yanaşı, elektron imzadan istifadə qaydaları, müxtəlif təlimatlar, öz sertifikatları haqqında ətraflı məlumat əldə edə bilərlər.

Bu sahədə mövcud və gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə 2013-cü ilin may ayında Vergilər Nazirliyinin nəzdində bütün mövcud kompyuter əməliyyat sistemlərini və mobil qurğuları dəstəkləyən Elektron İmza Sertifikat Xidmətləri Mərkəzi yaradılmışdır. Mərkəz Avropa standartlarının tələblərinə uyğun hazırlandığından elektron imzaların Avropa ölkələri ilə qarşılıqlı tanınması üçün işlər görülür. Bu isə Azərbaycan vətəndaşlarına digər ölkə vətəndaşları ilə birgə şirkətlər yarada bilmək və şirkətlərarası müqavilələri elektron formada internet üzərindən imzalamaq imkanı verir.

"E-hökumət" quruculuğu istiqamətində mühüm addımlardan biri də 2013-cü ilin mayında Vergilər Nazirliyi tərəfindən Asan İmzanın tətbiqinə başlanılmasıdır. Asan İmza (Mobil imza) - e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyi təsdiqləmək üçün mobil identifikasiyadır. Asan İmza (Mobil imza) bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir. Vətəndaşlar Asan İmza (Mobil imza) ilə şəxsiyyətlərini təsdiq edə və sənədlərə rəqəmsal imza ata bilirlər.

İnformasiya sistemində istifadə üçün elektron formada təqdim olunan sənədlər (elektron sənədlər) elektron imza ilə təsdiq edilir. Elektron imza üçün sertifikat isə Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilir. Ərizə ilə müraciət etmiş şəxslərə ASXM tərəfindən elektron imza üçün sertifikatlar - Asan İmza SİM kartı üzrə sertifikatlar (Asan İmza) verilir. ASXM tərəfindən verilən sertifikatı əldə etmək üçün ilk növbədə mobil operatora müraciət etmək lazımdır və bununla Asan İmza SİM kartı, yəni  elektron imza vasitəsi olan mobil telefon üçün xüsusi SİM kart əldə edilir. Asan İmza (Mobil imza) ilə bütün mövcud e-xidmətlərdən istifadə etmək mümkündür. Gələcəkdə digər dövlət qurumlarının da bu sistemə inteqrasiyası nəzərdə tutulur.

Bütün bunlar göstərir ki, Azərbaycanda "e-hökumət", ümumilikdə, informasiyalı cəmiyyət quruculuğunun tərkib hissəsi olub, ölkədə reallaşdırılan iqtisadi strategiyanın və dövlət idarəçiliyinin mütərəqqi mahiyyətindən irəli gəlir. Başqa sözlə, sosial-iqtisadi inkişafın hazırkı mərhələsində cəmiyyət həyatında demokratik dəyərlərin, insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə təmini, ilk növbədə,  hökumət idarəçiliyinin çevik və işlək mexanizmlər əsasında qurulmasından keçir. Məhz bu reallıq nəzərə alınmaqla "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında 2020-ci ilədək "e-hökumət"ə 100 faizlik keçidin təmini qarşıya məqsəd qoyulmuşdur.

 

 

Elnur HACALIYEV

 

Azərbaycan. - 2013.- 29 avqust.- S. 8.