«Mini Azərbaycan» sərgisinə yaxın vaxtlarda daha beş binanın maketi əlavə olunacaqdır

 

Heydər Əliyev Mərkəzində açılmış və ölkənin tarixi, eləcə də müasir memarlıq abidələrini nümayiş etdirən "Mini Azərbaycan" sərgisinə yaxın vaxtlarda daha beş binanın maketi əlavə olunacaqdır.

Mərkəzdən AzərTAc-a bildirmişlər ki, İçərişəhər, Bakı körfəzi, "Bakı şəhər" layihəsi, Qəbələ rayonundakı "Qafqaz Riverside" mehmanxanası və Bakıdakı Müqəddəs Məryəm katolik kilsəsinin miniatür formaları ziyarətçilərin ixtiyarına veriləcəkdir.

Heydər Əliyev Mərkəzinin "Mini Azərbaycan" layihəsi Azərbaycanın tarixi və mədəniyyətinin, memarlığının tanıdılması, təbliği məqsədi daşıyır. Mayın 10-dan açılan sərgidə hazırda paytaxt Bakı və müxtəlif bölgələrdən seçilmiş 45 tariximüasir memarlıq incisinin maketi nümayiş olunur. "Mini Azərbaycan" sərgisində Möminə Xatun türbəsindən Hökumət evinədək, Şuşa məscidindən Pravoslav kilsəsi, Sinaqoqa kimi, Qoşa Qala qapısından Dövlət Bayrağı meydanına, keçmiş İsmailiyyə binasından (AMEA-nın Rəyasət Heyəti) "Flame Towers" kompleksinə qədər müxtəlif dövrlərdə və fərqli üslublarda ucaldılmış tikililər bir araya gətirilmişdir.

Sərgidə həmçinin hazırda inşa edilməkdə olan layihələrin - Quba Soyqırımı Memorial Kompleksi, Şahdağ Qış-Yay Turizm Kompleksi, Xəzər Dəniz Su Pavilyonu, Xocalı Soyqırımı Memorial Kompleksinin maketləri də yer almışdır.

Ziyarətçilərə hər bir binanın tarixi, memarlıq üslubu barədə məlumatları, maraqlı faktları öyrənmək və qısa zaman kəsiyində bütün Azərbaycana səyahət etmək imkanı yaradılır.

 

Azərbaycan. - 2013.- 29 avqust.- S. 12.