2003-2013-cü illər ərzində Azərbaycanın beynəlxalq standartlara cavab verən müasir sığorta-pensiya modeli formalaşmışdır

 

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri, iqtisad elmləri doktoru, professor Səlim Müslümovun "yap.org.az" saytına müsahibəsi

 

- Səlim müəllim, Azərbaycan Respublikasının Prezidenti əmək pensiyalarının baza hissəsinin artırılması barədə sərəncam imzalayıb. Həmin artımın şamil olunduğu pensiyaçılar və artımın məbləği barədə məlumat verməyinizi xahiş edirik.

- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əmək pensiyalarının baza hissəsinin 17,6 faiz artırılmasına dair sərəncamı təxminən 1 milyon 209 min 135 pensiyaçıya şamil olunacaq. Bu artımdan yararlanmayan qulluq stajına görə əmək pensiyasına əlavələr alanlar, yəni dövlət qulluqçuları, hərbi qulluqçular və digər bu kateqoriyaya aid pensiyaçıların sayı 63 min 431 nəfərdir. Onların pensiyaları "Əmək pensiyaları haqqında" Qanuna uyğun olaraq fərqli qaydada artırılır.

Pensiyanın baza hissəsini 100 faiz alanların, yəni 1 milyon 90 min nəfərin pensiyasının artımı 15 manat, bəzi kateqoriyaya aid olan pensiyaçılarda isə daha çox olacaqdır. Belə ki, pensiyanın baza hissəsini 120 faiz həcmində alan 15 min 580 nəfər üzrə artım 19 manat 50 qəpik, 200 faiz həcmində alan 7763 nəfər I qrup gözdən əlillər üzrə isə 31 manat 50 qəpik təşkil edəcəkdir. Milli qəhrəmanların ailə üzvlərinin pensiyasının baza hissəsi 30 manat artırılaraq 200 manata, şəhid ailəsi üzvlərinin pensiyasının baza hissəsi 27 manat 75 qəpik artırılaraq 185 manata çatacaqdır.

Döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının, habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçuların pensiyasının baza hissəsi 16 manat 50 qəpik artacaqdır.

Böyük Vətən Müharibəsi iştirakçılarının pensiyasının baza hissəsi 28 manat 50 qəpik, bu sıradan olan I qrup əlillər üzrə 37 manat 50 qəpik, II qrup əlillər üzrə 31 manat 50 qəpik, III qrup əlillər üzrə isə 28 manat 50 qəpik artırılacaqdır.

Artım nəzərə alınmaqla hazırda Azərbaycanda əmək pensiyalarının baza hissəsi 128 ABŞ dolları təşkil edir. Bu göstəriciyə görə Azərbaycan MDB-də üçüncü yeri tutur. Qazaxıstanda əmək pensiyasının baza hissəsi 185 ABŞ dollar, Belarusda 129 dollar, Rusiyada 109,3 dollar, Ukraynada 111,8 dollar, Ermənistanda 31,7 dollar təşkil edir.

Əmək pensiyalarının baza hissəsinin artımının maliyyələşdirilməsi üçün ilin sonuna kimi təxminən 73,2 milyon manat əlavə vəsait tələb olunur ki, həmin vəsait fondun büdcəsində nəzərə alınmışdır.

- Artıq 10 ildir ki, Azərbaycanda milli pensiya sisteminin islahatı aparılır. Hansı konkret nəticələr əldə edilmişdir və qarşıda daha hansı vəzifələr durur?

- Azərbaycanda qısa müddət ərzində yeni iqtisadi sistemin qurulmasını təmin edən ciddi islahatlar aparılmış və çoxşaxəli iqtisadiyyatın ahəngdar inkişafına nail olunmuşdur. Ölkəmizdə bütün istiqamətlər üzrə konkret proqramlar icra edilmiş, əhalinin pul gəlirləri əhəmiyyətli dərəcədə artmışdır. Bütün bunlar yoxsulluq probleminin həlli istiqamətində təsirli tədbirlərin həyata keçirilməsinə imkan yaratmış və yoxsulluğun səviyyəsi əhəmiyyətli dərəcədə azalmışdır. Nəticədə bu göstərici 2003-cü ildə 44,7 faiz təşkil etdiyi halda, hazırda 5,6 faizə düşmüşdür.

Qeyd olunan nəticələrin əldə edilməsində ölkənin sığorta-pensiya sisteminin köklü islahatı tədbirləri də mühüm rol oynamışdır. Bu istiqamətdə həyata keçirilən işləri xeyli sadalamaq olar. Ümumiləşdirilmiş şəkildə ifadə etsək, bu gün Azərbaycanın beynəlxalq standartlara cavab verən müasir sığorta-pensiya modeli formalaşmışdır. Bu model hazırda dünyada mövcud olan sığorta-pensiya sistemlərinin ən mühüm elementlərini özündə birləşdirir və bu sırada sosial sığortaya mahiyyətinə uyğun daha düzgün yanaşılması xüsusi qeyd olunmalıdır. Başqa sözlə, ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının fərdi uçotu qurulmaqla, vətəndaşların pensiya hüquqlarının həmin uçotun məlumatları əsasında müəyyənləşdirilməsi və beləliklə də pensiya təminatında sığorta prinsiplərinə keçid təmin edilmişdir. Sistemdə ölkə iqtisadiyyatının inkişafına uyğun əməkhaqqı fondu, bundan formalaşan sosial sığorta haqları və həmin haqlara görə təyin olunan pensiyalar həlqəsi qurulmuşdur ki, bu şəraitdə sosial sığortaya cəlb olunan əməkhaqlarının artımı pensiya artımlarını da şərtləndirir.

Nəticədə 2003-2013-ci illər ərzində əmək pensiyalarının orta aylıq məbləği 9,2 dəfə artaraq 18,4 manatdan 170 manata, minimum məbləği 7,1 dəfə artaraq 14 manatdan 100 manata, yaşa görə pensiyalar üzrə əvəzetmə əmsalı 29,3 faizdən 45 faizə çatdırılmışdır. Həyata keçirilən davamlı sosial müdafiə tədbirləri nəticəsində pensiyaçılarımızın 97%-nin pensiya məbləği yoxsulluq həddinin üzərinə çıxmışdır. Qeydiyyata alınmış sığortaolunanların sayı təqribən 2 dəfə artaraq 1 milyon 303 min nəfərdən 2 milyon 581 min nəfərə çatmışdır. Bu dövrdə Dövlət Sosial Müdafiə Fondunun büdcəsində sosial sığorta haqları üzrə daxilolmalar 7 dəfə artaraq 223 milyon manatdan 1 milyard 550 milyon manata yüksəlmişdir.

Təbii ki, qarşıda duran vəzifələr də az deyil. Sığorta-pensiya sistemində bu vəzifələrin müəyyənləşdirilməsi beynəlxalq standartlar üzrə həyata keçirilən aktuar hesablamalara əsaslanaraq və ölkə Prezidentinin həyata keçirdiyi əhalinin sosial müdafiəsinin gücləndirilməsi üzrə tapşırıqlara uyğun olaraq aparılır. Qeyd olunan tədqiqatlar özündə makroiqtisadi inkişaf göstəriciləri, demoqrafik göstəricilər və bilavasitə sığorta-pensiya sistemində baş verən dəyişikliklər üzrə göstəricilərin qarşılıqlı təsirinin öyrənilməsini birləşdirir. Bu əsasda perspektiv dövrdə də pensiya təminatına yönəldilən vəsaitlərin ÜDM-ə nisbəti üzrə beynəlxalq təcrübədə qəbul olunmuş normaların gözlənilməsi, orta aylıq pensiya məbləğinin orta aylıq əməkhaqqına nisbətinin artırılması, pensiyaların minimum məbləğinin ölkə üzrə yaşayış minimumu səviyyəsinə uyğunlaşdırılması istiqamətində tədbirlərin həyata keçirilməsi əsas vəzifələrdəndir. Bunun üçün isə, ilk növbədə, sığorta-pensiya sisteminin maliyyə dayanıqlığının təmin olunması əsas şərtdir.

- "Əmək pensiyaları haqqında" Qanuna əsasən, əmək pensiyaları baza, sığorta və yığım hissələrindən ibarətdir. Bu gün yalnız baza və sığorta hissələri real fəaliyyət göstərir. Üçüncü element - yığım hissəsi nə vaxt fəaliyyət göstərəcək? Bunun üçün nə lazımdır və hansı tədbirlər görülür?

- Beynəlxalq təcrübədə bölüşdürücü-həmrəylik, yığım, habelə bu prinsiplərin kombinasiyasına əsaslanan pensiya sistemləri mövcuddur. Bölüşdürücü-həmrəylik sistemində hazırda işləyənlərin ödədikləri sosial sığorta haqqı hesabına cari pensiya xərcləri maliyyələşdirilir. Yığım sistemində hər bir şəxsin ödədiyi sosial sığorta haqqı onun fərdi hesabında real toplanır və müxtəlif investisiya proqramlarına yönəldilərək idarə olunur. Bu vəsait düzgün yerləşdirildikdə əlavə gəlir əldə edilməklə özü-özünü artırır, şəxs pensiya yaşına çatdıqdan sonra həmin vəsait hesabına onun pensiyası maliyyələşdirilir. Göstərilənlərlə yanaşı, həmrəylik və yığım sistemlərinin kombinasiyasından ibarət pensiya sistemləri də mövcuddur ki, həmin sistemlər bu iki prinsipin birgə tətbiqinə əsaslanır. Beynəlxalq təcrübədə Almaniya, Fransa və Finlandiyanın pensiya sistemləri bölüşdürücü-həmrəylik prinsipinə, Çili, Argentina və Qazaxıstanın pensiya sistemləri isə real yığıma əsaslanan sistemlər üçün nümunə kimi qəbul edilir. Böyük Britaniya, İsveç, Hollandiya, Polşa, Macarıstan, Rusiyanın pensiya sistemləri qarışıq tipli, yəni hər iki prinsipə əsaslanan elementlərin olduğu sistemlər kimi səciyyələndirilir.

Bölüşdürücü-həmrəylik sistemində iştirakçıların məsuliyyətinin artırılması zəruriliyi, real yığım sistemində isə hər bir şəxs üzrə açılmış hesablara toplanan real pul vəsaitlərinin pensiyaya çıxma vaxtınadək müxtəlif bazar təsirlərindən qorunmasındakı problemlər həmin sistemlərə dair klassik baxışların tədricən dəyişməsinə səbəb olmuşdur. Hazırda bu sahədə tendensiyalar bölüşdürücü-həmrəylik sistemlərində şərti, yəni real olmayan yığım prinsipinin gücləndirilməsi, real yığım sistemlərində isə şərti yığıma əsaslanan bölüşdürücü-həmrəylik sistemlərinə keçid istiqamətində inkişaf etməkdədir. Xüsusilə məcburi real yığıma əsaslanan pensiya sistemlərində maliyyə böhranı şəraitində baş verən ciddi problemlər, eləcə də bu sistemin tətbiqində nümunə hesab olunan Çili və digər Latın Amerikası ölkələrində tədricən bölüşdürücü-həmrəylik sisteminə keçid, qarışıq sistemə əsaslanan Polşa, Macarıstan və Rusiyanın pensiya sistemlərində məcburi real yığım komponentinin ixtisarı tədbirləri qeyd olunan tendensiyanı daha da gücləndirmişdir.

Azərbaycanda aparılan islahatlar qarışıq, yəni həmrəylik və yığım sistemlərinin kombinasiyasından ibarət pensiya sisteminin qurulmasını hədəfləyib. Hazırda əmək pensiyaları 2 hissədən - baza və sığorta hissələrindən ibarət təyin olunur və artırılır ki, bu da bölüşdürücü-həmrəylik funksiyası daşıyan şərti yığım sisteminə əsaslanır. Əgər ölkəmizdə həyata keçirilən pensiya islahatlarının məzmununa diqqət yetirsək, aydın görərik ki, məcburi real yığım komponentinin tətbiqində ehtiyatlı mövqe tutulmuşdur. Son dövrlər beynəlxalq təcrübədə məcburi real yığıma əsaslanan pensiya sistemlərində ciddi problemlərin meydana gəlməsi və bu əsasda həmin sistemdən tam və ya qismən imtina olunması meyilləri Azərbaycan dövlətinin həyata keçirdiyi pensiya siyasətinin düzgünlüyünü bir daha təsdiqləyir.

Lakin bütün bunlarla yanaşı, əhalinin etibarlı pensiya təminatına nail olunması məqsədilə əlavə təminata imkan verən mexanizmlərin formalaşdırılması da zəruridir. Bu baxımdan dövlət pensiya təminatı sistemində yığım komponentinin, eləcə də qeyri-dövlət pensiya institutlarının təşkili üçün məcburi deyil, könüllü sosial sığortanın tətbiqi daha məqsədəuyğundur. Bütün hallarda, yığım komponentinin hansı əsasda tətbiqindən asılı olmayaraq, köklü qanunvericilik bazası və mexanizmlər hazırlanmalıdır. Çünki burada ilk növbədə, yığım hesablarına toplanan vəsaitlərin şəxsin pensiyaya çıxma vaxtınadək müxtəlif bazar təsirlərindən qorunması və uzunmüddətli dövr üçün etibarlı gəlirə zəmanət verilməsi tələb olunur. Əks halda, pensiya təminatında yığım komponentinin tətbiqi, eləcə də qeyri-dövlət pensiya institutlarının fəaliyyəti könüllü sosial sığorta əsasında qurulsa belə, dövlət əhali qarşısında həmin sistemlərin təşviqinə görə məsuliyyət riski ilə üzləşir. Qeyd olunanlar nəzərə alınmaqla müasir standartlara uyğun qanunvericiliyin hazırlanması məqsədilə ötən dövr ərzində fond tərəfindən Avropa Tərəfdaşlıq və Əməkdaşlıq Aləti çərçivəsində tvinninq layihəsi təqdim olunmuş və Avropa Komissiyası tərəfindən təsdiqlənmişdir. Hazırda həmin layihənin icrası prosesi davam etdirilir. Qeyd edilən layihənin reallaşdırılması ilə fərdi yığım hesabları vəsaitlərinin formalaşdırılması və idarə olunması, bu vəsaitlərin investisiyası üzərində inzibati və texniki nəzarət, qeyri-dövlət pensiya fondlarının yaradılması və fəaliyyətinin təşkili, qeyri-dövlət pensiyalarının təyini, maliyyələşdirilməsi və ödənilməsinin mexanizmlərinə dair normativ hüquqi baza hazırlanacaqdır.

- Son illər pensiyaların hesablanması qaydalarına bir neçə dəfə dəyişikliklər edilmişdir. Hazırkı qaydalar sosial ədalət prinsipinə cavab verirmi?

- Aparılan dəyişikliklər həm pensiyaların hesablanması, həm də artırılması qaydaları ilə bağlıdır. Təbii ki, yeni sistemin tətbiqi, ilk növbədə, bu normalara yenidən baxılmasını tələb edirdi. Sistemin iştirakçılarının pensiyalarının ödənilmiş məcburi dövlət sosial sığorta haqlarına əsasən müəyyənləşdirilməsi mexanizmi yeni qanunvericiliyin tətbiqinin ilk günündən qüvvədə olmuşdur və hazıradək də dəyişməz qalır. Qeyd etdiyiniz əsas dəyişikliklər 2006-cı ilin 1 yanvarınadək, yəni əvvəlki sistemlə pensiyaya çıxmış və yaxud əmək fəaliyyətinin əksər hissəsinin həmin sistemin tətbiqi dövrünə aid insanların pensiya təminatı ilə bağlıdır. Azərbaycanda yeni sığorta-pensiya sisteminə keçidin ən mühüm xüsusiyyətlərindən biri əvvəlki sistemlə pensiya təminatı ilə əhatə olunmuş insanların da bu sistemə inteqrasiyası məsələsidir.

Hələ yeni sistemin tətbiqinin ilk günündən etibarən əvvəlki pensiya sistemi ilə əhatə olunmuş şəxslərin yeni sistemin iştirakçısına çevrilməsi, o cümlədən pensiyaların artımı və indeksləşdirilməsinin yeni qaydaları ilə əhatə olunmaları təmin edilmişdir. Lakin əvvəllər təyin edilmiş pensiyalar üzrə müxtəlif dövrlər üçün fərqli hesablama qaydalarının tətbiqi, pensiyaların vətəndaşların fəaliyyətinə və sığorta ödəmələrinə görə deyil, hansı güzəştli kateqoriyaya aid olmasına görə fərqləndirilməsinin yaratdığı problemlər hələ də davam edirdi. Bununla bağlı ötən dövrdə ardıcıl qərarlar qəbul edilmiş və Azərbaycanda pensiyaların mədləğinin müəyyənləşdirilməsi bütün pensiyaçılar üçün vahid sistemə - pensiyaların iş stajına uyğun pensiya kapitalına əsasən hesablanması qaydasına gətirilmişdir. Bu, ilk növbədə, müxtəlif kateqoriyadan olan pensiyaçılar arasında sosial ədalətin bərqərar olmasına, pensiya məbləğlərinin əhəmiyyətli şəkildə artımına, eləcə də sistemin kifayət qədər sadələşməsinə səbəb olmuşdur.

Beləliklə, hazıradək həyata keçirilən tədbirlərlə Azərbaycanda pensiya təminatının vahid sistemi formalaşdırılmışdır və fikrimcə, növbəti mərhələdə təkmilləşdirmələr sistemdə sığorta prinsiplərinin daha da artırılması, ödənilən sosial sığorta haqları ilə təyin olunan pensiyalar arasında əlaqənin gücləndirilməsi istiqamətində davam etdirilməlidir. Məsələn, hazırda ödənilən cəmi sosial sığorta haqqının 50 faizi fərdi hesablarda qeydə alınır və pensiyaların sığorta hissəsi həmin məbləğə görə təyin olunur. Sosial sığorta haqlarının digər 50 faizi isə sistemin ümumi xərclərinin, o cümlədən pensiyaçılar üçün bərabər məbləğlərlə ifadə olunan baza hissəsinin maliyyələşdirilməsinə yönəldilir. Bu isə sosial sığorta haqqı uzun müddət və yüksək məbləğlə ödənilən işçilər tərəfindən sosial sığorta haqqı daha az müddətə və aşağı məbləğlə ödənilən işçilərin gələcək pensiyalarının dolayı subsidiyalaşdırılmasına şərait yaradır. Nəticədə bunu yüksək əməkhaqqından sosial sığorta haqqı ödəyənlər sosial ədalətsizlik kimi qiymətləndirirlər. Qeyd olunan halların tənzimlənməsi məqsədilə hazırladığımız təkliflər işləyənlərin fərdi hesablarında onlar üçün ödənilən sığorta haqqının yarısının deyil, tam məbləğinin əks etdirilməsini nəzərdə tutur. Bu isə əmək pensiyalarının gələcəkdə vahid tərkibdə - yalnız fərdi hesablara toplanan sığorta kapitalı əsasında müəyyənləşdirilməsi deməkdir.

- Məlumdur ki, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi sosial sığorta daxilolmaları və dövlət büdcəsinin transferti hesabına formalaşır. Daxilolmaların dinamikası necədir? Büdcə transfertlərinin həcminin azaldılması nəzərdə tutulurmu?

- Mən Sizə son 10 ildə daxilolmaların ümumi artımı barədə məlumat verdim. Bu tendensiya cari ilin ötən dövründə də saxlanılıb və artım xüsusilə qeyri-büdcə sektorundan daxilolmalarda daha çox müşahidə olunur. 2013-cü ilin birinci yarısında sosial sığorta haqlarının 63,9 faizi və ya 462,8 mln. manatı qeyri-büdcə sektorundan daxil olmuşdur ki, bu da proqnozun 121,4 faiz icra edildiyini göstərir. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən daxilolmalar 47,9 faiz, torpaq pay mülkiyyətçilərindən daxilolmalar isə 55,1 faiz artmışdır.

Sualınızın ikinci hissəsi ilə bağlı dövlət büdcəsinin transfertinin həcmi üzərində bir qədər ətraflı dayanmaq istərdim.

Hazırda pensiya məbləğlərinin bir hissəsini müstəqil Azərbaycan Respublikasında sosial sığorta qanunvericiliyinin tətbiq olunduğu 1992-ci ilin 1 yanvarından əvvəlki dövr üzrə formalaşmış məbləğlər təşkil edir. Eyni zamanda, dövlətin müəyyən etdiyi qərarlar əsasında bəzi kateqoriya şəxslərin pensiyasına əhəmiyyətli məbləğdə əlavələr edilir ki, bütün bunların sistemə ödənilən sosial sığorta haqları ilə əlaqəsi yoxdur. Pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə dövlətin həyata keçirdiyi bir sıra tədbirlər, o cümlədən əmək pensiyalarının baza hissəsinin mütəmadi artımları, sistemə ödənilən sosial sığorta məbləğlərinə adekvat olmayan yüksək pensiya təminatının yaratdığı öhdəlikləri də bu sıraya aid etmək olar. Bütün bunlar, öz növbəsində, pensiya sisteminin xərclərinin, eləcə də dövlət büdcəsindən ayırmaların artımını şərtləndirmişdir və hazırda sistem üzərində sığorta prinsiplərinə əsaslanmayan dövlət öhdəliklərinin maliyyə yükü təsirli dərəcədə böyükdür.

Pensiya sisteminin bölüşdürücü-həmrəylik funksiyası daşıyan şərti yığıma əsaslanması sığorta prinsiplərinə söykənməyən dövlət öhdəlikləri üzrə xərclərin yaratdığı maliyyə yükünün müəyyən hissəsinin daxil olan sosial sığorta haqları hesabına qarşılanmasına imkan verir. Həmin xərclərin sosial sığorta vəsaitləri hesabına örtülməyən hissəsi isə dövlət büdcəsindən daxil olan transfert hesabına maliyyələşdirilir. Lakin bununla yanaşı, nəzərə alınmalıdır ki, hazırda daxil olan sosial sığorta vəsaitlərinin ayrı-ayrı sığortaolunanların fərdi hesablarında şərti pensiya kapitalları kimi qeydə alınması, gələcəkdə təyin ediləcək pensiya məbləğləri üzrə sistemin gizli maliyyə öhdəliyini də formalaşdırmaqdadır.

Göstərilənlərlə bağlı sığorta-pensiya sisteminin uzunmüddətli inkişaf dövrü üçün maliyyə dayanıqlığına nail olmaq məqsədilə, ilk növbədə, dövlətin öhdəlikləri ilə sığorta-pensiya sisteminin öhdəliklərinin fərqləndirilməsi, sistemin özünəməxsus vəsaitlərinin yalnız sosial sığorta nəticəsində yaranan xərclərə yönəldilməsi, yerdə qalan hissəsinin isə gələcəkdə gözlənilən maliyyə tələbinin qarşılanması üçün ehtiyata çevrilməsi zəruridir. Fikrimcə, yalnız bundan sonra sosial sığortaya əsaslanmayan öhdəliklərin qarşılanması üçün tələb olunan dövlət büdcəsinin transferti barədə konkret təklif vermək məqsədəuyğun olardı.

- Ölkədə avtomatlaşdırılmış pensiya təyinatının tətbiqinə keçildi. Bu yeniliyin tətbiqi sahəsində işlər necədir? Ümumilikdə Dövlət Sosial Müdafiə Fondunun gündəlik işində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi səviyyəsini necə qiymətləndirirsiniz?

- Müasir standartlara uyğun avtomatlaşdırılmış pensiya təyinatı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 30 dekabr 2008-ci il tarixli sərəncamla təsdiq etdiyi "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"nda əksini tapmış mühüm vəzifələrdəndir. İyul ayının 11-dən etibarən Azərbaycanda Şərqi Avropa və MDB məkanında ilk dəfə olaraq pensiyaların avtomatlaşdırılmış qaydada vahid mərkəzdən təyinatına başlanılıb və bu proses sığorta-pensiya sistemində aparılan davamlı islahat tədbirlərinin məntiqi nəticəsidir. Bu sıraya pensiya qanunvericiliyinə edilən ardıcıl dəyişikliklərlə pensiya təyinatı alqoritminin tam sadələşdirilməsi, ödənilən sosial sığorta haqlarının fərdi uçotu, sığorta-pensiya sistemində Avropa standartlarına uyğun müasir avtomatlaşdırılmış infrastrukturun qurulması, Dövlət Sosial Müdafiə Fondunun serverlərində unikal elektron məlumat bazalarının yaradılması kimi kompleks tədbirlər daxildir. Fondun internet səhifəsində yaradılmış müştəri xidmətləri sisteminə istənilən vətəndaş daxil olaraq öz fərdi hesabı barədə məlumat ala, eləcə də pensiya kalkulyatoru vasitəsilə öz pensiyasını hesablaya bilir. Həmçinin pensiya yaşına çatmış hər bir vətəndaş hər hansı sənəd toplamadan və vaxt itirmədən "Çağrı Mərkəzi"nə zəng vurub real vaxt rejimində dərhal pensiya təyinatı hüququnu reallaşdırmaq imkanına malikdir. Avtomatlaşdırılmış qaydada əmək pensiyası təyinatı aparılan hər vətəndaşa bir neçə dəqiqə ərzində ona təyin olunan pensiyanın məbləği və öz plastik pensiya kartını ala biləcəyi müvəkkil bankın filialının ünvanı bildirilir. Bu islahat tədbiri sistemdə şəffaflığın daha da artmasına, əlavə vaxt itkisinin qarşısının alınmasına, vətəndaşlarla fond orqanları arasında münasibətlərin sadələşdirilməsinə, insan amilinin rolunun son dərəcə azaldılmasına şərait yaradır. Sistemin tətbiq olunduğu ilk 1 aydan artıq ərzində 245 nəfərə avtomatlaşdırılmış qaydada pensiya təyinatı aparılıb. Onlardan 92-si Bakı şəhərində, 153-ü isə bölgələrdə yaşayan vətəndaşlardır. Bir sıra müraciət edən şəxslərə 2006-cı ilədək əmək stajları barədə məlumatları fondun orqanlarına təqdim etməmələri səbəbindən avtomatlaşdırılmış qaydada pensiya təyin etmək mümkün olmayıb. Biz bu barədə dəfələrlə məlumat vermişik və bir daha vurğulamaq istərdim ki, buna görə vətəndaşlar öz fərdi hesablarında məlumatların tam əks olunmasında xüsusi maraqlı olmalıdırlar. Ölkəmizdə fərdi uçot sisteminin tətbiqindən əvvəlki dövrə, yəni 2006-cı ilin 1 yanvarınadək iş stajlarının qeydiyyata alınmasında aktivlik göstərməlidirlər. Çünki avtomatlaşmış pensiya təyinatı yalnız sistemdə qeydiyyata düşmüş elektron göstəricilər əsasında aparılır və təbii ki, əgər müvafiq məlumatlar sistemdə vaxtında öz əksini tapmayıbsa, hesablamalarda onların nəzərə alınması texniki baxımdan imkan xaricindədir.

Ümumilikdə götürdükdə isə hər bir dövlət orqanında olduğu kimi, Dövlət Sosial Müdafiə Fondunun da gündəlik işini informasiya texnologiyalarının tətbiqi olmadan təsəvvür etmək mümkün deyil. 2003-2013-cü illər ərzində bu əsasda Dövlət Sosial Müdafiə Fondunun maddi-texniki bazası tamamilə yenidən qurulmuşdur. Fondun 74 yerli şöbəsində yeni ofis binaları tikilmiş və əsaslı təmir edilmiş, "incə müştəri" sistemli 2600 kompyuteri əlaqələndirən yerli lokal şəbəkələr yaradılmışdır. Bütün orqanlarda müasir standartlara cavab verən avtomatlaşdırılmış iş yerləri təşkil olunmuş, lokal şəbəkələr mərkəzi informasiya sisteminə birləşdirilərək fondun ümumi korporativ şəbəkəsi formalaşdırılmışdır. Mərkəzi məlumat bazasında ölkə əhalisinin 40 faizinə qədər, yəni 1 270 min nəfər pensiyaçı və fərdi hesab açılmış 2 581 min nəfər sığortaolunan barədə elektron məlumatlar toplanmışdır. Hələ 2010-cu ilin martında Polşa Respublikasının Varşava şəhərində keçirilən Avropa Sosial Təminat Forumunda Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu "Avropanın uğurlu təcrübəsi" müsabiqəsinin "İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə effektiv idarəetmə" nominasiyası üzrə Avropa qalibi elan edilmişdir. Ötən ilin sonunda isə Dünya Bankı Azərbaycan Hökuməti ilə əməkdaşlığının 20 illiyi münasibətilə fondu "Müasir kompyuter texnologiyalarının imkanlarından istifadə etməklə köhnəlmiş iş metodlarından yeni iş metodlarına keçid" nominasiyası üzrə xüsusi sertifikata layiq görmüşdür. Hazırda Dövlət Sosial Müdafiə Fondu tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı 21-ə çatdırılmışdır və "elektron hökumət" portalının statistikasına əsasən, fondun yerinə yetirdiyi elektron xidmətlər əhalinin ən çox müraciət etdiyi elektron xidmətlərdəndir.

- Sonuncu sualımız xeyli vaxtdır gündəmdə olan iş yerlərinin və əməkhaqlarının leqallaşması məsələsi ilə bağlıdır. Bu sahədə nəzərəçarpan irəliləyişlər varmı?

- Bu məsələ sığorta-pensiya sistemində daha geniş təsirə malikdir. Vətəndaşın iş yerinin qeydiyyata alınması onun gələcək pensiya hüququ, əməkhaqlarının tam əks etdirilərək sosial sığortaya cəlb edilməsi isə pensiya məbləği deməkdir. Buna görə də problemin həllində təkcə dövlət orqanları deyil, hər bir işləyən şəxs maraqlı və aktiv olmalıdır. Azərbaycanda qurulmuş pensiya təminatı modeli, hər bir şəxs işlədiyi dövrdə sosial sığorta haqlarının tam ödənilməsinə nail olarsa, ona aldığı əməkhaqqının 65-70 faizini pensiya şəklində qaytarmaq iqtidarındadır. Özü də fərdi hesaba toplanan məbləğlər hər il inflyasiyaya uyğun indeksləşdirilir ki, bu da sistemin sosial sığorta haqqı ödəyiciləri qarşısında etibarlılığının nümunəsidir. Digər tərəfdən, bunun ümumi pensiya artımı tədbirlərinə də birbaşa təsiri var. Çünki bazar iqtisadiyyatı şəraitində sosial ödənişlərə yönəldilən vəsaitlər öz mənbəyini real iqtisadiyyatdan, daha konkret desək, əməkhaqlarının sosial sığortaya cəlb olunmasından götürməlidir. İqtisadiyyatdan sosial sığorta haqları şəklində toplanan vəsaitlər yenidən pensiya ödənişləri kimi geri qaytarılmalı, yəni maliyyələşmələr əlavə mənfi fiskal təsirlər yaratmadan aparılmalıdır. Bu məqsədlə həm iqtisadiyyatdakı əməkhaqqı məbləğlərinin tam uçota alınması, həm də sosial sığortalanmadan yayınmanın aradan qaldırılması vacib şərtdir.

Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2012-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş Nazirlər Kabinetinin geniş iclasında konkret tapşırıqlar vermişdi. Ötən dövr ərzində həmin tapşırıqların icrası məqsədilə ciddi tədbirlər görülmüş, müvafiq orqanların birgə əlaqəli fəaliyyəti təşkil olunmuşdur. Dövlət Sosial Müdafiə Fondunun Vergilər Nazirlyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi ilə birgə həyata keçirdiyi tədbirlər nəticəsində son bir il ərzində 570 mindən çox sığortaolunan əlavə qeydiyyata alınmışdır. Bu isə, öz növbəsində, fondun qeyri-büdcə daxilolmalarının həcminə öz təsirini göstərməkdədir.

Lakin qeyd etdiyim kimi, bu prosesdə hər bir işləyən şəxsin fəal iştirakı da vacib şərtdir. Fondun internet səhifəsi vasitəsilə hər bir şəxsə öz fərdi hesabında toplanan pensiya kapitalı barədə məlumatı maneəsiz əldə etmək imkanının yaradılması bu prosesin mühüm tərkib hissəsidir. Eyni zamanda, fondda quraşdırılmış xüsusi avadanlıq vasitəsilə avtomatlaşdırılmış sistemdə olan hər bir sığortaolunanın fərdi hesabındakı məlumatların zərfdə məktub şəklində çap olunaraq öz sahibinə çatdırılmasına da başlanılmışdır ki, fikrimcə, bütün bunlar perspektivdə işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətə təşviq edilməsini daha da gücləndirəcəkdir.

 

Azərbaycan. - 2013.- 30 avqust.- S. 5.