Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilmişdir

 

Avqustun 29-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti  iclası keçirilmişdir. Mərkəzi Seçki Komissiyası Katibliyinin media və ictimai əlaqələr şöbəsindən AzərTAc-a bildirmişlər ki, əvvəlcə MSK-nın 27 avqust 2013-cü il tarixli iclasının protokolu təsdiq edilmişdir.

Sonra 2013-cü il oktyabrın 9-na təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkilərində namizədliyi "Demokratik Qüvvələrin Milli Şurası" seçicilərinin təşəbbüs qrupu tərəfindən irəli sürülmüş Cəmil Poladxan oğlu Həsənlinin namizədliyinin təsdiq olunması məsələsinə baxılmışdır. Komissiya həmin şəxsin namizədliyinin təsdiq olunması barədə qərar qəbul etmişdir.

Gülağa Aslanlı, Kərimxan Zeynalov, Şahin Həsənov və Gözəl Bayramlı Cəmil Həsənlinin səlahiyyətli nümayəndələri kimi qeydə alınmışlar.

İclasda səsvermənin yeri və vaxtı barədə seçicilərin məlumatlandırılmasına dair bildirişlərin mətni, forması və hazırlanma qaydası təsdiq edilmiş və 5.150.000 ədəd bildirişin çap olunması qərara alınmışdır.

MSK "Mərkəzi Seçki Komissiyası nəzdində Mətbuat qrupunun yeni tərkibdə formalaşdırılması barədə" 2008-ci il 4 sentyabr tarixli qərarına dəyişiklik edilməsinə dair məsələyə də baxmışdır. "Trend" İnformasiya Agentliyinin, "Kaspi" və "Gündəlik teleqraf" qəzetləri rəhbərlərinin müraciətləri nəzərə alınaraq həmin media orqanlarının nümayəndələri də daxil edilməklə qrupun tərkibində dəyişiklik barədə qərar çıxarılmışdır.

İclasda cari məsələlərə də baxılmışdır. MSK-nın iclasında beynəlxalq qurumların təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak etmişlər.

 

Azərbaycan. - 2013.- 30 avqust.- S. 7.