Azərbaycan və ABŞ arasında hərbi sahədə əməkdaşlıq məsələləri müzakirə olunmuşdur

 

Avqustun 30-da Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ABŞ-ın Oklahoma Ştatı Milli Qvardiyasının komandanı, general-mayor Mayls Dirinq ilə görüşmüşdür.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, görüşdə nazir S.Əbiyev son illər əməkdaşlığın müxtəlif istiqamətləri üzrə hər iki ölkənin əldə etdiyi müsbət nəticələrdən danışmışdır. Nazir bu kontekstdə ABŞ-ın Oklahoma Ştatının Milli Qvardiyası ilə Azərbaycan Silahlı Qüvvələri arasında qarşılıqlı əlaqələrdən məmnunluğunu ifadə edərək mövcud geniş imkanların bu münasibətləri daha da inkişaf etdirməyə əlverişli şərait yaratdığını bildirmişdir.

S.Əbiyev uğurları vurğulamaqla yanaşı, sıx əməkdaşlıq məsələlərinin qurulmasında "Azadlığı müdafiə aktı"na 907-ci düzəlişin göstərdiyi bəzi maneələri də qonağın diqqətinə çatdırmışdır. Nazir qeyd etmişdir ki, ABŞ qanunvericiliyinin doğurduğu müəyyən sədlərə baxmayaraq, tərəfdaşlığın dərinləşdirilməsi və inkişaf etdirilməsi hər iki ölkənin strateji maraqları çərçivəsindədir.

Müdafiə nazirinin fikirləri ilə razılaşdığını səsləndirən Milli Qvardiyanın komandanı, general M.Dirinq Azərbaycanı Amerika Birləşmiş Ştatlarının yaxın dostu kimi dəyərləndirərək respublikamızın dünyada strateji ölkəyə çevrildiyiniqeyd etmişdir. Qonaq Azərbaycan Silahlı Qüvvələrinin Əfqanıstandakı sülhyaratma missiyasına verdiyi böyük töhfələrə görə S.Əbiyevə öz dərin təşəkkürünü bildirmişdir.

 

Azərbaycan. - 2013.- 31 avqust.- S. 7.