Braziliyalı tələbələrə Azərbaycan haqqında ətraflı məlumat verilmişdir

 

Azərbaycanın Braziliyadakı səfiri Elnur Sultanov bu ölkənin aparıcı ali təhsil ocaqlarından biri olan Braziliya Ali Təhsil İnstitutunun müəllim-tələbə heyəti qarşısında çıxış etmişdir.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, Azərbaycan-Braziliya ikitərəfli əlaqələrinin dinamikası və perspektivləri haqqında danışan E.Sultanov ölkəmizin tarixi və mədəniyyəti, xarici siyasəti və iqtisadi inkişafı, regional və beynəlxalq müstəvidə oynadığı rol, həmçinin Ermənistanın torpaqlarımıza təcavüzü haqqında məlumat vermişdir.

Bu il Azərbaycan-Braziliya diplomatik əlaqələrinin 20 illiyinin tamam olduğunu vurğulayan səfir E.Sultanov iqtisadi, siyasi, humanitar və digər sahələrdə qarşılıqlı əməkdaşlığın sürətlə inkişaf etdiyini auditoriyanın diqqətinə çatdırmış və bir çox sahələrdə əməkdaşlıq üçün geniş potensialın olduğunu vurğulamışdır.

Sonra universitetin rektoru Eda Kutinyo çıxış edərək Braziliya-Azərbaycan münasibətlərinin əhəmiyyətindən danışmış və iki ölkənin ali təhsil ocaqları arasında tərəfdaşlıq əlaqələrinin yaradılmasının, tələbə mübadiləsinin vacibliyindən bəhs etmişdir.

Səfir E.Sultanov müəllim və tələbələrin çoxsaylı suallarını cavablandırmışdır.

Səfirlik tərəfindən instituta Azərbaycan xalçası, həmçinin ölkəmizin tarixi, mədəniyyəti və müasir inkişafı haqqında materiallar hədiyyə edilmişdir.

 

 

 

AzərTAc

 

Azərbaycan. - 2013.- 31 avqust.- S. 8.