Metin Ekici: Gələcəkdə
UNESCO-nun Qeyri-Maddi Mədəni
İrs Siyahısına
salınması üçün təklif
edə biləcəyimiz Molla Nəsrəddin və Koroğlu
kimi ortaq dəyərlərimiz
vardır
UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına salınması üçün aşıq sənəti və Novruz bayramını Azərbaycan və Türkiyə birlikdə təklif etmişdir. Hər iki irs nümunəsi artıq siyahıya daxil edilmişdir. Gələcəkdə siyahıya təklif edə biləcəyimiz Molla Nəsrəddin və Koroğlu kimi ortaq dəyərlərimiz vardır.
Bu sözləri UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Qorunması üzrə Hökumətlərarası Komitəsinin Bakıda keçirilən 8-ci sessiyasında iştirak edən UNESCO-nun Türkiyə Milli Komissiyasının Qeyri-Maddi Mədəni İrs Komitəsi sədrinin katibi Metin Ekici AzərTAc-a müsahibəsində söyləmişdir.
Qonaq bu günədək Türkiyənin 11 mədəni irs nümunəsinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına qəbul olunduğunu vurğulayaraq bu sessiyada siyahıya salınması üçün türk qəhvəsini təklif etdiklərini demişdir.
Metin Ekici nəzərə çatdırmışdır ki, ortaq qeyri-maddi mədəni irs nümunələrimizi qoruyub saxlamaq, gələcək nəslə çatdırmaq, öz kimliyimizi tanıtmaq baxımından belə tədbirlər vacibdir.
Türkiyəli
qonaq belə bir mötəbər tədbirə uğurla ev
sahibliyi etdiyinə görə Azərbaycan hökumətinə
təşəkkürünü bildirmişdir. M. Ekici bir ay əvvəl Azərbaycan
paytaxtında keçirilmiş Üçüncü Bakı Beynəlxalq Humanitar Forumunda iştirak etdiyini söyləyərək
demişdir ki, belə
tədbirlər beynəlxalq səviyyədə Azərbaycanın
tanıdılması istiqamətində uğurlu
addımların atıldığını göstərir.
Azərbaycan.-2013.- 4 dekabr.- S.3.