İqtisadi uğurlarla zəngin il

 

Avrozonada iqtisadi artımın zəiflədiyi bir dövrdə Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər görülür

 

 

Azərbaycanın xarici sərmayələr üçün cəlbediciliyinin qorunması, milli iqtisadiyyatın müxtəlif sferalarına yönələn investisiyaların qeyri-neft sektoruna, regionların inkişafına doğru istiqamətləndirilməsi, sahibkarlıq fəaliyyəti üçün münbit şəraitin yaradılması, vətəndaşların sosial müdafiəsi İlham Əliyevin iqtisadi siyasətinin əsasını təşkil edir.

Ölkə başçısının fəaliyyətində diqqəti çəkən mühüm amillərdən biri də qarşıya qoyulan hər bir hədəfin reallaşdırılması üçün konkret fəaliyyət proqramlarının işlənib hazırlanmasıdır. Bu baxımdan Azərbaycan Prezidentinin  ölkəmizdə sosial-iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı imzaladığı fərmanların əhəmiyyətini xüsusi qiymətləndirmək lazımdır. Çünki keçid dövrünə xas bir sıra köklü problemlərin həlli prosesinə məhz bu fərmanlarla start verilmiş, konseptual əhəmiyyətli bu sənədlər  qısa zaman ərzində ölkə iqtisadiyyatında mütərəqqi inkişaf meyillərinə təkan vermişdir. Bu çərçivədə atılan ardıcıl addımlar Azərbaycanda işsizlik probleminin aradan qaldırılması, regionların tarazlı inkişafı, qeyri-neft sektoruna diqqətin artırılması, sahibkarlığın inkişafı yeni yerlərinin açılması istiqamətində konkret nəticələrlə müşayiət olunmuşdur.

Prezident İlham Əliyev ötən illərdə ölkədə özəl sektorun dinamik inkişafına təkcə sosial-iqtisadi yüksəliş xəttinin deyil, həm də demokratikləşmə prosesinin ardıcıllığını, vətəndaş hüquq və azadlıqlarının etibarlı şəkildə qorunmasını təmin edən başlıca vasitələrdən biri kimi yanaşmışdır. Çünki özəl sektorun inkişafı, halal yolla maddi imkanlarını artıran vətəndaşların sayının artması dünyanın demokratik ölkələrində olduğu kimi, Azərbaycan cəmiyyətində də sabitlik və tərəqqinin, demokratikləşmə prosesinin hərəkətverici qüvvəsi sayılan milli burjuaziyanın, orta təbəqənin əhatəsini genişləndirir.

Respublikanın ən müxtəlif bölgələrində modul tipli elektrik stansiyaların qurulmasının, əyalətlərin mavi yanacaqla təchizatının özü də dövlətin özəl sektora dəstəyinin tərkib hissəsidir. Sahibkarlığa Kömək Milli Fonduna dövlət büdcəsindən ayrılan vəsaitlərin həcminin ildən-ilə daha böyük rəqəmlərlə ifadə olunması, fermerlərin zəruri texnika ilə təchizatı üçün "Aqrolizinq" Səhmdar Cəmiyyətinin yaradılması və bu quruma böyük həcmdə maliyyə vəsaitinin ayrılması da hökumətin sahibkarlara münasibətinin əsas göstəricilərindən sayıla bilər. Son illər adamlarına güzəştli kreditlərin verilməsi sahəsində mövcud olan problemlər də əsaslı şəkildə aradan qaldırılmışdır.

2007-ci il 28 iyul tarixli "Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya" çərçivəsində normativ-hüquqi bazanın, institusional mexanizmlərin təkmilləşdirilməsi, dövlət və yerli özünüidarə orqanlarının fəaliyyətinin açıq hökumət prinsiplərinə uyğunlaşdırılması, qərarların qəbulu prosesində ictimaiyyətin iştirakının genişləndirilməsi, şəffaflığın artırılması, beynəlxalq öhdəliklərin icrasının təmin edilməsi məqsədilə ölkə başçısı 2012-ci il 5 sentyabr tarixdə "Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın və "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında" Sərəncam imzalamışdır.

Fəaliyyət Planında cinayət yolu ilə əldə edilmiş gəlirlərin leqallaşdırılmasının qarşısının alınması, dövlət qulluqçularının fəaliyyətinin təkmilləşdirilməsi, maraqlar toqquşmasının qarşısının alınması, maliyyə xarakterli məlumatlar haqqında bəyannamələrin təqdim edilməsi, sahibkarlıq fəaliyyəti üçün daha əlverişli mühitin yaradılması, audit, vergi, gömrük, dövlət satınalmaları, sosial müdafiə və digər sahələrdə fəaliyyətin müasirləşdirilməsi tədbirlərinə geniş yer ayrılmışdır.

Prezident İlham Əliyevin 13 iyul 2012-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi yaradılmışdır. Agentlik "ASAN xidmət" mərkəzlərini yaratmaqla onların vahid şəkildə idarə edilməsini, xidmət mərkəzlərində fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının fəaliyyətlərinin əlaqələndirilməsini, informasiya bazalarının qarşılıqlı inteqrasiyasını, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsini təmin edən dövlət orqanı kimi fəaliyyət göstərir. "ASAN xidmət", ilk növbədə dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edən yeni yanaşmanın formalaşdırılmasıdır. Bu ideyanın maraqlı cəhətlərindən biriodur ki, həmin xidmətlər şərti müəyyən edilmiş "bir qapı" prinsipi üzrə təqdim edilir. Belə ki, vətəndaş yalnız bir qapıdan daxil olmaqla bir mərkəzdən (bir inzibati binadan) ayrı-ayrı dövlət qurumlarının müxtəlif xidmətlərindən eyni məkanda və eyni vaxtda yararlana bilir.  Bu mərkəzlərdə xidmətlər yaşayış yeri üzrə qeydiyyatından asılı olmayaraq, bütün vətəndaşlar üçün həyata keçirilir və təqvimin bütün günlərində açıq olur. "ASAN xidmət" mərkəzlərində çalışan vergi, ədliyyə, gömrük, əmlak, sosial müdafiə, daxili işlər, miqrasiyas. dövlət orqanlarının əməkdaşları vətəndaşlara müasir və keyfiyyətli xidmətlər göstərirlər. Adından göründüyü kimi, yeni mərkəzlər insanların, eləcə də sahibkarların işini asanlaşdırır, onların neqativ hallarla üzləşməsinin qarşısını alır.

2013-ci ilin 10 ayında Avropanın bir sıra ölkələrində maliyyə böhranının doğurduğu çətinliklər özünü qabarıq göstərmiş, büdcə xərcləri azaldılmış, vergilər artırılmış, dövlət və özəl sektorda yerlərinin ixtisara salınması geniş vüsət almış, ümumi daxili məhsulun kəskin azalması müşahidə edilmişdir. Bəzi ölkələrdə büdcə kəsiri ümumi daxili məhsulun 10 faizi, dövlət borcu isə onun 100 faizindən yuxarıdır. Azərbaycan iqtisadiyyatı isə mənfi təzahürləri hələ də qabarıq sezilən qlobal böhrana yüksək dayanıqlıq nümayiş etdirərək müvazinətini itirməmiş, artım dinamikasını və əldə olunmuş sosial inkişaf səviyyəsini qoruya bilmişdir. Uğurla həyata keçirilən qabaqlayıcı tədbirlər nəticəsində ölkədə güclü sabitlik potensialının yaradılması şəraitində gerçəkləşdirilən antiböhran siyasəti maliyyə sabitliyinin qorunmasına da etibarlı zəmin yaratmışdır.

Azərbaycan dövlətinin ötən illərdən üstünlük verdiyi sosialyönümlü siyasətə sadiqliyi 2014-cü ilin dövlət büdcəsinə nəzərən bir daha təsdiqini tapır. Gələn il büdcə xərclərinin strukturunda sosialyönümlü xərclər yenə də prioritet istiqamətlərdən birini təşkil edir. Dünya iqtisadiyyatında tənəzzül meyillərinin davam etdiyi, avrozonada və digər inkişaf etmiş ölkələrdə iqtisadi artımın zəiflədiyi bir dövrdə, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Prezident İlham Əliyev məqsədyönlü siyasi kursuna sadiq qalaraq 2013-cü ilin sentyabr ayından dövlət büdcəsindən maliyyələşən və maliyyə yardımı alan elm və elmi-tədqiqat, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət orqanlarında çalışanların əməkhaqlarını, pensiyaları, bir sıra müavinət və təqaüdləri orta hesabla 10 faiz artırmışlar. Həmin artımların maliyyə təminatı üçün 2014-cü il dövlət büdcəsində tələb olunan məbləğdə vəsait nəzərdə tutulub. Tətbiq olunmuş artımlar təxminən 3 milyona yaxın əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasına zəmin yaradacaq. Sosialyönümlü xərclərin məbləği 5 milyard 337 milyon manat təşkil edir ki, bu da 2013-cü ilə nisbətdə 5,9 faiz, 2012-ci ilin faktiki icra göstəricisinə nisbətdə isə 12,6 faiz artım deməkdir. Ölkədə sosial müavinətlərin, təqaüdlərin və digər sosial xarakterli ödənişlərin maliyyələşdirilməsinə 507 milyon manat vəsait nəzərdə tutulub ki, bu da 2013-cü ilə nisbətən 44 milyon manatya 9,4 faiz çoxdur. 2014-cü ilin dövlət büdcəsi deməyə əsas verir ki, növbəti ildə də respublikamız bütün sahələr üzrə dinamik inkişaf edəcək.

Ölkənin iqtisadi inkişafından, neft strategiyasının səmərəli nəticələrindən əldə edilən dividendlər insanların sosial problemlərinin həllinə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılmasına yönəldilir. Bunlar isə Prezident İlham Əliyevin verdiyi bütün vədləri əməli işdə gerçəkləşdiyini birmənalı təsdiqləyir.

 

 

 

Elnur HACALIYEV,

Azərbaycan.-2013.- 3 dekabr.- S.6.