Panamada BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının

 Konfransının 5-ci sessiyası keçirilmişdir

 

Bütün bəşəriyyəti narahat edən korrupsiyaya qarşı mübarizənin qlobal səviyyədə aparılması üçün 2003-cü ildə BMT tərəfindən Korrupsiya qarşı Konvensiya qəbul edilmiş, ölkəmiz ilk dövlətlər sırasında xüsusi qanunla həmin sənədə qoşulmuşdur. Konvensiyanın implementasiyası, bu sahədə müsbət təcrübələrin təşviqinə dair müzakirələrin aparılması, aşkar olunan problemlərin həlli yollarının araşdırılması üçün BMT tərəfindən mütəmadi olaraq konfranslar keçirilir.

Ədliyyə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Panamada BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının Konfransının 5-ci sessiyası keçirilmişdir.

Konvensiyaya qoşulmuş 130-dan çox ölkədən, həmçinin beynəlxalq və qeyri-hökumət təşkilatlarından 1540 nümayəndənin iştirak etdiyi konfransda Azərbaycanı ədliyyə naziri Fikrət Məmmədovun başçılığı ilə rəsmi nümayəndə heyəti təmsil etmişdir. Nümayəndə heyətinə Milli Məclisin deputatı, Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın üzvü Bəxtiyar Əliyev, Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyev və Ədliyyə Nazirliyinin məsul şəxsləri daxil olmuşlar.

Sessiyada BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının implementasiyası, preventiv tədbirlər, hüquq-mühafizə orqanlarının fəaliyyəti, tədris, cinayət yolu ilə əldə olunmuş gəlirlərin qaytarılması, beynəlxalq əməkdaşlıq və digər aktual məsələlər müzakirə edilmişdir.

Tədbirin açılışında Panama Respublikasının Prezidenti Rikardo Martinelli, BMT Baş katibinin müavini, Vyana Ofisinin rəhbəri Yuri Fedotov, Panamanın antikorrupsiya qurumunun rəhbəri xanım Abiqeyl Benzadon Kohen çıxışlar etmişlər.

Azərbaycan nümayəndə heyətinin rəhbəri F.Məmmədov konfransın ilk sessiyasında çıxış edərək dövlət başçısı İlham Əliyevin siyasi iradəsi ilə ölkəmizdə korrupsiyaya qarşı aparılan sərt mübarizə, o cümlədən institusionalqanunvericilik tədbirləri, Açıq Hökumətin təşviqinə və Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət planlarının həyata keçirilməsi, elektron, innovativ və şəffaf xidmətlərin dairəsinin genişləndirilməsi barədə məlumat vermişdir. Azərbaycan Prezidentinin təşəbbüsü ilə yaradılmış və respublikamızın brendi sayılan "ASAN xidmət" haqqında söhbət açan nazir Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyətinin səmərəsinin artırıldığını vurğulamışdır. F.Məmmədov korrupsiya ilə mübarizədə müstəsna əhəmiyyət kəsb edən məhkəmə sisteminin müasirləşdirilməsini və infrastrukturunun yaxşılaşdırılmasını, hakimlərin müstəqilliyinin gücləndirilməsini, Azərbaycanda hakimliyə namizədlərinin dünyada ən şəffaf seçimini qeyd etmişdir.

Nazir həmçinin antikorrupsiya sahəsində beynəlxalq əməkdaşlığa toxunaraq əsas məqsədi BMT-nin Korrupsiyaya qarşı Konvensiyasının implementasiyasına dəstək vermək olan Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının vitse-prezidenti kimi, bu qurumun həmin ərəfədə Panamada qanunun aliliyikorrupsiya ilə mübarizə mövzusuna həsr olunmuş illik konfransı barədə məlumat vermişdir. F.Məmmədov dövlətimizin Beynəlxalq Antikorrupsiya Akademiyasının nizamnaməsinə xüsusi qanunla qoşularaq onun tamhüquqlu üzvü olduğunu vurğulamışdır.

Maraqla qarşılanmış çıxışda korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair bir sıra təkliflər irəli sürülmüş, çıxışın ingilisrus dillərində olan mətnləri tədbir iştirakçıları arasında paylanılmışdır.

Nümayəndə heyətinin üzvləri konfransda müzakirə olunan mövzular, o cümlədən preventiv tədbirlər, antikorrupsiya strategiyaların implementasiyası və s. üzrə çıxışlar etmiş, ölkəmizin müsbət təcrübəsini bölüşmüşlər.

Tədbirin sonunda Konvensiyaya üzv dövlətlər tərəfindən gündəlikdə duran məsələlərə dair müvafiq sənədlər qəbul edilmiş, konfransın növbəti sessiyasının 2015-ci ildə Rusiyada keçirilməsi qərara alınmışdır.

Konfrans çərçivəsində ölkəmizin nümayəndə heyəti bir sıra ölkələrin və beynəlxalq təşkilatların yüksək səviyyəli nümayəndələri ilə görüşlər keçirmişdir.

 

Azərbaycan.-2013.- 3 dekabr.-S.7.