Moskvada ASAIF-in baş katibi ilə görüş olmuşdur

 

Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) ofisində Xaricdə Təhsil Alan Məzun olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumunun (ASAIF) baş katibi Nəcibə Mustafayeva ilə görüş keçirilmişdir.

ÜAK-ın icraçı direktoru İlqar Hacıyev Konqresin ofisində Rusiyada təhsil alan azərbaycanlı tələbələrin ASAIF-in nümayəndəsi ilə ilk dəfə görüşdüklərini qeyd edərək, ümidvar olduğunu bildirmişdir ki, belə görüşlər mütəmadi təşkil ediləcəkdir.

ÜAK-ın təhsil bölməsinin müdiri Aybəniz Rüstəmova Azərbaycan gənclərinin xaricdə keyfiyyətli təhsil alması məsələsinə toxunmuşdur. O, həmçinin vurğulamışdır ki, hər bir gənc xaricdə Vətənini təmsil etdiyini unutmamalı, yaxşı oxumalı, savadlı mütəxəssis hərtərəfli inkişaf etmiş şəxsiyyət kimi Azərbaycanı layiqincə təmsil etməlidir.

Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) nümayəndəsi İbrahim İbrahimov Birliyin fəaliyyətindən danışaraq bildirmişdir ki, Rusiyada təhsil alan azərbaycanlı gəncləri öz ətrafında birləşdirən RAGB onların dost ölkənin ictimai həyatında fəal iştirakına yaxından dəstək olur. O demişdir: "Burada iştirak edən tələbələr Rusiya ali məktəblərinin tələbə klublarının nümayəndələridir. ASAIF isə təkcə Rusiyada deyil, bütün dünyada təhsil alan azərbaycanlı tələbələri birləşdirir".

ASAIF-in baş katibi Nəcibə Mustafayeva RAGB-ni təmsil etdiyi təşkilat ilə fəal əməkdaşlığa çağırmışdır. N.Mustafayeva demişdir ki, ASAIF-in baş katibi vəzifəsində ilk səfərini Moskvaya etməsi təsadüfi deyildir. Bir neçə il təşkilatın Moskva bölməsinin əlaqələndiricisi olduğunu vurğulayan N.Mustafayeva ASAIF-in hər üç təsisçisinin Rusiya paytaxtının ali məktəblərinin məzunları olduqlarını söyləmişdir. ASAIF-in həyata keçirdiyi layihələrdən danışan N.Mustafayeva demişdir: "Yaxın vaxtlarda  "Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması" İctimai Birliyinin Əlaqələndirmə Şurasının sədri Orxan Əkbərov ilə birlikdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı layihə təqdim olunacaqdır. Layihə çərçivəsində Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün Azərbaycanın qaçqın məcburi köçkünlərinin həyat tarixçəsi əsasında informasiyalar hazırlayırıq. Daha bir  "Voices for peace, voices for Karabakh" layihəsini xaricdə təhsil alan tələbələrimiz gerçəkləşdirirlər. Onlar Azərbaycanın Ermənistan tərəfindən zəbt edilmiş rayonlarının işğalı günlərində təhsil aldıqları şəhərlərin küçələrində əcnəbi musiqiçilərlə birlikdə Qarabağ haqqında musiqilər ifa edirlər. Bu aksiyalarla biz Dağlıq Qarabağ probleminə daha çox diqqəti cəlb etməyə çalışırıq ".

Tədbirdə tələbələr fikir mübadiləsi aparmış, ASAIF-in baş katibinə suallar vermişlər.

 

 

Fəridə ABDULLAYEVA,

AzərTAc-ın xüsusi müxbiri

Moskva

Azərbaycan.-2013.- 3 dekabr.- S.7.