Təhsil strategiyası qloballaşan dünyada dinamik inkişafın əsasıdır

 

Günümüzün ən əhəmiyyətli hadisəsi olan qloballaşma prosesi cəmiyyətlərlə birgə onlara xas problemləri də aktuallaşdırır və bu problemlərdən birgə çıxış yolu üçün vahid modelin müəyyənləşdirilməsini zəruri edir. Əlbəttə, belə bir modelin axtarışı təkcə qloballaşma dövründə deyil, hələ qədim zamanlardan ictimai fikrin diqqətində olmuş, əsrlər boyu insanlar bəşəriyyətin inkişaf yollarını müəyyənləşdirməyə çalışmışlar.

Müxtəlif yazıçı və şairlərin, bilim adamlarının yaradıcılığında öz bədii-fəlsəfi ifadəsini tapmış "dünyanı gözəllik xilas edəcək", "yalnız mədəniyyət...", dünyanın silahla, güclə, hətta "elektrikləşdirmə" ilə xilası kimi təkliflər də elə bu axtarışların nəticəsidir.

Silah və güc tətbiqini istisna etməklə, qalan digər istiqamətlər - insanın gözəlliyə tapınması da, mədəniyyətin inkaredilməz qüdrəti, texniki tərəqqi də bəşəriyyətin inkişaf modelində həm ayrı-ayrılıqda, həm də vəhdətdə əhəmiyyətli rol oynaya bilər. Bununla yanaşı, unutmamalıyıq ki, dünyanın xilası, ilk növbədə, insanın intellektual səviyyəsindən, onun fərdi inkişafından başlanır.

Qloballaşma prosesi bu sahədə ötən yüzilliklərin təcrübəsinin ümumiləşdirilməsi, bəşəri tərəqqi modelinin əsrlər əvvəl olduğundan indi daha konkret və rasional şəkildə ortaya qoyulması ilə əhəmiyyətlidir. Bu model insanın fərdi inkişafına, son nəticədə bəşəriyyətin tərəqqisinə xidmət edən elm və təhsilə əsaslanır. Təsadüfi deyil ki, UNESCO da XXI əsri məhz elm və təhsil əsri adlandırmış və bununla hazırda müasir insan qarşısında duran əsas prioriteti elan etmişdir.

Elm və təhsil bu gün təkcə cəmiyyətin mədəni inkişafına, insanların həyat şəraitinin, maddi-rifah halının yaxşılaşmasına xidmət etmir, həm də qədim dövrlərdən bəri ictimai təsisatların aradan qaldırmağa çalışdığı mənfi tendensiyaların qarşısının alınmasına, ibtidai təfəkkür aktlarının, demək olar ki, heç bir inzibati müdaxilə olmadan sivilləri ilə əvəzlənməsinə şərait yaradır. Elmin, təhsilin hər kəsə məlum olan nailiyyətlərini hələ bir kənara qoyaq, faktlar sübut edir ki, elm-təhsil səviyyəsi yüksək olan ölkələrdə hətta cinayət hadisələri belə,  nadir hallarda baş verir və bu xoşagəlməz hallara qarşı mübarizə də sivil qaydalarla aparılır. Məsələn, intellektual səviyyənin yüksək olduğu, təhsil sisteminin düzgün qurulduğu Yaponiyada, BMT-nin hesabatına görə, əhali sayının 200 milyona yaxın olmasına baxmayaraq, 5-6 milyon əhalisi olan inkişaf etməkdə olan ölkələrlə müqayisədə   cinayət hadisələrinin statistikası dəfələrlə aşağıdır.

Məkan ölçüləri və say baxımından bir qədər qüsurlu müqayisə kimi görünsə də, hər halda, maraq doğuran bir fakt kimi qeyd etməliyik ki, eyni halı bizim Bakı Dövlət Universitetində də müşahidə etmək olar. Belə ki - 23 minlik kollektivi olan, əsas kontingenti yeniyetmə gənclərdən ibarət bu təhsil müəssisəsində -  hüquq-mühafizə orqanlarına ehtiyac olmadan, yalnız intellektual səviyyənin yüksəkliyinə görə son 15 il ərzində  heç bir xüsusi hadisə baş verməmişdir. Halbuki bu qədər əhalisi olan rayonlarda bir neçə güc strukturu fəaliyyət göstərsə də, hər il onlarca cinayət hadisəsi baş verir.

Elm və təhsilin, ümumilikdə elmi innovasiyaların cəmiyyətin yüksəliş tendensiyalarına  təsirinə gəlincə isə xüsusən inkişaf etmiş ölkələrin iqtisadi sıçrayışlarının əsaslarının tədqiqi zamanı bu inkişafın səbəbləri sırasında elmi innovasiyaların tətbiqinin ön sırada dayanması faktı çoxdan öz təsdiqini tapmışdır. Heç bir təbii resurs, ticarət dövriyyəsi, kənd təsərrüfatı və s. elmi innovasiyaların gətirdiyi iqtisadi gəlirlərlə müqayisə edilə bilməz. Məlum olduğu kimi, ABŞ, Kanada, Yaponiya və digər inkişaf etmiş ölkələrdə elmi innovasiyaların tətbiqindən əldə olunan gəlir ölkə iqtisadiyyatının 60-90 faizini təşkil edir. Bu gün dünya miqyasında ölkələrin iqtisadi göstəriciləri, beynəlxalq nüfuzu, digər pozitiv üstünlükləri elmi innovasiyaların verdiyi faizlə ölçülür. Məsələn, əgər üçüncü dünya ölkələrində bu göstəricinin payı ümumi büdcənin 0-1 faizi həcmindədirsə, Ukrayna, Rusiya kimi ölkələrdə 10-15 faiz, Qərbi Avropa dövlətlərində 40-60 faiz təşkil edir.

Əgər bu gün qlobal düşüncənin vektoru vətəndaş cəmiyyətinin qurulmasına yönəlmişdirsə və  bəşəriyyətin inkişafının zirvə nöqtəsini vətəndaş cəmiyyətinin qurulmasında görürüksə, buna yalnız elmi uğurları tətbiq etməklə, elm-təhsil əlaqələrinin möhkəmlənməsi yolu ilə insanların intellektual səviyyəsini yüksəltməklə nail olmaq mümkündür. Sosial ədalətin bərpası, maddi-mənəvi dəyərlərin yüksəlişi, qlobal iqtisadi inkişaf yalnız bundan asılıdır. Ona görə də bu gün dünyanın 200 dövləti arasında bu hədəf uğrunda bir növ yarış başlanmışdır.

Lakin burada da bir sıra məqamlar müəyyən narahatlıqlar üçün əsas verir. İlk belə məqam elmi innovasiyaların tətbiqində bərabər imkanların təmin olunmasıdır. İnnovasiyaların tətbiqi və ondan alınan səmərə müxtəlif ölkələrdə fərqli ola bilər. Tarixi inkişaf yolu, iqtisadi imkanları və digər üstünlükləri ilə fərqlənən ölkələrdə, məsələn ABŞ-da bu istiqamətə ayrılan vəsaitlə Azərbaycan kimi yenicə müstəqillik qazanmış ölkənin eyni istiqamət üçün nəzərdə tutduğu vəsaitlərin həcmi arasındakı fərqlər əldə olunan nəticələrdə dərhal özünü büruzə verir. Nümunə kimi nəzərə çatdıraq ki, son illərin hər birində ABŞ hökuməti elmin və təhsilin inkişafına, dolayısı ilə elmi innovasiyaların tətbiqinə təxminən 200 milyard dollar vəsait ayırmışdır. Bu da inkişaf etməkdə olan onlarca dövlətin birlikdə illik büdcəsinə bərabərdir. Bütün bunlar qloballaşma şəraitində ayrı-ayrı dövlətlərin paritet şəkildə inkişafına və inteqrasiya proseslərinə maneçilik törədə biləcək hallardır. Ona görə də bu sahədə bərabər imkanların təmin olunması barədə təkcə milli məkan çərçivəsində deyil, qlobal çevrədə daha ciddi düşünmək, bu sahədə tarazlığı qorumaq lazım gəlir. 

Digər narahatlıq doğuran məsələ odur ki, inkişaf etmiş ölkələrdə ayrılan vəsaitin böyük hissəsi elmi innovasiyaların qısa müddətdə kapitala çevrilməsinə hesablanmışdır - yəni qoyulan pul təxminən altı aydan və ya bir ildən sonra qazanca çevrilir. Lakin inkişaf yoluna yenicə qədəm qoymuş ölkələrdə belə bir nəticənin əldə olunması üçün zəruri potensialın formalaşmasını gözləmək lazım gəlir. Bu ölkələrdə elmi innovasiyalara və yüksək texnologiyaların tətbiqinə əsaslanan istehsal sahələrində işləyə biləcək mütəxəssis və kadrların hazırlanması daha vacib vəzifədir. Bu gün öz dövrünün elmi biliklərinə, vərdişlərinə əsaslanaraq fəaliyyət göstərən mütəxəssislərin 10 ildən sonra günbəgün yeniləşən müasir cihaz və avadanlıqlarda işləyə bilməməsi ehtimalı ortaya çıxanda onları əvəz edə biləcək qüvvələrin hazırlanıb-hazırlanmaması təbii sual kimi qarşıya qoyulur. Başqa sözlə desək, son zamanlar elm və təhsil arasında yaranan və ildən-ilə böyüyən məsafə bizi narahat edir, düşünürük ki, elmi innovasiyalara qoyulan və qısa müddətdə böyük mənfəət gətirən investisiyanın bir qismi təhsilə ayrılmalı, estafetin ötürülməsi üçün kadrlar hazırlanmalıdır. Ola bilər ki, bu zaman bir qədər gec qazanc əldə edilsin, lakin bu səmərə əvvəlki illə müqayisədə əvəzedilməzdir, cəmiyyət üçün isə əhəmiyyəti çox böyükdür.

Avropa İttifaqının maliyyə dəstəyi ilə Avropa məkanında elm və təhsilin inkişafına ayrılmış vəsaitlərin müqayisəsi buna nümunə gətirilə bilər. Demək olar ki, bütün elm sahələrində beynəlxalq elmi-tədqiqat fəaliyyətinə dəstək verən və 2007-2013-cü illəri əhatə edən 7-ci Çərçivə Proqramının büdcəsi 53 milyard avro təşkil etdiyi halda, həmin dövrdə təhsil proqramlarına ayrılan vəsait 6,7 milyard avro təşkil etmişdir (təxminən 8:1 nisbətində).

Üç əsas prioritet istiqamətləri əhatə edən yeni "Horizont-2020" adlı Çərçivə Proqramının maliyyə dəstəyi gələcək 7 ili əhatə edərək (2014-2020) 80 milyard avro təşkil edəcəkdir. Avropa İttifaqı tərəfindən təhsil proqramlarına ayrılan  vəsait isə 19 milyard avro miqdarında nəzərdə tutulmuşdur (təxminən 4:1 nisbətində). 2014-2020-ci illəri əhatə edəcək yeni proqram "ERASMUS hamı üçün" adlanacaq və təhsil sahəsində mövcud olan 7 proqramı əhatə edəcəkdir.

Bu gün əsas məsələ cəmiyyəti elmi innovasiyalarla "rəftara" hazırlamaq, ondan istifadə etmək üçün yetkinləşdirməkdən ibarətdir ki, bu da təkcə bir ölkə çərçivəsində deyil, dünyada səylərin birləşdirilməsini labüd edir. Universitetlərdə tələbələrlə gündəlik ünsiyyət zamanı biz onların sıralarında dünyanın ən məşhur texnoparklarında çalışmağa qabil istedadlı gənclər görürük. Amma müasir innovasiyalarla tanış olmadan, onlarla əməli iş vərdişlərinə yiyələnmədən təkcə istedad, güclü nəzəri bilik, dərin hafizə, intellektual səviyyə kifayət etməz. Bu gün heç də bütün universitetlərdə bu texniki imkanlar yoxdur. Ona görə də dünya universitetləri arasında inteqrasiya yolu ilə, birgə səylər nəticəsində gənclərin təhsil müddətində elmi innovasiyalarla tanış olmalarına çalışmalıyıq.

Bu gün biz elmin vətənsizliyi haqqında danışır və hesab edirik ki, elmi kəşflər də, bir çox digər ali dəyərlər kimi, beynəlxalq səciyyə daşımaqla  ümumilikdə bütün bəşəriyyətə aiddir. Bəzən dünyanın ucqar ölkələrinin birində yaşayan çox istedadlı bir alimin müasir texniki vasitələrə əli çatmır, bəzən isə innovasiyalara malik insanın elmi səviyyəsi qənaətbəxş olmur. Nəticədə ümumi bəşəriyyətin qazana biləcəyi elmi kəşflər, ixtiralar, necə deyərlər, beşikdə boğulur. Fikrimizcə, artıq təhsilin də elm kimi qlobal xarakter alması vaxtıdır. Yəni, təhsilin də vətəni olmamalıdır. Bu gün bəşər sivilizasiyası barədə qlobal mənada söhbət açırıqsa, burada  ümumi  evimiz olan Yer kürəsində əhalinin bir hissəsini yüksək intellektual səviyyədə, digər hissəsini isə tamam savadsız təsəvvür etmək çətindir. Digər tərəfdən, cəmiyyətin qloballaşması dünyada təhsil sisteminin  eyni olmasa da, yaxın struktura malik olmasını tələb edir ki, insanlar  təhsillərini istənilən ölkədə və məktəbdə, universitetdə davam etdirə bilsinlər.

Düşünməyə əsas verən bu mühakimələr elm və təhsildə yeni yanaşmaların, innovasiyaların tətbiqinin nə qədər zəruri olduğunu göstərir. Bugünkü inkişaf tendensiyaları bir daha sübut edir ki, bəşəriyyətin sabahı elmlə, təhsillə, başqa cür desək, elmi innovasiyaların tətbiqi ilə bağlıdır. Hazırda Azərbaycanda aparılan dövlət siyasəti də məhz bu istiqamətdə qurulmuşdur. Azərbaycanın mövcud iqtisadi potensialının intellektual sərvətə - insan kapitalına çevrilməsi əsas strateji kurs elan edilmişdir və bu sahədə mühüm işlər görülməkdədir. Ulu öndər Heydər Əliyevin elm və təhsilin inkişafına xüsusi diqqətindən, bu istiqamətdə həyata keçirilən inkişaf  kursundan irəli gələn bu meyil indi daha böyük nailiyyətlərlə müşayiət olunur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında dəfələrlə qeyd etmişdir ki, biz gələcəyimizi neft amili üzərində qura bilmərik. Çünki bu, təbii resursdur və 50 ildən, 100 ildən sonra tükənə bilər, ölkə iqtisadiyyatı tükənməz sərvət olan elm üzərində qurulmalıdır. Bu baxımdan, dünya elm və təhsilinə inteqrasiya məqsədlərini əsas götürən dövlət proqramları qəbul edilmiş, bu məqsədlərə doğru addımlar ardıcıl xarakter almışdır.

Azərbaycan Prezidentinin 24 oktyabr 2013-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" da bu sahədə qəbul edilmiş tarixi qərarlardan biridir. Belə mühüm bir dövlət sənədinin qəbulu ölkədə səriştəli təhsilverənlərə, ən yeni texnologiyalara əsaslanan infrastruktura malik, keyfiyyət nəticələri və əhatəliliyinə görə dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin yaradılması məqsədinə xidmət edir.

Azərbaycan Respublikasının inkişaf konsepsiyasına uyğun olaraq şəxsə hərtərəfli bilik və bacarıqların verilməsi məqsədilə təhsil sisteminin institusional əsaslarının, infrastrukturunun və insan resurslarının inkişaf etdirilməsi bu mühüm dövlət sənədinin əsas niyyəti kimi elan edilmişdir.

Strategiya müasir dövrdə ölkənin təhsil sistemi qarşısında duran vəzifələri son dərəcə dəqiqliklə, qlobal çağırışlara uyğun bir tərzdə müəyyənləşdirir. Milli iqtisadiyyatımızın dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi ilə yanaşı, ölkədə insan kapitalının inkişafı, şəxsin müasir bilik və bacarıqlara yiyələnməsinin təmin edilməsi, insan kapitalının inkişafı yolu ilə ölkə iqtisadiyyatının qlobal sistemə uğurlu inteqrasiyası bu vəzifələr sırasında öz əksini tapır.

Bu vəzifələrə uyğun olaraq sənəddə milli təhsilimizin inkişafı ilə bağlı beş strateji istiqamət müəyyən edilmişdir. Birinci istiqamət səriştəyə əsaslanan şəxsiyyətyönlü təhsil məzmununun yaradılması ilə bağlıdır. Təhsilin məktəbəqədər, ümumi, ilk peşə-ixtisas, orta ixtisas və ali olmaqla, bütün pillələri üzrə kurikulumların inkişafına, cəmiyyət üçün tələb olunan səriştəli kadr hazırlığının təmin olunmasına, cəmiyyətin inkişafında əhəmiyyətli rol oynaya biləcək vətəndaşların yetişdirilməsinə bu gün həqiqətən çox böyük ehtiyac vardır.

Eyni zamanda, klassik anlamda qəbul etdiyimiz təhsil formaları ilə yanaşı, özünütəhsil yolu ilə biliklərə yiyələnmə, müxtəlif kurslarda, dərnəklərdə və fərdi məşğələlərdə əldə edilən təhsil formalarının inkişaf etdirilməsi, xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inkişaf və inklüziv təlim proqramlarının hazırlanması da günümüzün zərurətidir. Dövlət strategiyasında nəzərdə tutulan birinci istiqamət də məhz bu zərurətə əsaslanır. Burada ən əhəmiyyətli məqamlardan biri də ali təhsil müəssisələrinin təhsil-tədqiqat-innovasiya mərkəzlərinə çevrilməsinə dəstək verən və rəqabətqabiliyyətli mütəxəssis hazırlığını təmin edən ali təhsil standartlarının tətbiqi ilə bağlı müddəalardır.

Dünyada müşahidə edilən yeni inkişaf meyilləri, ali təhsil müəssisələrinə, o cümlədən universitetlərə yeni yanaşma tələbini aktuallaşdırır. Əgər universitetlərə qlobal cəmiyyətin tələbi prizmasından baxsaq, onlar birinci elmi mərkəz, daha sonra təhsil mərkəzi rolunu oynamalıdırlar. Bu, çox vacib məqamdır. Təcrübə sübuta yetirir ki, bu gün elmi innovasiyaların daha intensiv şəkildə tətbiq olunduğu, geniş elmi tədqiqatların aparıldığı universitetlər daha çox nüfuz qazanır və inkişaf edir. Elm olmayan yerdə təhsildən söhbət gedə bilməz. Əgər biz öz universitetlərimizi ümumdünya rəqabət mühitinə çıxarmaq istəyiriksə, mütləq bu təhsil ocaqlarında elmi gücləndirməli, tədqiqat işlərini genişləndirməli, keyfiyyətini artırmalıyıq. Tələbələrin aşağı kurslardan elmi düşüncələrlə formalaşdırılmasına nail olmalıyıq.

Azərbaycanda bu sahədə müəyyən islahatlar aparmaq üçün indiyə qədər bir sıra əhəmiyyətli addımlar atılıb, dövlət proqramları qəbul olunub. Əlbəttə, bu addımların cəmi bir neçə ayın, hətta bir neçə ilin içində istədiyimiz nəticələri verəcəyini, Azərbaycan universitetlərinin qısa zamanda dünyanın ən nüfuzlu universitetləri ilə eyni səviyyəyə çatacağını gözləmək bir qədər sadəlövhlük olardı. Çünki qlobal təhsil sferasında rəqabət mühitini yaradan elə universitetlər var ki, onların fəaliyyət tarixi  7, 10, hətta 15 əsrlə ölçülür. Bu universitetlər böyük ənənələrə malikdir. Birdən-birə həmin universitetlərə çatmaq, onlarla eyni elmi uğurları əldə etmək çox çətindir. Amma konkret hədəflərə doğru irəliləmək və mərhələlərlə müəyyən uğurlar əldə etmək olar. Bundan ötrü isə qarşımızda iki yol var: davamlı islahatların aparılması yolu ilə ali təhsil sisteminin müasirləşdirilməsi və dünyanın elm-təhsil təcrübəsinin Azərbaycana gətirilməsi.

Azərbaycan Respublikası Prezidentinin 16 aprel 2007-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" bu təcrübənin ölkəmizə gətirilməsi baxımından strateji planda böyük şans yaradır. Amma taktiki planda, əfsuslar olsun ki, təhsil ictimaiyyətinin narahatlığına səbəb olan bəzi maneələr də özünü göstərir. Azərbaycan dövlətinin xarici təcrübəyə yiyələnmək üçün dəstək verdiyi gənc məzun gəlib universitetlərimizin fəaliyyətinə öz töhfələrini verə bilmir.  Fikrimizcə, bu tendensiyanı müsbətə doğru dəyişməkdən ötrü xaricə göndərilən gənclərin əsasən akademiyanın, universitetlərin gənc əməkdaşları arasından seçilmələrinə xüsusi diqqət yetirilməlidir ki, onlar təhsili başa vurub qayıtdıqdan sonra da akademiyada, universitetlərdə öz fəaliyyətlərini davam etdirsinlər. Daha yüksək məvacib dalınca özəl sektora üz tutmasınlar.

Dövlət strategiyasının birinci istiqamətində nəzərdə tutulmuş müddəalar universitetlərimizin nəinki elmi mərkəz, həm də elmi məktəbə çevrilməsi baxımından da əhəmiyyətlidir. Hər bir universitet öz elmi məktəbi ilə tanınmalıdır. Məsələn, tarixən dünyada bir universitet riyaziyyat, başqa biri kimya, digəri fizika, bir başqası humanitar sahədəki uğurları ilə məşhurdur. Həmin universitetlər bu sahələrdə elmi məktəb yaratmışlar və onların beynəlxalq nüfuzu, reytinqi həmin elmi məktəblərin sayı və keyfiyyəti ilə müəyyənləşir. Bu gün biz də çalışmalıyıq ki, strategiyadan yararlanaraq Azərbaycan universitetləri bir neçə elmi innovativ istiqamətin mərkəzi olsun. Bu məqsədin reallaşmasında ən mühüm məqamlardan biri, Təhsil Strategiyasında nəzərdə tutulduğu kimi, magistratura və doktoranturaya qəbulun düzgün təşkil olunması, müvafiq universitetlərin maddi-texniki bazasının nəzərə alınmasıdır. Məhz Təhsil Strategiyasında bu inkişaf - yəni universitetlərdə güclü elmi məktəblərin yaranması son məqsəd kimi qarşıya qoyulub. Bu məqsədə çatmaq üçün nə etmək lazımdır? Fikrimizcə, ilk növbədə, universitetlərdə öndə olan ixtisaslar, üzrə elmi-innovativ uğurları nəzərə almaqla maddi-texniki bazanı, kadr potensialını gücləndirmək zəruridir. Bu baxımdan dövlət proqramı ilə xaricə göndərilən gənclərin innovasion istiqamətlər üzrə təhsil alması planlaşdırılmalı, qayıdarkən də həmin istiqamətdə əldə olunan dünya təcrübəsinin universitetlərə gətirilməsi təmin olunmalıdır. Düşünürəm ki, strategiyanın tələbləri çərçivəsində, gələcəkdə dövlət büdcəsi müəyyənləşdirilərkən elmi innovasiyalara vəsait ayrılmasına diqqət yetirilməlidir. Belə olarsa, strategiya öz son tələblərinə doğru dinamik irəliləyə bilər.

Magistr və doktorantların hazırlığı, əsasən, maddi-texniki bazası, kadr potensialı güclü olan yüksək reytinqli aparıcı universitetlərə həvalə olunmalıdır. Ali məktəblərin reytinqi üzrə differensasiya aparılmalı, magistratura və doktoranturaya qəbulu həmin istiqamətə yönəltmək lazımdır. Bu, universitetlərin potensialının güclənməsinə gətirib çıxara bilər. Ümid edirik ki, yeni strategiyada nəzərdə tutulmuş istiqamət bu baxımdan da faydalı olacaq.

Elm və təhsilin inteqrasiyası istiqamətində atılacaq addımlar Azərbaycanda elm və təhsilin daha sürətli inteqrasiyasına, hazırda bu sahədə müşahidə edilən bir sıra problemlərin həllinə, ölkəmizdə fəaliyyət göstərən ali məktəblərin qlobal rəqabət mühitinə qoşulmasına xidmət edəcək. Bu gün belə bir inteqrasiya modelinin kiçik nümunəsini və bunun faydalı nəticələrini Bakı Dövlət Universitetinin təcrübəsində izləmək olar. Biz çalışırıq ki, gənclər hətta uşaqlıq illərindən elmi avadanlıqlarla tanış olub onlarla rəftar vərdişləri qazansınlar. Bu məqsədlə, universitetin nəzdində yaradılmış "Gənc İstedadlar" liseyinin şagirdlərinin elmi mühitlə ünsiyyəti təmin edilmişdir. Xüsusi istedadı, elmi mühitə bağlılığı olan şagirdlər seçilərək onlarla təcrübə dərsləri keçirilir. Onların gələcək elmi istiqamətləri müəyyənləşir. Bu təcrübənin çox səmərəli nəticələr verdiyini mütləq qeyd etmək istərdim.

Tələbələrin nəzəri biliklərlə yanaşı, dünyagörüşlərini zənginləşdirmək, auditoriyalarda əldə etdiklərini praktik vərdişlərlə möhkəmləndirmək üçün biz onların çöl tədqiqatı imkanlarını da genişləndirmişik. Bakıdan təxminən 200 kilometr kənarda, Quba rayonunda Tədris-təcrübə mərkəzinin istifadəyə verilməsi, həmin mərkəzdə 450 tələbəyə təcrübə keçmək, müasir laboratoriyalarda tədqiqatlar aparmaq imkanının yaradılması bu məqsədə xidmət edir. Biz bu şəraiti elmi innovasiyaların tədris mühitinə köçürülməsində faydalı addım kimi dəyərləndiririk.

Dövlət strategiyasında təsbit olunmuş elmi innovasiyaların təhsil mühitinə transferi  son dərəcə zəruri amildir və fikrimizcə, bu proses əsasən 3 istiqamət üzrə həyata keçirilə bilər:

1) Tədrisin elmi innovasiyalara əsaslanan prioritet elmi istiqamətlər əsasında təşkili. Prioritet istiqamətlərə uyğun yeni laboratoriya və mərkəzlərin açılması, nou-hau tipli cihaz və avadanlıqların alınması, elmi tədqiqatlara əsaslanan yeni ixtisas və ixtisaslaşmaların müəyyən edilməsi və kadr  hazırlığı bura aid edilə bilər.

2) Təhsil alanların elmi nailiyyətlərə yiyələnməsi. İstedadlı şagirdlərin universitet auditoriyalarında elmi tədqiqatlara cəlb edilməsi; elmi qurumlarla əlaqələrin genişləndirilməsi, Azərbaycan Milli Elmlər Akademiyasının institutları ilə birgə kadr hazırlığının həyata keçirilməsi, tələbə, magistrant və doktorantların beynəlxalq elmi layihələrdə, elmi konfranslarda iştirakına şərait yaradılması, gənclərin yay istehsalat təcrübələrində, tətil dövründə işlə təmin olunmasına dəstək verilməsi, elmi-texniki bazaların qonşu universitet tələbələri üçün məhdudsuzluğu, tanınmış və məşhur alimlərin universitet auditoriyalarına dəvət edilməsi, gənclərin dövlət proqramları çərçivəsində xarici ölkələrin elmi-tədqiqat laboratoriyalarında staj keçmələri üçün şərait yaradılması, akademik mobilliyin artırılması və s. bu istiqamətdə böyük nəticələr verə bilər.

3) Təhsil sisteminin maddi-texniki bazasının gücləndirilməsi. Bu istiqamətdə aşağıdakı tədbirlər nəzərdə tutula bilər: universitetlərə müştərək müasir nou-hau tipli cihaz və avadanlıqların alınması; texnoparkların, mühəndis evlərinin, biznes-inkubatorların yaradılması və s.

Bu təkliflər Bakı Dövlət Universitetində hər bir konkret istiqamət üzrə aparılan işlərin müsbət təcrübəsinə əsaslanır. Bu təcrübələrdən birini nümunə göstərmək istərdik: 2005-ci ildə Rumıniyanın qabaqcıl elm mərkəzləri ilə BDU arasında nanotexnologiya sahəsində müştərək işlərin aparılması haqqında sənəd imzalandı. Elə həmin il BDU-da təşkil edilmiş, müasir cihaz və avadanlıqlarla təchiz olunmuş bu mərkəzdə aparılan tədqiqatlar əsasında çox qısa bir zamanda nanoquruluşların alınması, diaqnostikası, fiziki-kimyəvi xassələrinin öyrənilməsində böyük nailiyyətlər əldə edilməkdədir. Dövlət strategiyasının həyata keçirilməsi üzrə hazırlanacaq fəaliyyət planında bu təcrübədən irəli gələn təkliflərimizin nəzərə alınması faydalı olardı. Fikrimcə, universitetlər innovasion elmi mərkəz olmalıdır. Yeri gəlmişkən qeyd etmək istəyirəm ki, Bakı Dövlət Universiteti innovasion ali məktəb modelinə çevrilmək istiqamətində bütün vasitələrdən istifadə edir. Belə ki, tələbələrin dərslərinin əsasən müasir texniki avadanlıqlarla təchiz edilmiş elmi laboratoriyalarda keçməsi təmin edilir. Çalışırıq ki, universitetin ərazisində Texnoparkın tikilməsi həyata keçirilsin. Strategiyanın yaratdığı şərait nəticəsində bu təşəbbüslərin reallaşdırılması regionun ən qədim ali məktəbinin dünyada möcüd olan 20000 qabaqcıl universitet arasında hazırda olduğu birinci 700-lükdən 500-lüyə irəliləməsini təmin edə bilər.

Strategiya sənədinin nəzərdə tutduğu ikinci istiqamət təhsil sahəsində insan resurslarının müasirləşdirilməsidir. Doğrudan da, bu gün innovativ təlim metodlarını tətbiq edən, təhsilin məzmununun səmərəli mənimsənilməsini təmin etməyə qabil səriştəli təhsilverəni formalaşdırmadan, onların peşəkarlıq səviyyəsinin daim yüksəlməsinə imkan verən yeni sistem yaratmadan təhsil sahəsində arzuedilən nəticələrə gəlib çıxmaq bir qədər çətin görünür. Bu gün müəllimləri ixtisasartırma üçün xarici universitetlərə göndərmək zəruridir. Bu da Azərbaycan elminin, təhsilinin inteqrasiya prosesinə kömək edən məqamlarından biridir. Strategiya bütün bu kimi vəzifələrin icrası baxımından da son dərəcə əhəmiyyətli olacaq. Bu sənəd, eyni zamanda, təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsinin qabaqcıl beynəlxalq təcrübəyə uyğunlaşdırılması, müəllimin ictimai nüfuzunun artırılması, müvafiq əmək bazarında rəqabət qabiliyyətli əməkhaqqı sisteminin yaradılması, müəllimin karyera inkişafı və fəaliyyətinin stimullaşdırılması üzrə yeni sistemə keçid, müəllim hazırlığı sistemində internatura modelinin tətbiqi sahəsində də mühüm nailiyyətlərin əldə ediləcəyinə böyük ümidlər yaradır.

Sənəddə öz əksini tapmış üçüncü strateji istiqamət isə təhsildə nəticələrə görə cavabdeh, şəffaf və səmərəli idarəetmə mexanizmlərinin yaradılmasıdır. Bu istiqamət təhsil sistemində tənzimləmə və idarəetmənin beynəlxalq təcrübə əsasında müasirləşdirilməsini, təhsil müəssisələrində nəticəyönlü və şəffaf idarəetmə modelinin tətbiqini, təhsilin keyfiyyətinin təminatı və idarə olunması üzrə yeni məlumat və hesabat sistemlərinin formalaşdırılmasını, beynəlxalq təcrübə əsasında təhsil müəssisələrinin akkreditasiyası sisteminin yaradılmasını nəzərdə tutur.

Bu istiqamətdə müəyyən edilən vəzifələr təhsil sahəsində dövlət-biznes partnyorluğu sisteminin qurulması, təhsil sistemində dövlət sifarişinin formalaşdırılmasına yenidən baxılması, ölkənin siyasi, iqtisadi və sosial inkişafının real tələbatına əsaslanaraq prioritet sayılan sahələr üzrə kadr hazırlığının təmin edilməsi, tələbə qəbulu və yerləşdirmə mexanizminin təkmilləşdirilməsi, təhsil müəssisələrinə muxtariyyət verilməsi, reytinq sisteminin müəyyənləşməsi, təhsil sistemində innovativ fəaliyyəti stimullaşdıran qrant sisteminin tətbiqi, əmək bazarının mütəmadi öyrənilməsi sisteminin yaradılması və s. bu kimi vacib məsələlərin də həllini mümkün edir. 

Dövlət strategiyasının icrası zamanı ayrı-ayrı ixtisaslar üzrə nəzərəçarpan inhisarçılıq meyillərinin aradan götürülməsi istiqamətində də müvafiq addımlar atılmalıdr. Bu, çox vacib amildir. Yəni, bir ixtisasla respublikada yalnız bir ali məktəb məşğul olmamalıdır. Rəqabətlilik prinsipi əsas götürülməlidir. Çünki indiki halda məntiqi bir sual ortaya çıxır: əgər konkret bir ixtisas, məsələn, tibb, iqtisadiyyat, turizm və s. konkret ali məktəbin inhisarındadırsa, onda bu ali təhsil müəssisələrinin attestasiyası, akkreditəsi ilə kim məşğul olacaq?! Bu zaman xaricdən alimlərin dəvət edilməsi zərurəti ortaya çıxır. Mövcud strategiya isə kadrların rəqabət mühitində hazırlanmasına, eyni ixtisaslaşma ilə bir neçə ali məktəbin məşğul olmasına imkan verir. Onda həm elmi innovasiyaların tətbiqi intensiv xarakter alır, həm də beynəlxalq əlaqələr genişlənir.

Digər bir əhəmiyyətli məqam da ikili diplomların verilməsi ilə bağlıdır. Bakı Dövlət Universiteti olaraq biz artıq ikili diplomların verilməsi təcrübəsinin tətbiqinə başlamışıq. Türkiyə və Almaniya universitetləri ilə birgə artıq ali təhsilin magistratura və bakalavriat səviyyələri üzrə ikili diplomlar verə bilirik.

İkili diplom, təhsil ocaqlarının vahid tədris-təlim proqramlarına malik olması deməkdir. Deməli, tədris proqramlarını bir müstəviyə gətirmək, qlobal düşüncəyə uyğunlaşdırmaq mümkün olub.

Son vaxtlar BDU-da ingilisdilli qrupların yaranması da universitetin qlobal elm-təhsil mühitinə inteqrasiyası prosesini gücləndirib. Demək olar ki, bütün fakültələr üzrə ingilisdilli qruplar formalaşdırılıb. Bu ildən müvafiq strategiyaya uyğun olaraq ingilisdilli qruplara qəbulu ayrıca qəbul planına daxil etmişik. Bu da inteqrasiya prosesinə, məzunlarımızın qlobal əmək bazarında iştirakına çox müsbət təsir göstərir. Növbəti ildən BDU-nun nəzdindəki liseydə Azərbaycan, rus bölməsi ilə yanaşı, ingilis dili bölməsi də fəaliyyətə başlayacaq. Beşinci sinifdən belə bir eksperiment aparmaqda qərarlıyıq.

Dövlət strategiyasının dördüncü istiqaməti müasir tələblərə uyğun və ömür boyu təhsili təmin edən təhsil infrastrukturunun yaradılmasından ibarətdir ki, bu istiqamət üzrə nəzərdə tutulan vəzifələrin icrası da müasir dövrdə çox mühüm əhəmiyyət daşıyır. Təhsil müəssisələrində informasiya-kommunikasiya texnologiyaları əsaslı təlim metodologiyasına uyğun infrastrukturun yaradılması, distant təhsil, istedadlı və xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün təhsil və inkişaf, yaşlıların təhsili, peşə-ixtisas və təhsil məsələləri üzrə məsləhət xidmətləri göstərən regional universal mərkəzlərin, müasir təminatlı peşə-tədris mərkəzlərinin və komplekslərinin qurulması, təhsillə bağlı media və internet resurslarının inkişafının təmin edilməsi qlobal çağırışdır və bu çağırışa laqeyd qalmaq olmaz.

Əvvəlki dövrlərdən fərqli olaraq, bu gün tələbənin auditoriyadakı müəllimindən, kitabından başqa daha böyük təsir qüvvəsinə malik  virtual dünyası vardır. O, kompyuter, internet vasitəsilə daha çox məlumat toplayır. Biz istəsək də, istəməsək də virtual reallıqlarla daha  çox ünsiyyətdə olur. Bu gün həmin "virtual müəllimi" qloballaşma prosesinin vacib elementi kimi düzgün dəyərləndirib tələbənin, gənc alimin  intellektinə xidmət vasitəsinə çevirməyi bacarmalıyıq. Sevindiricidir ki, bu kimi məqamlar da dövlət strategiyasında həllivacib məsələlər kimi nəzərə alınmışdır.

Beşinci strateji istiqamət Azərbaycan Respublikasında iqtisadi cəhətdən dayanıqlı və dünyanın aparıcı təhsil sistemlərinin standartları ilə eyni səviyyəyə uyğun təhsil sisteminin maliyyələşdirilməsi modelinin qurulmasıdır. Sirr deyil ki, istənilən sahənin uğuru dayanıqlı maliyyə mənbəyinə əsaslanır. Bu baxımdan, strategiyada da nəzərdə tutulduğu kimi, müxtəlif mənbələrdən istifadə olunmaqla təhsili maliyyələşdirmə mexanizminin təkmilləşdirilməsi, o cümlədən  təhsil müəssisələrinin adambaşına maliyyələşdirilməsi sisteminə keçid,  ödənişli təhsil xidmətlərinin dəstəklənməsi, büdcədənkənar vəsaitlər hesabına formalaşdırılan Təhsilin İnkişafı Fondunun yaradılması, ali təhsil müəssisələrində dövlət büdcəsi vəsaitindən istifadə olunmayaraq məqsədli kapital fondlarının yaradılmasının stimullaşdırılması, təhsilə çıxış imkanlarını yaxşılaşdırmaq üçün maliyyə mexanizmlərinin, habelə tələbə kreditləri sisteminin genişləndirilməsi və s. bu kimi tədbirlər milli təhsil sistemimizdə aparılan islahatların ardıcıllığına, davamlılığına təminat yaradır.

Özəl sektorun təhsil prosesinə cəlb olunması, elmi innovasiyaların inkişaf etməkdə olan ölkələrin təhsil mühitinə köçürülməsinə maddi yardım göstərilməsi məqsədilə beynəlxalq qrant fondlarının yaradılması, xüsusilə fundamental elmlər sahəsində yüksək inkişaf etmiş ölkələrin elm və təhsil müəssisələri ilə birlikdə müştərək innovasiya layihələrinin həyata keçirilməsi, qloballaşma və inteqrasiya ilə əlaqədar olaraq yaranan yeni terminologiyanın təhsil mühitinə köçürülməsi, elm və təhsilin prioritet innovasiya sahələri üzrə ardıcıl beynəlxalq konfrans və simpoziumların təşkili, kitab nəşri, qriflərin verilməsi işinin aparıcı universitetlərə həvalə olunması da bu istiqamətdə səmərəli təkliflər kimi nəzərə alına bilər.

Azərbaycan Prezidentinin imzaladığı sənəd, ortaya qoyduğu siyasi iradə milli təhsil sistemimizin qlobal inkişaf mühitinə uyğunlaşması üçün tarixi şərait yaratmışdır. Bu sənəddə qarşıya qoyulmuş vəzifələrin uğurla icrası isə Azərbaycan vətəndaşları olaraq bizim hər birimizin müştərək missiyamızdır. Müstəqil dövlətimizin, xalqımızın, övladlarımızın gələcəyi bu missiyaya nə dərəcədə sadiqliyimizdən asılı olacaqdır.

 

 

 

Abel MƏHƏRRƏMOV,

Bakı Dövlət Universitetinin rektoru, akademik

Azərbaycan.-2013.- 3 dekabr.-S.8.