Azərbaycanın və Fransanın regionları arasında

əməkdaşlığın perspektivləri müzakirə olunmuşdur

 

Şərq intibahı dövrünün tanınmış Azərbaycan şairi Məhsəti Gəncəvinin yaradıcılığının 900 illiyi münasibətilə keçirilən tədbirlərlə əlaqədar Fransanın Reyms şəhərində səfərdə olan Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev Şampan-Ardenn regional şurasının sədri Jan-Pol Başi ilə görüşmüşdür.

Şura sədri Üçüncü Bakı Beynəlxalq Humanitar Forumuna və Gəncə şəhərində keçirilmiş İkinci Beynəlxalq üzüm və şərab festivalına dəvət edildiyinə görə Azərbaycan hökumətinə, xüsusilə Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nunİSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevaya bir daha təşəkkürünü bildirmişdir.

Avropanın Şərab İstehsal Edən Regionları Assambleyasının prezidenti kimi dünyada keçirilən üzüm və şərab festivallarında iştirak etdiyini xatırladan Jan-Pol Başi Beynəlxalq Üzüm və Şərab Təşkilatı katibinin də Gəncədə səfərdə olduğunu qeyd etmiş, Azərbaycanın ikinci şəhərindəki festivalın daha yüksək səviyyədə təşkil olunduğunu vurğulamış, bunun Fransa nümayəndə heyətində böyük təəssürat yaratdığını diqqətə çatdırmışdır.

Görüşdə Fransanın Azərbaycan ilə əməkdaşlığın daha da genişləndirilməsində maraqlı olduğu vurğulanmış, Şampan-Ardenn regionu ilə Gəncə şəhəri arasında iqtisadi, mədəni, şərabçılıq, təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılmışdır.

 

 

Əsgər ƏLİYEV,

AzərTAc-ın xüsusi müxbiri

Reyms

Azərbaycan.-2013.- 3 dekabr.-S.9.