Avropa Parlamenti ölkəmizdəki tolerantlıq mühitini yüksək qiymətləndirir

 

Qloballaşan dünyada tolerantlıq bir tərəfdən bütün insanların qanun qarşısında bərabərliyi və məsuliyyətini önə çəkməklə hüquqi, digər tərəfdən yüksək əxlaqi keyfiyyətlər, mədəniyyət, dözümlülük, geniş savaddünyagörüşü aspektlərini də ifadə etməklə mənəvi məzmun daşıyır.

Ulu öndərin əsasını qoyduğu azərbaycançılıq ideologiyası milli həyatın ahəngdarlığının, konfessiyaların dinc-yanaşı yaşamasının, ölkədə yaşayan bütün etnosların qardaşcasına qarşılıqlı əlaqəsi və təsirinin çoxəsrlik ənənəsi, onların ümumi taleyi  müstəqil Azərbaycanın bütövlüyü, inkişafı və firavanlığı uğrunda birgə mübarizəsinin ümumi tarixi təcrübəsidir. Əhalisinin tərkibi etnik, dini və məzhəb baxımdan zəngin olan Azərbaycanda indiyədək dinimilli zəmində heç bir qarşıdurma baş verməmişdir.

1995-ci ildə Azərbaycanda ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyada hər bir ölkə vətəndaşının vicdan azadlığı birmənalı təsbit edildi. Prezident İlham Əliyev son 10 ildə tarixi-mədəni irsin, milli-mənəvi dəyərlərin dirçəldilməsi, xüsusən də dini ziyarətgahların əsaslı təmiri və yenidənqurulmasına da xüsusi diqqət ayırmışdır. Azərbaycan Prezidentinin islam mədəniyyəti nümunələri olan tarixi-memarlıq abidələrinin, məscidlərin, ziyarətgahların, müqəddəs dini sitayişinanc yerlərinin təmiri, bərpası ilə bağlı xüsusi sərəncamlar imzalaması və bu işi şəxsi nəzarətinə götürməsi deyilənləri bir daha təsdiqləyir. Ötən müddətdə Bibiheybət, Təzəpir, Nardaran, Mir Möhsün ağa və digər məscid və ziyarətgahlar əsaslı təmir olunmuş, onların təchizatına lazımi diqqət ayrılmışdır. Əjdərbəy məscidində əsaslı təmir və yenidənqurmanın aparılması, Şamaxı Cümə məscidində böyük təmir-tikinti işlərinin başa çatdırılması deyilənlərə əyani misaldır. Bütövlükdə müstəqillik dövründə Azərbaycanda 2 minə yaxın məscid tikilmişdir. Son 10 il ərzində isə 140-a yaxın məscid tikilmiş, 80 məscid isə əsaslı təmir edilmişdir. Ölkədə rəsmi şəkildə 525 islam, 34 qeyri-islam təmayüllü dini icma, eyni zamanda, 11 kilsə, 6 sinaqoq fəaliyyət göstərir.

Prezident İlham Əliyev ölkədə insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq məqsədilə 2011-ci il dekabrın 27-də imzaladığı Sərəncamla "Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı"nı təsdiq etmişdir. Hər bir demokratik cəmiyyətdə insan hüquqlarının qorunması və demokratikləşmə bu sahədə fəaliyyət göstərən təsisatların quruculuğuna, aidiyyəti problemlərin həllinə və zorakılığın qarşısının alınmasına yönəlmiş davamlı bir proses kimi dərk edilir. İnsan hüquqlarının müdafiəsi və demokratikləşmə spontan şəkildə həyata keçirilə və bu sahədə mövcud standartlar tətbiq olunmayana qədər lazımi səmərə verə bilməz. Milli Fəaliyyət Proqramının "İnsan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə tədbirləri"ndən bəhs edən dördüncü fəslin 4.11-ci maddəsində insan hüquq və azadlıqlarına mühüm təhlükə yaradan təcavüz, terrorçuluq, korrupsiya, insan alveri kimi cinayətlərin qarşısının alınması, mədəniyyətlər və dinlərarası dialoqun uğurlarının təminatında tolerant münasibətin rolu xüsusi vurğulanır.

Ölkəmiz müxtəlif dinlərin nümayəndələri arasında daha yaxşı anlaşmanın yaradılmasına xidmət edən çoxsaylı tədbirlər keçirir. Azərbaycan çoxmillətli və çoxkonfessiyalı ölkədir, bütün millətlərin və dinlərin nümayəndələri ölkəmizdə sülh, anlaşma şəraitində yaşayırlar. Dövlətin bu sahəyə diqqət və qayğısı Azərbaycandakı bütün mövcud milli-etnik qrupları, dini-mənəvi təşkilatları əhatə edir. Bu gün Azərbaycanda dünya dinləri ənənəvi olaraq qarşılıqlı etimad və əmin-amanlıq şəraitində fəaliyyət göstərir, yüzlərlə islamqeyri-islam dini icmaları öz etiqadlarını azad və sərbəst şəkildə icra edirlər.

2013-cü il noyabrın 13-də Avropa Parlamentinin Brüsseldəki mənzil-qərargahında "Sərhədsiz İnsan Hüquqları" beynəlxalq təşkilatı tərəfindən hazırlanmış "Azərbaycanda dini azlıqlar: tarixdən müstəqilliyə doğru" adlı hesabatı da ölkəmizdə tolerantlıq mühitinin yüksək səviyyədə olduğunu bir daha göstərdi.

Avropa Parlamentinin vitse-prezidenti Surjan Laszlon Azərbaycanda dini azlıqlarla müsəlman çoxluğun dinc yanaşı yaşaması və əməkdaşlığı istiqamətində böyük uğurlara nail olunduğunu bildirib. Avropa Parlamentinin xarici əlaqələr komitəsinin üzvü Corc Şöpflin də Azərbaycanda dini azlıqların qarşılıqlı hörmət əsasında dinc yanaşı yaşadığını və bunun yüksək dəyər olduğunu vurğulayıb.

"Sərhədsiz İnsan Hüquqları" təşkilatının sədri Villi Futre bildirib ki, rəhbərlik etdiyi qurumun hesabatı son altı ay ərzində təşkilat üzvlərinin Azərbaycana səfərləri zamanı apardıqları sahə tədqiqatları əsasında hazırlanıb. Hesabatda deyilir ki, Azərbaycanda dövlətin dini məsələlərə münasibətdə balanslaşdırılmış siyasəti sosial ədalətə və ayrı-seçkiliyin qarşısının alınmasına verilən mühüm töhfədir.

Hesabatın nəticələrinə əsasən, Avropa İttifaqına Azərbaycan ilə strateji əlaqələri möhkəmləndirmək, Azərbaycanın tolerantlıq modelini region ölkələri, dini münaqişələrdən əziyyət çəkən dövlətlərlə, həmçinin digər müsəlman ölkələrlə paylaşmasına yardım etmək tövsiyə edilib. Azərbaycanda dini tolerantlığı və dövlət-din münasibətlərini əks etdirən və Avropa təşkilatları tərəfindən  hazırlanmış ilk sənəd olması mühüm əhəmiyyət kəsb edir. Bu sənəd ölkəmiz barədə Avropa Parlamentində səslənmiş və reallığa söykənməyən bəzi qərəzli hesabatlardan fərqli olaraq, Azərbaycanda dinlərarası tolerantlığın yüksək səviyyəsini obyektiv şəkildə əks etdirir.

Azərbaycanın dini-etnik sivilizasiyaların qovuşduğu məkan kimi tanınmasında ictimai statusla fəaliyyət göstərən Heydər Əliyev Fondu da yaxından iştirak edir.  Bakıda Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın təşəbbüsü, UNESCO-nunİSESCO-nun dəstəyi ilə keçirilən "Mədəniyyətlərarası dialoqda qadınların rolunun genişləndirilməsi" mövzusunda Beynəlxalq Bakı Forumu da sivilizasiyalararası dialoq, fərqli mədəniyyətlər arasında ortaq təmas nöqtələrinin tapılması, ümumbəşəri konsolidasiya prosesində konkret fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından vacib əhəmiyyət kəsb etmişdir.

Bu gün Azərbaycandakı mövcud dini-etnik dözümlülük, müxtəlif mədəniyyətlər arasındakı sivil dialoq dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları tərəfindən təqdir olunur.

 

 

 

Elnur HACALIYEV,

Azərbaycan.-2013.- 4 dekabr.- S.3.