«BMT-nin Əlilliyi olan şəxslərin hüquqları haqqında» Konvensiyasının

 Azərbaycan üzrə yerinə yetirilməsi səviyyəsi»

 mövzusunda konfrans keçirilmişdir

 

Dekabrın 3-də Bakıda Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkilinin (ombudsman), Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Əlil Təşkilatları İttifaqının, BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin və "World Vision" ("Dünyaya Baxış") Beynəlxalq Humanitar Təşkilatının birgə təşkilatçılığı ilə Beynəlxalq Əlillər Gününə həsr olunmuş konfrans keçirilmişdir.

Aidiyyəti dövlət, qeyri-hökumət və beynəlxalq təşkilatların nümayəndələrinin iştirak etdikləri konfransda "BMT-nin "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Konvensiyasının Azərbaycan üzrə yerinə yetirilməsi səviyyəsi (maddə 9. Müyəssərlik)" mövzusu ətrafında müzakirələr aparılmışdır.

Əvvəlcə BMT baş katibinin Beynəlxalq Əlillər Günü münasibətilə müraciəti səslənmişdir.

Konfransda çıxış edən ombudsman Elmira Süleymanova bildirmişdir ki, əlillərin sosial rifahını yaxşılaşdırmaq üçün müntəzəm çalışmaq lazımdır. Əlillərin həyat tərzini yaxşılaşdırmaq üçün sadəcə, şəhərin mərkəzində deyil, şəhərətrafı yerlərdə, bölgələrdə də şərait yaradılmalıdır.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov vurğulamışdır ki, Dünya Səhiyyə Təşkilatının məlumatına görə, Yer kürəsində yaşayan əhalinin 15 faizini əlilliyi olan şəxslər təşkil edir. Azərbaycanda isə əhalinin 4,9 faizi, yəni 460 minə yaxını əlilliyi olan şəxslərdir.

N.Məmmədov demişdir ki, Azərbaycanda əlilliyi olan şəxslərə ardıcıl surətdə əmək pensiyası, sosial müavinətlər, Prezident təqaüdləri təyin olunur və ödənilir. Əmək pensiyası alanların 27 faizini, sosial müavinətlə əhatə olunanların 56 faizini, Prezident təqaüdü alanların 52 faizini əlilliyi olan şəxslər təşkil edir. Eyni zamanda, əlilliyi olan 4000 nəfər avtomobillə, 5000 nəfər isə mənzillə təmin olunmuşdur. Hazırda ölkənin 14 şəhər və rayonunda əlillərin reabilitasiya mərkəzləri fəaliyyət göstərir. Həmin mərkəzlərdə hər il orta hesabla 8000 nəfərə yaxın əlil dövlət hesabına tibbi-sosial reabilitasiya edilir, 6000 nəfərədək əlil isə protez-ortopedik məmulatlar və reabilitasiya vasitələri ilə  təmin olunur.

BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Herevard isə qeyd etmişdir ki, Azərbaycanda əlilliyin səviyyəsi aşağı olsa da, uşaqlar arasında bu göstərici yüksəkdir.

Tədbirdə  Əlil Təşkilatları İttifaqı tərəfindən başçılıq etdikləri qurumlarda əlilliyi olan şəxslərə yüksək diqqət və qayğı  göstərən bir sıra təşkilatların rəhbərlərinə "Əlilliyi olan şəxslərin dostu" mükafatı təqdim edilmişdir.

 

 

 

AzərTAc

Azərbaycan.-2013.- 4 dekabr.- S.4.