«Azərbaycan Respublikasının «İgidliyə görə» medalının təsvirinin təsdiq edilməsi haqqında» Azərbaycan Respublikasının 2000-ci il 8 dekabr tarixli 35-IIQ nömrəli Qanununda dəyişikliklər edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

 Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 9-cu bəndini rəhbər tutaraq qərara alır:

"Azərbaycan Respublikasının "İgidliyə görə" medalının təsvirinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2000-ci il 8 dekabr tarixli 35-IIQ nömrəli Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, ¹ 1, maddə 12) aşağıdakı dəyişikliklər edilsin:

1. Həmin qanunla təsdiq edilmiş "İgidliyə görə" medalının təsviri"ndə:

1.1. birinci hissədə "medalı" sözündən sonra "milli ornamentli ensiz lövhə ilə birgə" sözləri əlavə edilsin, "girdə" sözü "dairəvi" sözü ilə əvəz edilsin;

1.2. üçüncü hissədə "nömrəsi" sözündən əvvəl "seriyası və" sözləri əlavə edilsin;

1.3. dördüncü hissə aşağıdakı redaksiyada verilsin:

"Medal paltara bərkidilmək üçün elementi olan, 37 mm x 50 mm ölçülü düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilmişdir. Tünd yaşıl rəngli xara lentin mərkəzində üç zolaq təsvir edilmişdir. Hər üçü açıq yaşıl rəngdə olan həmin zolaqların 15 mm enində olanı mərkəzdə, 3 mm enində olanları mərkəzdə yerləşən zolaqdan 2 mm aralıqda olmaqla, onun kənarları boyunca yerləşdirilmişdir. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü qızılı rəngli təbəqə bərkidilir.";

1.4. beşinci hissədə "üzərində ayparaulduz təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm" sözləri "eyni xara lentdən hazırlanmış 37 mm x 10 mm" sözləri ilə əvəz edilsin.

2. Həmin qanuna əlavə edilmiş "İgidliyə görə"  medalının eskizi bu Qanuna əlavə olunmuş yeni eskizi ilə əvəz edilsin.

 

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

 Bakı şəhəri, 30 sentyabr 2013-cü il

 

Azərbaycan.-2013.-1 dekabr.-S.2.