Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin Himayədarlar Şurasının növbəti toplantısı işə başlamışdır

 

 

Noyabrın 30-da Bakıda Quraq Ərazilərdə Kənd Təsərrüfatı Tədqiqatları üzrə Beynəlxalq Mərkəzin (İCARDA) Himayədarlar Şurasının 53-cü toplantısı işə başlamışdır.

 

Toplantıda İCARDA Himayədarlar Şurasının üzvləri, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin milli kənd təsərrüfatı tədqiqatının rəhbərləri, ümumilikdə dünyanın 30 ölkəsindən 70-ə yaxın nümayəndə iştirak edir.

İCARDA-nın Himayədarlar Şurasının sədri xanım Kamilla Tulmin çıxış edərək toplantının əhəmiyyətindən, təmsil etdiyi qurum ilə Azərbaycanın uğurlu əməkdaşlığından danışmışdır. Ölkəmizə ilk dəfə səfər etdiyini vurğulayan Kamilla Tulmin Bakının çox gözəl şəhər olduğunu, bu toplantının Azərbaycanda, ümumən Qafqazda kənd təsərrüfatının inkişafına töhfə verəcəyinə əminliyini bildirmişdir.

Azərbaycan kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev qeyd etmişdir ki, ölkəmiz kənd təsərrüfatı tədqiqatları sahəsində nüfuzlu təşkilatlardan biri olan İCARDA-nın regionda, ümumilikdə qlobal miqyasda həyata keçirdiyi tədbirləri təqdirəlayiq hesab edir, təşkilatın kənd təsərrüfatı tədqiqatları sisteminin təkmilləşdirilməsinə verdiyi töhfəni yüksək qiymətləndirir. Bildirilmişdir ki, son dövrlər iqlim dəyişikliyi və onun mənfi təsirlərinə adaptasiya, təbii kataklizmlərə hazırlıq səviyyəsinin artırılması, onların fəsadlarına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi dünyanın bir çox ölkələrinin gündəmində duran təxirəsalınmaz məsələlərdən biridir. Digər tərəfdən, dünya əhalisinin durmadan artması və bu proseslə paralel olaraq kənd təsərrüfatı və ərzaq məhsullarına olan tələbatın çoxalması, eyni zamanda kənd təsərrüfatı resurslarının məhdudluğu əsas problem kimi qarşıda dayanır. Bu kontekstdə kənd təsərrüfatı sahəsinin dayanıqlığının artırılması məqsədi ilə tədqiqatlar sisteminin optimallaşdırılması və digər məsələlərin həllində birgə əməkdaşlıq olduqca vacibdir. İCARDA bu sahədə böyük təcrübəyə, peşəkar mütəxəssislər bazasına malikdir.

Azərbaycanın İCARDA ilə əməkdaşlığın genişləndirilməsi üçün zəngin imkanları olduğunu diqqətə çatdıran nazir müavini daha sonra demişdir: Ölkəmizdə kənd təsərrüfatı torpaqlarının meliorativ vəziyyətinin yaxşılaşdırılması, suvarılan ərazilərdən ildə iki-üç dəfə məhsul alınması məqsədi ilə birgə tədqiqatların aparılması prioritet istiqamətlərdən biridir. Bununla yanaşı, şoranlığa, quraqlığa və istiyə davamlı yeni bitki sortlarının yaradılmasında, bu sahədə yeni texnologiyaların işlənib hazırlanmasında da İCARDA ilə əməkdaşlığı vacib hesab edirik. Kənd təsərrüfatı sahəsində elmi-tədqiqat institutlarının kadr potensialının gücləndirilməsi və ümumilikdə Azərbaycanda kənd təsərrüfatı tədqiqatları sisteminin optimallaşdırılmasında İCARDA-nın təcrübəsindən faydalanmaq istəyirik. Əminəm ki, bu toplantı Azərbaycan ilə İCARDA arasında əməkdaşlığın yeni mərhələsinin əsasını qoyacaqdır.

İCARDA-nın baş direktoru Mahmud Solh qurumun fəaliyyətindən və həyata keçirdiyi proqramlardan, Mərkəzi Asiya və Qafqaz ölkələri ilə əməkdaşlıqdan danışmışdır. Bildirilmişdir ki, İCARDA-nın məqsədi ərzaq təhlükəsizliyinin təmin olunması, təbii resursların idarə edilməsi və kənd təsərrüfatının dayanıqlığının təmin edilməsidir. Bunlara nail olmaq üçün ölkələrin milli kənd təsərrüfatı tədqiqatları sistemləri ilə əməkdaşlıq mühüm əhəmiyyət kəsb edir. İCARDA Mərkəzi AsiyaQafqazda fəaliyyətinə əsasən 1995-ci ildən başlamışdır. Həmin il Daşkənddə keçirilən toplantıda Azərbaycan ilə də əməkdaşlığın əsası qoyulmuşdur. İCARDA Azərbaycan ilə bitki genetik ehtiyatların qorunub saxlanılması, yeni bitki sortlarının yaradılması və digər sahələrdə əməkdaşlıq edirbu əməkdaşlığın genişləndirilməsində maraqlıdır.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar-Elm Mərkəzinin baş direktoru Əsəd Musayev "Azərbaycanın kənd təsərrüfatı və tədqiqat proqramları", İCARDA-nın Mərkəzi Asiya və Qafqaz regionu üzrə əlaqələndiricisi Jozef Turok "Mərkəzi Asiya və Qafqaz ölkələri ilə beynəlxalq kənd təsərrüfatı tədqiqatı sahəsində əməkdaşlığın həyata keçirilməsi" mövzularında geniş təqdimatla çıxış etmişlər.

Dekabrın 4-dək davam edəcək beynəlxalq tədbirdə İCARDA-nın dünyanın müxtəlif bölgələrində həyata keçirdiyi tədqiqat proqramlarının nəticələri, kənd təsərrüfatı tədqiqatları sahəsində beynəlxalq əməkdaşlığın vəziyyəti, iqlim dəyişikliyinin kənd təsərrüfatına və ərzaq təhlükəsizliyinə təsiri, təşkilatın növbəti illər üçün tədqiqat və investisiya planları və digər məsələlər müzakirə olunacaqdır.

 

Azərbaycan.- 2013.- 1 dekabr. – S.5