Azərbaycanın Təhsil Nazirliyi biznes dünyası ilə

əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir

 

Dekabrın 4-də "Avropa" hotelində Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarovun Xəzər-Avropa Klubunun üzvləri ilə görüşü olmuşdur.

AzərTAc xəbər verir ki, görüşdə Xəzər-Avropa Klubunun baş  icraçı direktoru Telman Əliyev bu qurumonun fəaliyyəti barədə məlumat vermişdir.

Təhsil naziri M.Cabbarov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyasının təsdiq edilməsi haqqında" 2013-cü il 24 oktyabr tarixli sərəncamının əhəmiyyətindən danışmışdır.

Nazir bildirmişdir ki, Dövlət Strategiyası təhsilin qarşısında duran əsas çağırışları istiqamətləndirir, təhsil sisteminin institusional əsaslarının, infrastrukturununinsan resurslarının inkişaf etdirilməsi üçün yolları göstərir.

Dövlət Strategiyasının əhatə etdiyi istiqamətlərdən bəhs edən M.Cabbarov bu sənədin bir çox hədəflər üzrə islahatlara zəmin yaratdığını diqqətə çatdırmışdır.

Ölkənin, cəmiyyətin tərəqqisində təhsilin mühüm rolunu vurğulayan nazir bildirmişdir ki, Təhsil Nazirliyi biznes dünyası ilə əməkdaşlığın inkişafına xüsusi əhəmiyyət verir. Qeyd olunmuşdur ki, təhsil sahəsi ilə biznes dünyasının əməkdaşlığı hərtərəfli perspektiv inkişafı təmin edir.

Təhsilin inkişafı üçün prioritet məsələlər barədə fikirlərini diqqətə çatdıran M.Cabbarov bu sahədə reallaşdırılan tədbirlərdən də danışmışdır. 

Sonra nazir sualları cavablandırmışdır.

 

Azərbaycan.-2013.- 5 dekabr.- S.4.